Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-468/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Tovuz Rayon Məhkəməsinin 2(062)-2992/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi və qeydiyyatın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-2992/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə (hakim Q.Baxşıyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı yaşayış sahəsindən istifadə hüququnun olmamasının müəyyən edilməsi və qeydiyyatın ləğvi tələbinə dair iddiası geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, Tovuz Rayon Məhkəməsinin 2(062)- 2992/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-2992/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 2(062)-2992/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən öz qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələblərinə riayət etməmişdir. Belə ki, iddiaçı iddia ərizəsində tələbini dəqiq qeyd etməmiş, cavabdehlərə qarşı tələbinin nədən ibarət olmasını konkret olaraq göstərməmişdir. İddia tələbi ərizənin başlanğıcında başqa yazılsa da, xahiş hissəsində başqa cür yazılmışdır. Bundan əlavə iddiaçı cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə iddia qaldırmışdır ki, bu da Azərbaycan Respublikası MPM-nin tələblərinə ziddir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin qeyd olunmalıdır ki, məhkəməyə müraciət etmək hüququ hər bir kəsin konstitusion hüququ olsa da, şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa aid tələblər əks olunmuşdur. Qanunverici iddia ərizəsinin forması dedikdə, onun yazılı formada tərtib edilməsini, ərizənin məzmunu dedikdə isə onun MPMin 149.2-ci maddəsində sadalanan rekvizitləri (məlumatları) özündə əks etdirməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin: 149.2.2-ci maddəsinə görə ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddia ərizəsində iddiaçının tələbləri, onun öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildiyindən onların hər birinə qarşı yönələn tələb göstərilməmişdir ki, bu hallar mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla iddia ərizəsinin geri qaytarılmasına əsas verir. İddiaçı MPM-nin 149-cu maddəsinin tələblərinə riayət etməklə, iddia ərizəsini həmin maddədə müəyyən olunmuş formada verərək, ikinci dəfə məhkəməyə müraciət edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Ona görə də, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 2(062)-2992/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-2992/2023 saylı 18 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-468/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-468/2024
01.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver