Məhkəmə qərarları › İş №2(104)-471/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-471/2023

13.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-471/2023 13.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X12, Göygöl rayon notariat kontoru, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi, maraqlı şəxslər X10, X2, X16 və üçüncü şəxs X7 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qanun üzrə vərəsə tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin, eləcə də onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Niftaliyev Rəsul Fərrux oğlunun katibliyi, İddiaçı, cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi (vəkil) X17 və maraqlı şəxslər X10 (eləcədə Cavabdeh prosessual hüquq varisi), X2 və X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, X12, Göygöl rayon notariat kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi, maraqlı şəxslər X10, X2 və X11 qarşı qanun üzrə vərəsə tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin, eləcə də onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(066)-1277/2017 nömrəli qətnaməsindən cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayətinə 13 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin 15 mart 2017-ci il tarixli **********28 nömrəli məktubun surətindən görünür ki, Göygöl şəhəri Aydın Hacıyev küçəsi ev 44, 3 nömrəli mənzil Xanlar rayon İcra Hakimiyyəti başçısının 16 aprel 1992-ci il tarixli 179 nömrəli sərəncamından çıxarışına əsasən X4 adına özəlləşmişdir. Göygöl rayon notariat kontorunun 02 fevral 2011-ci il tarixli 2V-1-10 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mənzil Cavabdeh adına keçirilmişdir. Göygöl rayon notariat kontorunun 23 fevral 2011-ci il tarixli 4Ə-1-45 nömrəli bağışlama müqaviləsinə əsasən həmin mənzil X9 bağışlanmış və ona 31 mart 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. 2011-ci ilin arxiv məlumatlarına əsasən mənzil 55,5 kv.m iki yaşayış otağı, 38,8 kv.m köməkçi sahəsindən ibarətdir.

2. Qanun üzrə vərəsəlik hüququ haqqında 02 fevral 2011-ci il tarixli 2V-1-10 nömrəli şəhadətnamənin surətindən görünür ki, 01 aprel 2000-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdehdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinin verdiyi 29 yanvar 2011-ci il tarixli 1887 nömrəli arayışına, Azərbaycan Respublikası Xanlar rayon TİB-nun verdiyi 18 may 1992-ci il tarixli 663 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Göygöl şəhəri A.Hacıyev küçəsi 44 nömrəli binada 3 nömrəli mənzil 1 mərtəbəli 2 yaşayış sahəsi 55,5 kv.m yardımçı sahəsi 38,8 kv.m-dən ibarətdir.

3. 23 fevral 2011-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh Göygöl şəhəri A.Hacıyev küçəsi 44 nömrəli binada yerləşən 3 nömrəli mənzili X9 bağışlamışdır.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 mart 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın və Daşınmaz Əmlakın 30 mart 2011-ci il tarixli 7874 nömrəli Texniki Pasportun surətlərindən görünür ki, Göygöl şəhəri A.Hacıyev küçəsi ev 44 mənzil 3 X3 xüsusi mülkiyyətindədir.

Məhkəmə kollegiyasına təqdim olunmuş:

5. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X5 arasında 11 noyabr 1962-ci ildə nikah bağlanmışdır.

6. Ölüm haqqında 03 aprel 2000-ci il tarixli AZ seriyalı 004179 nömrəli şəhadətnamənin surətindən görünür ki, X13 01 aprel 2000-ci il tarixdə ölmüşdür.

7. Ölüm haqqında 29 oktyabr 2020-ci il tarixli AZ-İİ seriyalı 109869 nömrəli şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 23 oktyabr 2020-ci il tarixdə ölmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Cavabdeh, X12, Göygöl rayon notariat kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi, maraqlı şəxslər X10, X2 və X11 qarşı qanun üzrə vərəsə tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin, eləcə də onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi ilə Göygöl Rayon Məhkəməsində iddia qaldıraraq, atası X4 qanun üzrə vərəsəsi tanınması, Göygöl şəhəri A.Hacıyev küçəsi 44 nömrəli binada yerləşən 3 nömrəli mənzilə dair verilmiş 02 fevral 2011-ci il tarixli 4Ə-1-10 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 23 fevral 2011-ci il tarixli 2V-1-45 reyestr nömrəli bağışlanma müqaviləsinin və həmin müqavilə əsasında alınmış 31 mart 2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və Texniki Pasportun etibarsız hesab edilməsi, miras mənzilin onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Göygöl şəhəri A.Hacıyev küçəsi 44 nömrəli binada yerləşən 3 nömrəli mənzil atası X4 mülkiyyətində olmuşdur. Atası 01 aprel 2000-ci il tarixdə vəfat etmişdir. Cavabdeh, İddiaçı, X14, X10, Məhərrəmova (Tağıyeva) Xatirə Cəlil qızı, X16 və Cəlil Tağıyevin anası qanun üzrə vərəsələr olmuşlar. Miras əmlakda İddiaçı yaşamış və sahiblik etmiş, eləcədə xərcləri ödəmiş və anasına baxmışdır. Lakin ondan və digər bacı, qardaşlarından gizli anası mənzili qardaşı oğlu Cəlil Tağıyevə bağışlamışdır. Beləki, ilk öncə Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib olunmuş, onun əsasında bağışlanma müqaviləsi bağlanmış və Cəlil Tağıyevə daşınmaz əmlaka dair çıxarış verilmişdir. Anası ona bildirmişdir ki, qardaşı ona bir neçə sənədləri imza etdirmiş və məzmunu bilməmişdir. Halbu ki, miras əmlakı o qəbul etmiş, qardaşı oğlu isə 25 il Rusiya Federasiyasında yaşamış və qanunsuz olaraq mənzili mülkiyyətinə keçirmişdir.

10. Göygöl Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(066)-1277/2017 nömrəli qətnaməsi ilə (hakim E.Həsənova) iddia tələbi təmin edilərək, Göygöl şəhəri Aydın Hacıyev küçəsi 44 nömrəli evdə yerləşən 3 nömrəli mənzilə dair Cavabdeh adına verimiş 02 fevral 2011-ci il tarixli 4Ə-1-10 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, həmin mənzilə dair 23 fevral 2011-ci il tarixli 2V-1-45 reyestr nömrəli bağışlama müqaviləsi və 31 mart 2011-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış etibarsız hesab edilməsi; İddiaçı X4 qanun üzrə vərəsi tanınması; Göygöl şəhəri Aydın Hacıyev küçəsi 44 nömrəli evdə yerləşən 3 nömrəli mənzil onun mülkiyyətinə verilməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 1159, 1243, 1246, 1255, 1279 maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 213, 216-220, 222, 227, 230, 260 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh X12 qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi onun iştirakını təmin etmədən qətnamə çıxarmış və çəkişmə prinsipinin tələblərini pozmuşdur. Əmisi İddiaçı onun və atasının mənzildən pasport qeydiyyatından çıxarılması ilə bağlı Gəncə İnzibati Məhkəməsində iddia qaldırdıqdan sonra qətnamədən məlumatı olmuşdur. Mübahisəli əmlakı nənəsi Cavabdeh 23 fevral 2011-ci il tarixli bağışlanma müqaviləsi əsasında ona bağışlamışdır. Sözügedən əmlak 6 ildir onun mülkiyyətindədir və bundan hamının məlumatı olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi, vəkili X17 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmumuna uyğun izahatında verdikdən sonra əlavə olaraq bildirmişdir ki, X4 01 aprel 2000-ci il tarixdə ölümündən sonra ondan qalan mirası arvadı Cavabdeh qəbul etmişdir. Miras qoyanın digər vərəsələri mirası qəbul etməmişlər. Mirası qəbul etmiş Cavabdeh sonradan həmin əmlakı nəvəsi Cəlilə bağışlamışdır. İddiaçı Samux rayonunda, digər vərəsələr isə öz evlərində yaşamışlar. Notariat orqanına yalnız mərhum Cavabdeh müraciət etmişdir. X1 məhkəmə kolelgiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izaha vermiş və əlavə olaraq bildirmişdir ki, atası X4 vəfatından sonra miras əmlakda anası Cavabdeh yaşamış və qız nəvəsi 2 il ona qulluq etmişdir. Özüdə Samux rayonunda yaşamışdır. Mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etməsədə, anasına baş çəkmək üçün həmin evə gedib-gəlmiş və mirası qəbul etmişdir. Digər bacı qardaşları mirası qəbul etməmişdir. Sonradan anasını öz evinə gətirmiş və o ölən günə kimi onunla yaşamışdır. Miras qoyanın digər vərəsələri (övladları) miras əmlakda yaşamamış hər biri özlərinə məxsus evlərdə yaşamışlar. X21 Federasiyasında yaşasada 2015-ci ildə anasının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və sonradan anasını aldadaraq evi oğlu Cəlilin adına keçirmişdir. İddia qaldırmamışdan iki il əvvəl miras əmlakla bağlı anasının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini və onun əsasında da anası evi nəvəsi Cəlilə bağışladığını bilsədə, lakin savadsızlığından məhkəmədə iddianı 2017-ci ildə qaldırmışdır. Anası ona bildimişdir ki, sənədlərin məzmununu bilmədən imza etmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs X10 (eləcədə cavabdeh X6 prosessual hüquq varisi) izahatında bildimrişdir ki, atasının vəfatından sonra miras əmlakda anası tək yaşamış və bacısı qızı ona qulluq etmişdir. Qardaşı İddiaçı Samux rayonunda öz evində yaşamışdır. X21 Federasiyasında, bacıları isə ər evində yaşamışlar. O da özünün mülkiyyətində olan evdə yaşamışdır. Qardaşı Oktiyar atasının vəfatından 1 il sonra gəlmiş və evi təmir etdirmişdir. Ev təmir olunan zamanı anası sağ olmuşdur. Miras əmlaka dair anasının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən və həmin evin sonradan anaları tərəfindən nəvəsi Cəlilə bağışlamasından xəbərləri olmuşdur. Anası iki il miras qalmış evdə tək yaşadıqdan sonra qardaşı Bayram onu Samux rayonundakı evinə aparmış və ölən günə kimi orada yaşamışdır.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs X2 izahatında bildimrişdir ki, atasının vəfatından sonra miras əmlakda anası tək yaşamış və onun qızı nənəsinə qulluq etmişdir. Qardaşı İddiaçı Samux rayonu Qarayeri qəsəbəsində öz evində yaşamış, digər vərəsələr də miras əmlakda yaşamamışlar. Qardaşıları anasının dəfndə iştirak etmişlər. Oktiyar atasının vəfatından sonra evi təmir etdirmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs X16 izahatında bildimrişdir ki, atasının vəfatından sonra miras əmlakda anası iki il tək yaşamış və ona bacısı Xatirənin qızı baxmışdır. Qardaşı İddiaçı Samux rayonu Qarayeri qəsəbəsində öz evində yaşamış, eləcədə digər vərəsələr miras əmlakda yaşamamışlar. Atalarından miras qalmış mənzili anası qəbul etmişdir. O və digər bacısı həmin mənzilə yalnız analarına baş çəkmək üçün gedib gəlmişdir. Qardaşıları anasının dəfndə iştirak etmişlər. Oktiyar atasının vəfatından sonra evi təmir etdirmişdir.

20. Üçüncü şəxs qismində işə cəlb edilmiş X14 məhkəmə kollegiyasının iclasına gəlməmişdir.

Tətbiq edilən hüquq 01 sentyabr 2000-ci ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

22. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə,yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.

23. Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.

24. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

25. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

26. Maddə 561. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağrılmış vərəsələr, vərəsəlik açılan yerin notariat kontorundan oların vərəsəlik hüququnu təsdiq edən şəhadətnamənin (vərəsəlik hüququ haqqında şəhadətnamənin) verilməsini xahiş edə bilərlər.

01 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

28. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 29 Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

30. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

31. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.

32. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

33. Maddə 359.1. Əqd təmsilçi vastəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edənin mülki hüquq və vəzəfələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət, həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakənddə ticarətdə satıcı, kassir və i.a) ola bilər.

34. Maddə 666 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır.

35. Maddə 668 Bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

41. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

43. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

44. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

45. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

46. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

47. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

48. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(066)- 1277/2017 nömrəli qətnaməsi ləğv edilməli və İddiaçı cavabdehlər X12, Göygöl rayon notariat kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi, maraqlı şəxslər X10, X2 və X11 qarşı qanun üzrə vərəsə tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin, eləcə də onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi təmin olunmamalıdır.

52. Cavabdeh 23 oktyabr 2020-ci ildə öldüyü üçün oğlu X10 prosessual hüquq varisi kimi tanınmış, eləcədə X14 üçüncü şəxs qismində işə cəlb olunmuşdur.

53. İşin halları ondan ibarətdir ki, X4 01 aprel 2000-ci il tarixdə vəfatından sonra Göygöl şəhəri Aydın Hacıyev küçəsi ev 44, 3 nömrəli mənzil miras qalmışdır. Miras qoyanın birinci növbə vərəsələri arvadı Cavabdeh, övladları X10, X2, X16, X14 və İddiaçı olmuşdur. 02 fevral 2011-ci il tarixdə Göygöl rayon Dövlət notariat kontoru tərəfindən Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında 2V-1-10 nömrəli şəhadətnamə verilmiş və bunun əsasında da sonunsuya Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 fevral 2011-ci il tarixldə i ********** nömrəli çıxarış verilmişdir. Cavabdeh 23 fevral 2011-ci il tarixli bağışlanma müqaviləsi əsasında həmin mənzili nəvəsi X9 bağışlamış və sonuncunun adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 mart 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarış, eləcədə Daşınmaz Əmlakın 30 mart 2011-ci il tarixli 7874 nömrəli Texniki Pasportu tərtib olunmuşdur. Ona görə də İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

54. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, apellyasiya icraatı zamanı İddiaçı özünün, cavabdeh X3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Şahlar Tağıyevin, eləcədə iş üzrə maraqlı şəxslər Bəxtiyar Tağıyev, Xatirə Məhərrəmova və Əzizə Tağıyevanın izahatları ilə müəyyən olunmuşdur ki, miras qoyanın ölümündən sonra miras əmlakda onun arvadı Cavabdeh iki il tək yaşamış və ona qız nəvəsi qulluq etmişdir. Sonradan Cavabdeh oğlu İddiaçı yaşadığı Samux rayonuna aparmış və sonuncu ölən günədək orada yaşamışdır. İddiaçı Samux rayonu Qarayeri qəsəbəsində, eləcədə digərləri özlərinə məxsus evlərdə yaşamışlar.

55. Göründüyü kimi, miras qoyanın digər vərəsələri X10, X2, X16, X14 və İddiaçı mirası istər qanun üzrə, istərsədə faktiki olaraq qəbul etməmişlər. Miras əmlakı yalnız Cavabdeh tərəfindən qəbul edilmişdir.

56. Halbu ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun.

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir.

58. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda, mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirak və razılığını tələb etmir. Həmçinin, mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.

59. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağrılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur

60. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı atasından miras qalmış əmlakı qəbul edərək (istər qanun üzrə, istərsədə faktiki) idarə və sahiblik etməmişdir. Yəni iddiaçı miras əmlakın öz mənafeyi üçün saxlanması və normal təsərrüfatın aparılmasına yönələn heç bir hərəkət etməmişdir.

61. Miras əmlak İddiaçı tərəfindən qəbul olunmadığından Cavabdeh adına verilmiş 02 fevral 2011-ci il tarixli 4Ə-1-10 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 23 fevral 2011-ci il tarixli 2V-1-45 reyestr nömrəli bağışlama müqaviləsinin və həmin müqavilə əsasında verilmiş 31 mart 2011-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız olunması da özlüyündə istisna olunur.

62. Belə ki, əqdlər görnüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən irdadə ifadələrini özündə əks etdirir. İradə ifadə olunmalı, yəni bəyan edilməli və müəyyən bir hüquqi nəticəyə yönəldilməlidir. Hüquq sistemi tərəfindən görünüşdə bu iradə ifadəsinə uyğun hüquqi nəticə bağlanmış olmalıdır. Beləliklə əqdlər arzu olunan hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi olduğuna görə, şəxsin birbaşa iradəsinin təşəkkülü ilə bağlı şərtlər də mahiyyəti etibarlı ilə ümumi etibarlılıq şərtlərinə daixildir. Bu baxımdan da etibarlı bir əqddən bəhs oluna bilinməsi üçün əqdi bağlayan şəxsin anlaqlı olması da lazımdır. Anlaqlılıq insanın şüurlu hərəkət edə bilmək qabiliyyətini ifadə edir. Nəticə etibarı ilə bir fiziki şəxsin bağladığı əqdin etibarlı hesab olunması mülki qanunvericilikdə həmin şəxsin fəaliyyət qabiliyyəti baxımından hansı kateqoriyaya aid hesab olunmasından və bağlanan əqdin bu kateqoriya üçün nəzərdə tutulmuş fəaliyyət qabiliyyəti şərtlərinə uyğun olmasından asılıdır. Beləliklə bütün növ əqdlər baxımından sadə yazılı şəkildən bəhs oluna bilinməsi üçün ən azı iki şərt tələb olunur: 1) iradə ifadəsinin yazılı olması 2) yazılı iradə ifadəsinin istinad olunan şəxs tərəfindən və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmasıdır. Mülki hüquq baxımından rəsmi şəkil və ya formaya əsasən notariuslar tərəfindən tərtib və ya təsdiq edilmə hallarında olur. Notariat və ya rəsmi forma-iradə ifadəsinin xüsusi şəxslər tərəfidən deyil, hakimiyyət səlahiyyətini icra edən şəxs və ya orqan tərəfindən bu səlahiyyətlərin yerinə yetirilməsi məqsədilə edilməsi hallarına aiddir. Qeyd olunalara əsasən əqdi bağlayan şəxsin müvafiq fəaliyyət qabiliyyətinin olması, əqd mövzusu (predmeti) şəxsiyyətə zidd olmaması, əqdlər məcburi hüquq qaydalarına zidd olmamalı, ıqdin mövzusu (predmeti) mümkünsüz olmamalı və əqdi əmələ gətirən iradə ifadələri zədəli olmamalıdır.

63. Kollegiya hesab edir ki, hədiyyə verən Cavabdeh sağlığında öz əmlakı üzərində sərəncam vermiş və mülkiyyətində olan fərdi yaşayış evini notariusun hüzurunda nəvəsi X9 bağışlamış, hədiyyə alan da hədiyyəni qəbul etmişdir. Göründüyü kimi, mübahisələndirilən əqd qanunvericiliyin tələbinə uyğun bağlanmış və etibarsızlığı üçün heç bir hüquqi əsaslar yoxdur. Belə olan halda həmin əqd əsasında X3 adına tərtib olunmuş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 31 mart 2011-ci il tarixli MA seriyalı ******* nömrəli çıxarışın etibarsızlığı üçün də hüquqi əsaslar yaranmır.

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verir və həmin dəlilləri hazırkı işin hallarına münasibətdə şikayətin təmin olunmasını əsaslı hesab edir.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh X12 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 14 iyul 2017-ci il tarixli 2(066)-1277/2017 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh, X12, Göygöl rayon notariat kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi, maraqlı şəxslər X10, X2, X16 və üçüncü şəxs X7 qarşı qanun üzrə vərəsə tanınma, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bağışlama müqaviləsinin, eləcə də onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi təmin edilməsin. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar