Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-473/2025 05.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmək mübahisələri, işə bərpa Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının nümayəndəsi (rəisi) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)- 1231/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əlavə edilmiş iş yerinə dair arayışdan və əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının baş mühəndis vəzifəsinə işə götürülmüşdür.
2. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 72 nömrəli əmrdən görünür ki, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən kombinatın baş mühəndisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncunun öz arzusu ilə (ərizəsi əsasında) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
3. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmişdir.
4. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X3 10 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 16 sentyabr 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsinə görə Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Nümayəndə barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müəyyən olunması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatına qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2024-cü il tarixli 72 saylı əmrinin ləğv edilməsi, onun əvvəlki işinə, Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının baş mühəndis vəzifəsinə bərpa olunması, məcburi iş buraxma dövrü üçün əmək haqqının cavabdehdən tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdən davamlı olaraq Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatında işləmişdir. Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəisi Nümayəndə göstərişi ilə xx.xx.2023-cü il tarixində ərizə yazaraq 20 dekabr 2023-cü ildə səhəti ilə bağlı onu işdən azad etməsini bildirmişdir. Ərizəsini yazdıqdan sonra Nümayəndə dərhal ərizəni qəbul edərək ona 20 dekabr 2023-cü ildə işdən azad olunduğunu bildirmişdir. Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq 20 dekabr 2023-cü ildə günün sonu Kombinatın rəisindən ona məxsus olan əmək kitabçasını və işdən çıxma əmrinin verilməsini tələb etmişdir. Ona şifahi olaraq işdən çıxma əmrinin surətini və əmək kitabçasını yaşadığı ünvana poçtla göndəriləcəklərini bildirmişdir. Lakin, təxminən 2024-cü ilin yanvar ayının 15-20-si aralığında Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatına gələrək işdən çıxma əmrini və əmək kitabçasını tələb etdikdə ona Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının seçkilərlə bağlı tapşırıq verdiyini, 07 fevral 2024-cü il tarixli prezident seçkilərindən sonra dərhal göndərəcəkləri bildirilmişdir. O, seçkilərdən bir neçə gün sonra təkrar şifahi Nümayəndə müraciət etmiş və ona yenə əvvəlki vədlərə oxşar dövlət məmuruna xas olmayan yalan məlumat verərək əmək kitabçasını və işdən çıxma əmrini poçtla göndərdiyini bildirmiş, onu arxayın salıb evə göndərmişdir. Kombinatdan gələndən sonra dəfələrlə poçta gedərək ona Gədəbəy KMK-dən məktub gəlməsi ilə bağlı şifahi soruşmuş, ona məktub gəlmədiyini bildirmişlər. O, həmin ilin fevral ayının sonu mart ayının əvvəli Gədəbəy KMK-ya gedərək Nümayəndə onun yaşadığı ünvana məktub gəlmədiyini bildirmişdir. Bu zaman onun əmək kitabçasını guya poçtla göndərdiyini, kombinatın əməkdaşı səhvən başqa kəndə göndərdiyini, dərhal poçta təkrar gedərək yaşadığı ünvanı düz göstərərək şəxsən özünün göndərdiyini bildirmişdir. Lakin, təxminən sonuncu dəfə Gədəbəy KMK-dan qayıtdıqdan 10 gün sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Elektron İnformasiya Sistemi üzərindən işsiz və iş axtaran kimi qeydiyyatdan keçmək istəyən zaman EİS alt sistemində adına aktiv əmək müqaviləsinin olduğunu görüb, dərhal Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəisinə həm yazılı, həmdə şifahi müraciət edərək Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatında adına aktiv əmək müqaviləsi üzrə işə çıxmasını xahiş etmişdir. Ona şifahi olaraq bildirilmişdir ki, “həmin ştat (baş mühəndis) üzrə Gədəbəy rayon İcra Hakimiyyətindən işçi göndəriblər ona görə səni götürə bilmərəm”. O, Nümayəndə bildirmişdir ki - “bəs mənim adıma aktiv əmək müqaviləsi ola-ola necə siz işçi qəbul etmisiniz, axı mənim əmək kitabçam, xitam əmrim mənə verilmədən necə başqa şəxsi işə qəbul etmisən”, bu zaman Nümayəndə ona “mənim işimdir, özüm bilərəm” deyərək Kombinatın həyətində özünə məxsus avtomobilə əyləşərək Kombinatı tərk etmiş və bildirmişdir ki, "mənə başçı iş tapşırıb, vaxtım yoxdur sizi dinləməyə”. Bundan sonra Kombinatın rəisinə dəfələrlə edilmiş haqlı müraciətinə baxmayaraq onun heç bir ərizəsi cavablandırılmamışdır. Cavab gəlmədikdə xx.xx.2024-cü ildən müxtəlif vaxtlarda onlayn və yazılı ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Qazax -X10 Müfəttişliyinə müraciət etmişdir. Müraciət əsasında araşdırmaya başlayan X6 tərəfindən xx.xx.2024-cü ildə Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatına göndərdiyi məktuba cavab verilməmişdir. X6 xx.xx.2024-cü il tarixində Gədəbəy rayon İcra Hakimiyyətinə 3-17-5-2-Q-50175/2024 nömrəli məktubla müraciət etmişdir. Lakin xx.xx.2024-cü ildə X6 Xidmətinin X1 daxil olan müraciəti əsasında Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı rəhbərliyinin təqdim etdiyi sənədlərdə inzibati xətanın olduğu müəyyən edilmişdir. Lakin xx.xx.2023-cü il tarixində Nümayəndə əsassız göstərişi ilə öz hüquqi qüvvəsini itirmiş yazdığı ərizəsini xx.xx.2024-cü ildə qanunsuz olaraq EİS üzərində qeyri-formal olaraq 72 nömrəli əmr yazaraq əmək qanunvericiliyinin tələblərini pozaraq qanunsuz xitam vermişdir. Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəhbərliyi əmək müqaviləmə xitam verərkən qanunun tələblərini və onun işçi kimi hüquqlarını kobud surətdə pozmuşdur. Bu səbəbdən də həmin əmr qanunsuz hesab edilməli və ləğv edilməlidir.
7. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-1231/2024 nömrəli qətnaməsi (hakim Zamiq Rəsulov) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9, 19, 68-ci maddəsinin 1-ci hissəsinə, 69, 154-cü maddəsinin 1-ci bəndinə, 296-cı madəsinin 2-ci hissəsinə və 300-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 216-220, 227, 233, 360 və 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-1231/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya mhəkəməsinin qətnaməsinin ləğv edilməsini, əmrin ləğv edilməsini və iddianın təmin edilməsinin məhkəmədən xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdən Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatında işləmişdir. O, təzyiq əsasında xx.xx.2023-cü il tarixdə ərizə yazaraq işdən azad edilməsini bildirmişdir. Onu 20 dekabr 2023-cü ildə işdən azad etmişlər. Həmin vaxtı ona əmək kitabçası və işdən çıxma əmri verilməmiş, yaşadığı ünvana poçtla göndəriləcəklərini bildirmişlər. O, həmin vaxtdan işə getməmiş. Onun işdən çıxarılması əmri sistemə sonradan iyul 2024-cü ildə yerləşdirilmişdir. Ona görə X6 Xidmətinin X4 tərəfindən Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatı rəhbərliyi barədə inzibati xətanın olduğu müəyyən edilmişdir. Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəhbərliyi əmək müqaviləsinə xitam verərkən qanunun tələblərini və onun işçi kimi hüquqlarını pozmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya mhəkəməsinin qətnaməsinin ləğv edilməsini, əmrin ləğv edilməsini və iddianın təmin edilməsinin məhkəmədən xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının nümayəndəsi (rəisi) Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o, apellyasiya şikayətini qəbul etmir. İddiaçı xx.xx.2022-ci il tarixdən Kombinatda baş mühəndis işləmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə könüllü ərizə yazaraq işdən azad edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının xx.xx.2023-cü il tarixli 72 №-li əmrlə İddiaçı 20 dekabr 2023-cü ildən öz ərizəsi əsasında işdən azad olunmuşdur. Həmin vaxtı ona əmək kitabçası və işdən çıxma barədə məlumat verilmişdir. Həmin tarixdən İddiaçı işə çıxmamışdır. Ona əmrin surəti verilmişdir. Onun işdən çıxarılması əmri sistemə səhvən sonradan iyul 2024-cü ildə yerləşdirilmişdir. Ona görə X6 Xidmətinin X4 tərəfindən onun barəsində inzibati xəta protokolu tərtib olunmuş, 1500 manat cərimə olunmuş və cəriməni ödəmişdir. Gədəbəy rayon Kommunal Müəssisələri Kombinatının rəhbərliyi iddiaçının ərizəsinə əsasən onun əmək müqaviləsinə xitam verərkən qanunun tələblərinə əməl etmiş və iddiaçının heç bir hüququ pozulmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya mhəkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
14. Maddə 2. Hissə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
15. Maddə 6. Hissə 2. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
16. Maddə 9 (bənd “q”). Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.
17. Maddə 68. Hissə 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
18. Maddə 68. Hissə 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
19. Maddə 69. Hissə 1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
20. Maddə 69. Hissə 2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
21. Maddə 69. Hissə 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
22. Maddə 69. Hissə 7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
23. Maddə 83. Hissə 1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
24. Maddə 84. Hissə 1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
25. Maddə 84. Hissə 2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
26. Maddə 84. Hissə 3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
27. Maddə 87. Hissə 3. İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.
28. Maddə 300. Hissə 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
37. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
42. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
44. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)- 1231/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının baş mühəndisi vəzifəsinə işə götürülmüş, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Nümayəndə xx.xx.2023-cü il tarixli, 72 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə sonuncunun öz arzusu ilə (ərizəsi əsasında) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əsasən xitam verilmişdir. İddiaçı həmin vaxtdan işdən azad edilmiş və həmin vəzifə üzrə əmək funkisyalarını yerinə yetirməmişdir. İddiaçı hazırda məhkəmədə iddia qaldıraraq, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericliyinin tələblərinin pozulmasını əsas gətirərək əvvəlki işinə, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı baş mühəndisi vəzifəsinə bərpa edilməsini tələb etmişdir.
47. Əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
48. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur.
49. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir.
50. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi göstərilmişdir.
51. Həmin norma, tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi hüququnu verir.
52. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə səbəb onun öz xahişi ilə işdən azad olunmasını nəzərdə tutan ərizəsidir və həmin ərizəni öz şəxsi imzası ilə təsdiqləmişdir. Hansı ki, həmin hal sonuncu tərəfindən mübahisələndirilməmişdir.
53. Məhkəmə Kollegiyası İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələblərinin pozulması ilə bağlı qeyd edir ki, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatı tərəfindən İddiaçı ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, lakin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə daxil edilmişdir. Bununla da Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin təbəbləri pozulmuş, bu hal X6 Xidməti tərəfindən araşdırılmış və qəbul edilmiş qərara əsasən, Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1.500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir.
54. Göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericilyinin hər hansı tələbləri pozulmamış, əmək müqaviləsinə xitam verildikdən sonrakı hərəkətlərdə Gədəbəy Rayon Kommunal Müəssisələri Kombinatının rəisi Nümayəndə tərəfindən pozuntuya yol verilmiş və sonuncu inzibati məsuliyyətə cəlb edilmişdir. Odur ki, Məhkəmə Kollegiyası hesab edir ki, Əmək Məcəlləsinin 49-cu maddəsinin 5-ci hissəsinin təbəblərinin pozulması işçinin işdən azad edilməsi barədə əmrin ləğvi və əvvəlki iş yerinə bərpası üçün əsas deyildir.
55. Belə ki, iddiaçı iddia ərizəsi ilə eyni məzmunda verdiyi apellyasiya şikayətində bildirmişdir ki, ona təzyiq olunmuş və buna görə də işdən çıxma barədə ərizə vermişdir. Belə ki, iddiaçı əsas gətirdiyi bu faktı təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, bu fakt iş materiallarında olan kifayət qədər sübutlarla təkzib olunur.
56. Göründüyü kimi, iddiaçı iddia tələbinin əsası kimi göstərdiyi halları təsdiq edən mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
57. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
58. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
59. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
60. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
61. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
63. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
64. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
67. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
68. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-1231/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.