Məhkəmə qərarları › İş №2(104)-481/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-481/2024

21.02.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-481/2024 21.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma, özbaşına inşa edilmiş tikililərin sökülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-759/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı və X1 adına qeydiyyata alınmışdır.

2. A 854286 saylı “X8 və Ölçüsü”ndən görünür ki, ünvan 1 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı adına qeydiyyata alınmışdır.

3. 19.10.2022–ci il tarixli arxiv arayışından görünür ki, X10 Filialında mühafizə olunan “Əzizbəyov” adına kolxozun qaytanlanmış torpaq kitabında İddiaçı adına 0,12 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023–cü il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 9,88 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçının mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən 9,15 m (5.27 kv.m) uzunluqda daş hasar inşa edilmişdir.

5. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2881 nömrəli rəyindən görünür ki, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 9,88 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçının mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən 9,15 m (5,27 kv.m) uzunluqda daş hasar inşa edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və özbaşına inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli Çıxarış əsasında Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi onun mülkiyyətindədir. Lakin həmin torpaq sahəsinin bir hissəsi, yəni 3,5 metr eninə və 19 metr uzununa olan hissəsi cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş, həmçinin cavabdeh orada özbaşına tikinti işləri aparmışdır. Dəfələrlə cavabdehə qanunsuz əməllərinə son qoymağı təklif etsə də, o, buna məhəl qoymamış, ona məxsus torpaq sahəsini zəbtdən azad etməmişdir. Bu səbəbdən məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli Çıxarış əsasında mülkiyyətində, Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin cavabdehin zəbtindən azad edilməsi, həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin vəsaiti hesabına sökülməsi və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-759/2023 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev), iddianın qismən təmin edilməsi, xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 9,88 kv.m hissəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən 9,15 m (5,27 kv.m) uzunluqda inşa edilmiş tikili (daş hasar) cavabdehin vəsaiti hesabına sökülməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh 100 (bir yüz) manat məbləğində pul alınıb İddiaçı verilməsi, iddia qalan hissədə təmin edilməməsi, İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3 və 157.1-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 117, 213, 216–220, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-759/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o uzun illərdir mübahisəli torpaq sahəsində özünə fərdi yaşayış evi inşa etdirib yaşayır. Həmin torpaq sahəsi JN-134A(KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Şəmkir Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə qayınatası X2 və qayınanası X3 mülkiyyətinə verilmişdir. Onlar isə torpaq sahəsini onlara verdiyindən hazırda onların istifadəsindədir. İddiaçı isə sonradan onun mülkiyyətində olan torpaq sahəsinə çıxarış almış və guya onun torpaq sahəsini zəbt etdiyini iddia edir. Halbuki, o iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. O illərdir istifadəsində olan torpaq sahəsində hörgü inşa etdirmişdir. Ekspert tərəfindən torpaq sahəsində ölçmə işləri aparılarkən Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə, X9 Xəritəsi və X7 nəzərə alınmamışdır. Ona görə də xx.xx.2023-cü il tarixli, 10/2881 saylı ekspert rəyini əsaslı hesab etmir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. İş üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

18. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

19. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

21. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)

25. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

26. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

27. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

28. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

39. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

40. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

42. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh tərəfindən qətnamənin ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin dəlillərində iddianın təmin edilmiş hissəsi mübahisləndirilmişdir. İddianın təmin edilməyən hissəsi isə cavabdehin mənafeyinə toxunmur. Buna görə də qətnamənin əsaslığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

43. Buna baxmayaraq məhkəmə kollegiyası şikayətin dəlillərindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

45. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-759/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

47. Beləliklə, işin halları ondan ibarətdir ki, ünvan 1 ünvanda yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı və X1 ümumi birgə mülkiyyətindədir. Lakin, həmin torpaq sahəsinin 9,88 kv.m hissəsi Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Cavabdeh iddiaçının mülkiyyətndə olan torpaq sahəsinin həmin hissəsindən çıxmadığı üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

48. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.

49. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisidir və onların mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.

50. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

51. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

52. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

53. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).

54. İddiaçı mübahisəli torpaq sahəsinin mülkiyyətçisi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində göstərilən sərəncam hüququna malikdir və sərəncam hüququndan çıxış etməklə cavabdehlərin torpaqdan çıxarılmasını tələb etmək ixtiyarı vardır. Onların iddiası hüquqdan sui-istifadə ilə əlaqədar deyildir.

55. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası keçirilmiş və mütəxəssis, habelə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2881 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********50 reyestr nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin 9,88 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İddiaçının mülkiyyətində olan və Şəmkir rayonu, Düyərli kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsində cavabdeh tərəfindən 9,15 m (5,27 kv.m) uzunluqda daş hasar inşa edilmişdir.

56. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

57. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

58. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə, rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir.

59. Göründüyü kimi, iddiaçının müıkiyyətində olan torpaq sahəsinin 9,88 kv.m hissəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və hazırda da oradan istifadə edilir.

60. Kollegiya iş materiallarını göstərilən nomralar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iddiaçının torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.

61. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

65. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-759/2023 nömrəli qətnaməsi mübahisələndirilən - iddianın təmin edilmiş - hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar