Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-488/2024 02.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh Malçı oğluna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: zəbt edilmiş əmlakın boşaldılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X4, Cavabdeh Malçı oğlunun və onun nümayəndəsi X3 iştirakları ilə, Qazax Rayon Məhkəməsinin 2(023)-42/2023 saylı mülki iş üzrə 03 noyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh Malçı oğlu və onun nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 02 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş Texniki Pasportdan görünür ki, Qazax şəhəri Nizami küçəsi 3 nömrəli ünvanda yerləşən 5333,0 kv.m torpaq sahəsində yerləşən əmlak kompleksi Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İddiaçı MMC X2 Qovşağı Qazax rayonu ərazisində 6 saylı kabel sahəsinin adına qeydə alınmışdır. İş materiallarında olan İddiaçı MMC-nin Kabel Təsərrüfatına Xidmət Mərkəzinin (əvvəlki X2 Qovşağı) Qazax Xətt qrupunun tərtib etdiyi xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həqiqətən Qazax rayon sakini Alməmmədov X8 şəhəri Nizami küçəsi 3 nömrəli ünvanda yerləşən KTXM-nin ünvan 2ir. Hal-hazırda həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Ev 1989-1990-cı illərdə tikilmişdir. Cavabdeh Malçı oğlu həmin illərdə Qazax 6 saylı kabel sahəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2017ci il tarixli texniki pasportda qeyd olunan ümumi sahəsi 0,5333 ha torpaq sahəsinin bir hissəsi zəbt edilmişdir. Torpaq sahəsinin cənub sərhəddində yerləşən iki mərtəbəli yaşayış binasının qərb tərəfinə bitişik olmaqla 12.0mx11.0m ölçüsündə birmərtəbəli fərdi yaşayış evi tikilmiş və ətrafı 13.0mx15.0m ölçüsündə 3 tərəfdən mişar daşı ilə hasarlanmaqla zəbt edilmişdir. Torpaq sahəsinin zəbt edilmiş hissəsində birmərtəbəli fərdi yaşayış evi və mişar daşından tikilmiş daş hasar vardır. Azərbaycan Respublikası Məhkəmə-Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5804 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-37/2- 5075/2023 saylı mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2017-ci il tarixli texniki pasportda qeyd olunan ümumi sahəsi 0,5333 ha torpaq sahəsinin bir hissəsinin tutulduğu, torpaq sahəsinin cənub sərhəddində yerləşən iki mərtəbəli yaşayış binasının qərb tərəfinə bitişik olmaqla 12.0 m x 11.0 m ölçüsündə birmərtəbəli fərdi yaşayış evi tikilmiş və ətrafı 13.0 m x 15.0 m ölçüsündə 3 tərəfdən mişar daşı ilə hasarlanmaqla istifadə olunduğu müəyyən olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Malçı oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax şəhəri Nizami küçəsi 3 nömrəli ünvanda yerləşən İddiaçı MMC-nin Kabel Təsərrüfatına Xidmət Mərkəzinin (əvvəlki X2 Qovşağı) Qazax Xətt qrupunun balansında olan torpaq sahəsi Cavabdeh Malçı oğlu tərəfindən zəbt edilərək həmin ərazidə yerləşən 12 mənzilli yaşayış binasına birişik tikilmiş evin cavabdehin hesabına sökülməsinə, torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsinə və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin Kabel Təsərrüfatına Xidmət Mərkəzinin (əvvəlki X2 Qovşağı) ünvan 3 ünvanda yerləşir. Kabel Təsərrüfatına Xidmət X10 qrupuna məxsus əmlak kompleksi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixində verilmiş Texniki Pasportundan da göründüyü kimi İddiaçı MMCnin Kabel Təsərrüfatına Xidmət X10 qrupunun balansındadır. İddiaçı MMC-nin nizamnamə kapitalının 100 faizi dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar dövlətə məxsusdur. Kabel Təsərrüfatına Xidmət X10 qrupunun yerləşdiyi torpaq sahəsində, yəni İddiaçı MMC-nin balansında olan torpaq sahəsində yerləşən 12 mənzilli yaşayış binasına bitişik ev tikilməsi xx.xx.2022-ci il tarixli Aktla öz təsdiqini tapmışdır. İddiaçı MMC tərəfindən cavabdehə zəbt edilmiş Kabel Təsərrüfatına Xidmət X10 qrupunun 12 mənzilli yaşayış binasına bitişik ev tikilmiş ərazinin boşaldılması ilə bağlı cavabdehə xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh bu günədək heç bir tədbir görməmişdir. Qazax Rayon Məhkəməsinin 2(023)-42/2023 saylı mülki iş üzrə 03 noyabr 2023cü il tarixli qətnaməsi ilə (hakim N.Musayev) iddia qismən təmin edilmiş, Qazax şəhəri Nizami küçəsi 3 nömrəli ünvanda yerləşən İddiaçı MMC-nin Kabel Təsərrüfatı Xidmət X10 qrupunun balansında olan 0,5333 ha torpaq sahəsinin cənub sərhəddində yerləşən iki mərtəbəli yaşayış binasının qərb tərəfinə bitişik olmaqla tikilmiş 12.0mx11.0m ölçüdə birmərtəbəli fərdi yaşayış evinin və 13.0mx15.0m ölçüdə hasarın Cavabdeh Malçı oğlunun hesabına sökülməsi və torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı MMC tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun, Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-yə ödənilmiş 95 (doxsan beş) manat ekspertiza xərcinin Cavabdeh Malçı oğlundan alınaraq İddiaçı MMC-yə ödənilməsi, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın Cavabdeh Malçı oğlundan alınaraq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Malçı oğlunun nümayəndəsi Vəkil həmin qətnamədən apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 2(023)-42/2023 saylı mülki iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, mübahisəli mülk cavabdehin deyil, onun arvadı X1 adına qeydə alınmışdır. Belə olan halda iddia iddiaya cavab verməyən şəxsə qarşı qaldırılmışdır. Bundan başqa mübahisəli tikili 1987-ci ildə onların şəxsi vəsaitləri hesabına inşa edilmiş və həmin vaxtdan, artıq 35 ildir ki, əmlak onların ailə üzvlərinin istifadəsində və sahibliyində olmuşdur. Ona görə də məhkəmə qətnaməsini əsassız sayırlar. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Malçı oğlu apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Malçı oğlunun nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, bildirdilər ki, X1 adına qeydə alınmış mənzil isə həmin ərazidə yerləşən çoxmənzilli yaşayış binasının tərkib hissəsidir. Sökülməsi tələb edilən tikililər isə uzun illər bundan öncə onlar tərərfindən inşa edilmiş və onların istifadəsindədir, lakin həmin tikililərin yerləşdiyi torpaq sahəsi ilə bağlı onların heç bir hüquq müəyyənedici sənədləri mövcud deyildir. Torpaq sahəsi İddiaçı MMC-nin balansına verildiyi vaxt həmin tikili orada mövcud idi. Odur ki, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, Qazax Rayon Məhkəməsinin 2(023)-42/2023 saylı mülki iş üzrə 03 noyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158. 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.[234] 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Kollegiya tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı MMC-nin qanuni istifadəsindədir və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək, istifadə edilir. Apellyator şikayətində həmin torpaq sahəsinin 35 ildir ki, onların ailə üzvlərinin istifadəsində olmasını qeyd edərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyatorun şikayətinin dəlillərini əsassız sayır. Belə ki, işə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə məhkəmə tikintitexniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5804 saylı rəyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-37/2- 5075/2023 saylı mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2017-ci il tarixli texniki pasportda qeyd olunan ümumi sahəsi 0,5333 ha torpaq sahəsinin bir hissəsinin tutulduğu, torpaq sahəsinin cənub sərhəddində yerləşən iki mərtəbəli yaşayış binasının qərb tərəfinə bitişik olmaqla 12.0mx11.0m ölçüsündə birmərtəbəli fərdi yaşayış evi tikilmiş və ətrafı 13.0mx15.0m ölçüsündə 3 tərəfdən mişar daşı ilə hasarlanmaqla istifadə olunduğu müəyyən olmuşdur. Həmçinin, məhkəmə kollegiyasının iclasında Cavabdeh Malçı oğlu və onun nümayəndəsi X5 qeyd edilən tikililər onların istifadəsində olduğunu, lakin həmin tikililərin yerləşdiyi torpaq sahəsi ilə bağlı onların heç bir hüquq müəyyənedici sənədlərinin müvcud olmamasını bildirmişlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan əmlakdan istifadə hüquqları pozulduğundan, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın rədd olunmasına əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-42/2023 saylı mülki iş üzrə 03 noyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-488/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-488/2024
02.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver