Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-49/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı3 Cavabdeh1 qarşı torpaqdan çıxarılma və əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki iş üzrə Açar söz: torpaqdan çıxarılma və əldən çıxmış fayda tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı3 nümayəndəsi vəkil X5 və Cavabdeh1 iştirakları, Bərdə Rayon Məhkəməsinin 2(021)-222/2020 saylı mülki iş üzrə 27 oktyabr 2020ci il tarixli qətnaməsindən İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə 24 yanvar 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-0121 KOD 61000108 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 03 saylı qərarına əsasən Bərdə rayonu Əmirli kənd sakinləri İddiaçı3 və X3 mülkiyyətinə 0.76 hektar torpaq sahəsi verilmişdir.
2. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN-0120 KOD 61000108 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2005-ci il tarixli 03 saylı qərarına əsasən Bərdə rayonu Əmirli kənd sakinləri X6, İddiaçı1, X7, X9, X4 və X11 mülkiyyətinə 2.36 hektar torpaq sahəsi verilmişdir.
3. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 4064 nömrəli xx.xx.2019-cu il tarixli arayışında qeyd olunmuşdur: Bərdə rayonu Əmirli kənd ərazi vahidinin hüdudları daxilində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-0121 KOD 61000108 saylı Dövlət Aktına əsasən İddiaçı3 və ailə üzvlərinin paylı mülkiyyətində olan 0.76 ha və JN-0120 KOD 61000108 saylı Dövlət Aktına əsasən X8 və ailə üzvlərinin paylı mülkiyətində olan 2.36 ha torpaq sahəsinin yerləşdiyi konturda bütün mülkiyyətçilər tərəfindən Dövlət Aktlarının eskizində göstərilən torpaq sahələrinin bölgü istiqaməti naturada dəyişdirildiyindən, həndəsi ölçüləri, konfiqurasiyası və yerləşmə mövqeyi arasında uyğunsuzluq olduğundan mətəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.
4. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 236 saylı xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən, Bərdə rayonu Əmirli kənd ərazi vahidinin hüdudları daxilində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-0121 KOD 61000108 saylı Dövlət Aktına əsasən İddiaçı3 və ailə üzvlərinin paylı mülkiyyətində olan 0.76 ha və JN-0120 KOD 61000108 saylı Dövlət Aktına əsasən X8 və ailə üzvlərinin paylı mülkiyətində olan 2.36 ha torpaq sahəsinin yerləşdiyi konturda bütün mülkiyyətçilər tərəfindən Dövlət Aktlarının eskizində göstərilən torpaq sahələrinin bölgü istiqaməti naturada dəyişdirildiyindən, həndəsi ölçüləri, konfiqurasiyası və yerləşmə mövqeyi arasında uyğunsuzluq olduğundan mətəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.
5. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 417 nömrəli xx.xx.2020-ci il tarixli arayışında qeyd olunmuşdur: JN- 0121 KOD 61000108 saylı Dövlət Aktına əsasən İddiaçı3 və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş Bərdə rayon Əmirli kəndində yerləşən 0.76 ha və JN-0121 KOD 61000108 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X8 və ailə üzvlərinin ailə üzvlərinin mülkiyyətinə verilmiş Bərdə rayon Əmirli kəndində yerləşən 2.36 ha torpaq sahələri ilə JN-054 KOD 61000108 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Cavabdeh1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş Bərdə rayon Əmirli kəndində yerləşən 1.90 ha torpaq sahəsinin sərhədləri üst-üstə düşmür.
6. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7540 saylı 29 noyabr 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mühəndisi tərəfindən xx.xx.2022-ci il tarixli **********461 saylı mütəxəssis rəyinin məlumatlarına əsasən cavabdeh tərəfindən JN-121 KOD 61000108 saylı Dövlət Aktı ilə İddiaçı3 və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş Bərdə rayonu, Əmirli kəndində yerləşən 0.76 ha torpaq sahəsindən 0.64 ha hissəsini, JN-0120 KOD 61000108 saylı Dövlət aktı ilə Bərdə rayonu, Əmirli kəndi ərazisindən X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.36 ha torpaq sahəsinin isə 1.28 ha hissəsinin istifadə edildiyi götərilmişdir. Ekspert rəyinə əlavə edilən ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarınln dəyəri 100 (bir yüz) manat məbləğini təşkil edir. İş materiallarından müəyyən edilir ki, həmin rəy üzrə mütəxəssis rəyinin verilməsi üçün İddiaçı3 tərəfindən DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin hesabına 155 manat məbləğində pul ödənilmişdir. 7.Mülki işin materiallarında olan, qarşılıqlı iddia ərizəsindən görünür ki, Cavabdeh1 İddiaçı1 və İddiaçı3 qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, mübahisəli torpaq sahələrinin 1997-ci ildən onun istifadəsində olduğunu göstərmiş və iddiaçıların mülkiyyət sənədlərinin etibarsız olduğunu iddia etmişdir. (Bərdə Rayon Məhkəməsinin 2(021)- 222/2020 saylı mülki iş üzrə 27 oktyabr 2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi üzrə işin icraatına xitam verilmişdir. 8.Mülki işin materiallarına əlavə olunan, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bərdə X16 Mərkəzinin 14 iyun 2021-ci il tarixli 91 saylı məktubunda qeyd edilmişdir ki, Bərdə rayonunun Əmirli kəndi ərazisində əldə edilən pambığın orta məhsuldarlığı 35 sentner, taxılın orta məhsuldarlığı 40 sentner, yoncanın orta məhsuldarlığı təxminən 700-800 ədəd yonca bağıdır. (rəqəmlər 1 ilə aiddir)
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı1 və İddiaçı3 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 Bərdə rayon Əmirli kəndində yerləşən onlara məxsus pay torpağından çıxarılmasına və ondan onlara vurulmuş ziyan hesabına 8000 manat vəsaitin alınaraq onlara verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
10. Daha sonra İddiaçı3 iddia həcminin artırılması barədə ərizə təqdim edərək, qeyd etmişdir ki, cavabdeh ona məxsus 0.76 ha torpaq sahəini 2005-ci il tarixdən 2020-ci il tarixədək əkmiş, nəticədə 10000 (on min) manat maddi zərər vurmuşdur. Belə ki, ona məxsus olan 0.76 ha torpaq sahəsində orta hesabla hər mövsümdə 30 sentner pamıq, 35 sentner taxıl əldə etmək mükündür. 30 sentner pambıq 3000 kq həcmində olmaqla qiyməti 1 kq 0.75 AZN olmaqla 2250 AZN məbləğində pul edir. Məhsulun əldə edilməsi üçün xərcləri (becərilməsi, suvarılması, kultuvasiya və toplanması) çıxılsa pamıq sahəsindən hər il ən azı 1000 AZN qazanc əldə edilməsi mükündür. Həmçinin 35 sentner taxıl 3500 kq həcmində olmaqla 1 kq 0.40 AZN olmaqla 1400 AZN məbləğində pul edir. Taxıl sahəsinə çəkilən xərclər orta hesabla 500 AZN çıxsaq 900 AZN qazanc əldə etmək mükündür. Torpaq sahəsinin zəbt edildiyi 15 il ərzində əldən çıxmış fayda ən azı 10000 AZN təşkil edir. Eyni zamanda kənd təsərrüfatının inkişafı üçün dövlət tərəfindən ayrılmış 1500 AZN dəyərində subsidiya torpaq sahəsi zəbt edildiyi üçün almaq mükün olmamışdır. Həmçinin cavabdeh ona böyük mənəvi zərər vurmuşdur. Cavabdehin hərəkətləri nəticəsində əsəbləşərək onun səhhətində ciddi problemlər yaranmışdır. Odur ki, Cavabdeh1 10000 manat əldən çıxmış fayda tutularaq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Bərdə Rayon Məhkəməsinin 2(021)-222/2020 saylı mülki iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Q.Əbilov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı3 və ailə üzvlərinin JN 121 saylı Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş 0.76 ha pay torpaq sahəsinin 0.67 ha hissəsindən və X6 və ailə üzvlərinin JN 120 saylı Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş 2.36 ha pay torpağı sahəsinin 1.15 hissəsindən Cavabdeh1 çıxarılması, Cavabdeh1 149,44 manat və 202.10 manat mütəxəssis rəyləri ilə əlaqədar xərclərin tutularaq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin hesabına ödənilməsi, iş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatın Cavabdeh1 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməsi, ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq, iddiaçılar İddiaçı1 və İddiaçı3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin еdilməməsi qət edilmişdir. 12.Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın əvəzinin ödənilməsi hissəsini onun sübut olunmaması əsası ilə təmin еtməmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-222/2020 saylı mülki iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin qismən ləğv edilərək, iddia tələbinin ona aid olan hissədə tam təmin olunması, 0.76 ha torpaq sahəsinin ona qaytarılması və 10000 AZN maddi zərərin ödənilməsi haqqında qətnamə çıxarılmasını, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X2 LTİ-nin mütəxəssisi Yavər Osmanovun məhkəməyə təqdim etdiyi ziddiyyətli ekspert rəylərinə əsasən yol verdiyi saxtakarlıqları araşdırmaq və onun məsuliyyətini müəyyən etmək məqsədilə onun barəsində xüsusi qərardad çıxarıb Bərdə Rayon Prokurorluğuna göndərilməsini və Cavabdeh1 torpaq sahəsini zəbt etməsi barədə xüsusi qərardad çıxarıb Bərdə Rayon Prokurorluğuna göndərilməsini xahiş etmişdir.
14. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qətnamə prosessual və maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə sübut növü kimi dəyərləndirdiyi ekspertiza rəylərini qiymətləndirərkən qərəzli olmuş, yol verilmiş pozuntulara hüquqi qiymət verməmişdir. Eyni mütəxəssislər tərəfindən eyni məkana verilmiş rəylərdə uyğunsuzluqlar olsa da, məhkəmə qətnamə qəbul edərkən həmin halları nəzərə almamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən İddiaçı3 apellyasiya şikayətində göstərilənləri müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmiş, məhkəmənin sonuncu iclasına gəlməmişdir. İddiaçı3 nümayəndəsi vəkil X12 məhkəmədə iştirak etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 nümayəndəsi vəkil X12 iştirak etmiş, iddiaçının apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, əlavə olaraq bildirmişdir ki, İddiaçı3 məhkəmə kollegiyasına öz çıxışını göndərmişdir. Məhkəmədə araşdırmalar zamanı X12 bir ədəd yonca bağının qiymətinin 4-5 manat civarında olduğunu göstərmişdir. Sonda nümayəndə İddiaçı3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etirazını bildirərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmədə araşdırmalar zamanı cavabdeh bir ədəd yonca bağının qiymətinin 2,5-3 manat civarında olduğunu göstərmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
19. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2.) Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. (Maddə 21.3.)
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. (Maddə 152.2. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. (Maddə 152.3.)
22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (Maddə 157.4.) Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. (Maddə 157.5.)
23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (Maddə 1096.2.)
24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
25.Maddə 83.1. Hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində onlara məxsus hüquqları, əgər qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, öz istəklərinə uyğun həyata keçirirlər. 26.Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 27.Maddə 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. 28.Maddə 111. Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyəti üzrə geri qаytаrılmаlıdır. Torpаqlаrın əvvəlki vəziyyətinə gətirilməsi (orаdа olаn binаlаrın, tikililər və qurğulаrın sökülməsi də dаxil olmаqlа) torpаqlаrı zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və yа onlаrın hesаbınа həyаtа keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 30.Maddə 76. İşdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi nəzərdə tutulmuşdur. 31.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir. 33.Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 34.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 35.Maddə 106.1. İşdə iştirak edən şəxslərin işüçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 36.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 38.Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
39. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri barədə MPM-in normaları
40.Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 41.Maddə 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi qisməniddia tələbinin təmin edilməyən İddiaçı3 aid olan hissədə mübahisələndirildiyindən hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43.Birinci insansiya məhkəməsində işə baxılarkən iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan 0,76 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunubolunmaması məsələsinə aydınlıq gətirilməsi məqsədilə iş üzrə ekspertiza təyin edilmiş və Cavabdeh1 tərəfindən İddiaçı3 və onun ailə üzvlərinə məxsus olan 0,76 ha torpaq sahəsinin 0,67 ha hissəsinin zəbt edilib, qanunsuz istifadə edilməsi öz təsdiqini tapmışdır. Ancaq, İddiaçı3 bu rəylə razılaşmamış, onun və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,76 ha torpaq sahəsinin tam olaraq Cavabdeh1 tərəfindən zəbt edildiyini iddia etmişdir. İddiaçı3 həmin dəlili üzrə tam, obyekiv araşdırmaların təmin edilməsi məqsədilə iş üzrə yenidən məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, rəy alınmış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/7540 saylı xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə cavabdeh tərəfindən JN-121 KOD 61000108 saylı Dövlət Aktı ilə İddiaçı3 və ailə üzvlərinin paylı mülkiyyətinə verilmiş, Bərdə rayonu, Əmirli kəndində yerləşən 0.76 ha torpaq sahəsindən 0.64 ha hissəsinin Cavabdeh1 tərəfindən zəbt edildiyi göstərilmişdir. Beləliklə, birinci instansiya məhkəməsində işə baxılarkən alınmış ekspert rəyində iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan 0,76 ha torpaq sahəsinin 0,67 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilib, qanunsuz istifadə edilməsi barədə rəy verilsə də, işə apellyasiya qaydasında baxılarkən alınmış ekspert rəyində iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan 0,76 ha torpaq sahəsinin 0,64 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi barədə rəy verilmişdir. Ancaq, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş-İddiaçı3 və ailə üzvlərinin JN 121 saylı Dövlət Aktına əsasən mülkiyyətlərinə verilmiş 0.76 ha pay torpaq sahəsinin 0.67 ha hissəsindən Cavabdeh1 çıxarılması hissədə dəyişdirilmədən saxlanılmalıdır.
44. Cavabdeh1 İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.76 ha pay torpaq sahəsinin zəbt etməsi nəticəsində iddiaçıya maddi ziyan dəyməsi ilə bağlı hissədə isə apellyatorun şikayətinin dəlillərini kollegiya qismən əsaslı hesab edir.
45. Belə ki, məhkəmə araşdımaları nəticəsində Cavabdeh1 tərəfindən İddiaçı3 və onun ailə üzvlərinə məxsus olan 0,76 ha torpaq sahəsinin 0,67 ha hissəsinin zəbt edilib, qanunsuz istifadə edilməsi fakt kimi öz təsdiqini tapmışdır. Cavabdeh1 özü də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, həmin torpaq sahəsinin 1997-ci ildən onun istifadəsində olduğunu bildirmişdir.
46. Mülki işin materiallarına əlavə ounlan, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bərdə X16 Mərkəzinin 14 iyun 2021-ci il tarixli 91 saylı məktubunda qeyd edilmişdir ki, Bərdə rayonunun, Əmirli kəndində bir il ərzində 1 ha torpaq sahəsindən təxminən 700-800 ədəd yonca bağı götürmək mümkündür. Kollegiyanın iclasında izahat verərkən iddiaçının nümayəndəsi bildirmişdir ki, 1 ədəd yonca bağının təqribi qiyməti 4-5 manat aralığında təşkil edir. Lakin, iddiaçının nümayəndəsi olan vəkil bununla bağlı kollegiyaya heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh isə izahatında 1 yonca bağının qiymətinin 3 manata yaxın olduğunu bildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin izahatında qeyd edilən 3 manat məbləği 1 ədəd yonca bağının qiymətinin müəyyən edilməsində mötəbər sübut kimi qəbul edilməlidir.
47. İş materiallarından məlum olur ki, iddiaçılar 10 may 2019-cu il tarixdə hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. Həmin tarixədək mübahisəli torpaq sahəsinin zəbtdən azad edilməsinin cavabdehdən tələb edilməsi iş materiallarından müəyyən edilmir. Ona görə də kollegiya hesab edir ki, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi 10 may 2019-cu il tarixdən hazırki-24 yanvar 2023-cü il tarixədək cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsini qanunsuz olaraq istifadə etməsi nəticəsində iddiaçıya dəymiş maddi zərərin miqdarı müəyyənləşdirilməli və həmin miqdarda zərərin əvəzinin cavabdehin alınıb iddiaçıya verilməsi barədə qərar qəbul edilməlidir.
48. Artıq yuxarıda qeyd edildiyi kimi, Cavabdeh1 İddiaçı3 və onun ailə üzvlərinə məxsus olan 0,76 ha torpaq sahəsinin 0,67 ha hissəsinin zəbt etməsi işin faktiki halı kimi öz təsdiqini tapmışdır. Belə olan halda, həmin 0,67 ha torpaq sahəsindən bir ildə ən azı (67 x 700 :100)=469 yonca bağının əldə edilməsinin mümkün olduğu müəyyən olunur. Həmin torpaq sahəsinin 3 il altı aydan artıq bir müddətdə cavabdehin qanunsuz istifadəsində qalması nəzərə alındıqda, iddiaçının həmin müddət üçün (469 x 3,5)=1641 yonca bağının əldə edilməsindən məhrum edildiyi müəyyən edilir. Yenə də, adi riyazi hesablamadan müəyyən edilir ki, Cavabdeh1 tərəfindən İddiaçı3 və onun ailə üzvlərinə məxsus olan 0,76 ha torpaq sahəsinin 0,67 ha hissəsinin zəbt edilməsi nəticəsində iddiaçı (1641ədəd yonca bağı x 3 manat)=4963 manat məbləğində əldən çıxmış fayda kimi maddi zərər çəkmişdir. Yuxarıda qeyd edilən maddi hüquq normalarının hazırki işin hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, məhz 4693 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir.
49. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin 2(021)-222/2020 saylı mülki iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməmiş maddi zərərin (əldən çıxmış faydanın) əvəzinin ödənilməsi tələbi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməlidir.
50. 4693 manat məbləği 5000 manatdan az məbləğ olduğundan Azərbaycan Respublikasının Maddə 402.1-ci maddəsinin tələblərinə əsasən bu qətnamədən cavabdeh kassasiya şikayəti verə bilməz. İddiaçının isə iddia tələbləri qismən təmin edildiyindən bu qətnamədən kassasiya şikayəti vermək hüququ vardır.
51. İddiaçı3 tərəfindən irəli sürülən iddia qismən-88 faiz hissədə əsaslı sayıldığından, Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib qaydada tərəflərə aid edilməli, iş üzrə mütəxəssis rəyinin verilməsi üçün İddiaçı3 tərəfindən DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin hesabına ödənilmiş 155 manat məbləğində pulun (155 x 88%)=136,4 manat hissəsi Cavabdeh1 alınıb, İddiaçı3 verilməlidir. Bundan əlavə, işə apellyasiya qaydasında baxılarkən aparılmış ekspertiza tədqiqatlarınln dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə xərcinin 88 manat hissəsi Cavabdeh1, qalan 12 manat hissəsi isə İddiaçı3 alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-222/2020 saylı mülki iş üzrə 27 oktyabr 2020ci il tarixli qətnaməsi qismən-iddianın əldən çıxmış faydanın əvəzinin ödənilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh1 tərəfindən İddiaçı3 və onun ailə üzvlərinə məxsus olan 0,76 ha torpaq sahəsinin 0,67 ha hissəsinin zəbt edilməsi nəticəsində iddiaçınin əlindən çıxmış faydanın əvəzi kimi 4693 (dörd min altı yüz doxsan üç) manat məbləğində pul Cavabdeh1 alınıb, İddiaçı3 verilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün İddiaçı3 tərəfindən DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin hesabına ödənilmiş 155 manat məbləğində pulun 136,4 (bir yüz otuz altı) manat 40 qəpik hissəsi Cavabdeh1 alınıb İddiaçı3 verilsin. İşə apellyasiya qaydasında baxılarkən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində məhkəmə xərcinin 88 (səksən səkkiz) manat hissəsi Cavabdeh1, qalan 12 (on iki) manat hissəsi isə İddiaçı3 alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun iddiaçıya rəsmi qaydada verildiyi gündən 2 ay müddətində iddiaçı tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Cavabdeh1 bu qətnamədən kassasiya şikayəti vermək hüququ qanunla nəzərdə tutulmamışdır. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.