Məhkəmə qərarları › İş №2(104)-497/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-497/2023

09.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-497/2023 09.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X4, Cavabdeh1 oğlunun, onun və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili X8 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(125)-1474/2022 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, bina 24-də yerləşən 10 nömrəli mənzilin müvəqqəti istifadəyə verilməsinə dair 05 may 2014-cü il tarixli 24/10 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsinə, cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmalarına və mənzilin boşaldılıb Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1474/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim C.Tağıyev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh2 və Cavabdeh3 istifadəsinə verilmiş Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə 24 saylı binanın 10 nömrəli mənzilinə dair 05 may 2014-cü il tarixli, 24/10 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbə, bina 24-də yerləşən 10 nömrəli mənzildən çıxarılması və mənzilin boşaldılaraq Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə təhvil verilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 1474/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, (Cavabdeh1 oğlu) müəllim, oğlu Rəşad sürücü işləyir. Həyat yoldaşı Səyyarə isə xəstə olmaqla, 2021-ci ilin payızından Bakı və Gəncə xəstəxanalarında müalicədə olmuş və qaynı arvadı tərəfindən aylarla ona qulluq olunmuşdur. O və oğlu səhər saat 08.00-dan işə gedir və gecə evə qayıdırlar. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndələri heç bir qonşunu dindirmədən əsassız akt tərtib etmiş, məhkəmə isə həmin formal akta əsaslanaraq iddianı təmin etmişdir. Birinci instansiya məhkəməsində dindirilməmiş qonşular onların həmin mənzildə yaşadığını təsdiq edə bilərlər. Cavabdeh3 işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 oğlu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, onlar evdə yaşıyırlar və evi heç vaxt heç kimə kirayəyə verməmişlər. Onların başqa yaşayış yerləri yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1474/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh1 oğlunun və digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 vəkili X11 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 1474/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, onlar evdə yaşıyırlar və evi heç vaxt heç kimə kirayəyə verməmişlər. Onların başqa yaşayış yerləri yoxdur. O, sadəcə ürək əməliyyatı keçirdiyi üçün, 4-cü mərtəbədə yerləşən mənzilə çıxıb-düşə bilmədiyi üçün, bir müddət bacısı evində qalmış və ona bacısı qulluq etmişdir. Digər ailə üzvləri isə mübahisə edilən mənzildə yaşamışlar. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(125)-1474/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi X9 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında göstərdi ki, xx.xx.2014-cü il tarixli, 24/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə Gəncə şəhəri, Yeni qəsəbə, bina 24-də yerləşən 10 nömrəli, 2 otaqlı mənzil Cavabdeh1 oğlunun, Cavabdeh2 və Cavabdeh3 müvəqqəti istifadəsinə verilmişdir. Lakin xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, həmin mənzilə baxış keçirən zaman aşkar olunmuşdur ki, bina 24, mənzil 10 ünvanında müqavilə əsasında yaşamalı olan Cavabdeh1 oğlu və ailəsi yaşamır. Həmin mənzildə qeyri-qanuni olaraq başqa şəxslər yaşayır. Lakin mənzildə dəqiq olaraq kimlərin yaşaması barədə məlumatı yoxdur və orada kirayədə yaşayan şəxslərin adını bilmir. Həmçinin cavabdeh tərəfin başqa yaşayış yeri olması barədə heç bir sübutu yoxdur. Bununla belə, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1474/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. X1 məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində göstərdi ki, o, həmin binanın 5-ci mərtəbəsində, 13-cü mənzildə yaşayır. Cavabdehlərin mənzili kirayə verməsi ilə bağlı məlumatı yoxdur. Belə ki, cavabdehlərlə mütəmmadi rastlaşır və heç şübhəsiz həmin mənzildə başqaları yaşasa idi, onları görə bilərdi. X2 məhkəmə kollegiyasına verdiyi ifadəsində göstərdi ki, o, 4-cü mərtəbədə 11-ci mənzildə yaşayır və cavabdehlərlə qapıbir qonşudur. Cavabdehlər evi kirayəyə verməmişlər və həmin evdə özləri yaşayırlar. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1474/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə, 24 saylı binada, 10 nömrəli mənzilə dair, 05 may 2014-cü il tarixli, 24/10 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılıb Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: xx.xx.2014-cü il tarixli, 24/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Gəncə şəhəri, Yeni qəsəbə, bina 24-də yerləşən 10 nömrəli, 2 otaqlı mənzil Cavabdeh1 oğlunun, Cavabdeh2 və Cavabdeh3 müvəqqəti istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, Gəncə şəhər 1500 ailəlik Yeni qəsəbədə yaşayışı təmin etmək məqsədilə mənzillərə baxış keçirən zaman aşkar olunmuşdur ki, bina 24, mənzil 10 ünvanında müqavilə əsasında yaşamalı olan Cavabdeh1 oğlu və ailəsi yaşamır. Həmin mənzildə qeyri-qanuni olaraq başqa şəxslər yaşayır. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər» haqqında Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: Müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat;tibbi təminat;təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri və s. Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrıayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 100.3-cü maddəsinə görə, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə, kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Həmin şərtlər eynilə xx.xx.2014-cü il tarixli, 24/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində də, nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, xx.xx.2014-cü il tarixli, 24/10 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə, Gəncə şəhəri, Yeni qəsəbə, bina 24-də yerləşən 10 nömrəli, 2 otaqlı mənzil Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh2 və Cavabdeh3 müvəqqəti istifadələrinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəf Cavabdeh1 oğlu və ailə üzvləri olan digər cavabdehlərin mübahisə edilən mənzildə yaşamamaları və orada qeyri-qanuni olaraq başqa şəxslərin yaşamasını göstərsə də, onun həmin dəlilləri məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehlər mübahisə edilən mənzildə yaşamaqla, həmin mənzilin təyinatına görə istifadə edirlər və onların başqa yaşayış yerləri yoxdur. İşin həmin halı məhkəmə kollegiyasının iclasında dindirilən şahidlər X3 və X5 ifadələri ilə də təsdiq edilir. Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydılaşdırılmamış və mübahisənin maddi-hüquqi əsaları düzgün müəyyən edilməmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1474/2022 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdehlər Cavabdeh1 oğlu, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1474/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı Gəncə şəhəri, 1500 ailəlik Yeni qəsəbədə, 24 saylı binada, 10 nömrəli mənzilə dair 05 may 2014-cü il tarixli 24/10 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 oğlunun, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılmaları və mənzilin boşaldılıb Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar