Məhkəmə qərarları › İş №2(104)-5/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-5/2023

31.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-5/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), X3 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı «Haça-Qaya» kiçik müəssisəsinin cavabdehlər Cavabdeh1 Nurəddin oğlu, Cavabdeh3 və Cavabdeh2 qarşı çıxarışın etibarsız hesab edilməsi, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Nurəddin oğlu, Cavabdeh3 və Cavabdeh2 cavabdeh «Haça-Qaya» kiçik müəssisəsinə qarşı Dövlət Aktının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(062)- 1798/2017 saylı qətnaməsindən ilk iddia üzrə cavabdehlər - qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3 və Cavabdeh1 Nurəddin oğlunun nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İlk iddia üzrə iddiaçı «Haça-Qaya» kiçik müəssisəsi cavabdehlər Cavabdeh1 Nurəddin oğlu, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Tovuz rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin adına verilmiş 18 mart 2015-ci il tarixli **********92 reyestr nömrəli çıxarışın etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdehlər Cavabdeh1 Nurəddin oğlu, Cavabdeh3 və Cavabdeh2 iddiaçı «Haça-Qaya» kiçik müəssisəsinə qarşı Dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, A00487 saylı Dövlət aktınının etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(062)-1798/2017 saylı qətnaməsi ilə (hakimi Ədil Məmmədov) ilk iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 Nurəddin oğlu, Cavabdeh3 və Cavabdeh2 adına 18 mart 2015-ci il tarixdə verilmiş çıxarış etibarsız sayılmış, qarşılıqlı iddia təmin olunmamışdır. Həmin qətnamədən ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Nurəddin oğlu, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi X1 tərəfindən apellyasiya şikayəti verilərək, Tovuz Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli 2(062)- 1798/2017 saylı qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin faktiki hallarına düzgün qiymət verməmiş, qanunvericilik normalarını düzgün tətbiq etməmiş və nəticədə əsassız və qeyri-obyektiv qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi hazırki qətnaməni çıxarmaqla məhkəmə aidiyyət qaydalarını pozmuşdur. Qeyd edilmədir ki, çıxarışın ləğv edilməsi və ya etibarsız hesab edilməsi tələbi mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə deyil, inzibati icraatı qaydasında baxılır. Hazırda mübahisəli olan torpaq sahəsi onlara Tovuz rayonu Aqrar İslahat Komissiyasının 08 fevral 1999-cu il tarixli, 30 saylı qərarı ilə verilmişdir və həmin torpaq sahəsinə dair çıxarış həmin qərar əsasında verilmişdir. Qərar qüvvədə olduğu üçün çıxarış etibarsız hesab edilə bilməz və qərarın etibarsız hesab edilməsi inzibati məhkəmə icaraatının predmetidir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. İlk iddia üzrə cavabdehqarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin, ilk iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Nurəddin oğlu məhkəməyə teleqram ünvanlayaraq, iş üzrə əlavə sübutların toplanması məhkəmə iclasının növbəti aylara təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası baxılan işin uzun müddət icraatda olmasını, cavabdehin heç bir əsas olmadan məhkəmə iclasının növbəti aylara təxirə salınmasını xahiş etməsini, onun bu hərəkətlərini işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl olaraq maneçilik törətməsi kimi qiymətləndirir (MPM 120-ci maddəsi). Məhkəmə Kollegiyası hazırkı vəziyyətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ilk və qarşılıqlı iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi məhkəmə aidiyyətinin pozulmasına qadağa qoyur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanununun 15-ci maddəsində deyilir ki, işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. İnzibati mübahisə hüquqi təbiətinə görə mülki və iqtisadi mübahisələrdən fərqlənir. İnzibati hüquqi mübahisələr inzibati orqanla (müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr və s.) fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul olunması, ləğv olunması, dəyişdirilməsi, eləcə də inzibati orqanın hərəkət və ya hərəkətsizliyi ilə bağlı yaranan mübahisələri nəzərdə tutur. İlk iddia tələbindən görünür ki, ilk iddia üzrə iddiaçı «Haça-Qaya» kiçik müəssisəsinin tələbi cavabdehlər Cavabdeh1 Nurəddin oğlu, Cavabdeh3 və Cavabdeh2 adına qeydə alınmış xx.xx.2015-ci il tarixli, **********92 qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsindən ibarət olmuşdur. Həmçinin, qarşılıqlı iddia tələbindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı A00478 saylı Dövlət Aktınının etibarsız hesab edilməsini xahiş etmişdir. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 31.1.3-cü bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri inzibati orqan kimi müəyyən olunmuşdur. «Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 oktyabr 2004-cü il tarixli 135 nömrəli Fərmanına əsasən «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestri Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tətbiq edilir və aparılır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Göründüyü kimi, baxılan iş üzrə ilk iddia üzrə çıxarışın etibarsız hesab edilməsi və qarşılıqlı iddia üzrə dövlət aktının etibarsız hesab edilməsi barədə iddialara mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında inzibati məhkəmədə baxılmalıdır. Ona görə də hər iki iddia tələbi üzrə icraata, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Birinci instansiya məhkəməsi isə həmin iddia tələbinə mülki icraatda baxılmasını davam etdirməkdə haqlı olmamışdır. Çünki, Azərbaycan Respublikasının İPM-in 2.2.1-ci maddəsinə görə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, mübahisənin inzibati mübahisə olduğunu nəzərə almadan işə mülki məhkəmə icraatı qaydasında baxılmasını davam etdirmişdir. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ilk və qarşılıqlı iddia üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 15.4-cü bəndində də göstərilmişdir ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası, həmçinin Azərbaycan Respublikasının MPM-in 262.2-ci maddəsinə əsasən izah edir ki, iddiaçı əldə etmək istədiyi hüquqi nəticələrlə bağlı lazımi sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edə, həmin müraciət əsasında qəbul edilmiş qərar (verilmiş cavab) onu qane etmədiyi halda həmin orqanın hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının MPM-nin 384.0.5.-cü maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Azərbaycan Respublikasının MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası MPM-in 261.0.1, 263, 264, 384.0.4 və 402.2.4-cü maddələrini rəhbər tutaraq, Qəraraaldi: Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 26 iyul 2017-ci il tarixli, 2(062)-1798/2017 nömrəli qətnaməsi ləğv olunsun. İlk iddia üzrə iddiaçı «Haça-Qaya» kiçik müəssisəsinin cavabdehlər Cavabdeh1 Nurəddin oğlu, Cavabdeh3 və Cavabdeh2 qarşı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair ilk iddia, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Nurəddin oğlu, Cavabdeh3 və Cavabdeh2 cavabdeh “Haça-Qaya” kiçik müəssisəsinə qarşı Dövlət aktının etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. İlk iddia üzrə iddiaçı-qarşılıqlı iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçılar-ilk iddia üzrə cavabdehə bu iddia tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi andan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar