Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-500/2024 18.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və cavabdehin mənzildən çıxarılması tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdeh iştirakı ilə, «kompensasiya verməklə evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(125)-1473/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. 7E-21-12468 reyestr nömrəli ərizənin surətindən məlum olur ki, Cavabdeh Yəyha qızı qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Yariyeva (Əhmədova) Fəridə Sarı qızına bağışlanmasına razılıq vermişdir.
2. xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1633-9/1716 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 100 000 manat (850 x 117,1) məbləğində, likvid dəyərinin isə təqribən (100000-10%) 90000 manat məbləğində olduğu müəyyən edilir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bərabər tutulan mənzillərin bir aylıq kirayə haqqının nə qədər olmasına dair Məhkəmə Ekspertizası Mərkəzində tədqiqat aparılmır. 4.”Əmlakın Qiymətləndirilməsi” MMC tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli qiymətləndirmə hesabatında qeyd olunur ki, ünvan 2 ünvanında yerləşən 0,045 ha torpaq sahəsinin üzərində inşa edilmiş 117,1 kv metr ümumi sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinin usta fəhlə ilə ilə birlikdə ödəniləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə xx.xx.2024-cü il tarixə real bazar dəyəri 18 064 manat təşkil edir.
5. "xxxx" LTD MMC tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,045 ha torpaq sahəsinin üzərində inşa edilmiş 117,1 kv metr ümumi sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evinin aylıq kirayəsi 250 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh Yahya qızının ünvan 1 ünvanından 2000 (iki min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Yahya qızı onun qardaşı X1 arvadıdır. Cavabdeh 1996-cı ildə qardaşı ilə qeyri-rəsmi ailə quraraq ünvan 1 ünvanına gəlin köçmüş, elə həmin evə də rəsmi qeydiyyata alınmışdır. Faktiki nikah münasibətlərindən iki övladları vardır. Həmin vaxtdan qeyd edilən mənzildə yaşamış olsa da, mənzil onun mülkiyyətindədir. İkinci övladları doğulduqdan sonra qardaşı ilə cavabdehin münasibətləri korlanmış, sonra davamlı söz söhbətlər başlamışdır. Bundan sonra qardaşı ailəsini dolandıra bilmək üçün Rusiya Federasiyasına getməli olmuş və hər ay həm qardaşı, həm də ki, o, cavabdehə artıqlaması ilə pul göndərmişlər ki, həm uşaqlara, həm də ki, onlarla birlikdə yaşayan yaşlı analarına baxsın. 2013-cü ildə anaları xəstələnən zaman ona ziyarət edərkən gəlib görmüşlər ki, anaları yaman gündədir, ümumiyyətlə ona baxılmır, nə təmizliyi, nə də ki qidası yerindədir. Bundan sonra məlum olmuşdur ki, cavabdeh ona göndərilən pulları yığıb özünə ev alıb. Anası sağlığında həmin evi bağışlama ilə onun adına keçirmişdir, həmin vaxt cavabdeh özü də həmin evdə qeydiyyatda olduğu üçün onun da razılığı ilə anası tərəfindən ona bağışlanılmışdır. Bundan sonra o, köhnə tikilini söküb həmin torpaq sahəsində yeni ev inşa etmişdir. Cavabdehin 2013-cü ildən sonra dəfələrlə evdən çıxamasını tələb etsə də, cavabdeh evdən çıxmamış, əksinə qardaşının üzərinə hücum çəkərək onu döymüş, yəni ona fiziki ziyan yetirmişdir. Belə ki, nə o, eyni zamanda qardaşı ata-baba yurdları olan torpaqlarda yerləşən evə daxil ola, həmin evdən istifadə edə bilmirlər. Cavabdeh onları evdən qovaraq ona məxsus olan mənzilə təkbaşına yiyələnmişdir. Bu isə bir mülkiyyətçi kimi hüquqlarını pozur.
7. Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(125)-1473/2022 nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia tələbi təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarına istinadən hesab etmişdir ki, cavabdehə 2000 (iki min) manat məbləğində kompensasiya ödənilməklə onun evdən istifadə hüququna xitam verildiyi təqdirdə cavabdeh yaşayış sahəsi əldə etmək imkanından məhrum olur və cavabdehə ailəsi ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 158.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində birinci icraat: Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları.
10. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması xahiş etmişlər.
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-299/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: F.Mehtiyev (sədrlik edən və məruzəçi), Ə.Məmmədov və R.Muradov) apellyasiya şikayətinin təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının tələbi kompensasiya institutundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehə müvafiq kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsindən ibarətdir. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 1-ci və 3-cü hissələri, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 228.2-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarları ilə əsaslandırmışdır.
Kassasiya instansiya məhkəməsində icraat:
14. İddiaçı kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, praktikada kompensasiyanın məbləği ağlabatan müddət olaraq oxşar şəraitli mənzildə təxminən 3 il yaşamaq imkanı ilə müəyyən edilir. Evin orta bazar qiyməti 41 560 manat təşkil edir. Məhkəmə Ekspertiza Mərkəzinin 10/1633-9/1716 nömrəli ekspert rəyinə əsasən mübahisəli əmlakın orta bazar qiyməti 100.000 manat, likvid dəyərinin isə 90.000 manat olduğu müəyyən edilmişdir, həmin əmlaka bərabər fərdi yaşayış evində bir aylıq kirayə haqqının nə qədər olmasına dair Məhkəmə Ekspertiza Mərkəzində tədqiqat aparılmadığı qeyd edilmişdir. Bununla belə, iddiaçı qeyd edilən ekspertiza rəyi ilə razılaşmadığı üçün təkrar ekspertizanın keçirilməsini xahiş etsə də, məhkəmə vəsatətini təmin etməmişdir. Eyni zamanda, verilən ekspertiza rəyinin saxtalaşdırılması faktının müəyyən edilməsi üçün prokurorluğa da müraciət ünvanlamışdır. Bundan sonra, "xxxx" MMC-yə müraciət edərək əmlakın real bazar qiymətinin müəyyən edilməsini xahiş etmiş, xx.xx.2023-cü iltarixli əmlakın qiymətlədirilməsinin nəticələri haqqında hesabata əsasən mübahisəli fərdi yaşayış evinin orta bazar qiyməti 41560 manat müəyyən edilmişdir. Buna görə də hesab edir ki, iddiaçının məhkəmədə təklif etdiyi 5000 manat kompensasiya cavabdehə düşəcək olan kompensasiyadan da artıq məbləğdir. Həmçinin iddiaçı paylı mülkiyyətçilərə deyil, istifadəçilərə kompensasiya təklif edib, yəni iddiaçı cavabdehə ev alıb verməli deyildir.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)- 4586/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: A.Abbasov (sədrlik edən və məruzəçi), V.Məmmədov, Z.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-299/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
17. Kassasiya instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehə təklif etdiyi 5000 manat (halbuki bu barədə nə iddiaçının yazılı ərizəsi, nə də ki, ən azı apellyasiya baxışında izahatının olması iş materiallarından və məhkəmə iclas protokolundan görünmür) kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təklif edilən kompensasiya məbləğinin mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya olmamasını göstərsə də, bununla yanaşı, kompensasiyanın bazar qiymətinə uyğun məbləğinin nə qədər olmasını da müəyyən etməmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisədə adı keçən evin bazar (likvid) dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edib rəy alsa da, evin bazar dəyərinin, xüsusilə də likvid dəyərinin hazırki iddia tələbi ilə nə kimi əlaqəsinin olmasını əsaslandırmamışdır. İqtisadi kateqoriya olaraq likvidlik əmlakın bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilinməsidir. Buna görə də işin halları baxımından mübahisədə adı keçən evin likvid dəyərinin müəyyən edilməsinə hansı zərurət olması, ümumiyyətlə, qeyri-müəyyəndir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işə baxarkən işin faktiki hallarını araşdırmamışdır. Belə ki, ünvan 1 küçəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Məhkəmə iddia tələbini rədd edərkən iddiaçının yalnız Cavabdeh münasibətdə istifadə hüququna xitam verilməsini və mənzildən çıxarılmasını xahiş etdiyini nəzərə almamışdır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh 2000 manat məbləğində kompensasiya ilə ailə ilə birgə yaşayış sahəsi əldə etmək imkanından məhrum olunur və cavabdehə ailə ilə birlikdə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Cavabdehin qeyd etdiyi ailə üzvləri onun iki övladıdır və onlarda yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxslərdir. Yəni cavabdehin istifadə hüququna xitam verilərək mənzildən çıxarılması onun ailə üzvlərinin heç bir hüququnu pozmur. İddia yalnız Cavabdeh yönəlib övladlarına deyildir. Məhkəmə qətnaməsində qeyd edilir ki, cavabdehin istifadə hüququna xitam verilsə o təklif edilən kompensasiya məbləği ilə digər yaşayış sahəsi əldə etməkdən məhrum olur və ailə üzvləri ilə digər yaşayış sahəsi əldə edə bilmir. Bu halda da məhkəmə iddianın yalnız cavabdehə qarşı yönəldiyini nəzərə almamışdır. Həmçinin ailə üzvlərinin yetkinlik yaşına çatmış, tam fəaliyyət qabiliyyətli olması nəzərə alınmamışdır.
19. Apellyasiya şikayətinə etiraz ərizəsi daxil olmamışdır.
20. İddiaçı məhkəməyə ərizə göndərək həmin ərazidə oxşar evlərin kirayə haqqının 60 manat təşkil etdiyini, buna baxmayaraq onun 5000 manat kompensasiya verməklə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq 5000 (beş min) manat kompensasiya ilə razı olmadığını, onunla bərabər uşaqlarınında həmin evdə yaşadığını və mübahisəli evə gəlin köçdüyünü, 20000 manat verilməklə bir otaqlı ev alacağı təqdirdə evdən çıxmağa razı olduğunu bildirdi.
Tətbiq edilən hüquq:
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində özmülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
23. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarı Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.
24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. 25. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.
25. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. İşin hallarından görünür ki, Cavabdeh İddiaçı qardaşı ilə 1996-cı ildə el adəti ilə qeyri-rəsmi olaraq ailə qurmuşlar və sonuncu mübahisəli evə gəlin köçmüşdür, həmin vaxtdan da mübahisəli evdə yaşayır. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İddiaçı aralarında olan münaqişələrin kəskin olması səbəbindən cavabdehin yaşayış sahəsindən olan istifadə hüquqlarına kompensasiya verilmək yolu ilə xitam verilməsini istəyir. İddiaçı yaşayış sahəsində istifadə hüququna xitam verilməsi müqabilində, cavabdehə 2000 manat kompensasiya təklif edir. Hesab edir ki, bu məbləğ cavabdehin mənzilə olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir. Mübahisəli mənzilin ümumi satış qiyməti 100.000 manatdır, belə olan halda həmin mənzildən cavabdehin istifadə hüquqlarına xitam verilməsi üçün 2000 manat kompensasiya məbləği ədalətlidir. Bundan sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək 5000 manat məbləğində kompensasiya verilməsini təklif etmişdir. Cavabdeh isə bildirmişdir ki, təklif olunan kompensasiya məbləği ilə razı deyildir. Çünki, onların mübahisəli mənzildən başqa daimi yaşayış yerləri və maddi imkanları yoxdur, odur ki, həmin evdə yaşamaq istəyirlər.
28. Hazırki mübahisə cavabdehin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna kompensasiya verilməklə xitamıdır.
29. İşin mübahisəsiz halı fərdi yaşayış evinin iddiaçının mülkiyyətində olması, cavabdehin isə qeyd olunan yaşayış sahəsindən başqa yaşayış yerinin və mülkiyyətində hər hansı daşınmaz əmlakın olmamasıdır.
30. Belə ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdən İddiaçı mülkiyyətindədir.
31. Hazırki halda iddiaçı 5000 manat kompensasiya təklif etmiş, lakin cavabdeh kompensasiyanın miqdarı ilə razı olmamışdır.
32. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1633-9/1716 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 100 000 manat (850 x 117,1) məbləğində, likvid dəyərinin isə təqribən (100000-10%) 90000 manat məbləğində olduğu müəyyən edilir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə bərabər tutulan mənzillərin bir aylıq kirayə haqqının nə qədər olmasına dair Məhkəmə Ekspertizası Mərkəzində tədqiqat aparılmır. 33.”Əmlakın Qiymətləndirilməsi” MMC tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli qiymətləndirmə hesabatında qeyd olunur ki, ünvan 2 ünvanında yerləşən 0,045 ha torpaq sahəsinin üzərində inşa edilmiş 117,1 kv metr ümumi sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinin usta fəhlə ilə ilə birlikdə ödəiləcək əmək haqqı məbləğinin xərc yanaşması metodu ilə xx.xx.2024-cü il tarixə real bazar dəyəri 18 064 manat təşkil edir.
34. "xxxx" LTD MMC tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,045 ha torpaq sahəsinin üzərində inşa edilmiş 117,1 kv metr ümumi sahədən ibarət 1 mərtəbəli fərdi yaşayış evinin aylıq kirayəsi 250 manat təşkil edir.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.
36. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Həmin Qərarda eyni zamanda göstərilir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır.
37. Məhkəmənin hüquqi mövqeyi həmçinin ondan ibarət olmuşdur ki, bu kateqoriyadan olan işlərə baxılarkən hüquqi müəyyənlik prinsipinin təmin olunması məqsədilə ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiya məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməsini zəruri hesab edir. Çünki, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır, xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Bu isə öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə olunacağına, hüququ tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir.
38. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə kompensasiya institutu maddi və mənəvi xüsusiyyət daşıyır və mülki hüquq münasibətlərində bir neçə formada çıxış edir: məsələn, qanunvericilikdə nəzərdə tutulan digər hallarda “əmlak itkilərinin” pulla əvəzinin ödənilməsi və sair. Eyni zamanda qanunverici, Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsini müəyyən edib. Yəni, mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən yaşayış sahəsindən istifadə hüququna o, vaxt xitam verilə bilər ki, ilk növbədə təklif edilən kompensasiya məbləği real bazar qiymətlərinə uyğun olsun.
39. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, “mənzildən istifadə və yaşayış hüququ” özlüyündə ardıcıl və davam edən hüquqdur. Hazırda cavabdehin yaşayış sahəsindən istifadə hüququ ardıcıl olmuş, həmin evə köçürüldüyü andan kəsilməmişdir.
40. Cavabdehin yaşayış sahəsindən istifadə hüququna «müddətli» hüquq kimi qiymət verilməsi və bundan irəli gələrək təklif edilən kompensasiya məbləği ilə hüququna xitam verilməsi onun və himayəsindəki şəxslərin konstitusion hüququ olan mənzil hüququnun pozulmasını ehtiva edəcəkdir.
41. Belə ki, təklif edilən kompensasiya məbləği ilə cavabdeh yalnız müəyyən zaman kəsiyində özünə müvəqqəti yaşayış sahəsi təmin edəcək, bu isə şəxsin daimi olaraq yaşayış sahəsi ilə təmin edilməsi halını qeyri-mümkün edəcəkdir.
42. Qeyd edilməlidir ki, mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur.
43. Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir.
44. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının və ya yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təklif edilən məbləğ (5000 manat) mübahisəli evin ümumi qiymətinə və həmin ərazidə olan kirayə haqlarına nisbətən azdır. Belə olan halda apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli 2(125)-1473/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Azər Bayramov, Rəşad Mamedov