Məhkəmə qərarları › İş №2(104)-508/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-508/2023

10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-508/2023 10.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Qazax Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(023)-1348/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat və işin halları: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əsassız hesablanmış 431.28 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun qazdan istifadəsinə dair abonent saldosundan görünür ki, 431,28 manat borcu yaranmışdır. Yalnız şifahi şəkildə bildiriblər ki, sayğacla bağlı borc hesablanmışdır. xx.xx.2021-ci ildə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları qaz sayğaclarının kütləvi əvəzlənməsi zamanı ona məxsus sayğacı onun iştirakı olmadan söküb, əvəzinə yeni sayğac quraşdırmışlar. Bununla bağlı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı, xx.xx.2021-ci il tarixli AKT tərtib olunmuş, həmin akt onun tərəfimdən imzalanmamışdır. Həmin aktın 4-cü bəndində sayğacın çıxarılma səbəbi "Kütləvi əvəzlənmə" kimi qeyd olunub. Bu da təsdiq edir ki, sayğacların dəyişdirilməsi hər hansı bir xəta, şübhə ilə bağlı olmayıb. Göründüyü kimi onun iştirakı təmin olunmadan sayğaca baxış keçirilmiş və müvafiq akt tərtib olunmuşdur. Bu hallar da aktın etibarsızlığın dəlalət edir. Bundan əlavə borcla bağlı hər ay təqdim edilmiş bildirişxəbərdarlıqda da heç bir ayrı borc göstərilməyib, indiyə qədər də göstərilmir. 25 oktyabr 2021ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı AKT-da isə qeyd olunur ki, "istehlakçıya məxsus yaşayış sahəsində xx.xx.2022- ci il tarixdə, saat 15:20-də təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldı və aşağıdakılar müəyyən edildi. Cavabdeh Qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli AKT MSK-29/1710- 03848-1 nömrəli aktına əsasən ******* nömrəli "sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qapağı əzik-cızıq izləri var". Sayğaca laborator baxış keçirən təşkilat müstəqil təşkilat deyil və "Azəriqaz" İB-nin orqanıdır. Sayğaca laborator baxış keçirilən zaman istehlakçı kimi onun iştirakı təmin edilməyib ki, bu da qanunsuzdur və gəldiyi nəticəni öncədən şübhə altına alır. Həmçinin, sayğacda iddia olunan "sayğacın hesablama mexanizminin qapağı əzikcızıq izləri var" aydındır ki, sayğacı çıxaran zaman da görmək mümkün olardı və bunun üçün laborator analizə ehtiyac yox idi. Ona görə də həmin sayğaca müdaxilə edilməsi ilə bağlı iddianın yanlış olduğu açıq-aydındır. Hətta, sayğacın hesablama mexanizminin qapağının əzilməsi və cızılması halları olsa da belə, bunun kimin təqsiri olduğu izah edilməlidir. Qazdan istifadə qaydalarına əsasən sayğacın işlək vəziyyətdə saxlanmasına “Azəriqaz” İB cavabdehdir. Qazdan istifadə qaydalarının ziddinə olaraq nə əvvəlki sayğac, nə də daha sonra quraşdırılmış sayğac örtüklə örtülməyib. Ümumiyyətlə, cavabdehin belə nəticəyə gəlməsi Qazdan istifadə qaydalarma və onun əsasında hazırlanmış abonent müqaviləsinə də ziddir. Qazax Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(023)-1348/2022 nömrəli qətnaməsi ilə (hakim N.Musayev) iddia təmin edilərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən İddiaçı hesablanmış 431.28 manat məbləğində borcun silinməsi qət edilmişdir. İşdə olan sübutlar: Akta əlavə edilmiş laboratoriya müayinəsinin nəticələrinə dair çıxarışdan görünür ki, ******* nömrəli zavod nömrəli sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması müəyyən edilmişdir. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 31 avqust 2021-ci nömrəli aktın surətindən görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı yaşadığı ünvanda quraşdırılmış ******* nömrəli qaz sayğacı yeni sayğacla əvəz olunmuşdur. Əvəzləmənin səbəbi kimi kütləvi əvəzləmə göstərilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktdan məlum olur ki, **********3 nömrəli sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Qazax Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(023)-1348/2022 nömrəli qətnaməsindən narazı qalan cavabdeh “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(023)-1348/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaz sayğacına qanunsuz müdaxilə olunduğuna görə sayğac sərfiyyatı düzgün qeyd etməmiş, məsrəf olunmuş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilmiş və 2021-ci ilin noyabr ayında iddiaçının abonent hesabına işlənilmişdir. Belə ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri aşkarlanmaqla müdaxilə olunmuşdur. Nəzərə alınmamışdır ki, ekspertiza prosesində Azərbaycan Metrologiya institunun nümayəndələri də iştirak etmişdir. Qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2021-ci il tarixdə qazdan istifadə qayadalarının pozulması haqqında ******* saylı akt əsasında 432 manat itirlmiş qazın bərpası üçün dəymiş hesablanmışdır. Abonentin ünvanına quraşdırılmış, sonradan abonent tərəfindən müdaxilə olunmuş qaz sayğacı əhali qrupuna aid olduğundan ilkin quraşdırılması “Azəriqaz” İB-nin hesabına aparılmışdır. Lakin, sayğacın işlək vəziyyətdə saxlanılması abonent tərəfindən təmin edilməmiş, ona görə də ünvanda sayğaca müdaxilə halı qeydə alınmışdır. Sayğaca müdaxilə tarixi qeyri müəyyən olduğundan müdaxilə halı aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2021-ci ilin noyabr ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırıq ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2021-ci ilin noyabr ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş qaza görə hesablanmışdır və mövcuq qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Yuxarıda qeyd etdiklərimizdən göründüyü kimi iş materiallarında yer alan sübutla əsaslanaraq birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmidir ki, qaz sayğacına onun tərəfindən müdaxilə edilməsi ilə bağlı cavabdeh tərəfin dəlili əsassızdır. Bundan baqşa o, evinin qızdırılmasını odun sobasından istifadə etməklə təmin edir ki, bununla da qazdan ay ərzində az həcmdə istifadə edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavadbehin nüamyəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Qazax Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2(023)-1348/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 31 avqust 2021-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış ******* nömrəli, G-4 markalı qaz sayğacı kütləvi əvəzləmə ilə əlaqədar yeni qaz sayğacı ilə əvəz edilmiş, yoxlama zamanı “Qaz sayğacının yoxlanılması haqqında” sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarda əzik-cızıq izlərinin olması müəyyən edilmişdir. Bundan sonra itirilmiş qazın bərpası ilə məqsədilə cavabdehdən 431,28 manat ziyan müəyyən edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəliləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və müvafiq ödənişlər edilmişdir. Yeni qaz sayğacı quraşdırıldıqdan sonrakı aylarda isə istifadə edilmiş qazın həcmi əvvəlki sayğacla istifadə edilmiş qazın həcmi ilə demək olar ki, eyni olmuşdur. Bu fakt çıxarılmış sayğacın qazın həcmini qeydə almaması və ya düzgün qeydə almaması ilə bağlı cavadbeh təşkilatın dəlilini əsassız olmasını təqsdiq etmişdir. Həmçinin qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacada hər hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə aktda hər hansı bir qeyd aparılmamışdır ki, qaz sayğacı çıxarıldıqdan sonra yoxlamaya göndərlidiyi müddət ərzində ehityyatsızlıqdan sayğacda qüsurun yaranması da istisna olunmayan haldır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi sübut olunmuşdur ki, bununla da iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Qazax Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(023)-1348/2022 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(023)-1348/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar