Məhkəmə qərarları › İş №2(104)-51/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-51/2024

04.06.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-51/2024 04.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mülki iş üzrə Açar sözlər: tikililərin sökülməsi və yolun açılması Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı tikililərin sökülməsi və yolun açılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(076)-1324/2022 nömrəli qətnaməsindən Cavabdeh2, həmçinin digər Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmə kollegiyası 04 iyun 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Şəmkir rayonu Yenihəyat kəndində yerləşən ümumi sahəsi 0.6305 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Daşınmaz əmlakın dövlət reyestrində 127 nömrəli kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli 2(076)-373/2018 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Seriya RX 0714615, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli **********69 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış” əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu Yeni-Həyat kəndində yerləşən 0,6305 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin - 0,059 ha hissəsi Cavabdeh2, 0,11 ha hissəsi Cavabdeh1 0,32 ha hissəsi Cavabdeh3, 0,14 ha hissəsi isə X1 zəbtindən azad edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2024-cü il tarixli 3-16-16/2-10/2327 nömrəli tikinti-texniki ekspertizası rəyindən görünür ki, Seriya RX 0714615, xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli **********69 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu Yeni- Həyat kəndində yerləşən 0,6305 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 istifadəsində olan 0,059 ha hissəsində əsaslı tikilinin olmadığı, lakin setkadan çəkilmiş çəpərin olduğu müəyyən edilmişdir; İddiaçı Cavabdeh2 tərəfindən bağlandığının iddia etdiyi yol yeni elektron uçot xəritəsində (TEKUİS) nəzərə alınmadığı müəyyən edilmişdir; Həmin torpaq sahəsinin Cavabdeh1 istifadəsində olan 0,11 ha hissəsində 22,01 kv.m köməkçi tikilinin və setkadan çəkilmiş çəpərin olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsinin Cavabdeh3 istifadəsində olan 0,32 ha hissəsində heç bir yüngül konstruksiyalı qurğunun (istilikxana və.s) olmadığı, lakin setkadan çəkilmiş çəpərin olduğu müəyyən edilmişdir. Həmin torpaq sahəsinin Cavabdeh4 istifadəsində olan 0,14 ha hissəsində hər hansı tikilinin mövcud olmadığı, lakin setkadan çəkilmiş çəpərin olduğu müəyyən edilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Cavabdeh1 hesabına iddiaçıya məxsus 0,11 ha torpaq sahəsində inşa etdirdiyi qanunsuz tikilinin və çəpərin sökülməsi, Cavabdeh2 Cavabdeh2 hesabına iddiaçıya məxsus 0,059 ha torpaq sahəsinə çəkilmiş çəpərin sökülməsi və torpaq sahəsinə gedən yolun açılması, cavadeh Cavabdeh3 Cavabdeh3 hesabına iddiaçıya məxsus 0,32 ha torpaq sahəsində inşa etdirdiyi qanunsuz tikilinin sökülməsi və çəpərin sökülməsi, cavadeh Cavabdeh4 Cavabdeh4 hesabına iddiaçıya məxsus 0,14 ha torpaq sahəsinə çəkdirdiyi hasarın sökülməsi, eləcə də cavabdehlərdən müştərək qaydada ödənilmiş 100 manat dövlət rüsumunun alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu Yenihəyat kəndində yerləşən ümumi sahəsi 0.6305 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdehlər həmin torpaq sahəsini zəbt edərək oradan istifadə edirlər. Cavabdehərə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi barədə məhkəmə iddia qaldırmış və iddiası təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Qətnamə əsasında verilmiş icra sənədi icra olunarkən müəyyən edilmişdir ki, cavabdehlər ona məxsus torpaq sahəsində çəpər çəkib qanunsuz tikililər inşa etmişlər. Ona görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

6. Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(076)-1324/2022 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddianın təmin edilməsi, İddiaçı məxsus Şəmkir rayon Yenihəyat kəndində yerləşən 0.6305 ha torpaq sahəsindən Cavabdeh1 zəbt etdiyi 0,11 ha hissəsində inşa etdiyi qanunsuz tikili və çəpərin Cavabdeh1 hesabına sökülməsi; İddiaçı məxsus Şəmkir rayon Yenihəyat kəndində yerləşən 0.6305 ha topaq sahəsindən 0,059 ha hissəsində Cavabdeh2 tərəfindən çəkilmiş çəpərin sökülməsi, torpaq sahəsinə gedən yolun açılması; İddiaçı məxsus Şəmkir rayon Yenihəyat kəndində yerləşən 0.6305 ha topaq sahəsindən 0,32 ha hissəsində Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikili və çəpərin sökülməsi; İddiaçı məxsus Şəmkir rayon Yenihəyat kəndində yerləşən 0.6305 ha topaq sahəsindən 0,14 ha hissəsində Cavabdeh4 çəkdiyi hasarın sökülməsi; İddiaçı ödədiyi 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulub iddiaçıya qaytarılması qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 146.1, 152.5, 157.2 və 180-ci maddələrinə, həmçinin Torpaq Məcəlləsinin 66.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Həmçinin Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X4 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin nümayəndəsi olduğu şəxsə aid hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmiş 0.6305 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin heç bir hissəsi onun tərəfindən zəbt edilməmiş və orada qanunsuz tikili inşa edilməmişdir. O hazırda JN-049F (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Şəmkir Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.40 ha həyatyanı torpaq sahəsindən istifadə edir və qanuni əsaslarla ona məxsus torpaq sahəsində tikili inşa etdirmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-373/2018 saylı, 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı məxsus torpaq sahəsinin 0.059 ha hissəsinin onun tərəfindən zəbt edildiyi müəyyən edilərək, onun həmin hissədən çıxarılmağı qət edilmiş olsa da, lakin heç kimin torpaq sahəsini zəbt etməmişdir. Hətta DƏDRX-nin əməkdaşları tərəfindən ölçmə işləri aparılarkən İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin 0.025 ha hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. Müəyyən olunduğu kimi, o, İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikili inşa etdirməmişdir. Belə ki, əvvəlki məhkəmə qətnaməsi ilə onun tərəfindən iddiaçıya məxsus torpaq sahəsində tikili inşa edildiyi müəyyən edilməmişdir. Neçə illərdir özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirib yaşayır. Məhkəmə ona məxsus tikilinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşibyerləşmədiyini müəyyən etmək üçün ekspertiza təyin etməli olduğu halda, yalnız əvvəlki məhkəmə qətnaməsinin preyudisial əhəmiyyətə malik olduğuna istinad etməklə ona məxsus tikilinin sökülməsini qət etmişdir.

11. Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında İddiaçı mülkiyyətinə verilmiş 0.6305 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin heç bir hissəsi onun tərəfindən zəbt edilməmiş və orada qanunsuz tikili inşa edilməmişdir. Hazırda JN-919F (KOD ********) saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Şəmkir Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.16 ha həyətyanı torpaq sahəsindən istifadə edir və qanuni əsaslarla özünə məxsus torpaq sahəsində tikili inşa etdirmişdir. Hətta DƏDRX-nin əməkdaşları tərəfindən ölçmə işləri aparılarkən torpaq sahəsinin sənəd üzrə 0.16 ha, faktiki olaraq isə 0.2718 ha təşkil etdiyi, İddiaçı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə onun mülkiyyətində olan həyatyanı torpaq sahəsinin 0.025 ha hissəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. O, İddiaçı mülkiyyətində olan torpaq sahəsində tikili inşa etdirməmişdir. Onun mülkiyyətində olan torpaq sahəsinin 0.025 ha hissəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşür. Məhkəmə tərəfindən hazırkı qətnamə çıxarılarkən, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə istinad etməklə həmin qətnamə ilə müəyyən edilmiş faktlara istinad edilmişdir. Halbuki həmin məhkəmə qətnaməsi ilə onun tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində hər hansı tikili inşa etmiş olması müəyyən edilməmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, onun iddiaçıya məxsus torpaq sahəsində 0.059 ha ölçüdə çəpəri yerləşir. Ona məxsus torpaq sahəsinin 0.025 ha hissəsi iddiaçıya məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Onun tərəfindən inşa edilmiş tikili (çəpər) ümumiyyətlə hansı torpaq sahəsində yerləşdiyi müəyyən deyil.

14. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 izahatında bildirmişdir ki, İddiaçı məxsus torpaq sahəsində onun tərəfindən çəpər inşa edilmişdir və həmin çəpərin sökülməsinə etiraz etmir.

15. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, ona məxsus torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililər mövcud olsa da, ekspert tərəfindən verilmiş rəydə həmin tikililərin mövcud olmadığı qeyd olunub.

16. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddiaçının iddia etdiyi yol mövcud deyil. İddiaçıya məxsus torpaq sahəsində yalnız setkadsn alçaq hasar çəkmişdir və onun da sökülməsinə etiraz etmir. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ona aid hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia etdiyi yol xəritədə mövcuddur. Cavabdeh2 həmin yola gedən ərazini zəbt edərək bağlamışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

19. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

21. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

23. Maddə 180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

29. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Apellyasiya baxışının hədləri

32. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

35. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi tam təmin edilmiş, cavabdehlərdən yalnız Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayəti vermişlər. Digər cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız cavabdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı məxsus Şəmkir rayon Yenihəyat kəndində yerləşən 0.6305 ha topaq sahəsinə gedən yolun Cavabdeh2 tərəfindən açılması” və “İddiaçı məxsus Şəmkir rayon Yenihəyat kəndində yerləşən 0.6305 ha torpaq sahəsinin 0,32 ha hissəsində Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi” hissələrdə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilərək iddia tələbi həmin hissələrdə təmin edilməməli, apellyasiya şikayətləri qalan hissələrdə təmin edilməməli, qətnamə yoxlanılan qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

37. İşin müəyyən olunmuş və faktiki hallarından görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəmkir rayonu Yenihəyat kəndində yerləşən ümumi sahəsi 0.6305 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Sonuncu ona məxsus torpaq sahəsində cavabdehlər tərəfindən ayrı-ayrılıqda tikililər inşa edildiyini, habelə çəpər çəkildiyini və torpaq sahəsinə gedən yolun bağlandığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etmişdir.

38. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

39. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən iddiaçıya məxsus torpaq sahəsində tikili inşa edilməsi, çəpər çəkilməsi, yolun bağlanması və.s halların həqiqətən də mövcud-olub-olmamasını aydınlaşdırmaq məqsədilə apellyasiya instansiyasında icraat zamanı iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 aprel 2024-cü il tarixli 3-16-16/2- 10/2327 nömrəli tikinti-texniki ekspertizası rəyi ilə müəyyən olunmuşdur ki, Seriya RX 0714615, xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli **********69 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan və Şəmkir rayonu Yeni-Həyat kəndində yerləşən 0,6305 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 istifadəsində olan 0,059 ha hissəsində əsaslı tikilinin olmadığı, lakin setkadan çəkilmiş çəpərin olduğu müəyyən edilmişdir; İddiaçı Cavabdeh2 tərəfindən bağlandığının iddia etdiyi yol yeni elektron uçot xəritəsində (TEKUİS) nəzərə alınmadığı müəyyən edilmişdir. Həmçinin, iddiaçıya məxsus torpaq sahəsinin Cavabdeh3 istifadəsində olan 0,32 ha hissəsində heç bir yüngül konstruksiyalı qurğu (istilikxana və.s) olmadığı, lakin setkadan çəkilmiş çəpərin olduğu müəyyən edilmişdir.

40. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.

41. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

42. Beləliklə iş üzrə alınmış ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Seriya RX 0714615, xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli **********69 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan Şəmkir rayonu Yeni-Həyat kəndindəki 0,6305 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 istifadəsində olan 0,059 ha hissəsində və Cavabdeh3 istifadəsində olan 0,32 ha hissəsində də setkadan çəkilmiş çəpər mövcuddur.

43. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı məxsus Şəmkir rayon Yenihəyat kəndindəki 0.6305 ha torpaq sahəsinin 0,059 ha hissəsində Cavabdeh2 tərəfindən çəkilmiş çəpərin sökülməsi, eləcə də həmin torpaq sahəsinin 0,32 ha hissəsində Cavabdeh3 tərəfindən çəkilmiş çəpərin sökülməsi hissələrdə iddia tələbini təmin etmişdir.

44. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı məxsus Şəmkir rayon Yenihəyat kəndində yerləşən 0.6305 ha torpaq sahəsinə gedən yolun Cavabdeh2 tərəfindən açılması və həmin torpaq sahəsinin 0,32 ha hissəsində Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi hissələrdə iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlməmişdir.

45. Belə ki, iş üzrə alınmış məhkəmə tikinti-texniki ekspertizası rəyi ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh2 tərəfindən bağlandığını iddia etdiyi yol yeni elektron uçot xəritəsində (TEKUİS) nəzərə alınmamışdır. Bundan başqa, İddiaçı məxsus torpaq 0.6305 ha torpaq sahəsinin Cavabdeh3 istifadəsində olan 0,32 ha hissəsində heç bir yüngül konstruksiyalı qurğu (istilikxana və.s) olmadığı müəyyən edilmişdir.

46. İddiaçı iş üzrə keçirilmiş ekspert rəyinin “iddia etdiyi yolun yeni elektron uçot xəritəsində nəzərə alınmaması” hissədə düzgün olmadığını iddia etsə də, bununla bağlı hər hansı bir əsaslı arqument irəli sürə bilməmişdir. Hərçənd ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın kadastrı və ünvan Reyestru Xidmətinin 22 fevral 2024cü il tarixli mütəxəssis rəyi və torpaq sahələrinin yeləşmə kordinatları aşkar şəkildə müəyyən edilməklə verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı bir şübhə yaratmamışdır.

47. İşin göstərilən hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, “İddiaçı məxsus Şəmkir rayonu Yenihəyat kəndində yerləşən 0.6305 ha torpaq sahəsinə gedən yolun Cavabdeh2 tərəfindən açılması” və “İddiaçı məxsus Şəmkir rayon Yenihəyat kəndində yerləşən 0.6305 ha torpaq sahəsinin 0,32 ha hissəsində Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi” hissələrdə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə həmin hissələrdə işi hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət vermədən iddia tələbini təmin etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi göstərilən hissələrdə ləğv edilməli və həmin hissələrdə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissələrdə təmin edilməməlidir.

48. Eyni zamanda məhkəmə kollegiyası qeyd dir ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz manat) manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz manat) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Həmçinin həmin ekspert rəyinin verilməsinə görə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsindən alınmış mütəxəssis rəyinin smeta haqqı olaraq İddiaçı tərəfindən ödənilmiş 95 (doxsan beş) manat vəsaitin əvəzi də cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı verilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh2 və digər Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 10 avqust 2022-ci il tarixli 2(076)-1324/2022 nömrəli qətnaməsi “İddiaçı məxsus Şəmkir rayon Yenihəyat kəndində yerləşən 0.6305 ha torpaq sahəsinə gedən yolun Cavabdeh2 tərəfindən açılması” və “İddiaçı məxsus Şəmkir rayon Yenihəyat kəndində yerləşən 0.6305 ha torpaq sahəsinin 0,32 ha hissəsində Cavabdeh3 tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi” hissələrdə ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə qəbul edilsin və iddia tələbi həmin hissələrdə təmin edilməsin. Apellyasiya şikayətləri qalan hissələrdə təmin edilməsin. Qətnamə yoxlanılan qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün. Mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş vəsaitin əvəzi 95 (doxsan beş) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar