Məhkəmə qərarları › İş №2(104)-512/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-512/2023

25.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-512/2023 25.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əşyaları ilə birlikdə fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2078/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Tovuz rayonu Yanıqlı kəndində yerləşən mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh əşyaları ilə birlikdə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2078/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Tovuz rayonu Yanıqlı kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması, 100 manat miqdarında dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Yanıqlı kəndində yerləşən fərdi yaşayış evi reyestr nömrəsi **********08-10301 saylı çıxarışla dövlət reyestrində onun adına qeydə alınmışdır. Mübahisə olunan fərdi yaşayış evi 3 otaq, mətbəx və 2 zaldan ibarətdir. X7 əvvəlki arvadından boşanmışdır. Rauf Cavabdeh ilə 2014-cü ildə evlənmişdir. Cavabdehin həmin evdə pasport qediyyatı da yoxdur. Raufla cavabdehin nikahları qeydə alınmamış, faktiki olaraq ayrılmışlar. Mübahisə olunan fərdi yaşayış evinin mülkiyyətçisi odur. Onun tələbi ilə Rauf evdən çıxsa da cavabdeh könüllü olaraq çıxmır. Halbuki Cavabdeh həmin evdə heç bir hüququ yoxdur. Belə ki, onun ailə üzvü deyildir. Onunla cavabdeh arasında fərdi yaşayış evindən istifadə hüququ ilə bağlı heç bir razılaşma olmamışdır. Cavabdeh 2014-cü ildə onun mülkiyyətində olan evə köçürüldüyündən hazırkı, mübahisə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə tənzimlənməlidir. Həmin normanın tələblərindən görünür ki, cavabdehin mənzillə bağlı istifadə hüququ yoxdur. Bundan başqqa Cavabdeh həmin evdən istifadə hüququnun tanınması ilə bağlı iddia qaldırmış, iddia təmin olunmamışdır. Cavabdeh onun evindən qanunsuz istifadə etməklə qanunla qorunan hüquqlarını pozmuşdur. Ona görə də Cavabdeh əşyaları ilə birlikdə onun evindən çıxmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh qız apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi mülkiyyət hüququnun müdafiəsi ilə bağlı maddi normalara istinad etmədən əvvəla mübahisəli fərdi yaşayış evinin neçənci ildə tikilməsini, ilk dəfə evin kimin adına olmasını və sonradan kimin adına keçməsini, neçənci ildən iddiaçının fərdi yaşayış evinin olub-olmamasını, qaz və işığın kimin adına olmasını məsələsini araşdırmamışdır. Eyni zamanda mübahisəli fərdi yaşayış evində kimlərin yaşamasına, evin neçənci ildə tikilməsini, cavabdehin həmin evə neçənci ildə cehiz əşyaları ilə birlikdə gəlin köçməsini, 2 azyaşlı uşaqlarının dünyaya gəlməsini, hazırda həmin uşaqların mübahisəli evdə yaşamasını aydınlaşdırmaq üçün həmin fərdi yaşayış evinə baxış keçirməmişdir. Bundan başqa birinci instansiya məhkəməsi iddianı təmin edərkən hər hansı bir araşdırma aparmamış, İddiaçı sözlərinə istinad etmişdir. İşin faktiki halı ondan ibarətdir ki, Tovuz rayonu, Yanıxlı kəndində yerləşən fərdi yaşayış evi ata mülküdür. Evi 2001-ci ildə Rauf Əliyev tikib. Mübahisəli ev 3 otaq, mətbəx və 2 zaldan ibarətdir. X5 məxsusdur. Rauf 2014-cü ilə cavabdehlə ailə qurmuş, iki qız uşaqları dünyaya gəlmişdir. Hazırda cavabdeh uşaqlarla həmin evdə yaşayırlar. Şəfanın digər digər yerdə uşaqları sağlam böyütməyə yeri yoxdur. Şəfa son vaxtlar Raufla ayrılıbdır. Səbəbkarı isə onun qardaşı Məhərrəmdir. Məhərrəm fərdi yaşayış evini ələ keçirmək üçün Rauf və Şəfa arasında söz-söhbət yaratmışdır. Həmin vaxt Şəfa ilə Raufun işi məhkəmədə olarkən Məhərrəm evi öz adına keçirib. Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz rayonu Yanıqlı kəndində yerləşən 0.096 hektar torpaq sahəsində 130.40 kv.m yaşayış evi xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(062)-27602021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh X3 qarşı Tovuz rayonu Yanıqlı kəndində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 04 mart 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh apellyasiya şikayəti təmin olunmamış və Tovuz Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(062)-27602021 saylı qətnaməsi dəyişdrilmədən saxlanılmışdır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi göstərmişdir ki, işin faktiki hallarından göründüyü kimi Tovuz rayonu Yanıqlı kəndində yerləşən 130.40 kv.m olan yaşayış evi iddiaçının xüsusi mülkiyyətində olmaqla cavabdeh qanunsuz olaraq həmin evdən istifadə etməkdə davam edir. Cavabdeh uzun müddətdir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını davamlı şəkildə pozur. Cavabdehin həmin evə dair istifadə hüququnun olmaması Tovuz Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(062)- 27602021 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. Cavabdehin qeyd olunan fərdi yaşayış evində yaşaması iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozduğundan o məhkəməyə hazırki tələblə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 152.1-ci mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsibnə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İddiaçı qardaşı ilə əvvəllər nikahını rəsmiləşdirmədən ailə qurmuş olsa da, sonradan faktiki olaraq ayrılmış, o, nəinki iddiaçının, heç sonuncunun X7in də ailə üzvü deyildir. Odur ki, iddiaçının Cavabdeh saxlamaq öhdəliyi yoxdur. Eyni zamanda cavabdehin yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ da yoxdur. Bu səbəbdən onun iddiaçıya məxsus evdən istifadə hüququ yoxdur, həmçinin iddiaçının cavabdehin onun mülkiyyətində yaşamasına razılığı da yoxdur. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-2078/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar