Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-513/2024 08.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X3 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(062)-1216/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 08 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 15 fevral 2010-cu il tarixli 16L000001302 nömrəli kredit xətti müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətində 50000 ABŞ dolları kredit xətti açılmışdır.
2. 15 fevral 2010-cu il tarixli 16R********** nömrəli kredit razılaşmasının surətindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 24 ay müddətində aylıq 2,25 faiz olmaqla 20000 ABŞ dolları kredit verilmişdir.
3. 17 fevral 2010-cu il tarixli 16M000000078 nömrəli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Tovuz şəhəri Nizami küçəsində 0,0504 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 70,4 kv.m yaşayış, 47 kv.m yardımçı sahədən ibarət 45 nömrəli fərdi yaşayış evi "xxxx" QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli, 2(102)-7041 nömrəli qərarından görünür ki, İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X4 qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh4 və X2 müştərək qaydada 16R000003460 saylı kredit müqaviləsi üzrə kreditin əsas məbləği 11357,80 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 1755,87 ABŞ dolları, cərimə 33516 ABŞ dolları olmaqla, cəmi 46629,67 ABŞ dolları məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(062)-235/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh4 və X2 müştərək qaydada 16R000003460 nömrəli kredit müqaviləsi üzrə kreditin əsasə məbləği 11357,80 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 1755,87 ABŞ dolları, cərimə 335,16 ABŞ dolları olmaqla, cəmi 13448,83 ABŞ dollarının icra olunduğu gün manatla məzənnəsi ilə və dövlət rüsumu hesabına ödənilmiş 30 manatın alınarq İddiaçı QSC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissəsinin təmin olunmaması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli, 2(104)-426/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(062)-235/2020 nömrəli qətnaməsinin cavabdehlərdən tutulan əsas borc məbləği hissəsində dəyişdirilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X2 11267,1 ABŞ dolları əsas borc, 1755,87 ABŞ dollar əsas məbləğə hesablanmış faiz və 335,16 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 13358,13 ABŞ dollarının icra olunduğu gün manatla məzənnəsi ilə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq İddiaçı QSC-yə verilməsi, apelyasiya şikayətinin qalan hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, məhkəmə xərci qismində ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdehlər Cavabdeh1, Cavabdeh4 və X2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-426/2021 nömrəli iş üzrə 01 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli, 2(104)-04 nömrəli qətnaməsindən görünür ki, Tovuz Rayon Məhkəməsinin 09 avqust 2016-cı il tarixli, 2(62)-250/2016 nömrəli qətnaməsi mübahisələndirilən iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X1, Cavabdeh3 İddiaçı QSC-nin mülkiyyətində olan ünvan 1 ünvanında 0,0504 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117,4 kv.m yaşayış sahəsi 70,4 kv.m, yardımçı sahəsi 47 kv.m olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinə olan istifadə hüquqlarını itirilməklə çıxarılmaları və həmin yaşayış evinin boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia təmin edilməmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən İddiaçı QSC-yə ünvanlanmış 02 noyabr 2020-ci il tarixli məktubundan görünür ki, Tovuz Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il, 8(062)-160/2020 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli, 2(023)-3842/2017 nömrəli qətnaməsinə izah edilərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka predmeti olduğundan, həmin əmlakla bağlı ipoteka müqaviləsi və ipoteka müqaviləsinin bağlanmasına əsas olmuş kredit müqaviləsi qüvvədə olduğundan həmin əmlak üzərində ipoteka hüququ saxlanılmalıdır kimi münasibət bildirilmişdir. Tovuz Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il, 8(062)- 160/2020 nömrəli qərardadı əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı QSC-nin ipoteka hüququ bərpa edilərək sözügedən yaşayış evi yüklü edilmişdir.
7. Daşınmaz əmlakın bağışlanmasına dair 02 oktyabr 2020-ci il tarixli müqavilədən görünür ki, hədiyyə verən Cavabdeh1 tərəfindən mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 hədiyyə edilmişdir.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 10 oktyabr 2020-ci il qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi olan çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh3, Cavabdeh2 və Cavabdeh5 ümumi birgə mülkiyyətindədir.
9. Tovuz Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli qərardadından görünür ki, Tovuz Rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 2(062)- 3842/2017 nömrəli qətnaməsinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* nömrəli (reyestr nömrəsi **********96-10301) çıxarışın etibarsız hesab edilmişdir. Həmin çıxarışda göstərilən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka predmeti olduğundan, həmin əmlakla bağlı ipoteka müqaviləsi və ipoteka müqaviləsinin bağlanmasına əsas olmuş kredit müqaviləsi qüvvədə olduğundan həmin əmlak üzərində ipoteka hüququnun saxlanılması qərara alınmışdır.
a).İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(104)-426/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1, Cavabdeh4 və X2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı olan cəmi 13448,83 ABŞ dolları borcun, ödənilmiş 100 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ipoteka predmeti olan ünvan 6 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, ünvan 6 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 həmin əmlakdan çıxarılmaları və əmlakın boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2010-cu il tarixli, 16L000001302 nömrəli kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 50000 ABŞ dolları kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 15 fevral 2010-cu il tarixli, 16R000003460 nömrəli kredit razılaşması əsasında bank tərəfindən Cavabdeh1 24 ay müddətinə 20000 ABŞ dolları kredit verilmişdir. Kredit öhdəliklərinin icrasının təminatı məqsədi ilə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 17 fevral 2010-cu il tarixli ipoteka müqaviləsi əsasında ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmiş, həmin ipoteka müqaviləsi daşınmaz əmlakın dövlət reyestində qeydiyyata alınmışdır. Cavabdeh kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən bank notariat kontoruna müraciət edərək ipoteka predmeti olan əmlaka tutma yönədilməsi barədə icra qeydinin verilməsi xahiş eetmiş, Tovuz rayon Notariat kontoru tərəfindən verilmiş 18 sentyabr 2014-cü il tarixli, 7E-9-7196 nömrəli ipoteka predmetinə tutma yönədilməsi barədə icra qeydinə əsasən ipoteka saxlayan İddiaçı QSC-nin kredit razılaşması üzrə tələbi, yəni 11357,80 ABŞ dolları əsas, 1755,87 ABŞ dolları faiz, 33516 ABŞ dolları cərimə olmaqla cəmi 46629,67 ABŞ dolları borc ipoteka predmeti olan Tovuz şəhəri, Nizami küçəsində yerləşən 45 nömrəli fərdi yaşayış evinə yönəldilmişdir. Bank həmin əmlakı 25 iyun 2015-ci il tarixli hərracın yekunları barədə əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 03 sentyabr 2015-ci il tarixli RX ******* nömrəli çıxarışa əsasən ünvan 6 ünvanda yerləşən əmlak İddiaçı QSC-nin mülkiyyətinə qəbul edilmişdir. Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli 2(062)-4919/2016 nömrəli qətnaməsinə əsasən icra qeydi etibarsız hesab edilmişdir. Həmçinin Tovuz Rayon Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli 2(062)-3842/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı QSC -nin adına verilmiş RX ******* nömrəli çıxarış da etibarsız hesab edilmişdir. Tovuz Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 8(062)- 160/2020 nömrəli qərardadına əsasən ünvan 5 ünvada yerləşən əmlak üzərində İddiaçı QSC-nin ipoteka yüklülüyü bərpa edilmişdir. Tovuz Regional “Asan Xidmət” Mərkəzinin notariusu tərəfindən verilmiş 02 oktyabr 2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən fərdi yaşayış evi Cavabdeh1 tərəfindən Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 bağışlanmış və bağışlama müqaviləsi əsasında dövlət reyestrində həmin şəxslərin adına qeydiyyat aparılmışdır. Tovuz Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(062)-235/2020 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və digərlərindən müştərək qaydada ümumilikdə 13448,83 ABŞ dolları borcun və 30 manatın tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(104)-426/2021 nömrəli qətnaməsinə əsasən cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulmalı olan borc məbləği dəyişdirilərək 13358,13 ABŞ dolları müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 07 dekabr 2021-ci il tarixli 2(102)-7041/2021 nömrəli qərarı ilə cavabdehlərin kassasiya şikayəti təmin edilməmişdir. Borcun tutulması barədə Gəncə Apellyasiya Məhkəməsinin 01 iyun 2021-ci il tarixli, 2(104)-426/2021 nömrəli qətnaməsi artıq qanuni qüvvəsini almışdır. Qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edilmiş borc məbləğinin ipoteka predmetinə yönəldilməsi barədə iddia qaldırılması zərurəti yaranmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka qoyan Cavabdeh1 əmlakını bağışladığı Cavabdeh3, Cavabdeh5 qzına və Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 17 fevral 2023-cü il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 24 fevral 2023-cü il tarixdə həmin idarədə qeydə alınmışdır.
12. Tovuz Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(062)-1216/2023 nömrəli qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbi təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli 2(104)- 426/2021 nömrəli qətnaməsi ilə Cavabdeh1, Cavabdeh4 və X2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı olan cəmi 13448,83 ABŞ dolları məbləğində (icra olunduğu gün manatla məzənnəsi ilə) borc, ödənilmiş 100 manat dövlət rüsumu, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqının ödənilməsi ipoteka predmeti olan ünvan 6 nömrəli fərdi yaşayış evinə yönəldilməsi; Həmin əmlak ilkin satış qiyməti 26428,57 manat müəyyən edilməklə açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borc məbləği ödənilməsi; ünvan 6 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 həmin əmlakdan çıxarılmaqla əmlak boşaldılması qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.4, 317.1, 319.1, 385.1, 386.1, 390.1, 405, 425.1, 427.3, 442, 443.1, 444, 448.1, 448.2, 462.1, 462.2, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, maddələri, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33, 34.1.1, 36.1, 36.2, 47.4, 59.4 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 214, 217, 218.1, 216-220 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. İddiaçı QSC ilə bağlanmış ipoteka müqaviləsində tərəf olmamış və mülkiyyətində olan evi hər hansı borcun təminatı kimi bankın xeyrinə ipoteka predmeti kimi yüklü etməmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməklə onun mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur. Eləcədə iddiaçının borca görə qanunsuz olaraq həmin əmlakı öz mülkiyyətinə keçirməsi və onların həmin evdən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddiası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli 2(104)-04/2021 nömrəli qətnaməsinə əsasən rədd edilmişdir. Həmin qətnamədə bankın onlara qarşı qanunsuz etdiyi hərəkətlər öz əksini tapmışdır. Bankla Cavabdeh1 arasında bağlanmış hər hansı ipoteka müqaviləsində tərəf olmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
18. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
19. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
20. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
21. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır.
22. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
“İpoteka haqqında” Qanun
27. Maddə 11. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur.
28. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır; 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
29. Maddə 36.1. İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır. 36.2. maddəsinə görə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası.
30. Maddə 36.3. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır.
31. Maddə 37 İpoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət verildikdə, ipoteka müqaviləsində nəzərdə tutulan faizlər, dəbbə pulu və sair haqlar müvafiq olaraq hesablanır.
32. Maddə 41. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 41.4. Tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs tərəflərin razılığı ilə müəyyən olunur. Razılığa əsasən ipoteka predmeti hərracda satıldıqda ipoteka saxlayan və ya ipoteka qoyan hərracın təşkilatçısına sifarişi verə bilərlər.Hərrac açıq auksion formasında keçirilir.
33. Maddə 48.1. İpotekaya aşağıdakı hallarda xitam verilir: 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; 48.1.2. əsas öhdəliyə xitam verildikdə; 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; 48.1.4. ipoteka predmeti məhv olduqda; 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. 48.2. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.
34. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.
35. Maddə 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər.
36. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki:
37. Maddə 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya
38. Maddə 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
39. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
47. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
49. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2010-cu il tarixli, 16L000001302 nömrəli kredit xətti müqaviləsinə əsasən sonuncuya 120 ay müddətinə 50000 ABŞ dolları kredit xətti açılmış və 15 fevral 2010-cu il tarixli, 16R000003460 nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə 20000 ABŞ dolları kredit verilmişdir. Eləcədə tərəflər arasında bağlanmış 17 fevral 2010-cu il tarixli 16M000000078 nömrəli ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Borcalan kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyindən bank notariat kontoruna müraciət edərək ipoteka predmetinə tutma yönədilməsi barədə icra qeydinin verilməsini xahiş etmiş və Tovuz rayon Notariat kontoru tərəfindən 18 sentyabr 2014-cü il tarixli, 7E-9-7196 nömrəli ipoteka predmetinə tutma yönədilməsi barədə icra qeydi verilmişdir. İcra qeydi əsasında İddiaçı QSC həmin əmlakı 25 iyun 2015-ci il tarixli hərracın yekunları barədə alqısatqı müqaviləsinə əsasən əldə etmiş və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 03 sentyabr 2015-ci il tarixli RX ******* nömrəli çıxarış verilmişdir. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətinə keçdikdən sonra Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli 2(062)- 4919/2016 nömrəli qətnaməsinə əsasən icra qeydi etibarsız hesab edilmiş, eləcədə həmin məhkıəmənin 06 noyabr 2017-ci il tarixli 2(062)-3842/2017 nömrəli qətnaməsinə əsasən İddiaçı QSC-nin adına verilmiş RX ******* nömrəli çıxarış da etibarsız hesab edilmişdir. Cavabdeh1 02 oktyabr 2020-ci il tarixdə Tovuz Regional “Asan Xidmət” Mərkəzində həmin əmlakı Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 bağışlamış və həmin əmlak dövlət reyestrində sonuncuların adına qeydiyyata alınmışdır. Buna baxmayaraq Tovuz Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 8(062)-160/2020 nömrəli qərardadına əsasən ünvan 5 ünvada yerləşən əmlak üzərində İddiaçı QSC-nin ipoteka yüklülüyü bərpa edilmişdir. Tovuz Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(062)-235/2020 nömrəli qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və digərlərindən müştərək qaydada ümumilikdə 13448,83 ABŞ dolları borcun və 30 manatın tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 iyun 2021-ci il tarixli, 2(104)-426/2021 nömrəli qətnaməsinə əsasən cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulmalı olan borc məbləği dəyişdirilərək 13358,13 ABŞ dolları müəyyən edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilsədə, lakin Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 07 dekabr 2021-ci il tarixli 2(102)-7041/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Qətnamədən yalnız Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
50. Kollegiya apellyasiya şikayətinin “İddiaçı QSC ilə bağlanmış ipoteka müqaviləsində tərəf olmaması və mülkiyyətində olan evi hər hansı borcun təminatı kimi bankın xeyrinə ipoteka predmeti kimi yüklü etməmiəsi, iddiaçının borca görə qanunsuz olaraq həmin əmlakı öz mülkiyyətinə keçirməsi və onların həmin evdən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı iddiasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 aprel 2021-ci il tarixli 2(104)-04/2021 nömrəli qətnaməsinə əsasən rədd edilməsi, həmin qətnamədə bankın onlara qarşı qanunsuz etdiyi hərəkətlərin öz əksini tapması və bankla Cavabdeh1 arasında bağlanmış hər hansı ipoteka müqaviləsində tərəf olmamsı” dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur.
51. Belə ki, yuxarıda qeyd olunduğu kimi İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2010-cu il tarixli, 16R000003460 nömrəli kredit razılaşmasına əsasən bank tərəfindən Cavabdeh1 24 ay müddətinə 20000 ABŞ dolları kredit verilmiş və tərəflər arasında bağlanmış 17 fevral 2010-cu il tarixli 16M000000078 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 02 oktyabr 2020-ci il tarixdə Tovuz Regional “Asan Xidmət” Mərkəzində həmin əmlakı Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 bağışlasada, lakin Tovuz Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 8(062)-160/2020 nömrəli qərardadı ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı QSCnin ipoteka hüququ bərpa edilərək fərdi yaşayış evi yüklü edilmişdir. Həmçinin işdən müəyyən olunur ki, əmlakın bağışlanıldığı şəxslərə, yəni Cavabdeh3, Cavabdeh5 qzı və Cavabdeh2 İddiaçı QSC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 17 fevral 2023-cü il tarixdə bildiriş göndərilmiş, eləcədə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 24 fevral 2023-cü il tarixdə həmin idarədə qeydə alınmışdır. Göründüyü kimi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ Cavabdeh3, Cavabdeh5 qzı və Cavabdeh2 adına qeydə alınsada, lakin Tovuz Rayon Məhkəməsinin 22 oktyabr 2020-ci il, 8(062)- 160/2020 nömrəli qərardadı ilə fərdi yaşayış evi üzərində İddiaçı QSC-nin ipoteka hüququ bərpa edilmiş və həmin əmlak yüklü edilmişdir. Bu da onu deməyə əsas verir ki, Accessbank” QSC ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2010-cu il tarixli, 16R000003460 nömrəli kredit razılaşmasına əsasən Cavabdeh1 24 ay müddətinə verilmiş 20000 ABŞ dolları kredit borcunun qaytarılmasının təminatı qismində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi çıxış edir. Ona görə də kollegiya hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli 2(062)-1216/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.