Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-519/2024 01.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Tovuz Rayon Məhkəməsinin 2(062)-2069/2023 saylı 21 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh1 verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və həmin yaşayış sahəsinin boşaldılması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi daxil olmuşdur. Həmin qarşılıqlı iddia ərizəsi xx.xx.2023-cü ildə məhkəməyə daxil olmuşdur. Tovuz Rayon Məhkəməsinin 2(062)-2069/2023 saylı 21 sentyabr 2023-cü il tarixli qərardadı ilə qeyd olunan qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Cavabdeh1 Tovuz Rayon Məhkəməsinin 2(062)-2069/2023 saylı 21 sentyabr 2023cü il tarixli qərardadından şikayət verərək, həmin qərardadının ləğv edilməsi və qarşlıqlı iddia ərizəsinin icraata qəbul edilməsi xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-2069/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərardadı ilə həmin şikayət əsassız olduğundan təmin edilməmiş və şikayət baxıldıqdan sonra işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına heç bir izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 2(062)-2069/2023 saylı 21 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytararkən, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində qarşılıqlı iddia verməli olduğu halda, həmin müddətdə qarşılılqılı iddianı verməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəni qanuni saymaqla, aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının MPM-nin 154.1-ci maddəsinə görə, işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Azərbaycan Respublikasının MPM-nin 155.1-ci maddəsinə görə, cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 155.2-ci maddəsinə görə, Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh1 qarşılıqlı iddia ərizəsini geri qaytarmış və bu zaman prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Belə ki, qarşılıqlı iddia ərizəsi qanunla müəyyən edilmiş prosessual müddətdə verilməmişdir. Həmçinin, iş materialları ilə müyyən olunur ki, qarşılıqlı iddiaçı MPM-nin qeyd edilən forma və məzmununa da riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa aid tələblər əks olunmuşdur. Qanunverici iddia ərizəsinin forması dedikdə, onun yazılı formada tərtib edilməsini, ərizənin məzmunu dedikdə isə onun MPM-in 149.2ci maddəsində sadalanan rekvizitləri (məlumatları) özündə əks etdirməsini nəzərdə tutur. Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə görə ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Göründüyü kimi, iddia ərizəsində tələbin kimlərə qarşı yönəlməsi göstərilməmiş, cavabdehlərin soyadı, adı, atasının adı, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); ərizədə öz əksini tapmamışdır ki, bu hallar mülki prosessual qanunvericiliyin tələblərinə zidd olmaqla iddia ərizəsinin geri qaytarılmasına əsas verir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 qarşılıqlı iddia ərizəsini geri qaytarmaqda haqlı olmuş və bu zaman prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də, şikayət təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 2(062)-2069/2023 saylı 21 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 2(062)-2069/2023 saylı 21 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-519/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-519/2024
01.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver