Məhkəmə qərarları › İş №2(104)-521/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-521/2024

09.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-521/2024 09.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X4 və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)- 62/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 09 aprel 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/5126 nömrəli ekspert rəyindən görünür ki, mütəxəssis rəyində birinci sualda göstərilən məsələ cavablandırılmadığı sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Cavabdehin istifadəsi kimi təqdim edilən tikilinin 28 kv.m-ə qədər hissəsinin RX ******* saylı çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən evin ümumi sahəsi 0,08 ha həyətyanı torpaq sahəsinin 200 kv.metr hissəsindən Cavabdeh çıxarılmasına və həmin torpaq sahəsində tikdirdiyi qanunsuz tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayon Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,08 ha həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsi müfvafiq qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınşmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarını Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestriində qeydə alınmış, ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq o qanunsuz hərəkətlərini davam etdirir və onun torpaq sahəsindən çıxmır.

5. Tovuz Rayon Məhkəməsinin xx.xx.20223-cü il tarixli 2(062)-62/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsəlləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Hüquqları Dövlət Qeydiyyatı haqqında daşnmaz əmlakın Dövlət reyestrinin xx.xx.2014-cu il tarixli, seriya RX ******* saylı çıxarışı ilə İddiaçı adına qeydə alınmış Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,08 ha torpaq sahəsinin 158 kv.m hissəsindən və tikilinin 28 kv.m hissəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsində olan tikilinin 28 kv.m hissəsi sökülərək İddiaçı 0,08 ha torpaq sahəsinə olan mülkiyyət hüquqları bərpa edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş torpaq sahələrinin tikinti-texniki obyektlərin tədqiqinə dair ekspertiza xərci olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN ********** X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ0136010 **********944 SWİFT BİK CTREAZ 22 №-li hesabına keçirilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı bildirmişdir ki, İddiaçı məxsus Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,08 ha torpaq sahəsindən Cavabdeh tərəfindən istifadə edilməsi qanunsuz hesab edilməlidir. Mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətidir. İddiaçı adına qeydə alınmış Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,08 ha torpaq sahəsinin158 kv.m hissəsi Cavabdeh zəbtindən azad edilərək iddiaçıya qaytarılmalı, tikilinin isə 28.kv.metr hissəsi sökülməlidir.

7. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5, 110, 111 və 112-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 116.1, 119.1, 124.1 və 216-220-cı maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.20223-cü il tarixli 2(062)-62/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Tovuz rayonu X3 26 iyul 2004-cü il tarixli 05 nömrəli qərarı ilə ona Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisindən 0,08 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi bələdiyyə tərəfindən ona yerində ölçülüb təhvil verilmiş və həmin vaxtdan onun istifadəsində və sahibliyində olmuşdur. Tikintini isə o 2014-cü ildə başlamışdır. İşə baxan birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, bələdiyyənin ona torpaq sahəsi verilməsi barədə 26 iyul 2004-cü il tarixli 05 saylı qərarının olması onun hələ həmin torpaq sahəsinin mülkiyyətçisi olmağı demək deyil. O məhkəmənin bu mövqeyi ilə razı deyildir. Belə ki, iddiaçı özü də torpağı bələdiyyə qərarı ilə almışdır və bu gün mülkiyyətçidir. Bu o deməkdir ki, o hal-hazırda mülkiyyətçi olmasa da onun gözlənilən mülkiyyət hüququ var. Bundan başqa məhkəmə qeyd edir ki, ona məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyini və məhkəmə MPM-nin 185.5-ci maddəsini rəhbər tutub mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Halbuki, o məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməyi barədə məhkəməyə teleqram ünvanlamışdır. Məhkəmə onun teleqramını nəzərə alıb işi təxirə salmaq yerinə, işə onun iştirakı olmadan baxıb qətnamə çıxarmışdır. Beləliklə də məhkəmə çəkişmə prinsipini pozmuşdur. Bundan başqa məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 avqust 2023-cü il tarixli rəyinə istinad edərək, onun iddiaçıya məxsus torpaq sahəsinin 158 kv.m hissəsindən istifadə etdiyi barədə nəticəyə gəlmişdir. Halbuki, həmin ekspertiza rəyi natamamdır. Belə ki, məhkəmə ekspert qarşısında iki sual qoyub. Birinci suala cavab verilməsi üçün ərazi təşkli planında göstərilənlər nəzərə alınmalı idi. Lakin rəydə də qeyd edildiyi kimi mübahisəli əraziyə dair ərazi təşkili planı müraciətə əlavə edilməmişdir. Qeyd edilən çatışmazlıq aradan qaldırılmadığı halda ekspert iş üzrə rəy vermiş, məhkəmə isə həmin rəy natamam olmasına baxmayaraq, həmin rəyi nəzərə alaraq qətnamə çıxarmışdır. Halbuki, ərazinin təşkili planı olsaydı əslində iddiaçının çıxarış alarkən koordinatlarını onun torpaq sahəsinə vurdurduğu ortaya çıxardı. Belə ki, ərazidə olan hər torpaq sahəsinin sahibi qonşu torpaq sahəsi hesabına öz sahəsini bir neçə metr irəli çəkmişdir. İddiaçı da həmçinin öz torpaq sahəsinin ölçülərini onun torpaq sahəm hesabına “düzəltmişdir”. Nəticədə iddiaçı onun torpaq sahəsini zəbt edib, torpaq sahəsinin koordinatlarını oraya vurdurmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Tovuz rayonu X3 26 iyul 2004-cü il tarixli 05 nömrəli qərarı ilə ona Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisindən 0,08 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsi bələdiyyə tərəfindən ona yerində ölçülüb təhvil verilmiş, həmin vaxtdan onun istifadəsində və sahibliyində olmuşdur. Lakin, həmin torpaq sahəsi dövlət reyestr xidmətində qeydiyyata alınmamışdır. İddiaçının mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən çəkilmiş çəpər hazırda sökülmüşdür. Yalnız tikili qalmışdır. Onlar aralarında razılıq əldə etmək istəsələr də mümkün olmamışdır. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, Tovuz rayon Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan həyətyanı torpaq sahəsi onun tam mülkiyyətindədir. Cavabdeh tərəfindən onun torpaq sahəsi zəbt edilmişdir. Belə ki, hazırda cavabdeh tərəfindən onun mülkiyyətində torpaq sahəsində çəkilmiş çəpər sökülmüşdür. Yalnız cavabdeh tərəfindən inşa edilmiş tikili qalmışdır. Lakin, sonuncu həmin tikilini sökməmişdir. Cavabdehə bir neçə dəfə xəbərdarlıq edilsə də nəticə olmamışdır. Ona görə də tikilinin sökülməsini istəyir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək və iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. O, nümayəndəsi ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

16. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

17. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

18. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

21. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)

23. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

24. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

25. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

26. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər.

32. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

38. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

39. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

45. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

46. Belə ki, işin halları ondan ibarətdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə, Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 40 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində qeydiyyata alınmışdır. Hazırda iddiaçı mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edildiyini iddia edir.

47. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətin müdafiəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.

48. İlk növbədə iddianın faktik əsaslarının təhlili, konkret olaraq iddiaçının mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olub-olmamasının araşdırılması züruridir. Belə ki, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında deyilir: "Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

49. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.

50. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz."

51. Bu baxımdan araşdırma aparıldıqda görünür ki, iddiaçı mübahisələndirilən torpaq sahəsinin yeganə mülkiyyətçisidir və bu torpaqla bağlı iddia verməyə subyektiv hüququ vardır.

52. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.

53. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

54. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

55. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

56. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).

57. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı məxsus Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,08 ha torpaq sahəsindən Cavabdeh tərəfindən istifadə edilməsi qanunsuz hesab edilməlidir. Mübahisəli torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətidir. İddiaçı adına qeydə alınmış Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən 0,08 ha torpaq sahəsinin158 kv.m hissəsi Cavabdeh zəbtindən azad edilərək iddiaçıya qaytarılmalı, tikilinin isə 28.kv.metr hissəsi sökülməlidir.

58. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilmiş hissəsi ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.

59. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin, yalnız 28.kv.m hissəsi tutulmuşdır. Belə ki, həm birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, həm də xx.xx.2024-cü il tarixli 10/5126 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki,mütəxəssis rəyində birinci sualda göstərilən məsələ cavablandırılmadığı sual üzrə tədqiqat aparılması mümkün olmamışdır. Cavabdehin istifadəsi kimi təqdim edilən tikilinin 28 kv.m-ə qədər hissəsinin RX ******* saylı çıxarışda göstərilən torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.

60. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

61. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

62. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəylər əsaslıdır. Çünki, mütəxəssis və ekspertin rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materitalları və elektron baza məlumatlarına istinad edilmişdir.

63. Məhkəmə kollegiyası qeyd edir ki, mütəxəssis və ekspert tərəfindən verilmiş rəylərdə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 28 kv.m hissəsinin zəbt edildiyi və həmin hissədə tikilinin olması müəyyən edilmişdir. Həmçinin, mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli ərazinin sxemi ilə də zəbt edilmiş hissə göstərilmişdir. Lakin, həmin rəylərdə torpaq sahəsinin 158 kv.m hissəsinin zəbt edilməsi öz təsdiqini tapmamışdır. Göründüyü kimi, həmin hallar isə birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.

64. Digər tərəfdən, iddiaçı tərəfindən sübut qismində mütəxəssisin xx.xx.2020-ci il tarixli və ekspertin xx.xx.2020-ci il tarixli rəyləri təqdim etsə də, həmin rəylər sadə kserosurət olmaqla təqdim edilmişdir ki, bu cür sənəd mülki-prosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz.

65. Belə ki, Azərbaycan Respublikasının MPM-in 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.

66. Azərbaycan Respublikasının MPM-in 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz.

67. Azərbaycan Respublikasının MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

68. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz.

69. Həmçinin, kollegiya bildirir ki, mütəxəssisin xx.xx.2020-ci il tarixli və ekspertin xx.xx.2020-ci il tarixli rəylərinin üzərindən üç ildən artıq müddət keçmiş, birinci instansiya məhkəməsi isə həmin rəylərin uzun müddət əvvəl verilməsinə diqqət yetirməmiş və sonuncu verilmiş rəyləri (xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, həm də xx.xx.2024-cü il tarixli 10/5126 nömrəli ekspert rəyi) düzgün qiymətləndirməmişdir. Halbuki, mübahisəli torpaq sahəsinin keçən müddət ərzində zəbt edililib-edilməməsi və ya zəbt olunmuş hissənin (zəbtin ölçüsünün) dəyişməsi və s. kimi hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.

70. Bundan əlavə, məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı verdiyi izahatda bildirmişdir ki, mülkiyyətində Tovuz rayon Aşağı Quşçu kəndində yerləşən ümumi sahəsi 0,08 ha olan həyətyanı torpaq sahəsində çəkilmiş çəpərin cavabdeh tərəfindən söküldüyünü, yalnız sonuncunun inşa etdiyini tikilinin qaldığını bildirmişdir. Həmin hal isə kollegiyanın iclasında iştirak edən Cavabdeh tərəfindən də təsdiqlənmişdir.

71. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

72. Məkhəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsində çəkilmiş çəpər söküldüyündən və həmin xüsusatlar tərəflərindən izahatları ilə təsdiq edildiyindən iddianın - Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən evin ümumi sahəsi 0,08 ha həyətyanı torpaq sahəsinin 200 kv.metr hissəsindən Cavabdeh çıxarılmasına əsas qalmamışdır. Həmçinin, həmin hissə üzrə mübahisə aradan qalxdığından iddiaçı iddianın yalnız qanunsuz tikilinin sökülməsi hissəsinə baxılaraq hüquqi qiymət verilməsini xahiş etmişdir.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

74. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

75. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

76. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

77. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

78. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

79. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

82. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

83. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

84. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən 100 manat ekspertiza xərci tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.20223-cü il tarixli 2(062)-62/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin 28 kv.m hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsində tikilmiş qanunsuz tikili cavabdehin vəsaiti heabına sökülsün. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci cavabdehə aid edilməklə, 100 (yüz) manat pul Cavabdeh tululub SAP (XİİS), X1, kod210005, VÖEN**********, m/h Az41NABZ0136010**********944, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar