Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-525/2024 30.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) X2 iştirakı ilə, Ərizəçi itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə ərizəsinə dair iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 2(042)-995/2023 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Bağırov X4 Rayon Məhkəməsinin 10 may 2007-ci il tarixli 2-81 saylı mülki iş üzrə məhkəmə icraatının bərpa edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin 10 may 2007-ci il tarixli 2-81/2007 saylı qətnaməsi ilə iddiaçı X1 cavabdehlər Gədəbəy Rayon Aqrar islahat Komissiyası, Azərbaycan Respublikası DT və XK-nin Gədəbəy Rayon Şöbəsi və ona qarşı dövlət aktının ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 18 fevral 2008-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamə ona təqdim edilməmiş, o, yalnız 20 iyul 2023-cü il tarixdə həmin qətnaməni almış və ondan kassasiya şikayəti vermişdir. Lakin məlum olmuşdur ki, 2-81/2007 saylı iş Gədəbəy Rayon Məhkəməsinin arxivinə verilmiş və sonradan saxlama müddətinin keçməsi ilə əlaqədar məhv edilmişdir. O, Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün həmin icraatın bərpa edilməsi üçün ərizəsinin təmin edilməsini xahiş edir. Gədəbəy Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 2(042)-995/2023 nömrəli qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) ərizə təmin edilməmişdir. Qətnamədən narazı qalan Ərizəçi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Ərizə üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və faktiki hallara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə işə baxarkən Gəncə Apellyasiya Məhkəməsinin 18 fevral 2008-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verdiyini, lakin Gəncə Apellyasiya Məhkəməsinin 28 aprel 2008-ci iltarixli qərardadı ilə kassasiya şikayətinin geri qaytarıldığını və bu halın onun qətnaməni vaxtında almağı kimi qiymətləndirməsi tamamilə əsassızdır. Çünki, həmin qətnaməni ümumiyyətlə almamışdır və sözügedən kassasiya şikayətinin kim tərəfindən verilməsi də ona məlum deyil. Məhkəmə qətnaməsini almadığı və işin nəticəsi barədə məlumatı olmadığı üçün xx.xx.2023-cü il tarixdə rəsmi ərizə ilə Gəncə Apellyasiya Məhkəməsinə müraciət edərək həmin məhkəmənin 18 fevral 2008-ci il tarixli qətnaməsini rəsmi qaydada əldə etmiş və bundan dərhal sonra vəkillə müqavilə bağlayaraq qətnamədən kassasiya şikayəti vermişdir. İş materialları mövcud olmadığı təqdirdə məhkəmənin onun qətnaməni almağı barədə gəldiyi nəticə tamamilə əsassızdır. Çünki qeyd edilən qətnamədən onun adından kim tərəfindən kassasiya şikayəti verilməsi ona məlum deyil. Əgər kassasiya şikayəti mövcuddursa, həmin şikayətdəki imzanın ona məxsus olması faktı ekspertiza ilə müəyyənləşdirilə bilər. Qətnaməni almışdırsa və kassasiya şikayəti vermişdirsə həmin şikayətin geri qaytarılması barədə qərardad niyə ona təqdim edilməmişdir. Göründüyü kimi məhkəmənin gəldiyi nəticə əldə heç bir sənəd olmamağına baxmayaraq fərziyyələrə əsaslanır. Belə olan halda məhkəmə ərizəni təmin etməli və itirilmiş iş üzrə icraatı bərpa etməli idi. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə nümayəndəsi (oğlu) X3 apellyasiya şikayətini müdafiə etdiyini qeyd edib, ılavə olaraq izahatında bildirmişdir ki, 2007-ci ildə mübahisə predmeti olan Dövlət aktı ləğv edilmiş olsa da, lakin faktiki olaraq həmin torpaq sahəsi onun istifadəsindədir. Dövlət aktının ləğv edilməsi barədə məhkəmə qətnaməsi olduğuna görə həmin qətnamədən kassasiya şikayəti vermək istəyir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə bildirmişdir ki, itirilmiş icraat üzrə qəbul edilmiş qətnamə icra olunmamışdır. Torpaq sahəsi qətnamə qəbul edildiyi vaxtdan hal-hazıradək onun istifadəsindədir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunması barədə yeni qətnamə çıxarılmasın xahiş etmişdir. Apellyasiya baxışı zamanı verilmiş sorğu əsasında alınan Gədəbəy rayon icra və probasiya şöbəsinin 30 aprel 2024-cü il tarixli 274/2024 nömrəli məktubundan görünür ki, vətəndaş Ərizəçi tərəf olduğu hər hansı icra sənədi şöbəyə daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. MPM-ə 1 saylı Əlavənin 1-ci maddəsinə əsasən, başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. Həmin Əlavənin 4-cü maddəsinə əsasən, ərizədə ərizəçinin məhz hansı icraatın bərpa olunmasını istəməsi, məhkəmə tərəfindən mahiyyət üzrə qətnamə, yaxud iş üzrə icraatın xitam verilməsi barədə qərardad qəbul edilib-edilməməsi, ərizəçinin həmin icraatda hansı prosessual vəziyyətdə olması, ərizəçinin ünvanı və ya yaşadığı yer, icraatın itirilməsi barədə hansı halların məlum olması, icraat sənədlərinin surətlərinin harada olması və onlar barəsində məlumatlar, hansı sənədlərin bərpasını ərizəçinin zəruri hesab etməsi, bu sənədlərin hansı məqsədlə bərpa edilməsi göstərilməlidir. Həmin Əlavənin 6-cı maddəsinə əsasən, itirilmiş icraatın bərpası barədə ərizədə ərizəçi tərəfindən müraciətin məqsədi göstərilmədikdə, məhkəmə ərizəni hərəkətsiz saxlayaraq, ona həmin zəruri halları ərizədə şərh etmək üçün vaxt verir. İtirilmiş icraatın bərpası ərizəçinin hüquq və qanunla qorunan mənafeyi ilə əlaqədar olmadıqda, məhkəmə ya itirilmiş icraatın bərpası üzrə iş başlanmağı rədd edir, yaxud belə iş başlamışsa, əsaslandırılmış qərardadla onu baxılmamış saxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışı zamanı Gədəbəy Rayon Məhkəməsinin 10 may 2007-ci il tarixli 2-81/2007 saylı qətnaməsi əsasında icra sənədi verilib-verilməsi, habelə belə bir sənəd verildiyi təqdirdə qətnamənin icra olunubolunmaması barədə icra orqanına sorğu verilmiş və sorğuya cavab olaraq alınmış Gədəbəy rayon icra və probasiya şöbəsinin 30 aprel 2024-cü il tarixli 274/2024 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, sözügedən qətnamə əsasında hər hansı icra sənədi verilməmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı məhkəmə iclasında ərizəçinin nümayəndəsi oğlu izahatında bildirmişdir ki, itirilmiş icraat üzrə qəbul edilmiş qətnamə icra olunmamışdır. Torpaq sahəsi qətnamə qəbul edildiyi vaxtdan hal-hazıradək onun istifadəsindədir. Göründüyü kimi, ərizəçinin bərpasını xahiş etdiyi itirilmiş məhkəmə icraatı üzrə qəbul edilmiş məhkəmə qətnaməsi hazırkı vaxtadək icra edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, ərizəçinin bərpasını xahiş etdiyi itirilmiş məhkəmə icraatın bərpası onun hüquq və qanunla qorunan mənafeyi ilə əlaqədar olmamışdır. Ona görə də, hazırkı ərizə baxılmamış saxlanılmalıdır. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan halları hərtərəfli, tam və obyetiv arardırıb düzgün hüquqi qiymət verməmiş, ərizəyə mahiyyəti üzrə baxmaqla ərizəni təmin etməmişdir. Həmçinin ərizəçiyə izah olunmalıdır ki, onun bərpasını xahiş etdiyi itirilmiş məhkəmə icraatı üzrə qəbul edilmiş məhkəmə qətnaməsi gələcəkdə icraya yönəldilərək icra olunduğu halda, yenidən eyni müraciətlə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və MPM-nin 263-264, 372, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli 2(042)-995/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin. Ərizəçi itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, onun bərpasını xahiş etdiyi itirilmiş məhkəmə icraatı üzrə qəbul edilmiş məhkəmə qətnaməsi gələcəkdə icraya yönəldilərək icra olunduğu halda, yenidən eyni müraciətlə müvafiq məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-525/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-525/2024
30.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver