Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-54/2023 16.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-15/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1997-ci il tarixli 08 saylı qərarına əsasən ona və ailə üzvlərinə verilmiş 0.12 ha torpaq sahəsinin 0.02 ha hissəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 çıxarılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-15/2021 saylı qətnaməsi ilə (F.Mirzəquliyev) iddia tələbinin təmin edilməməsi, iş üzrə mütəxəssis rəyinin verilməsinə görə çəkilən xərc 294.83 manatın İddiaçı1 tutularaq "xxxx" MMC-nin AZ23AİİB ******************** nömrəli hesablaşma hesabına köçürülməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı1 qətnamənin dəlilləri ilə razılaşmayaraq apelyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya və ailə üzvlərinə Gədəbəy rayon AİK-nın Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1997-ci il tarixli 08 saylı qərarına əsasən 0.12 ha torpaq sahəsi verilmişdir. İş üzrə cavabdehlər torpaq verildiyi tarixdən hazırki tarixədək həmin torpaq sahəsinin 0.02 ha hissəsini zəbt etmişdir. O dəfələrlə cavabdehlərə torpaq sahəsini boşaltmağı təklif etsə də, bu mümkün olmamışdır. Ona görə də, məhkəməyə müraciət etmiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1997-ci il tarixli 08 saylı qərarının surətindən görünür ki, İddiaçı1 və onun ailə üzvlərinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1997-ci il tarixli 08 saylı qərarının surətindən görünür ki, X1 və onun ailə üzvlərinə 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. xx.xx.2020-ci il tarixli 11/M-181 saylı mütəxəssis rəyindən görünür ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1997-ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı1 0.12 ha torpaq sahəsi verilmiş, hazırda istifadəsində 0.1684 ha torpaq sahəsi vardır. Cavabdeh2 isə 0.12 ha torpaq sahəsi verilmiş, hazırda istifadəsində 0.2429 ha torpaq sahəsi vardır. Lakin iddiaçı və cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsi ilə Gədəbəy rayonu, Əlinağılar kəndi Əlinağılar təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluş layihəsi arasında uyğunsuzluqlar aşkar olunduğuna görə qərardadda qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessaul hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, mütəxəssis rəyi əsaslı deyil, məhkəmə tərəfindən mübahisəli əraziyə baxış keçirməmişdir. Ekspertiza təyin edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin apelyasiya məhkəməsində verdiyi izahatlar İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi . Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısnın izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarından göründüyü kimi, iddiaçı ona məxsus olan Gədəbəy rayon Əlinağılar kəndində yerləşən 0,12 ha həyətyani torpaq sahəsinin zəbt edilmiş 0,2 ha sahəsindən cavabdehlərin çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının MM-nin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri ) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etməsi hüququna malikdir, he kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn prensipi ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Əmlakdan maneəsiz istifadə hüququnun mahiyyətini açıqlayan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 1979-cu il tarixli Marks Belçikaya qarşı qərarında göstərilir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Yuxarıda sadalanan normaların mahiyyəti və hüququn ümumi prinsiplərindən görünür ki, mülkiyyət hüququ fundamental bir hüquqdur. Həm daxili qanunvercilik, həm də beynəlxalq hüquq mülkiyyət hüququna “mülkiyyətçinin sərbəstlik sferası” prizmasından yanaşır. Mülkiyyətçi öz əmlakından maneəsiz və arzuladığı formada istifadə etdiyi təqdirdə bu hüquq öz mahiyyətini əldə edir. Mülkiyyətçinin öz əmlakından istədiyi formada istifadə edə bilməməsi əslində mülkiyyət hüquqlarını maneəli formada həyata keçirilməsini özündə ehtiva edir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Beləliklə, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək mütəxəssis cəlb edilmiş, ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin əməkdaşları tədqiqat obyektinə baxış keçirmiş və müəyyən edilmişdir ki, Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 27 iyul 1997-ci il tarixli 08 saylı qərarına əsasən İddiaçı2 0.12 ha torpaq sahəsi verilmiş, hazırda istifadəsində 0.1684 ha torpaq sahəsi vardır. Cavabdeh2 isə 0.12 ha torpaq sahəsi verilmiş, hazırda istifadəsində 0.2429 ha torpaq sahəsi vardır. Lakin iddiaçı və cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsi ilə Gədəbəy rayonu, Əlinağılar kəndi Əlinağılar təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluş layihəsi arasında uyğunsuzluqlar aşkar olunduğuna görə qərardadda qoyulmuş sualları cavablandırmaq mümkün olmamışdır. Bundan başqa məhkəmə kollegiyası tərəfindən yerində baxış keçirilən zaman iddiaçı və cavabdehlərə məxsus torpaq sahələrinin arakəsməsi olan çəpərin dayaq nöqtələrinin uzun zamandır orada olduğu müəyyən edilmişdir. Həmçinin vizual baxış zamanı həmin dayaq nöqtələrinin yerdəyişməsi müəyyən olunmur. Belə olan halda cavabdehlərin iddiaçıya məxsus 0,2 ha torpaq sahəsini zəbt etməsi müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Odur ki, apelyasiya şikayəti təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-15/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas vermir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əssən apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(042)-15/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-54/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-54/2023
16.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver