Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-544/2023 10.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı Rəhimova (Məhərrəmova) Gülcöhrə Bəkir qızının və Cavabdeh iştirakı ilə, İddiaçı Rəhimova (Məhərrəmova) Gülcöhrə Bəkir qızının Cavabdeh qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(015)-758/2022 saylı qətnaməsindən iddiaçı Rəhimova (Məhərrəmova) Gülcöhrə Bəkir qızı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Rəhimova (Məhərrəmova) Gülcöhrə Bəkir qızı Cavabdeh qarşı «istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Ağstafa rayonu Yuxarı Göycəli kəndində yerləşən evə onun və övladı X8 istifadə hüququnun tanınması və həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslanırmışdır ki, cavabdehlə 01 avqust 2007-ci il tarixdə evlənmiş və 2013-cü ildə rəsmi nikaha daxil olmuşlar. O, evlənən zaman cavabdehin və valideyinlərinin yaşadığı, həmçinin istifadə etdiyi Ağstafa rayonu Yuxarı Göycəli kəndində yerləşən evə gəlin köçmüşdür. Həmin nikahdan həmin evdə yaşadıqları dövrdə 3 üşaqları - 20 sentyabr 2008-ci il tarixdə X12, 02 may 2010-cu il təvəllüdlü X13 və 01 mart 2013-cü il təvəllüldü X14 anadan olmuşdur. O, evdən döyülüb qovulana kimi həmin evdə bərabər yaşamış və bərabər təsərrüfatı idarə etmişlər. Hazırda o, Bilalla birlikdə atası evində yaşayır. Bilal da həmin evdə anadan olmuş və evdən çıxarılana kimi orda yaşamışdır. O, hazırda Bilalla birlikdə cavabdehin yaşadığı Ağstafa rayonu Yuxarı Göycəli kəndində yerləşən evdən yaşayış hüquqlarının tanınması və övladı Bilalla birlikdə həmin evə köçürülmələrini xahiş edir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Ağstafa Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(015)-758/2022 saylı qətnaməsi ilə (Z.Rəsulov) iddia tələbi rədd edilmişdir. İşdə olan sübutlar: 13 mart 1989-cu il tarixli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Ağstafa rayonu, Göycəli kəndində yerləşən ev X3 mülkiyyətində olmuşdur. Torpağı mülkiyyətə verilməsinə dair JN-14A, KOD 50200018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ağstafa rayon Aqrar İslahat Komissiyasının 27 may 1997-ci il tarixli qərarı ilə X5, X6, X2 və Cavabdeh İmaməli oğluna Ağstafa rayonu, Yuxarı Göycəli kəndində 0.28 ha torpaq sahəsi verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Ağstafa rayonu, Göycəli kəndində yerləşən 0.28 ha torpaq sahəsində yerləşən sahəsi 93.2 kvm daşınmaz əmlak birgə mülkiyyət hüququ 25 avqust 2022ci il tarixdə üzrə X4, X1 və Cavabdeh adına qeydə alınmışdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 17 aprel 2012-ci il tarixdə ölmüşdür. Apellyasiya şikayətinin dəlilləri. Ağstafa Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(015)-758/2022 saylı qətnaməsindən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək və iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Rəhimova (Məhərrəmova) Gülcöhrə Bəkir qızı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə birlikdə həmin evdə təsərrüfatı idarə etmiş, evi təmir etdirmiş və digər tikinti işləri aparmışlar. Evin təmirini cavabdeh özü usta olduğundan özü, onun əmisi və qardaşı bərabər etmişlər. Həmin evdə cavabdehlər birlikdə uşaq böyütmüşlər. Cavabdeh məhkəmə icraatı zamanı torpağı və evi öz adına keçirmişdir. Məhkəmə qətnamə qəbul edərkən formal mülahizələrə əsaslanmışdır. Onların toy kassetindən görünür ki, onlar illərlə həmin evdə birlikdə təsərrüfatı idarə etmişlər. İddiaçı hazırda həmin evdə passport qeydiyyatındadır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı cavadebhin yazılı etirazı: Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, o, iddiaçını döyüb qovmamış, əksinə iddiaçının qardaşları dava salaraq onu döymüşlər. Bu barədə Ağstafa RPŞ-də də cinayət işinin başlamasının rədd edilməsi barədə qərar vardır. Digər tərəfdən evə təmiri və tikintisinə çəkilən xərləri onun ata və anası vermişdir. İddiaçı onun atasını mülkiyyətində olan evə 2007-ci ildə gəlin köçmüşdür. Atası isə 2016-cı ildə vəfat etmişdir. İddiaçı ilə atası arasında heç bir razılaşma olmamışdır. Həmin vaxt evin qeydiyyat vəsiqəsi olub. Atasının vəfatından sonra evi anası Lətifə Səfərova idarə edir. İddiaçı ilə anası arasında heç bir razılaşma olmamışdır. İddiaçı polis orqanlarına əsassız şikayətlər və bezdirici hərəkətlər edir. Hazırda başqa şəxslə ailə qurmuşdur. İddiaçı ilə birlikdə yaşamaq da mümkün deyildir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı Rəhimova (Məhərrəmova) Gülcöhrə Bəkir qızı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, o, mübahisəli evdən 2019-cu ilin aprel ayının 9-da çıxmış və valideynlərinə məxsus evdə yaşamaqdadır. Məhkəmə iclasında iştirak edən Cavabdeh etirazında göstərilənlərə uğun izahat verib əlavə olaraq bildirdi ki, o, 8-9 aydır ki, ikinci dəfə ailə qurmuşdur. Hesab edir ki, iddiaçı da məhz onun evlilyi ilə əlaqədar qərəzli olaraq iddia qaldırmışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, mübahisəli ev atasından qalmış miras kimi onun, anasının və bacısının birgə mülkiyyətinə keçmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarı: 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən, 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı X7 ilə Cavabdeh ilə 01 avqust 2007-ci il tarixdə faktiki ailə qurmaqla evlənmiş və cavabdehin atası X3 mülkiyyətində olan Ağstafa rayonu Yuxarı Göycəli kəndində yerləşən evə köçmüş, 22 noyabr 2013-cü il tarixdə isə Cavabdeh ilə nikahlarını rəsmiləşdirmişlər. X9 2015-ci il tarixdə vəfat etmiş, iddiaçı X7 mübahisəli evdən 2019-cu ilin aprel ayında çıxmış və həmin tarixdən valideynlərinə məxsus evdə yaşmaqdadır. X3 ölümü ilə ondan miras qalmış Ağstafa rayonu, Göycəli kəndində yerləşən sahəsi 93.2 kv.m fərdi yaşayış evi birgə mülkiyyət hüququ üzrə 25 avqust 2022-ci il tarixdə X4, X1 və Cavabdeh adına qeydə alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 2007-ci il tarixdə faktiki ailə qurmaqla cavabdehin atası X3 evinə köçmüşdür ki, ilk öncə mübahisəyə tətbiq eidlməli olan norma Mülki Məcəllənin 228.2-ci maddəsi olmuşdur. Həmin maddənin tələbinə görə isə mübahisəli mənzildən istifadə hüququnun yaranması üçün üç mütləq şərt yerinə yetirilməli, yəni iddiaçı mənzilin mülkiyyətçisi ilə yazılı razılaşma bağlamalı, həmin razılaşma notariat qaydasında təsdiq edilməli və onun bu istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi. İddiaçı tərəfindən isə qeyd olunan normanın şərtlərinin yerinə yetirilməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, yəni iddiaçı mübahisəli evə köçdüyü zaman evin mülkiyyətçisi X9 ilə evdən istifadə hüququna dair yazılı razılşama bağlamamışdır. Buna görə də iddiaçının evə köçdüyü zaman həmin evə istifadə hüququ yaranmamışdır. İşin mübahisəsiz halı kimi isə evin mülkiyyətçisi olmuş X3 2015-ci il tarixdə vəfat etməsi ilə əlaqədar isə həmin ev miras qalmış, digər vərəsələr kimi cavadbeh də iddiaçı ilə birgə nikahda olduğu müddətdə mirası faktiki qəbul etmilş, lakin miras əmlak üzrə hüquqlarını 2022ci il tarixdə, yəni iddiaçı ilə nikah pozulduqdan sonra qeydə aldırmışdır. Cavadebhin miras qalmış evi faktiki qəbul etməklə, 2015-ci il tarixdən mübahisəli evin birgə mülkiyyətçisi hesab olunmuşdur ki, bununla da iddiaçının Mənzil Məcəlləsinin 30.2-ci maddəsinin tələbinə əsasən ailə üzvü qismində mübahisəli evə istifadə hüququ yaranmışdır. Lakin, iddiaçı ilə cavadbeh 2019-cu ildən ailə münasibətlərinə xitam verilmiş, 2020-ci il də isə aralarında bağlanmış nikah pozulmuşdur ki, bununla da iddiaçının Mənzil Məcəllənin 30.4-cü maddəsinin tələbinə əsasən münbahisəli mənzilə yaranmış istifadə hüququ itmişdir. İddiaçı 2019-cu il tarixdən isə mübahisəli evdən çıxıb, valideynlərinin evində yaşamaqla özünə daimi yaşayış yeri seçmişdir ki, bununla da onun mübahisəli mənzilə müəyyən müddətə istifadə hüququnun saxlanması üçün də əsaslar mövcud olmamışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Buna görə də şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Ağstafa Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(015)-758/2022 saylı qətnaməsindən iddiaçı Rəhimova (Məhərrəmova) Gülcöhrə Bəkir qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(015)-758/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.