Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-547/2023 14.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X6 qarşı mülki iş üzrə Açar söz: əmlak tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə2, Cavabdeh X5 iştirakları, Gəncə Şəhər Məhkəməsinin 2(125)-500/2022 saylı mülki iş üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, ******* manat dəyərində olan Nord markalı soyuducu X8 tərəfindən satın alınmışdır.
2. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1875/2020 saylı qətnaməsinə əsasən, iddia təmin edilərək, İddiaçı2, İddiaçı1 və X5 ünvan 1 ünvanda 97 kv.m torpaq sahəsində yerləşən 21.8 kv.m bir yaşayış otağından ibarət mülkə hər birinin miras əmlakda payları 1/3 hissədə müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)- 1939/2021 saylı qətnaməsinə əsasən, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-1875/2020 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək, İddiaçı2, İddiaçı1 və X10 mərhum X2 vərəsələri kimi tanınmış; X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə İddiaçı2 2/9 hissədə, İddiaçı1 2/9 hissədə və X5 2/9 hissədə payları müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onlara məxsus 3100 manat dəyərində əşyaların naturada, əşyalar olmadığı halda dəyərinin və dövlət rüsumu kimi ödənilmiş 32 manat pulun, cəmi 3132 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
4. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, cavabdeh onların əmisidir. X3 vəfat edəndən sonra cavabdeh onları və anasını yaşadıqları ünvan 1 evdən çıxarmışdır. Onlar evdən çıxarkən bir sıra ev əşyaları həmin evdə qalmışdır. Cavabdeh həmin əşyaları könüllü olaraq qaytarmır. Həmin əşyalar: nərdtaxta əl işi-dəyəri 200 manat, jurnal stolu əl işi-dəyəri 200 manat, soyuducu-dəyəri 400 manat, ayaq tikiş maşını 2 ədəddəyəri 1000 manat, şifoner üstlü-dəyəri 100 manat, televizor-dəyəri 100 manat, kompyuter stolu, stullar-dəyəri 250 manat, samovar-dəyəri 210 manat, aluminium betondəyəri 40 manat, mətbəx üçün qab-qacaqlar-dəyəri 200 manat, 5 ədəd 4 metrlik 100 smlik dəmir truba(boru)-dəyəri 400 manat, cəmi 3100 manat məbləğdə olan əşyalardan ibarətdir.
5. Gəncə Şəhər Məhkəməsinin 2(125)-500/2022 saylı mülki iş üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi qismən təmin edilmiş, Gəncə şəhəri, İbrahim Eminbəyli küçəsində 90 saylı evdə yerləşən kompyuter stolu, qablar və televizorun cavabdeh X4 alınaraq, iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi, jurnal stolunun dəyəri olan 50 (əlli) manat, soyuducunun dəyəri olan 30 (otuz) manat, boruların dəyəri olan 30 (otuz) manat, cəmi 110 (yüz on) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 03 (üç) manatın cavabdeh X4 alınaraq, iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(0125)-500/2022 saylı mülki iş üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə MM-in 157.2-ci maddəsinin tələblərini pozmuş, iddianı tam təmin etməmiş və onlara məxsus olan əşyaları çox aşağı qiymətləndirmişdir. Həmin əşyaların ümumi qiyməti 3100 manat dəyərində olsa da, məhkəmə iddianı qismən təmin edərək, iş üzrə düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və əlavə olaraq qeyd etdi ki, cavabdehdən iddia edilən, 2005-ci ildə əldə edilmiş “Nord” markalı soyuducunun hazırki dəyəri təxminən 170 manat məbləğini təşkil edir. Sonda nümayəndə şikayətin təmin olunaraq, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X10 apellyasiya şikayətinə etiraz edərək, izahatında bildirdi ki, məhkəmə qətnaməsi ilə razıdır. 2005-ci ildə istehsal edilmiş, işlək vəziyyətdə olan “Nord” markalı soyuducunun hazırki dəyəri təxminən 150 manat məbləğini təşkil edər. O isə “Nord” markalı soyuducunu işləməyən vəziyyətdə 30 manata satmışdır. Odur ki, şikayətin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 2(0125)-500/2022 saylı mülki iş üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 11.Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
12. Maddə 157.2. Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 76. İşdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi nəzərdə tutulmuşdur.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir.
17. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
20. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
23. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iddia tələbini cavabdehin etiraf etdiyi hissədə qismən təmin etmişdir.
26. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qismən əsaslı olmuşdur.
27. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. İddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Ona görə də, Azərbaycan Respublikasının MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgənin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya shibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
28. Həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyasında müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə cavabdehdən alınması qət edilmiş əşyaların iddiaçılara məxsus olması və cavabdehin sahibliyində qalması işin mübahisəsiz halıdır. Bu hal cavabdehin etirafı ilə öz təsdiqini tapmışdır.
29. Apellyatorların şikayətinin əsas dəlilləri isə qətnamənin iddianın təmin edilməmiş hissəsindən və cavabdehdən alınması qət edilmiş, həmçinin naturada mövcud olmayan əşyaların dəyərinin müəyyən edilməsi ilə bağlı hissəsindəndir.
30. Bununla bağlı məhkəmə kollegiyası göstərir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə, iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübut etmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
31. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, işin məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia etdikləri və iddianın təmin edilməyən hissəsi üzrə əşyaların mövcudluğu və soyuducunun dəyəri istisna olmaqla onların dəyəri barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişlər.
33. Bununla belə kollegiya hesab edir ki, qətnamə iddiaçılar tərəfindən tələb edilən soyuducunun dəyərinin müəyyən edilməsi hissəsində qismən dəyişdirilməli, həmin soyuducunun dəyəri cavabdehin etiraf etdiyi məbləğdə yəni, 150 manat məbləğində müəyyən edilməlidir.
34. Belə ki, artıq yuxarıda göstərildiyi kimi, məhkəmə kollegiyasının iclasında iştirak edən Nümayəndə2 izahatında qeyd etmişdir ki, cavabdehdən iddia edilən, 2005-ci ildə əldə edilmiş “Nord” markalı soyuducunun hazırki dəyəri təxminən 170 manat məbləğini təşkil edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X10 isə izahatında bildirmişdir ki, 2005-ci ildə istehsal edilmiş, işlək vəziyyətdə olan “Nord” markalı soyuducunun hazırki dəyəri təxminən 150 manat məbləğini təşkil edər.
35. Belə olan halda MPM-in sübutlarla bağlı tələblərinə əsaslanan kollegiya hesab edir ki, cavabdehdən iddia edilən, 2005-ci ildə əldə edilmiş “Nord” markalı soyuducunun hazırki dəyərinin müəyyən edilməsi ilə bağlı cavabdeh X5 izahatı işin həmin halının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-500/2022 saylı mülki iş üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş-soyuducunun dəyəri olan 30 manat pulun cavabdeh X4 alınaraq, iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi hissəsində dəyişdirilməli və soyuducunun dəyəri 150 manat məbləğində müəyyən edilməlidir. Adi riyazi hesablamadan müəyyən olunur ki, mövcud olmayan əşyaların cəmi dəyəri (jurnal stolunun dəyəri 50 manat+soyuducunun dəyəri 150 manat+boruların dəyəri 30 manat =230 manat) cəmi dəyəri 230 manat məbləğini təşkil edir. Ona görə də X4 alınaraq, iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməli olan pulun məbləği 230 (iki yüz otuz) manat məbləğində müəyyən edilməlıdir. Qalan hissələrdə apellyasiya şikayətinin dəlilləri əsassız sayılmalı və təmin edilməməlıdir.
36. Hazırki işdə iddianın qiyməti 5000 manatdan azdır və ona görə də bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-500/2022 saylı mülki iş üzrə 18 oktyabr 2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş-soyuducunun dəyəri olan 30 manat pulun və cəmi 110 (bir yüz on) manat pulun cavabdeh X4 alınaraq, iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi hissəsində dəyişdirilsin. Soyuducunun dəyəri 150 (bir yüz əlli) manat məbləğində, cavabdeh X4 alınaraq, iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməli olan pulun məbləği isə 230 (iki yüz otuz) manat məbləğində müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.