Məhkəmə qərarları › İş №2(104)-554/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-554/2023

08.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-554/2023 08.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras payın naturada bölünməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-1552/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qardaşı Cavabdeh miras payının naturada ayrılması və Cavabdeh 1000 manat kompensasiya verməklə vəsiyyətnamə ilə ona məxsus olan, 16 dekabr 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarış əsasında olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-1552/2022 saylı qətnaməsi ilə (hakim F.Babaşov) iddiaçı X2 Cavabdeh qarşı “Miras paylarının naturada ayrılması və evdən çıxarılma” tələbinə dair iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun İddiaçı alınaraq "xxxx" ASC-nin Xətai Filialı, Kod 200071 VÖEN (bank) **********, SWİFT kod: AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, Kadastr və Yerquruluşu Lahiyə-tədqiqat Mərkəzi, VÖEN **********, AZ23AİİB******************** nömrəli hesaba ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində ünvan 3ində 0.23 ha torpaq sahəsi üzərində ümumi sahəsi 88.7 kv.m olan fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinə 16 dekabr 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarış almışdır. ünvan 3ində yerləşən fərdi yaşayış evi ona atası X9 tərəfindən vəsiyyətnamə ilə verilmişdir. X14 31 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Mərhum atası X1 21 oktyabr 2017-ci il tarixdə Bərdə regional Asan xidmət Mərkəzinin notariat ofisində ölən günədək ona məxsus olan daşınar və daşınmaz əmlakını, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini və digər daşınmaz əmlakları onun adına vəsiyyət etmişdir. Atası vəfat etdikdən sonra onun miras əmlakları olan pay torpağını, yaşayış evini, həyətyanı sahəsini, yaşayış evinin içərisində yerləşən əşyaları faktiki olaraq o qəbul etmişdir. Lakin hazırki iş üzrə cavabdeh qardaşı Cavabdeh atasının vəfat etdiyi gündən 2 ay sonra onun xəbəri olmadan vəsiyyətnamə ilə ona verilmiş olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin qapısını qıraraq həmin evdə yaşamağa başlamışdır. Dəfələrlə çıxmasını bildirsə də heç bir nəticəsi olmamşdır və çxmaqdan imtina etmişdir. Atası sağlığında qardaşına onların torpaq sahəsinin yanında torpaq alıb vermişdir, lakin qardaşı Cavabdeh uzun zamandır ki, ayrı təsərrüfatdır və ailə üzvləri ilə birlikdə Bərdə rayon Xanərəb kəndində yaşayır. 15 ildir ki, onlar evdən çıxıb getmişlər və davamlı yaşamaq üçün həmin evə gəlməmişlər. Atasının yas mərasimini də o vermiş və yasın bütün xərclərini, qəbirüstünün xərclərini o çəkmişdir. Qardaşı isə atasının yas mərasiminə sadəcə bir-iki dəfə gəlmişdir. Qardaşı atasının ona vəsiyyətnamə verdiyini bilmişdir və həmin evi adına rəsmiləşdirir, bunun üçün də qardaşı həmin evdə yaşaması üçün atasının vəfat etdiyi gündən 2 ay sonra həmin evdə yaşamağa başlıyıb. O, qardaşının onun evində yaşamasını istəmir. Bunun üçün də cavabdeh qardaşı Cavabdeh ünvan 3ində yerləşən fərdi yaşayış evindən miras paydan naturada tanınmasını və onun payına düşən hissədə qardaşı Cavabdeh və ailə üzvlərinə 1000 manat kompensasiya verməklə vəsiyyətnamə ilə ona məxsus olan və 16 dekabr 2021-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış Çıxarış əsasında olan ünvan 3i ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasını istəyir. Bundan başqa qardaşı Cavabdeh atası vəfat etdikdən sonra ona qarşı qərəzli olaraq kobud şəkildə davranmış və onu hər kəsin içərisində döymüşdür. Bununla bağlı isə o Bərdə rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmiş, bununla bağlı polis tərəfindən materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilmiş və şikayəti əsasında cavabdeh barəsində Bərdə Rayon Məhkəməsinin hökmü ilə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh dəfələrlə evdə səbəbsiz yerə dava salmış, onu küçə söyüşləri ilə söyüb təhqir etmişdir. Vəfat etmiş atasının, anasının goruna söymüş, başdaşlarını sındıracağı ilə hədə qorxu gəlmişdir. 28 oktyabr tarixindən sonuncu dava zamanı isə giriş qapısını sındırıb, şüşələrini qırmışdır. Bu barədə 102 xidmətinə və rayon polis şöbəsinə məlumat vermişdir. Hal-hazırda göstərdiyi əsaslara görə cavabehlə bir evdə yaşaya bilmədiyi üçün iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız, ədalətsiz və qeyri-obyektivdir. Məhkəmə qarşı tərəfin marağına uyğun qətnamə qəbul etmişdir. Belə ki, hakim iş üzrə heç bir sorğu etməmişdir. Məhkəmədə də hakim cavabdehlərin adından, onların vəkili kimi çıxış edərək heç bir araşdırma aparmamışdır. Hesab edir ki, qətnamənin ləğv edilməsi üçün kifayət qədər əsaslar var. Göründüyü kimi birinci instansiya məhkəməsinin hakimi yuxarıda qeyd olunan hallara və normativ hüquqi aktların tələblərinə istinad etmədən araşdırmalı olduğu halları araşdırmamış və qarşı tərəfin xeyrinə qətnamə qəbul etmişdir. Hakim heç bir dəlil və sübuta istinad etməyərək, araşdırılmalı olan halları araşdırmamış, qarşı tərəfin xeyrinə qətnamə çıxarmışdır Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, ona xx.xx.2022-ci il tarixdə verilmiş **********92 qeydiyyat nömrəli çıxarışda Bərdə rayonu, Şərəfli kəndində yerləşən 88,70 kv.metrdən ibarət fərdi yaşayış evinin 11/12 hissəsinin ona məxsus olduğu göstərilsə də sonradan həmin evin 5/6 hissəsinin məxsus olduğu müəyyən edilmiş, evin 1/6 hissəsi isə cavabdehə məxsusdur və hesab edir ki, sonuncunun payı cüzi olduğuna görə 1000 manat miqdarında kompensasiya verilməklə o, həmin evdən çıxarıla bilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki İddiaçı xx.xx.1963-cü ildə Bərdə rayonu Şərəfli kəndində doğulmuş, Bakı şəhəri, Xətai rayonu, Vunq Tau küçəsi, korpus 2, ev 15, mənzil 612-də qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Xanərəb kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ810715 nömrəli 27 sentyabr 2016-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 22 sentyabr 2016-cı il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 sentyabr 2016-cı il tarixdə 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İİ 152569 nömrəli, 18 may 2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 31 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 18 may 2021-ci il tarixdə 503 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 21 oktyabr 2017-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Gəncəli Hacıyev ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını İddiaçı vəsiyyət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Şərəfli kəndində yerləşən 88,70 kv.metrdən ibarət fərdi yaşayış evinin 1/12 hissəsi, 0,23 ha torpaq sahəsinin 1/36 hissəsi X6, torpaq sahəsinin 24/36 hissəsi X3, fərdi yaşayış evinin 11/12 hissəsi və torpaq sahəsinin 11/33 hissəsi İddiaçı adına olmaqla İddiaçı adına xx.xx.2021-ci il tarixdə **********92-10301 qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bərdə rayonu, Şərəfli kəndində yerləşən 88,70 kv.metrdən ibarət fərdi yaşayış evinin 5/6 hissəsi, 0,23 ha torpaq sahəsinin 35/36 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/6 hissəsi və torpaq sahəsinin 1/36 hissəsi X4 adına olmaqla İddiaçı adına xx.xx.2022-ci il tarixdə **********92 qeydiyyat nömrəsi ilə qeydiyyat aparılmışdır (i.v.77). İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh miras əmlakdan 1/6 hissədə pay almalıdır. Şəhadətnaməyə əsasən verilən əmlak ƏMDK-nin yanında DƏDRXnin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X7 verilmiş **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestindən çıxarışa əsasən Bərdə rayonu Şərəfli kəndində yerləşən ümumi sahəsi 88,7 kv. metr,yaşayış sahəsi 51,2 kv.metr yardımçı sahəsi 37,5 kv.metr, 2 otaqlı fərdi yaşayış evindən və ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X7 verilmiş **********92-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestindən çıxarışa əsasən Bərdə rayonu Şərəfli kəndində yerləşən ümumi sahəsi 0,23 ha olan torpaq sahəsinin X7 məxsus olan hissəsindən ibarətdir. İş materiallarında olan Bərdə Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli, 736 nömrəli məktubdan görünür ki, 31 dekabr 2020-ci il tarixdə vəfat etmiş X4 vəfatından sonra irs qalmış ümumi əmlakın 1/6 hissəsinə dair Bərdə regional “ASAN-Xidmət” Mərkəzinin notariat ofisinə müraciət etmiş vərəsəsi Cavabdeh məcburi paya dair qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Bərdə Regional “Asan-Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 11 aprel 2022-ci il tarixli, 736 nömrəli məktubdan görünür ki, 31 dekabr 2021-ci il tarixdə vəfat etmiş X4 vəfatından sonra irs qalmış ümumi əmlakın ½ hissəsinə dair Bərdə regional “ASAN-Xidmət” Mərkəzinin notariat ofisinə müraciət etmiş vərəsəsi Cavabdeh məcburi paya dair qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnamə verilmişdir. İş materillarında olan Bərdə rayon X13 Bölməsinin təhqiqatçısı, polis mayoru X8 07 noyabr 2021-ci il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə zəng edrək qardaşı Qurbaninin içki qəbul edərək onu öldürməklə hədələməsi və evində olan əşyaları sındırması barədə məlumat vermişdir. İddiaçı müraciətində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir İş materiallarında olan Bərdə rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(021) 90/2021 nömrəli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 sentyabr 2022-ci il tarixli, 10/4539 nömrəli ekspert rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən fərdi yaşayış evi 1/6 hissəs, torpaq sahəsi 1/36 hissə X4 və fərdi yaşayış evi 5/6 hissə, torpaq sahəsi 35/36 hissə İddiaçı mülkiyyətində olan Bərdə rayonu Şərəfli kəndində yerləşən yaşayış evinin və 0,23 ha torpaq sahəsinin paylarına münasib olaraq təcrid şəkildə naturada bölünməsinin İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1.,2.2, 2,4və 2,9 bəndlərində göstərilən və məhkəmə tikinti texniki eksertizasının həlli metodalarında “ yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasında göstərilənlərə uyğun olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı X5 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X4 ölməsi ilə miras qalmış Bərdə rayonu Şərəfli kədində yerləşən fərdi yaşayış evindən qardaşı Cavabdeh miras payının naturada ayrılması və Cavabdeh 1000 manat kompensasiya verməklə ona məxsus olan ünvan 3ində yerləşən fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tikintitexni ekspertizası təyin edilmiş və ekspert rəyində evin real bölgüsünün texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi göstərmişdir ki, göründüyü kimi, iddiaçı və cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi mümkün deyil. Məhkəmə iddia tələbinin kompensasiya ödənilməklə evdən çıxarılması hissəsində qeyd edir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə yalnız onun öz razılığı ilə yol verilir. Bununla bağlı paylı mülkiyyətçi olan hazırki iş üzrə cavabdehin razılığı iş materiallarında mövcud deyil və ya məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Burada hər üç zəruri şərt birlikdə mövcud olmalıdır ki, paylı mülkiyyətçiyə kompensasiya ödənilməsi mümkün olsun, bu şərtlərə daxildir: mülkiyyətçinin pay cüzi olmalı, real surətdə ayrıla bilməməli və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmamalıdır ki, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoysun hansı ki hazırki işdə iddiaçı bu kompensasiyanı cavabdehə təklif edir. Göründüyü kimi, ilk 2 şərt bu işdə mövcud olsa da 3-cü şərt, yəni cavabdehin ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmaması iş materialları ilə sübuta yetirilmir. Həmçinin, konstitusiya və mülki qanunvericiliyin tələbinə əsasən cavabdehə kompensasiya ödənilməsi üçün ilk növbədə əmlakın real bazar qiyməti müəyyən edilməli idi ki, hazırki işdə iddiaçı tərəfindən cavabdehin paylı mülkiyyətdə olan əmlakdakı payı 1000 manat dəyərində qiymətləndirilərək cavabdehə kompensasiya təklif edilmişdir, lakin bu məbləğ əsaslandırılmamış və iddiaçı tərəfindən heç bir mötəbər sübuta istinad edilməmişdir, həmçinin əmlakın qiymətləndirilməsi ilə bağlı mütəxəssis rəyi təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən təklif edilən 1000 manat məbləğində kompensasiya ödənilməklə cavabdeh mübahisəli fərdi yaşayış evindən çıxarıla bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 152.1-ci mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.4-cü maddəsində əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmə hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə payların naturada bölünməsi mümkün olmadığından və iddiaçının cavabdehdən pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir. Kollegiya həm də qeyd edir ki, mülki qanunvericiliyin yuxarıda istinad olunan normasından da göründüyü kimi mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Lakin işdən cavabdehin başqa yaşayış yerinin olduğu təsdiqini tapmadığına görə kollegiya hesab edir ki, onun ümumi əmlakdan istifadə etməkdə marağı vardır. 1000 manat pul kompensasiyası verilməklə evdən çıxarılması onun hüququnun kobud pozuntusu kimi qiymətləndirilir. Kollegiya həmçinin qeyd edir ki, miras qoyan X4 ölümündən sonra birinci növbəli vərəsəsi olaraq iki qızı və bir oğlunun qaldığı və mərhumun sağlığında bütün əmlakını qızına – İddiaçı vəsiyyət etdiyi nəzərə alındıqda miras əmlakdan məcburi pay almaq hüququ olan oğlu - Cavabdeh mirasdakı payı mirasın 1/6 hissəsini təşkil edir. Verilmiş ilkin sənədlərdə vəsiyyət üzrə vərəsə olan iddiaçının payı düzgün olmayaraq mirasın1/12 hissəsi kimi göstərilmiş olsa da, sonrakı hüquqmüəyyənedici sənədlərdən göründüyü kimi iddianın mirasdakı payı 5/6 hissədə müəyyən edilmiş və payın uyğun mülkiyyət hüququnu təsdiq edən sənəd verilmişdir. Azərbaycan Respublikası MPM-in 361.1.5-ci maddəsinə əsasən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6-ci maddəsinə əsasən şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. İddiaçı verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsi üçün kifayət qədər əsasların olduğunu, birinci instansiya məhkəməsinin qeyd olunan hallara və normativ hüquqi aktların tələblərinə istinad etmədən araşdırmalı olduğu halları araşdırmadığını göstərmiş olsa da, lakin qətnamənin ləğv edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş hansı halın olduğunu göstərməmiş, bircə tərəflərin birgə yaşamalarının mümkün olmadığına əsaslanmışdır ki, bu da iddiaçının göstərdiyi qaydada iddianın təmin edilməsi üçün əsas sayıla bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-1552/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar