Məhkəmə qərarları › İş №2(104)-560/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-560/2024

15.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-560/2024 15.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X6 və Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(021)-4127/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onların xüsusi mülkiyyətində olan və hal-hazırda zəbt olunmuş Bərdə rayon Gərənə kəndində yerləşən Çıxarış əsasında olan 1.1714 ha torpaq sahəsindən Cavabdeh çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumu ilə birlikdə vəkilə ödədiyi 50 manat xidmət haqqının cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(021)-4127/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Q.Əbilov) iddia təmin edilmiş, Cavabdeh İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan Bərdə rayonu Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsindən çıxarılması, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(021)-4127/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsini 2010-cu ildə Fehruz Həmidov vasitəsilə 3000 manata ona satmışdır. Torpaq sahəsini aldığı vaxtdan həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Buna sübut kimi Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının hələ də onda olmasına gətirə bilər. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, o, mübahisəli torpaq sahəsini Tərgülün yeznəsi Fehruzdan 2013-cü ildə 3000 manata faktiki olaraq almış, bu zaman Dövlət Aktını da, ona vermişdir. Həmin torpaq sahəsi 11 ildir ki, onun istifadəsindədir. O, mübahisəli torpaq sahəsində taxıl əkmiş, hər il 2 ton taxıl götürür. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(021)-4127/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X10 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçı mübahisəli torpaq sahəsini cavabdehə satmamış, cavabdehin müvəqqəti istifadəsinə vermişdir. Məhkəmə qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(021)-4127/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(021)-4127/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya istansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Reyestr nömrəsi İddiaçı adına verilmiş **********26, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsi İddiaçı, X8, X3 və X2 ümumi birgə mülkiyyətindədir. A №998868 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin Torpaq sahəsinin planı və ölçü sənədindən görünür ki, Bərdə rayon Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsininin hüquq sahibi kimi İddiaçı qeydə alınmışdır. xx.xx.2010-cu il tarixli, ƏN-İ №-082197 nömrəli etibarnamənin surətindən görünür ki, X11, X1, X5 və X7 tərəfindən Bərdə rayon Gərənə kəndində yerləşən 1.23 ha torpaq sahəsinin üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipotek (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı və sair hərəkətləri etməyi xx.xx.2110- cu il tarixinədək Cavabdeh etibarnamə verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Bərdə rayon Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsi İddiaçı, X8, X3 və X2 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin : 84-cü maddəsinin 1-ci bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı və q. mülkiyyətində olan Bərdə rayon Gərənə kəndində yerləşən 1.1714 ha torpaq sahəsi hazırda Cavabdeh tərəfindən istifadə olunur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisəli torpaq sahəsini 2010-cu ildə 3000 manat müqabilində Fehruz Həmidov vasitəsilə satın aldığını, məhkəmə kollegiyasının iclasında isə həmin torpaq sahəsini 2013-cü ildə 3000 manat müqabilində iddiaçının yeznəsi Fehruzdan satın aldığını göstərsə də, bu barədə alğı-satqı müqaviləsini məhkəmə kollegiyasına təqdim etməmiş və müəyyən edildi ki, onlar arasında torpaq sahəsinin alqı-satqısına dair qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmamış və həmin torpaq sahəsi tərəflərin şifahi olaraq qarşılıqlı razılaşması əsasında cavabdehin müvəqqəti istifadəsində olmuşdur. Bu isə o deməkdir ki, iddiaçı tərəf hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(021)-4127/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385, 392, 393 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(021)-4127/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar