Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-563/2025 12.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Ağdam rayon 129 saylı tam orta məktəbinə və Ağdam rayon 23 saylı tam orta məktəbinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmək mübahisələri, əmrin ləğv edilməsi və işə bərpa Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (əri) X7, üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Ağdam rayon 129 saylı tam orta məktəbinə və Ağdam rayon 23 saylı tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2588/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 12 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı adına verilmiş xx.xx.2008-ci il tarixdə açılmış, № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 134 nömrəli əmrə əsasən Ağdam rayon 129 saylı tam orta məktəbinə kitabxanaçı, xx.xx.2009-cu il tarixdə kitabxanaçı vəzifəsindən azad edilərək, 64 nömrəli əmrlə X9 rəhbəri, xx.xx.2010-cu il tarixdə 177 nömrəli əmrlə ixtisası üzrə müəllim vəzifəsinə təyin edilmiş, 303 nömrəli əmrlə isə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir.
2. Ağdam rayon 23 saylı köçkün tam orta məktəbinin xx.xx.2013-cü il tarixli, 69 nömrəli əmrin surətindən görünür ki, Ağdam RTŞ-nin 16 dekabr 2013-cü il tarixli, 91/4 №-li əmrinə əsasən İddiaçı birinci iş yeri saxlanılmaqla Ağdam rayon 23 saylı köçkün tam orta məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir.
3. xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin elektron sistemdən çıxarışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Ağdam rayon üzrə təhsil sektoru/Ümumtəhsil Təhsil Müəssisələri/Ağdam rayonu 129 tam orta məktəbi, Əlavə, Müəllim vəzifəsinə təyin edilmişdir.
4. xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin elektron sistemdən çıxarışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Ağdam rayon üzrə təhsil sektoru/Ümumtəhsil Təhsil Müəssisələri/Ağdam rayonu 23 tam orta məktəbi, Əlavə, Müəllim vəzifəsinə təyin edilmişdir.
5. Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Regional Təhsil İdarəsi Ağdam rayon 129 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli № 303 əmrdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət Ümumi Təhsil müəsissisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasının 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmri əsas götürülərək, İddiaçı Dövlət Ümumi Təhsil müəsissisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası ilə müəyyən olunmuş keçid balını toplaya bilmədiyinə görə, təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün əmək müqaviləsi ləğv edilmişdir.
6. Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Regional Təhsil İdarəsi Ağdam rayon 23 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli № 20 əmrdən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət Ümumi Təhsil müəsissisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasının 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 28 iyun 2024-cü il tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmri əsas götürülərək, İddiaçı Dövlət Ümumi Təhsil müəsissisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası ilə müəyyən olunmuş keçid balını toplaya bilmədiyinə görə, təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün əmək müqaviləsi ləğv edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Ağdam rayon 129 saylı tam orta məktəbinə və Ağdam rayon 23 saylı tam orta məktəbinə qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Ağdam rayon 129 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 303 nömrəli və cavabdeh Ağdam rayon 23 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli, 23 nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrlərinin məhkəmə qaydasında ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 31 mart 2009-cu il tarixdə X3 ibtidai sinif müəllimi ixtisası üzrə bitirmişdir. xx.xx.2020-cu il tarixdə Ağdam rayon Təhsil idarəsi tərəfindən Ağlam rayon 129 nömrəli tam orta məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. Lakin, 2018-ci ilə qədər məktəb üzrə ibtidai sinif müəllimlərin sayının 18 nəfər olmasına, məktəbdə ibtidai sinif komplektlərinin sayının az olmasına görə məktəbdə Ana dili və riyaziyyat dərslərini tədris etməmişdir. Yalnız ibtidai siniflərdə daima 6-7 saat həyat bilgisi, texnologiya, təsviri incəsənət yığma dərsləri tədris etmişdir. Bundan əlavə, o xx.xx.2013-cü il tarixdə məktəbin yerləşdiyi ərazidə yaşadığına görə Cavabdeh tərəfindən 23 nömrəli tam orta məktəbinə ixtisası üzrə müəllim təyin edilmişdir. Lakin, məktəb üzrə ibtidai sinif müəllimlərinin sayının 17 nəfər olmasına, məktəbdə ibtidai sinif komplektlərinin sayının az olmasına görə məktəbin ibtidai siniflərində Ana dili və riyaziyat dərsləri tədris etməmişdim. Yalnız məktəbin ibtidai siniflərində daima 5-6 saat musiqi, təsviri incəsənət, texnologiya və fiziki tərbiyə dərslərindən ibarət dərsləri tədris etmişdir. Qeyd etdiyi xüsusatlar Ağdam rayon 129 və 23 nömrəli tam orta məktəblərin müvafiq arayışları da təsdiq edilmişdir. Lakin Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Regional Təhsil İdarəsinin Ağdam rayon 129 nömrəli tam orta məktəbin direktoru ibrahimov Hikmət Fikrət oğlunun 27 iyun 2024-cü il tarixli, 303 nömrəli əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş «Dövlət ümumi təhsil müəsissələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəsissələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası»nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının 70-ci maddəsinin «c» bəndini rəhbər tutaraq: Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada «Dövlət ümumi təhsil müəsissələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəsissələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası» ilə müəyyən olunmuş keçid balını toplaya bilmədiyimə görə təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. Əsas isə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli 3-29-69 \3-2-13 F.2024 nömrəli əmri hesab edilmişdir. Həmçinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Regional Təhsil İdarəsinin Ağdam rayon 23 nömrəli tam orta məktəbin direktoru X5 28 iyun 2024-cü il tarixli, 20 nömrəli əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qəranı ilə təsdiq edilmiş «Dövlət ümumi təhsil müəsissələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəsissələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası»nın 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının 70-ci maddəsinin «c» bəndini rəhbər tutaraq: Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 8 iyun 2024-cü tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada «Dövlət ümumi təhsil müəsissələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəsissələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası» ilə müəyyən olunmuş keçid balını toplaya bilmədiyinə görə təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 28 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. Əsas isə 08 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 28 iyun 2024-cü il tarixli 3-29-69 \3-2-13 F\2024 nömrəli əmri hesab edilmişdir. Lakin, o 129 və 23 nömrəli tam orta məktəblərin həmin əmrləri ilə razı deyil. Belə ki, o işlədyi hər iki məktəbin heç birində Ana dili və riyaziyyat fənlərindən dərs tədris etməmişdir. Bu hər iki məktəbdən daxil olmuş arayışlarla da təsdiq olunur. Bunu şahidlər də təsdiq edə bilərlər. Sertifikatlaşdırma isə Ana dili və riyaziyyat fənnlərindən keçirilmişdir. Əslində isə o tədris etdiyi fənnlərdən sertifikatlaşdırmadan keçməli idi. Ona görə də əsassız olaraq əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndi ilə xitam verilmişdir. Bununla da onun qanunla qorunan hüquqlarım pozulmuşdur. Odur ki, o Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi haqqında xx.xx.2024-cü il tarixli, 303 nömrəli və xx.xx.2024-cü il tarixli, 20 nömrəli əmrlərin ləğv edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur.
9. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2588/2024 nömrəli qətnaməsi (hakim Rafiq Məmmədov) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42, 45, 70-ci maddələrinə, Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasının 1.2, 3.21, 3.22 və 5.4-cü bəndlərinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2588/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, maddi hüquq normasından göründüyü kimi sertifkatlaşdırmanın sualları təhsilverənlərin tədris etdiyi fənnə aid olmaqla tərtib edilir. Lakin, sertifkatlaşdırmada ona tədris etdiyi fənnə aid olmayan suallar tərtib edilmişdir. Məhkəmə həmin maddi hüquq normasını tətbiq etməklə qanuni qətnamə qəbul edərdi. Sertifkatlaşdırmaya cəlb olunmuş şəxslərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi yolverilməzdir. O da qeyd etdiyi kimi Ana dili və riyaziyyat fənlərindən dərs tədris etdiyi halda həmin fənlərdən imtahan götürülmüşdür. Məhkəmə qətnamədə sübut kimi göstərilmiş izahatına düzgün qiymət verilməmiş, izahatı araşdırılmamışdır. Həmçinin, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yanlız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yanlız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə iclasında verdiyi izahatında Ağdam rayon 129 və 23 nömrəli tam orta məktəblərində Ana dili və Riyaziyyat fənlərindən dərs tədris etdiyini, ondan isə həmin fənlərdən imtahan götürülməsini, tədris etdiyi musiqi, fiziki tərbiyə, təsviri incəsənət fənlərindən imtahan götürülmədiyini əsaslandırmağına baxmayaraq sübut kimi qiymətləndirməmişdir. Bununla da məhkəmə həmin prosessual hüquq normasını da pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, xx.xx.2009-cu ildə X4, ibtidai sinif müəllimi ixtisası üzrə bitirmişdir. xx.xx.2020-ci il tarixdən Ağdam rayon 129 saylı tam orta məktəbində xx.xx.2023-cü il tarixdən isə, Ağdam rayon 23 saylı tam orta məktəbində ixtisası üzrə müəllim işləmişdir. Hər iki məktəbdə də, sinif müəllimlərinin çox, ibtidai sinif komplektlərinin çox olmasına görə məktəblərdə ana dili və riyaziyyat dərslərini deyil, digər fənləri tədris etmiş, cavabdeh Ağdam rayon 129 saylı tam orta məktəbin rəhbərliyinin xx.xx.2024-ci il tarixli 303 saylı əmrinə, Ağdam rayon 23 saylı tam orta məktəbin rəhbərliyinin xx.xx.2024-ci il tarixli 20 saylı əmrinə əsasən sertifikatlaşdırmadan keçə bilmədiyinə yəni müəyyən olunmuş keçid balını toplaya bilmədiyinə görə, işdən azad edilmişdir. O, 129 və 23 nömrəli tam orta məktəblərin onu işdən azad edilməyi haqqında verdikləri əmrlərlə razı deyildir. Belə ki, o həmin məktəblərdə ana dili və riyaziyyat fənnlərini tədris etməmişdir, sertifikatlaşdırma imtahanı isə, məhz ana dili və riyaziyyat fənlərindən keçirilmişdir, əslində isə, o həyat bilgisi, musiqi, təsviri incəsənət, texnalogiya, fiziki tərbiyyə fənnlərindən sertifikasiyadan keçməli idi. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işimə xitam verilməyi, barəsində verilmiş 303 və 20 saylı əmrlərin tam əsassızdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya mhəkəməsinin qətnaməsinin ləğv, iddianının təmin edilməsini məhkəmədən xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (əri) X12 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya mhəkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Regional Təhsil İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli, 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət Ümumi Təhsil müəsissisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydasının 5.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini rəhbər tutaraq, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli və 28 iyun 2024-cü il tarixli əmri ilə təkrar sertifikatlaşdırmadan keçmədiyi üçün işdən əsaslı olaraq azad edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
17. İş üzrə cavabdehlər Ağdam rayon 129 saylı tam orta məktəbi və Ağdam rayon 23 saylı tam orta məktəbinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, nümayəndələri heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə nümayəndələrinin iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
18. Maddə 2. Hissə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
19. Maddə 6. Hissə 2. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.
20. Maddə 9 (bənd “q”). Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir.
21. Maddə 14. Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.
22. Maddə 67, 1-ci hissə. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-c maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
23. Maddə 67-1, 1-ci hissə. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir
24. Maddə 67, 2-ci hissə. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
25. Maddə 67, 3-1-ci hissə. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
26. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası
27. 1.1. Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.2-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) (bundan sonra– təhsil müəssisələri) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurunu tənzimləyir.
28. 1.2. Təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5 (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər.
29. 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
30. 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi tədris ilinin sonunda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
37. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
39. 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
44. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
46. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2588/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı Ağdam rayon 23 saylı köçkün tam orta məktəbinin xx.xx.2013-cü il tarixli, 69 nömrəli əmri ilə, Ağdam RTŞ-nin 16 dekabr 2013-cü il tarixli, 91/4 №-li əmrinə əsasən İddiaçı birinci iş yeri saxlanılmaqla Ağdam rayon 23 saylı köçkün tam orta məktəbə ixtisası üzrə müəllim təyin edilmişdir. İddiaçı daha sonra xx.xx.2022-ci il tarixdə Ağdam rayon üzrə təhsil sektoru/Ümumtəhsil Təhsil Müəssisələri/Ağdam rayonu 129 tam orta məktəbi, Əlavə, Müəllim vəzifəsinə təyin edilmişdir. Həmçinin, sonuncu xx.xx.2023-cü il tarixdə Ağdam rayon üzrə təhsil sektoru/Ümumtəhsil Təhsil Müəssisələri/Ağdam rayonu 23 tam orta məktəbi, Əlavə, Müəllim vəzifəsinə təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixdə təkrar sertifikatlaşmadan iştirak etmiş, lakin sertifikatlaşmadan keçə bilməmişdir. Məktəbəqədər və Ümumi Təhsil üzrə X11 Regional Təhsil İdarəsi Ağdam rayon 129 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli № 303 əmr və Ağdam rayon 23 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli № 20 əmri ilə, iddiaçının əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi barədə əmr verilmişdir.
49. Əmək müqaviləsinə xitam verilməsinin ümumi prinsipləri kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsində deyilir ki, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
50. Həmin maddənin a) bəndində əmək münasibətlərinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən olunmuşdur.
51. Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin «c» bəndinə görə əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir.
52. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi göstərilmişdir.
53. Həmin norma, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə işəgötürənə əmək müqaviləsinə xitam verilməsi hüququ verir.
54. Bu normanın məzmunundan göründüyü kimi, həmin norma əsasında əmək müqaviləsinə xitam verilməsi üçün aşağıdakı əsaslardan biri olmalıdır: - a) müəssisə ləğv edildikdə; - b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; - c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; - ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; - d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; - e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir.
55. İşəgötürən əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin c) bəndinə istinad etmiş və bu qənaətini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməməsi səbəbindən və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024-cü il tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli və 28 iyun 2024-cü il tarixli 3-29-69/3-2-13 F/2024 əmrini əsas tutaraq İddiaçı xx.xx.2024 və xx.xx.2024-cü il tarixindən onunla bağlanmış əmək müqavilələri ləğv edilmişdir.
56. Belə ki, iddiaçıya məxsus əmək müqavilələrinə nəzər salınan zaman müəyyən olunur ki, İddiaçı ixtisası üzrə xx.xx.2022-ci il tarixdə Ağdam rayon üzrə təhsil sektoru/Ümumtəhsil Təhsil Müəssisələri/Ağdam rayonu 129 tam orta məktəbi, Əlavə, Müəllim vəzifəsinə və xx.xx.2023-cü il tarixdə Ağdam rayon üzrə təhsil sektoru/Ümumtəhsil Təhsil Müəssisələri/Ağdam rayonu 23 tam orta məktəbi, Əlavə, Müəllim vəzifəsinə işə qəbul edilmişdir.
57. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məktəbə işə qəbul olunan zaman ibtidai sinif müəllimi kimi qəbul edilmişdir. Göründüyü kimi, iddiaçının işə qəbul olunmasına əsas olan ixtisası üzrə xx.xx.2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplaya bilməmiş və buna görə də məktəb tərəfindən imtahının nəticəsinə uyğun olaraq iddiaçının xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir.
58. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi əmək qanunvericiliyinə uyğun olmuşdur.
59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
60. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
61. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
64. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
65. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-2588/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində qətnamədən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.