Məhkəmə qərarları › İş №2(104)-57/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-57/2024

27.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-57/2024 27.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs Şəmkir rayon Qapanlı kənd bələdiyyəsinə qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma tələbi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs Şəmkir rayon Qapanlı kənd bələdiyyəsinə qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(076)-304/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 27 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən **********92 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X8, X4, X5, X9 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir.

2. Ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.

3. Ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir.

4. Ölüm haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, X9 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli 10/4774 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı və ailə üzvlərinin Şəmkir rayonu Qapanlı kəndində ümumi paylı mülkiyyətində olan Daşınmaz əmlakın reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan 2.7475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 ha-dək hissəsinin Cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olundu. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir.

6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2(104)-2604/2023 nömrəli qətnaməsinin surətinə əsasən müəyyən olunur ki, iddiaçı Cavabdehlər İddiaçı, X8 və X3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(076)- 1280/2023 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(104)-2604/2023 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin sözügedən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2024-cü il tarixli 2(104)-2604/2023 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2(104)-2604/2023 nömrəli qətnaməsindən kassasiya şikayəti vermə müddətinin bərpasından imtina edilməsi; Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2(104)- 2604/2023 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh verdiyi kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2024-cü il tarixli 2(102)-2523/2024 nömrəli qərardan çıxarışından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 may 2024-cü il tarixli 2(104)-2604/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh, üçüncü şəxs Şəmkir rayon Qapanlı kənd bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidmətinin 11 saylı Şəmkir Ərtazi İdarəsinin AN-477781 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə xüsusi mülkiyyətinə verilmiş 2.7475 ha kənd təsərrüfatı təyinatlı pay torpağının 1.17 ha hissəsi zəbtdən azad olunaraq əvvəlki vəziyyətinə gətirilərək Cavabdeh torpaqdan çıxarılaraq zəbt olunan torpağın onun mülkiyyətinə qaytarılmasına barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli AN-4777781 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə əsasən ona və ailə üzvülərinə məxsus 2.7475 ha. 1998-ci il tarixdə Şəmkir rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq çıxarışına əsasən onun və ailə üzvlərinin xüsusi mülkiyyətindədir. Cavabdeh həmin torpaq sahəsinin 1.17 ha hissəsini 2016-cı ildən qanunsuz olaraq özbaşına zəbt etmişdir. Dəfələrlə cavabdehdən bu hərəkətlərinə son qoymasını tələb etsə də, lakin müsbət nəticə olmamışdır. Hazırda torpaq sahəsinə görə vergi ödəyir, lakin, torpağın xeyrini cavabdeh görür.

11. Birinci instansiya məhkəməsində icraat zamanı X4 və X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

12. Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(076)-304/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşad Mustafayev) iddia qismən təmin edilərək, hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyester nömrəsi **********92, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan çıxarış əsasında İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyət hüququ ilə məxsus olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2.7475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerquruluşu planında mütəxəssisin göstərdiyi zəbt edilmiş 1.14 ha hissəsindən Cavabdeh çıxarılması; Cavabdeh 50 (əlli) manat pul tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi; İddia tələbinin qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139-1.1.1, 140, 146.1, 146.2, 146.3, 157.2, 157.5, 157.8, 158.2, 148.2 və 180.1-ci maddələrinə, həmçinin Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının iddia etdiyi pay torpaq sahəsini qanuni əsaslarla onlardan əldə etmişdir. İddiaçı ona həmin torpaq sahəsini satıbdır. Mübahisəli torpaq sahəsi tək iddiaçılara deyil, həm də digər ailə üzvlərinə məxsusdur. Halbuki, həmin şəxslərdən üçü vəfat edib. Həmin şəxslərlə bağlı vərəsəlik müəyyən olunmayıb. Eyni zamanda iddiaçıların tələb etdikləri torpaq sahəsi ilə bağlı onların payı naturada müəyyən olunmadığı üçün, iddiaçılar ona qarşı bu iddianı qaldıra bilməzdilər. Qaldırmış olsalar belə onların iddiası məhkəmə tərəfindən təmin olunmamalı idi. Mübahisəli torpaq sahəsi altı nəfərin mülkiyyətinə verilib ki, həmin altı nəfərdən üçü vəfat edib. Mübahisə torpaq sahəsindən uzun müddətdir ki, mübahisəsiz istifadə edir və vicdanlı alıcıdır. Almış olduğu torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Torpaq isə ona bütün mülkiyyətçilərin razılığı ilə satılıb. Bunu mülkiyyətçilər Şəmkir rayonu X15 vermiş olduqları izahatlarında da təsdiq etmişlər. Hazırda iddiaçıya qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçının payı naturada müəyyən olmadığı üçün, ondan ümumilikdə torpaq sahəsindən çıxmağını tələb edə bilməzdi. Çünki, vəfat etmiş şəxsin hüquq qabiliyyəti yoxdur. İddiaçı vəfat etmiş şəxsin adından mülkiyyət iddia qaldırmaq və ona hüququ ilə məxsus olan əmlakı tələb etmək hüququ yoxdur. İddiaçı mübahisə predmeti olan torpaq sahəsinin 1/6 hissəsinin mülkiyyətçisidir. O, bütövlükdə torpaq sahəsindən onun çıxarılmağını tələb edə bilməzdi.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. İddiaçı apellyasiya şikayətinə etiraz verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən bütün faktlar araşdırıldığını və maddi və prosessual hüquq normalarma riayət edilməklə düzgün nəticəyə gəlindiyini qeyd etmişdir.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, torpaq sahəsinin altı nəfər mülkiyyətçisindən üç nəfər vəfat etmişdir. Torpaq sahəsinin birgə mülkiyyətçilərindən Zeynəb Qasımova vəfat etmişdir və onun oğlu Tahir Qasımov miras qoyanın vərəsəsi tanınmışdır. Tahir Qasımov da iddia edir ki, torpaq sahəsinin birgə mülkiyyətçisi İddiaçı onun torpağından başqa şəxsi çıxara bilməz. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, İddiaçı torpaq sahəsindəki payı naturada müəyyən edilməmişdir, bu səbəbdən də cavabdehin torpaq sahəsindən çıxarılmasını tələb edə bilməz. Əslində, torpaq sahəsi Cavabdeh satılmışdır, lakin bu barədə rəsmi sənəd tərtib edilməmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Tahir Qasımov qardaşıdır. Tahir torpaq sahəsinin mülkiyyətçisi deyildir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

20. 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

25. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

26. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

36. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbi qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Yalnız cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Sonuncu apellyasiya şikayətində qətnamənin tamamilə ləğv olunmasını xahiş etsə də, lakin şikayətin məzmunundan müəyyən olunur ki, qətnamə iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı yalnız mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilmiş dəyişdirilmədən saxlanılmalıdır.

38. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 2.7475 ha torpaq sahəsi İddiaçı, X8, X4, X5, X9 və X2 ümumi birgə mülkiyyətinə verilmişdir. Hüquqların X7 daşınmaz əmlakın Dövlət reyestrindən **********92 qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışa əsasən həmin torpaq sahəsi birgə mülkiyyətçilərin adına qeydə alınmışdır. Bununla yanaşı müəyyən olunmuşdur ki, birgə mülkiyyətçilərdən X6 xx.xx.2012-ci il tarixdə, X5 xx.xx.2012-ci il tarixdə, X9 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Birgə mülkiyyətçi İddiaçı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi də iddia tələbini qismən təmin etmişdir.

39. Torpaq sahəsinin zəbt edilib-edilməməsinin araşdırılması xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-nin 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.

40. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.

41. Mülki işin icraatı zamanı ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə elm, texnika və ya digər peşə sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilməlidir. Qanunvericilikdə ekspertizanın keçirilməli olduğu xüsusi bilik sahələrinin dəqiq siyahısı göstərilməmişdir. Lakin mülki məhkəmə icraatı təcrübəsinin təhlili əsasında belə qənaətə gəlmək olar ki, hüquqi biliklər və hamı üçün aşkar olan ümumi məsələlər istisna olmaqla, xüsusi bilik tələb olunan istənilən halda ekspetiza təyin edilə bilər.

42. Qanunvericiliyin bu tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli 10/4774 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətində olan Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 ha-dək hissəsi Cavabdeh tərəfindən istifadə edilir.

43. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.

44. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

45. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Belə ki, rəyin qeyri-obyektiv olması barədə tərəflərin hər hansı arqumenti olmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və həmin rəyə əlavə edilmiş torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və torpaq sahəsindən faktiki istifadə vəziyyəti aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəyin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı şübhə yaratmamışdır.

46. Beləliklə, iş üzrə verilmiş ekspert rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı və ailə üzvlərinin ümumi paylı mülkiyyətində olan Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.7475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1.14 ha-dək hissəsi Cavabdeh tərəfindən hər hansı hüquqi əsas olmadan zəbt edilməklə iddiaçının qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqlarını məhdudlaşdırır.

47. İşin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası belə qənaətə gəlir yoxlanılan hissədə iddia tələbinin təmin edilməsi qanuni əsaslara söykənir. Birinci instansiya məhkəməsinin yoxlanılın hissədə gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktlara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğundur.

48. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğvi üçün əsas deyildir.

49. Belə ki, iş materiallarındakı sənədlərdən göründüyü kimi iddiaçı Cavabdehlər İddiaçı, X8 və X3 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir.

50. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının payının naturada ayrılmaması hazırkı iddianın təmin olunmasına mane yaradacaq hal kimi qiymətləndirilə bilməz. Çünki, mülki qanunvericiliyə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər (MM maddə 213.6).

51. İşin hallarından göründüyü kimi torpaq sahəsinin birgə mülkiyyətçilərindən X6, X5 və X9 vəfat etmişlər. Torpaq sahəsinin digər birgə mülkiyyətçiləri X4 və X8 da müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər və məhkəmə iclasında verdikləri izahatında cavabdehə torpaq satmadıqlarını və hazırda torpağın onların mülkiyyətində olduğunu bildirməklə iddia tələbinin təmin olunmasını xahiş etmişlər.

52. Göstərilənlərə əsasən apellyasiya şikayətinin dəlilləri məhkəmə kollegiyası tərəfindən əsassız hesab edilmişdir.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(076)-304/2022 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar