Məhkəmə qərarları › İş №2(104)-571/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-571/2023

30.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-571/2023 30.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-09/2022 nömrəli qərardadından Cavabdeh verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulması, qanunsuz istifadə nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-09/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Samux rayonu, Sərkar kəndində yerləşən xx.xx.2017-ci il tarixli, RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli çıxarış və xx.xx.2017-ci il tarixli, 3862 invertar nömrəli texniki pasportun kordinatlarına istinadən İddiaçı mülkiyyətində olan 3,53 ha sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq sahəsinin 0,07 ha hissəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Cavabdeh prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)- 09/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-09/2022 nömrəli qərardadına əsasən Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-09/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh ərizə-vəsatətinin təmin edilməməsi, apellyasiya şikayətinin özünə qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-09/2022 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə xx.xx.2022-ci il tarixində onun ünvanına göndərilmiş, xx.xx.2022-ci il tarixdə 1-ci qrup əlil, yaddaş problemi olan atası X2 tərəfindən qəbul edilmişdir. Həmçinin o, bildirmişdir ki, qətnamə atası tərəfindən ona vaxtında verilməmişdir və o, Samux rayonu, Sərkar kəndində şəxsi təsərrüfatı ilə məşğul olduğundan apellyasiya şikayətini vaxtında verə bilməmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-09/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayətin mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı şikayətə etiraz təqdim edərək bildirmişdir ki, Cavabdeh Samux Rayon Məhkəməsinə onun tərəfindən iddia verilməsindən, qəbul olunmuş məhkəmə qətnaməsinin tərəflərə təqdim olunmasına qədər bütün prosessdən vaxtında məlumatı olmuşdur. Samux Rayon Məhkəməsinin qətnaməsinə əsasən, onun mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş hissədə zəbtdən azad edilərək ona qaytarılması qət edilsə də, onun əmlakının bir hissəsi hələ də cavabdeh tərəfindən əvəzi ödənilmədən qanunsuz istifadə olunur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-09/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarının 101-ci vərəqində olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)- 09/2022 nömrəli qətnaməsi Cavabdeh Şəki şəhəri üzrə ünvanına rəsmi qaydada göndərilmiş və xx.xx.2022-ci il tarixdə xəbərnamənin şəxsən verildi qrafasına Məmmədov yazılaraq qarşısında imza edilərək, qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Cavabdeh ərizəsində müddətin buraxılmasının səbəbini qətnamənin atası tərəfindən qəbul edilməsi və ona xəbər verməməsi ilə əsaslandırsa da, bu prosessual müddətin bərpasına əsas vermir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən, 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-09/2022 nömrəli qətnaməsi Cavabdeh atasına xx.xx.2022-ci il tarixdə verilmiş və qətnamə icraya yönəldilmişdir. Cavabdeh həmin qətnamədən qanunla nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ olduğu halda, bu hüququndan istifadə etməmiş, müddət keçdikdən sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etsə də, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi, yəni onların mövcudluğunun müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətməsi və ya məhdudiyyət yaratması ilə bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut növü təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olmaqla, prosessual hüqüq normaları düzgün tətbiq edilmişdir. Ona görə də, şikayət təmin edilməməli və Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)- 09/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 261, 263-264, 391, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏRARAALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(058)-09/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar