Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-571/2024 27.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı əmlakın naturada ayrılması tələbinə dair mülki iş üzrə Qətnaməsi Açar söz: əmlakın naturada bölünməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2522/2023 saylı mülki iş üzrə 22 noyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 27 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Mülki işin materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, **********56-05101-093005 reyestr nömrəli Çıxarışdan görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin 1/2 hisssəsinə Cavabdeh, 1/2 hissəsinə isə İddiaçı paylı mülkiyyət hüququ qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli 10/3785-9/3957 nömrəli məhkəmə mühəndistexniki ekspertizasının rəyindən görünür ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsi «İnşaat Norma və Qaydaları» 2.08.01.89-un 1.1, 2.2, 2.4, və 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 71.000 manat məbləğində, hazırki orta bazar qiymətlərinə uyğun likvid dəyəri isə təqribən 64.000 manat məbləğində müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinə 1/2 hissədə naturada payının müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin paylara uyğun naturada bölünməsi, bu mümkün olmadıqda cavabdehə kompensasiya ödəməklə mülkiyyət hüququna xitam verilməsi və ya iddiaçıya kompensasiya ödəməklə onun mülkiyyət hüququna xitam verilməsi, bu mümkün olmadıqda Gəncə şəhəri, Yeni-Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmədə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzili paylı mülkiyyət hüququ əsasında 1/2 hissədə İddiaçı 1/2 hissədə isə Cavabdeh məxsusdur. Belə ki, Cavabdeh iddiaçının qardaşıdır və hazırda sözügedən mübahisəli mənzildə ailəsi ilə birgə yaşayır. Mübahisəli mənzillə əlaqədar tərəflər arasında illərlə davam edən məhkəmə mübahisələri olmuş, sonda miras əmlak Gəncə Apellyasiya Məhkəməsinin 17 iyun 2022-ci il tarixli, 2(104)-1790/2022 nömrəli qətnaməsi əsasında 1/2 hissədə Cavabdeh və 1/2 hissədə X2 adına qeydə alınmışdır. X1 öz payını hazırki iş üzrə iddiaçı olan oğlu İddiaçı bağışlamışdır. İddiaçı dəfələrlə paylı mülkiyyət hüququ üzrə mülkiyyətçisi olduğu sözügedən mənzilə getmək istəsə də, böyük mübahisələrə səbəb olacaq münaqişələr baş vermişdir. Bundan başqa, iddiaçının qardaşının ailəsi ilə birlikdə yaşaması mümkünsüzdür. Belə ki, tərəflər arasında olan münasibətlər uzun müddət əvvəl başa çatmışdır və hazırda həmin şəxslər arasında münaqişəli vəziyyət mövcuddur. Mülki işə məhkəmədə baxılarkən əldə olunmuş ekspert rəyində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin naturada bölünməsinin mümkün olmadığı göstərilmişdir. Həmçinin tərəflər arasında payların kompensasiya edilməsi barədə razılıq əldə olunmamışdır və onlar kompensasiya verilməklə ikisindən birinin mülkiyyət hüququna xitam verilməsi məsələsində razılığa gələ bilməmişlər. Bu səbəbdən də ümumi mülkiyyətdə olan mənzilin hərrac yolu ilə satılaraq, satışdan əldə olunan pulun tərəflər arasında paylara uyğun olaraq bölünməsi barədə qətnamə qəbul edilməlidir. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən məhkəmədə cavabdehin vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzili paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsusdur. Hazırda həmin mənzildə cavabdeh öz ailəsi ilə birgə yaşayır. Belə ki, cavabdeh həmin mənzil vərəsəlik yolu ilə əldə etmiş və faktiki olaraq ona sahiblik etmişdir. Mənzildə yaşadığı dövr ərzində Cavabdeh mənzili təmir etdirmiş, onun kommunal və s. borclarını ödəmişdir. Həmin dövr ərzində isə iddiaçı mənzillə maraqlanmamış, mənzilə dair heç bir xərc çəkməmişdir. Cavabdeh iddianı qəbul etmir. Belə ki, o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənzilinin nə naturada bölünməsinə, nə kompensasiya yolu ilə mülkiyyət hüququna xitam verilməsinə, nə də ki, hərrac yolu ilə satılmasına razıdır. Sonra Vəkil2 iddianın əsassız olduğunu göstərərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2522/2023 saylı mülki iş üzrə 22 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim C.Quliyev) iddia tələbi təmin edilmiş, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənziliin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri İddiaçı (1/2 hissədə pay) və Cavabdeh (1/2 hissədə pay) arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, Cavabdeh məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş vəsaitin bir hissəsinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaitinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinə və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaitinin alınıb, X3 ödənilməsi, İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə sərf olunmuş vəsaitin bir hissəsinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaitinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2522/2023 saylı mülki iş üzrə 22 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, mübahisəli mənzil cavabdeh tərəfindən təmir edilmiş, mənzilin bütün kommunal xərclərini cavabdeh ödəmişdir. Belə olan halda mənzilin açıq hərracda satılması mülkiyyətçi kimi onun mülkiyyət hüququnu pozur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və bir daha qeyd etdi ki, mənzilin iddiaçının payına düşən hissəsinə görə iddiaçıya kompensasiya vermək fikri yoxdur. Sonda cavabdeh şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 apellyasiya şikayətinə etiraz edərək, bir daha qeyd etdi ki, mənzilin real dəyərinin yarı hissəsindən də aşağı məbləğdə ona kompensasiya verilməsinə razı olduğunu cavabdehə bildirsə də, cavabdeh onun bu təklifinə də razı olmamışdır. Sonda iddiaçı şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlnaılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : Maddə 220. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.[117] Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri Maddə MPM-in 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə MPM-in 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi irəli sürülən iddianı təmin edərkən hesab etmişdir ki, hazırki iş üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər mövcuddur. Belə ki, mübahisəli mənzil üzərində tərəflərin hər birinə ½ pay mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və qeydiyyata alınmışdır. İddiaçı həmin mənzildən öz payının ayrılmasını tələb etmişdir. Lakin, ekspert rəyinə əsasən mənzilin naturada ayrılması mümkün olmamışdır. Ona görə də məhkəmə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənziliin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri İddiaçı (1/2 hissədə pay) və Cavabdeh (1/2 hissədə pay) arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və qeyd edir ki, hazırki işin faktiki hallarına görə mübahisəli mənzil tərəflərin paylı mülkiyyətindədir, buna baxmayaraq, tərəflər arasında həmin mənzillə bağlı münaqişəli vəziyyət mövcud olduğundan. iddiaçı mənzildən istifadə hüququnu həyata keçirə bilmir, alınmış ekspert rəyinə əsasən mənzilin naturada ayrılması mümkün deyildir və iddiaçıya kompensasiya verilməsi yolu ilə onun mülkiyyət hüququna xitam verilməsinə cavabdeh razı olmamışdır. Belə olan halda Mülki Məcəllənin 220-ci naddəsinin tələblərinə əsasən mənziliin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsindən başqa bir yol qalmır. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Göründüyü kimi, irəli sürülən iddianın təmin edilməsi üçün işin faktiki hallarına tətbiq edilməli olan qanuni əsaslar Mülki Məcəllənin 220-ci naddəsi ilə nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, 1/2 ünvanında yerləşən evin 61 nömrəli mənziliin açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri İddiaçı (1/2 hissədə pay) və Cavabdeh (1/2 hissədə pay) arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qənaətinə gəlmişdir. Göründüyü kimi, işə birinci birinci instansiya məhkəməsi tərəfindən baxılıb, qətnamə qəbul edilərkən, maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan kollegiya bu qənaətdədir ki, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək, hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2522/2023 saylı mülki iş üzrə 22 noyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərərflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-571/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-571/2024
27.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver