Məhkəmə qərarları › İş №2(104)-573/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-573/2024

08.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-573/2024 08.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(125)-8037/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər X4 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4 və X1 xüsusi mülkiyyətinə daxil olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən müəyyən müddətə - 6 (altı ay) müddətinə istifadə hüququnun saxlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-55/2023 saylı qətnaməsinə əsasən iddiaçılar X5 və X4 tərəfindən 8000 manat kompensasiya verilməklə onun ünvan 2 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən onun əşyaları ilə birlikdə çıxarılması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq X6 və X2 təhvil verilməsi qət edilmişdir. Cavabdehlərin hər ikisi onun doğma bibilərdir. Şəxsi münasibətləri normal olsa da, mübahisə predmeti olan fərdi yaşayış evilə bağlı aralarında çoxsaylı məhkəmə mübahisələri olmuş və hər bir mübahisədə cavabdehlər ona qarşılıqlı razılaşma əldə etməyi təklif etmişlər. Hazırda o, Türkiyə Respublikasındadır. Xəstəlikləri vardır, müalicə alır. Müalicələri tam başa çatdıqdan sonra Azərbaycan Respublikasına qayıtmaq və yenə də cavabdehlərin ona etdikləri təklifləri müzakirə etmək və faydalanmaq istəyir. Odur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən onun müəyyən müddət yaşayış sahəsindən istifadə hüququ saxlanılarsa, onun üçün əlverişli olar. Belə ki, müalicələri tam başa çatar və o, özünə yaşayış sahəsi əldə edə bilər və ya cavabdehlərin ona etdikləri təklifləri qarşılıqlı razılaşma əsasında müzakirə edərək hesab edir ki, hər iki tərəf üçün sərfedici nəticə yarana bilər. Gəncə Şəhər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(125)-8037/2023 nömrəli qərardadı ilə (hakim Xədicə Səfərli) İddiaçı cavabdehlər X2 və X3 qarşı istifadə hüququnun saxlanılması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayaraq İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsinin iddia ərizəsinin icraata qəbulundan imtinaya səbəb kimi MPMnin 153.2-ci maddəsinə istinad etməsi düzgün deyil. Çünki tərəflər arasında hazırkı tələblə bağlı məhkəmə mübahisəsi olmamışdır. Gəncə Şəhər Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli 2(125)-8037/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası işin iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin icraata qəbulundan imtina barədə MPMnin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikası MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulun imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Mülki Prosessual Məcəllənin 153.2.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərə qarşı mübahisəli evə istifadə hüququnun saxlanılması barədə tələblə məhkəməyə müraciət etmişdir. Lakin ərizəyə əlavə olunmuş Gəncə Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(125)-55/2023 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar X5 və X4 tərəfindən 8000 manat kompensasiya verilməklə cavabdeh İddiaçı ünvan 2 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən cavabdeh İddiaçı əşyaları ilə birlikdə çıxarılması və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin boşaldılaraq iddiaçılar X6 və X2 təhvil verilməsi qət edilmişdir. Həmin qətnamə mübahisələndirilməmiş, qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Beləliklə, eyni tərəflər olan İddiaçı ilə X4 və X5 arasında eyni predmet olan istifadə hüququna dair eyni əsaslarla üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşaraq qeyd edir ki, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbulun imtina etməkdə haqlı olmuşdur. Odur ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunda predmetin və əsasların eyniliyi dedikdə, onların hərfən eyni ifadə olunması deyil, məzmun və mahiyyəti etibarilə eyniliyi başa düşülür. Məhkəmə kollegiyası yuxarıda aparılan təhlilin yekunu olaraq bu nəticəyə gəlir ki, iddiaçının hazırkı iddia tələbinin faktiki əsasları, məzmunu və mahiyyəti baxımından Gəncə Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(125)-55/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə eynidir. Hazırkı iddianın predmeti hərfən bir qədər fərqli şəkildə ifadə olunmasına baxmayaraq, məzmun və mahiyyəti baxımından Gəncə Şəhər Məhkəməsinin 30 may 2023-cü il tarixli 2(125)-55/2023 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə həll edilən məsələ barədə məhkəməyə təkrar müraciətdir. Çünki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X5 və X4 tərəfindən 8000 manat kompensasiya verilməklə cavabdeh İddiaçı ünvan 2 ünvanında yerləşən yaşayış evindən istifadə hüququna xitam verilmişdir. İddiaçı da hazırkı iddiası ilə məhz həmin evə müəyyən müddətə - 6 (altı ay) müddətinə istifadə hüququnun saxlanılmasını xahiş etmişdir. Halbuki bundan əvvəl göstərildiyi kimi İddiaçı həmin evdən istifadə hüququna xitam verilmişdir və onun mənzil ehtiyaclarını müvəqqəti aradan qaldırmaq məqsədilə evdən istifadə hüquququna xitam verilməsinin 8000 manat kompensasiya müqabilində həyata keçirilməsi müəyyən edilmişdir. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 149, 152, 263, 264, 267, 398, 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 2(125)-8037/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar