Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-577/2024 29.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-nə qarşı mülki iş üzrə Qətnaməsi Açar söz: işə bərpa və məcburi iş buraxdığı iş günləri üzrə əmək haqqı tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh İB-nin nümayəndəsi X3 iştirakları ilə, Tərtər Rayon Məhkəməsinin 2(061)-1324/2023 saylı mülki iş üzrə 24 noyabr 2023cü il tarixli qətnaməsindən Cavabdeh İB-nin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə 29 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İşdə olan 04 yanvar 1988-ci ildə İddiaçı adına yazılmış İT -İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 667-k saylı xx.xx.2015-ci il tarixli əmrlə təbii qazın qəbulu və satışı xidmətinə 7-ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir. İşdə olan Cavabdeh Tərtər X7 İdarəsinin rəisi Azay Muxtarovun verdiyi xx.xx.2023-cü il tarixli 14-2-2-11/3-1K170/2023 saylı əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının verdiyi SER TSE-01 128527 saylı arayışın surətindən görünür ki, İddiaçı ümumi xəstəlikdən 2- ci qrup müddətsiz əlil kimi qeydiyyata alınmışdır. İşdə olan Tərtər rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 493 saylı xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, İddiaçı xəstəliyə görə İİ qrup əlildir və yüngül işlər üçün əmək qabiliyyətinə malikdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə sənəddən görünür ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı müddətsiz İİ qrup əlil olmaqla, yüngül işlərdə işləyə bilməsi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Arzu Qulu qızının sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli cavab məktubunun surətindən görünür ki, əlillik vəziyyətinə dair əmək zəmanətinin qiymətləndirilməsi barədə daxil olmuş müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Əlillik təyinatı barədə qəbul edilən qərarda şəxsin əlilliyinin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti ”Əlillik” altsisteminə daxil edilir. TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Müəyyən olunmuşdur ki, ona xx.xx.2013-cü il tarixdə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Əlillik təyinatına əsas verən göndərişdə qeyd olunan diaqnoz və yanaşı xəstəliklərinizə dair tibbi sənədlərin araşdırılması zamanı “əmək qabiliyyətsizdir” şəklində verilən əmək zəmanətinin “Yüngül işlərdə işləyə bilər” kimi qiymətləndirilməsi Tibbi sosial ekspert komissiyası tərəfindən məqsədəuyğun hesab edilmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir. İşdə olan Cavabdeh Tərtər X7 İdarəsi tərəfindən verilmiş 95 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Tərtər X7 İdarəsinin Tərtər rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində texnik vəzifəsində işləmiş, onun aylıq əmək haqqı cədvəli arayışa əlavə edilmişdir. İddiaçı göstərilən tarixdə ezamiyyətdə olmamışdır. İşdə olan Cavabdeh Tərtər X7 İdarəsi tərəfindən verilmiş 101 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir intizam tənbehi almamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Qarabağ regional şöbəsi tərəfindən Tərtər Rayon Məhkəməsinin sorğusuna verdiyi xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş cavab məktubundan görünür ki, Tərtər Rayon Məhkəməsinin icraatında olan İddiaçı işə bərpa tələbinə dair mülki işə baxarkən ortaya çıxan və aydınlaşdırılmasına zərurət yaranan, iddiaçının işləmiş olduğu Tərtər X7 İdarəsindəki 7-ci dərəcə texnik işinin hansı kateqoriya işlərə aid olması barədəki sorğu xarakterli məktuba cavab olaraq bildirilmişdir ki, Tərtər X7 İdarəsinun rəhbərliyinin X5 Xidməti Qarabağ regional şöbəsinə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 14-2-2-11/2-114/2023 nömrəli məktubunda Tərtər rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində 7-ci dərəcə texnik vəzifəsində işləmiş İddiaçı vəzifəsi idarənin 2023-cü il üçün təsdiqlənmiş qulluqçuların ştat cədvəlinə əsasən qulluqçu kateqoriyasına aiddir və SOKAR Cavabdeh Tərtər X7 İdarəsi üzrə istehsalat amillərinin zərərli parametrlərin səviyyəsinin müəyyən edilməsi üçün 2021-ci ilin mart ayında aparılmış instrumental ölçmə işlərinin nəticəsinə əsasən texnik vəzifəsi ağır və zərərli işlərə aid edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Tərtər Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh Tərtər X7 İdarəsinin 14- 2-2-11/1K-170/2013 nömrəli xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və boş dayanma dövrlərinin əmək haqqının ödənilməsi məhkəmə qaydasında təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, Tərtər X7 İdarəsinə xx.xx.2015-ci il tarixdə qəbul edilmişdir. Bundan əvvəl o, xx.xx.2010-cu il tarixdə X10 sahəsində işləmişdir. Həmin idarənin bazasında hazırda işdən çıxarıldığı müəssisəni formalaşdırmışlar. Bu müəssisə yarandığı gündən onun əmək müqaviləsi yeniləşdirilmiş, yuxarıda qeyd etdiyi kimi xx.xx.2015-ci il tarixdən onunla yeni əmək müqaviləsi bağlanmışdır. Bundan başqa o, fasiləsiz olaraq işləmişdir. Yəni 2003 cü ildə artıq o, əlil olmuşdur. İşdən çıxarıldığı günə qədər, yəni xx.xx.2023-cü il tarixədək 13 ildir ki, fasiləsiz işləyir. Azərbaycan Dövləti əlillərlə bağlı çoxsaylı qanunlar qəbul etmiş, əlillərin məşğulluğunu təmin etmək üçün çöxsaylı qanunlar qəbul etmiş, əlillərin məşğulluğunu təmin etmək üçün kvota yerləri ayırmışdır. Əlillərə ayrılan kvota yerləri ilə bağlı dövlət güzəştlər yaratmış, hər bir müəssisədə işçinin sayından asılı olaraq əlillər üçün boş iş yerlərinin saxlanılmasını müəyyən etmişlər. Azərbaycan Dövləti qəbul etdiyi məşğulluq haqqında Azərbaycan Respublikası qanunda qeyd etdiyi hallara xüsusi önəm vermişdir. 05 iyul 2023-cü ildə işdən əlil olması, ona verilmiş müayinə məlumatında əmək zəmanəti olaraq əmək qabiliyyətsiz qeyd edilmişdir. O, İİ qrup əlildir. Əlilliyinin əsası tez-tez kəskinləşən iki tərəfli xroniki pielonefrit, Nefrotik forma, XBC İİ dərəcə, Xroniki urugen qastroduodenit, Xroniki hepatoxolesistit, yungül nitq pozğunluğu diaqnozu olmuşdur. O, bu diaqnozla işləmişdir. Belə ki, qazancı onun üçün önəmlidir. Onun sayəsində dərmanlarını almış və yaşamış, ailəni saxlamışdır. Ailəlidir, bir övladı vardır. Ailəsi özündən, qızı və xəstə qardaşından ibarətdir. İşlədiyi müəssisədə texnik operator işləmişdir. İşi kifayət qədər səhhətinə uyğun olmuşdur. Bu səbəbdən o, əlil olmasını hiss etməmişdir. O, əsassız işdən çıxarıldığı üçün Mediasiya Şurasına müraciət etmiş, Mediasiya sessiyasında onun mübahisəsi həllini tapmadığından işə götürülən tərəfindən mediasiyadan rəy alan kimi dərhal məhkəməyə müraciət etmişdir. Hesab etmişdir ki, qanunsuz işdən çıxarılmışdır. Bu səbəbdən işinə bərpa edilməsini, borc dayanma müddətində işlədiyi ayların əmək haqqının ödənilməsini istəyir. Tərtər Rayon Məhkəməsinin 2(061)-1324/2023 saylı mülki iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Cavabdeh Tərtər X7 İdarəsi tərəfindən Cavabdeh Tərtər X7 İdarəsinin Tərtər rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin 07 dərəcəli texnik vəzifəsindən azad edilməsi barədə verilmiş 14-2-2- 11/1K-170/2013 nömrəli xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh Tərtər X7 İdarəsi tərəfindən Cavabdeh Tərtər X7 İdarəsinin Tərtər rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə 07 dərəcəli texnik vəzifəsinə bərpa edilməsi, buraxılmış iş günlərinə görə əmək haqqı hesablanaraq Cavabdeh Tərtər X7 İdarəsi tərəfindən İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri CavabdehİB-nin nümayəndəsi apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 2(061)-1324/2023 saylı mülki iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iddiaçı tərəfin formal mülahizələrinə və ekspert rəyinə əsaslanaraq iddia tələbini təmin etmişdir. Cavabdeh tərəfinən təqdim edilmiş sübutlara məhkəmə qiymət verməmişdir. İddiaçı 2-ci qrup əlil olmaqla əmək qabiliyyətsizdir və onunla bağlanmış əmək müqaviləsinə qanuni əsaslarla xitam verilmişdir. Ona görə də onun işə bərpa edilməsi barədə olan qətnamə qanuni əsaslı sayılmamalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Tərtər Rayon Məhkəməsinin 2(061)- 1324/2023 saylı mülki iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
12. Maddə 35. (Vİ) Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 12 1-ci hissə. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; i) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək; 2-ci hissə. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 74.
1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda xitam verilir: c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə;
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Qeyd: Əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Maddə.288. Əmək mübahisəsi dedikdə, əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən edilməsi; əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; məzuniyyət hüququnun həyata keçirilməsi; intizam tənbehi verilməsi; əməyin mühafizəsinin təşkili və təmin edilməsi; işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən edilməsi və ödənilməsi; işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olubolmamasının araşdırılması; istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri ilə bağlı normaların tətbiq edilməsi; əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi başa düşülür. ; Maddə 300 (1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsində təqdim edilir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o, sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, işə apellyasiya instansiyasında baxılarkən müəyyən edilmişdir ki, İddiaçı 2003 cü ildən ümumi xəstəliklərlə İİ qrup əlil olmuşdur. xx.xx.2010-cu il tarixdə X10 sahəsində işləməyə başlamışdır. Bundan sonra, xx.xx.2015-ci il tarixdə Tərtər X7 İdarəsində onunla yeni əmək müqaviləsi bağlanmış və 7-ci dərəcəli texnik işinə götürülmüşdür. Cavabdeh Tərtər X7 İdarəsinin rəhbərliyi 14-2-2- 11/1K-170/2013 nömrəli xx.xx.2023-cü il tarixli əmri ilə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi səbəbi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmədə tədqiq olunmuş sənədlərlə təsdiq olunmuşdur ki, İddiaçı İİ qrup əlil olsa da, uzun müddətdir ki, Cavabdeh Tərtər X7 İdarəsində müxtəlif işlərdə çalışmış, onun əlil olması onun iş davamiyyətinə, işlədiyi işin keyfiyyətinə təsir etməmişdir. Eləcə də İddiaçı Cavabdeh Tərtər X7 İdarəsində apardığı 7-ci dərəcəli texnik vəzifəsi ağır və zərərli işlərə aid edilməmişdir. Bununla yanaşı İddiaçı əlillik təyinatına əsas verən göndərişdə qeyd olunan diaqnoz və yanaşı xəstəliklərinə dair tibbi sənədlərin araşdırılması zamanı “əmək qabiliyyətsizdir” şəklində verilən əmək zəmanətinin “Yüngül işlərdə işləyə bilər” kimi qiymətləndirilməsi Tibbi sosial ekspert komissiyası tərəfindən məqsədəuyğun hesab edilmiş və bu barədə müvafiq qərar qəbul edilmişdir. Cavabdeh nümayəndəsinin apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçı 2-ci qrup əlildir və əmək qabiliyyətsizdir. Kollegiya göstərir ki, məhkəmədə tədqiq olunmuş, müvafiq icra hakimiyyəti orqanının verdiyi rəsmi sənədlərdə qeyd edilmişdir ki, iddiaçı 2-ci qrup əlil olsa da, “Yüngül işlərdə işləyə bilər” və Tərtər rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində 7-ci dərəcə texnik vəzifəsində işləmiş iddiaçının vəzifəsi idarənin 2023-cü il üçün təsdiqlənmiş qulluqçuların ştat cədvəlinə əsasən qulluqçu kateqoriyasına aiddir və SOKAR Cavabdeh Tərtər X7 İdarəsi üzrə istehsalat amillərinin zərərli parametrlərin səviyyəsinin müəyyən edilməsi üçün 2021-ci ilin mart ayında aparılmış instrumental ölçmə işlərinin nəticəsinə əsasən texnik vəzifəsi ağır və zərərli işlərə aid edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinin tələblərinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi,Cavabdeh nümayəndəsinin apellyasiya şikayətində göstərdiyi dəlillər rəsmi sənədlərlə təkzib olunur Belə olan halda kollegiya hesab edir ki, məhkəmə iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Kollegiya həmçinin qeyd edir ki, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təzyiqindən qorunması üçün müddətli əmək müqaviləsinin qanuni əsaslar olmadan işəgötürən tərəfindən pozulmasının yolverilməzliyi və işəgötürənin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək vəzifəsi daşımasıdır. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, baxılan işdə işçinin hüquqları işəgötürənin tərəfindən pozulmuşdur və məhkəmə də haqlı olaraq onun əmək hüquqlarını bərpa etmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də аpellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 385.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-1324/2023 saylı mülki iş üzrə 24 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.