Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-580/2025 24.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Ağstafa Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli 2(015)-765/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən, həmçinin cavabdeh “X1 Birliyi”-nin adından verilmiş apellyasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “X1 Birliyi”-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 70 ha taxıl sahəsinin quraqlıqdan məhv olması səbəbindən ona dəymiş zərərə görə 140525 manatın (15780 manat xərc+124745 manat əldən çıxmış fayda) və dövlət rüsumu üçün ödənilmiş 442 manat, cəmi 140967 manatın cavabdeh “X1 Birliyindən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli 2(015)-765/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdehndən 46780 (qırx altı min yeddi yüz səksən) manat məbləğində maddi ziyan, 41 manat dövlət rüsumu və 400 manat mediasiya xərci alınıb İddiaçı ödənilməsi; İddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı tərəfindən, həmçinin cavabdeh “X1 Birliyi”nin adından ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətlərinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 363-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Həmin apellyasiya şikayətinə münasibətdə işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar vardır. Lakin, cavabdeh “X1 Birliyi”-nin adından verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, həmin apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış kabinet vasitəsilə vəkil Nümayəndə2 (cavabdeh təşkilatın adından) tərəfindən apellyasiya şikayəti verilmiş və şikayət vəkilin asan imzası ilə imzalanmışdır. İş materialları ilə müəyyən olunmuşdur ki, vəkil Nümayəndə2 tərəfindən cavabdeh təşkilata hüquqi yardım göstərilməsi barədə vəkil orderi apellyasiya şikayətinə əlavə edilmişdir. Bununla belə, cavabdeh “X1 Birliyi” tərəfindən vəkil Nümayəndə2 xx.xx.2025-ci il tarixli etibarnamə verilmiş olsa da, lakin vəkilin cavabdeh təşkilatın adından məhkəmə aktından şikayət vermək hüququ etibarnamədə qeyd edilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyəti təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (MPM maddə 74.2). MPM-nin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 361.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdeh “X1 Birliyi”-nin adından verilmiş apellyasiya şikayəti, şikayəti imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinin tələblərinə uyğun deyildir. Bu səbəbdən də həmin apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Bundan əlavə, cavabdeh təşkilatın adından verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi üçün prosessual hüquqi əsaslardan biri də apellyasiya şikayətində hansı maddi hüquq normalarının pozulmasının göstərilməməsidir. MPM-nin 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir. Həmin Məcəllənin 361.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar göstərilməlidir. Həmin Məcəllənin 361.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Qeyd edilməlidir ki, apellyasiya şikayətində göstərilməli rekvizitlər və şikayətin MPM ilə müəyyən edilmiş formada verilməsi imperativ norma kimi təsbit edilmiş, eləcə də apellyasiya şikayətinin forması MPM-ə 2 saylı əlavədə müəyyən edilmişdir. Şikayətin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, cavabdeh təşkilatın adından verilmiş apellyasiya şikayəti göstərilən tələblərə cavab vermir. Həmin apellyasiya şikayətinə nəzər saldıqda müəyyən olunur ki, apellyasiya şikayətində maddi hüquq normalarının pozulması kimi MPM-nin 9.1, 9.3 və 14.1-ci maddələrinə, yəni prosessual hüquq normalarına istinad edilmişdir. Bir sözlə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə hansı maddi hüquq normalarının pozulması apellyasiya şikayətində göstərilməmiş, habelə bu pozuntunun konkret nədə ifadə olunması, hazırkı mübahisəyə aidiyyəti apellyasiya şikayətində əsaslandırılmamışdır. Bu hal da apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi üçün qanuni əsasdır. MPM-nin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası MPM-nin 363-cü maddəsinin tələblərini, yəni apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasını nəzərə alaraq hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli 2(015)-765/2024 nömrəli qətnaməsindən cavabdeh “X1 Birliyi”-nin adından verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Ağstafa Rayon Məhkəməsinə göndərilməli, həmin apellyasiya şikayətinin geri qaytarılması məsələsi həll edildikdən sonra İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mülki işlə birlikdə yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 361, 363, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Ağstafa Rayon Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli 2(015)-765/2024 nömrəli qətnaməsindən cavabdeh “X1 Birliyi”-nin adından verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-580/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-580/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver