Məhkəmə qərarları › İş №2(104)-584/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-584/2023

06.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-584/2023 06.09.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Heyvandarlıq” İstehsalat Kooperativinin rəhbəri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi və maddi ziyan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı “Heyvandarlıq” İstehsalat Kooperativinin rəhbəri İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “Heyvandarlıq” İstehsalat Kooperativinin rəhbəri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi və maddi ziyan tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(058)-547/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə 06 sentyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Heyvandarlıq” İstehsalat Kooperativinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Gəncə bölgə şöbəsində 04 sentyabr 1998-ci il tarixdə təsdiq olunmuş, işə əlavə edilmiş nizamnaməsinin surətindən görünür ki, İddiaçı, X10, X14, X11, X1 təsisçiləri olmaqla, “Heyvandarlıq” İstehsalat Kooperativi müstəqil təsərrüfat subyekti kimi öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına və nizamnaməsində həyata keçirməsi nəzərdə tutulmuş ümumi müddəalara əsasən həyata keçirir.

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışının surətindən görünür ki, “Heyvandarlıq” İstehsalat Kooperativi 12 saylı Ərazi Vergilər Departamentində 04 sentyabr 1998-ci il tarixdə qeydiyyatdan keçərək ********** saylı VÖEN verilmişdur, qurumun təmsilçisi İddiaçıdur.

3. Samux rayon İcra Hakimiyyəti Başçısının işə əlavə edilmiş 17 oktyabr 2017-ci il tarixli 169 saylı sərəncamından çıxarışın surətindən görünür ki, “Heyvandarlıq” X5 rayonu ərazisində “Qarasaqqal” massivindən, “Şəhər Burnu” adlanan yerdən, Mingəçevir dəniz suyunun çəkilməsindən yaranan dənizaltı, suvarılmayan orta ot örtüyü olan torpaq sahəsindən 200 ha örüş yeri uzun müddətə icarəyə verilmişdir.

4. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerqurluşu Layihə-X6 Planının işə əlavə edilmiş surətindən görünür ki, Samux rayon İnzibati Ərazisində yerləşən su fondu torpaqlarına aid Mingəçevir su anbarının qorunma zolağındakı dövlət mülkiyyətinə aid kənd təsərrüfatlı təyinatlı torpaqlardan heyvandarlığın inkişafı etdirilməsi məqsədi ilə “Heyvandarlıq” İstehsalat Kooperativinə icarəyə verilməsi üçün nəzərdə tutulan 100 ha torpaq sahəsinin yerqurluşu planı Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyəti Başçısının 21 noyabr 2019cu il tarixli 970 nömrəli məktubu, habelə Azərbaycan Respublikası ƏMDK yanında X2 təşkili üzrə Dövlət Agentliyinin 28 noyabr 2019-cu il tarixli ********** nömrəli məktubu əsasında hazırlanmışdır. (Yerqurluşu planı işə əlavə edilmişdir.)

5. Samux rayon İcra Hakimiyyəti Başçısının işə əlavə edilmiş 06 noyabr 2017-ci il tarixli, 141 saylı sərəncamından çıxarışın və torpaq sahəsinin icarəyə verilməsi haqqında həmin tarixli müqavilənin surətindən görünür ki, X12 qoyunçuluqla məşğul olmaq üçün Samux rayon “Boz Dağ” massivində 1220 baş tutumu olan 600 ha örüş sahəsi 15 il müddətinə icarəyə verilmişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri” Xidmətinin xx.xx.2021-ci il tarixli, **********76 saylı məktubu ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 65 saylı mütəxəssis rəyindən görünür ki, tərəflərin və mütəxəssislərin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş, istifadə vəziyyətinə görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə istifadələrində olan torpaq sahəsinin 48,0 ha hissəsinin “Heyvandarlıq” İstehsal Kooperativinə icarəyə verilməsi nəzərdə tutulan örüş sahəsinə dair tərtib olunmuş yerquruluşu planında göstərilən 100,0 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. 48,0 ha ərazinin yerləşməsi vəziyyəti rəyə əlavə edilmiş torpaq sahəsinin ölçü planında öz əksini tapmışdır.

7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Samux X20 Mərkəzinin xx.xx.2022-ci il tarixli, MİHO/1.2.57-2-2022-68 saylı məktubu ilə təqdim edilmiş, işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Samux rayon “Heyvandarlıq” İstehsal Kooperativinin ərazisinə həmin tarixdə baxış keçirilərkən müəyyən edilmişdir ki, ərazinin təxminən 100 ha-da məlum olmayan şəxslər tərəfindən günəbaxan və buğda bitkisi əkilmişdir. Mütəxəssis bildirir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci bəndinin tələblərinə uyğun olaraq mübahisələndirilən torpaq sahəsinə görə norma 1 ha üçün 2,4 davar müəyyən edilmişdir. Gün ərzində bir baş xırda buynuzlu heyvan 2 kq ot yediyindən ay ərzində 60 kq ot istifadə edilir. 60 kq ot 4 ədəd ot bağlaması olmaqla, bir ədəd ot bağlamasının dəyəri 1,50 manat olduğundan bir ay ərzində 4 ot bağlaması istifadə edildiyi təqdirdə 8 ay ərzində 32 ot bağlaması istifadə edilir. 2 il ərzində 16 aydan hesablamaqla 16 ay x 4 bağ x100 ha x 1,50 AZN=9600 AZN edir. Beləliklə 2 il ərzində Kooperativə 2,4 x 9600=23040 AZN ziyan dəydiyi müəyyən olunmuşdur.

8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5138 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********76 saylı mütəxəssis rəyində cavabdehlərin birgə istifadələrində olan torpaq sahəsinin 48,0 ha hissəsinin, Samux rayonu ərazisində yerləşən Mingəçevir su anbarının qoruma zolağındakı Dövlət Mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlardan heyvandarlığın inkişafı məqsədilə “Heyvandarlıq” İstehsal Kooperativinə icarəyə verilməsi nəzərdə tutulan örüş sahəsinə dair tərtib olunmuş yerquruluşu planında göstərilən 100,0 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı “Heyvandarlıq” İstehsalat Kooperativinin rəhbəri İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin təhvil verilməsi və maddi ziyan tələbinə dair iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Heyvandarlıq” İstehsalat Kooperativinin icarəsində olan torpaq sahəsindən çıxarılmaları və həmin torpaq sahəsinin “Heyvandarlıq” İstehsalat Kooperativinə təhvil verilməsi və cavabdehlər tərəfindən həmin torpaq sahəsinə vurulan 50000 manat məbləğində ziyanın cavabdehlərdən tutulub “Heyvandarlıq” İstehsalat Kooperativinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, heyvandarlığın inkişafı məqsədi ilə Samux rayonunda «Heyvandarlıq» İstehsalat Kooperativi təsis etmişəm və hal-hazırda da həmin kooperativin rəhbəridir. Heyvandarlığın inkişafı məqsədi ilə 17 noyabr 1998-ci ildə Samux rayon İcra Hakimiyyətinə müraciət edərək xırda buynuzlu heyvanların qışlağı üçün Kür-qırağı adlanan yerdən qış otlaq sahəsi ayrılıb, uzun müddətli icarəyə verilməsini xahiş etmişdim. Samux rayon İcra Hakimiyyəti Başçısının 17 oktyabr 1998-ci il tarixli sərəncamı ilə mənim rəhbəri olduğum «Heyvandarlıq» İstehsalat Kooperativinə rayonun «Qarasaqqal» massivindən «şəhər-burnu» adlanan yerdən Mingəçevir dəniz suyunun çəkilməsindən yaranan dəniz-altı suvarılmayan orta ot örtüyü olan torpaq sahəsindən 200 ha örüş yeri ayrılıb «Heyvandarlıq» İstehsal Kooperativinə müqavilə əsasında icarəyə verilmişdir. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzindən müvafiq sənəd də almışdır. Hazırda o rəhbəri olduğu «Heyvandarlıq» İstehsal Kooperativinin icarəsində olan torpaq sahəsinin 70. hektar hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir əsas və səbəb olmadan zəbt edərək, torpaq sahəsini tamamilə yarasız vəziyyətə salmışlar və hal-hazırda həmin torpaq sahəsindən özününkü kimi istifadə edirlər. Bununla bağlı o cavabdehlərə dəfələrlə bildirmişdir ki, istifadə etdikləri torpaq sahəsi onun rəhbəri olduğu «Heyvandarlıq» İstehsal Kooperativə məxsusdur, yəni həmin Kooperativin uzun müddətli icarəsindədir, buna görə də zəbt etdikləri hissədən çıxmalarını tələb etmiş, ancaq, cavabdehlər onun tələbini rədd etməklə həmin mübahisəli torpaq sahəsindən çıxmaqdan imtina etmişlər.

11. Samux Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(058)-547/2022 nömrəli qətnaməsi (hakim Səadət Zeynalova) ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Samux rayonu ərazisində “Qarasaqqal” massivində, “Şəhər Burnu” adlanan yerdə, Mingəçevir dəniz suyunun çəkilməsindən yaranan dənizaltı, suvarılmayan orta ot örtüyü olan torpaq sahəsində yerləşən, “Heyvandarlıq” İstehsalat Kooperativinin icarəsində olan qış otlaq torpaq sahəsinin yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin ölçü planı ilə müəyyən edilmiş 48 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş ziyanın əvəzi 11520 AZN pul tutularaq iddiaçı “Heyvandarlıq” İstehsalat Kooperativinə verilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, iş üzrə torpaq sahəsinin inventarlaşdırılmasına dair 667 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Kapital Bank ASC Xətai filialı, Kod 200071 VOEN (bank) **********, müxbir hesab AZ37NABZ********************, SWİFT AİİBAZ2X Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VOEN ********** Hesab N:AZ23AİİB******************** ödənilməsi, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.2, 158.1, 158.2 və 158.4-cü, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-2 və 111-3-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 185, 216-220, 233, 234.2.1, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh1 apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(058)-547/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mütəxəssis rəyi əsassız olaraq verilmişdir. Həmin rəydə zərərin cavabdeh tərəfindən verilməsi göstərilsə də, əsaslandırılma aparılmamış və qeyd edilən 2 il ərzində həmin ərazidə ot bitgisinin hansı səbəbdən yetişməməsini qeyd etməmişdir. Bundan başqa məhkəmə iddiaçının iddia qaldırması üçün subyektiv hüququnun olmamasını nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, mübahisələndirilən torpaq sahəsinə dair cavabdehlərin sənədinin olmamasını bildirərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “Heyvandarlıq” İstehsalat Kooperativinin rəhbəri İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışı əsasında 12 saylı Ərazi Vergilər Departamentində “Heyvandarlıq” İstehsalat Kooperativi 04 sentyabr 1998-ci il tarixdə qeydiyyatdan keçərək ona ********** VÖEN verilmiş və bu qurumun rəhbəri İddiaçı təyin edilmişdir. “Heyvandarlıq” X9 rayon İcra Hakimiyyətinin 17 oktyabr 1998-ci il tarixli 169 saylı çıxarışına əsasən Samux rayon ərazisində “Qarasaqqal” massivindən, “Şəhər Burnu” adlanan yerdə, syvarılmayan, orta ot örtüyü olan torpaq sahəsindən 200 ha örüş sahəsi icarəyə götürmüşdür. Həmin torpaq sahəsinin 100 ha torpaq sahəsinə Azərbaycan Respublikası Samux rayon İcra Hakimiyyəti Başçısının 21 noyabr 2019-cu il tarixli 970 nömrəli, habelə Azərbaycan Respublikası ƏMDK yanında X2 təşkili üzrə Dövlət Agentliyinin 28 noyabr 2019-cu il tarixli ********** nömrəli məktubu əsasında Yerqurluşu planı hazırlanmışdır. O, daha sonra istifadəsində olan torpaq sahəsini üzərində olan hüquqlarını daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirtmək istəyən zaman torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi bilmişdir. Cavabdehlər də onun istifadəsində olan torpaq sahəsinin həmin hissəsindən çıxmadığı üçün həmin sahəni daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata sala bilməmişdir. Həmin torpaq sahəsinin icarə haqqını ödəmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

18. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

19. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

22. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

25. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

26. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın

28. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

29. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

30. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

31. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

32. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

33. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

34. Maddə 65. 1-ci hissə. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

35. Maddə 65. 2-ci hissə. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

36. Maddə 65. 3-cü hissə. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.

37. Maddə 65. 4-cü hissə. Torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir

38. Maddə 66. 2-ci hissə. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

39. Maddə 67. 1-ci hissə. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

40. Maddə 67. 1-1-ci hissə. Dövlət və bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə (istifadəyə) verilməsi ilə əlaqədar müvafiq məlumatlar (torpaq üzərində qeydiyyata alınmış hüquqlar, hüquqların yüklülüyü (məhdudlaşdırılması), hüquq sahibləri, icarə və ya istifadə barədə əqdlərin tərəfləri, əqdin müddəti və məqsədi) daşınmaz əmlakın dövlət reyestrindən informasiya sisteminə real vaxt rejimində ötürülür, habelə on bir aydan az müddətə bağlanılmış istifadə və ya icarə müqavilələri istifadəyə verən və ya icarəyəverən tərəfindən bilavasitə informasiya sisteminə daxil edilir.

41. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

42. Maddə 111.1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

43. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

44. Maddə 111. 3-cü hissə. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

45. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

53. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

54. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

55. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

56. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

57. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

59. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, Cavabdeh1 qətnamənin ləğvini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, qətnamənin iddianın təmin edilmiş hissəsindən narazıdır. İddianın rədd edilmiş hissəsi onun mənafeyinə toxunmur. Ona görə də qətnamənin əsaslılığı yalnız Cavabdeh1 münasibətdə həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

61. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanmalıdır.

63. Beləliklə, işin halları ondan ibarətdir ki, Samux rayon İcra Hakimiyyəti Başçısının 17 oktyabr 2017-ci il tarixli 169 saylı sərəncamı ilə, iddiaçı “Heyvandarlıq” X5 rayonu ərazisində “Qarasaqqal” massivindən, “Şəhər Burnu” adlanan yerdən, Mingəçevir dəniz suyunun çəkilməsindən yaranan dənizaltı, suvarılmayan orta ot örtüyü olan torpaq sahəsindən 200 ha örüş yeri 15 il müddətə icarəyə verilmişdir. O, icarə haqqını vaxtında ödəmişdir. Lakin, daha sonra iddiaçı həmin torpaq sahəsinin üzərində olan hüquqlarını daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirtmək istəyən zaman torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edildiyi müəyyən olunmuşdur. Cavabdehlər hazırda iddiaçının istifadəsində olan torpaq sahəsinin həmin hissəsindən çıxmadığı üçün iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

64. İlk növbədə məhkəmə kollegiyası göstərir ki, mübahisəli torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da torpaq sahəsi icarə müqaviləsi əsasında istifadəsində olduğundan onun gözlənilən mülkiyyət hüququ vardır.

65. Məhkəmə kollegiyasının bu qənaəti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı işlərə baxan zaman bəyan etdiyi və ardıcıl olaraq müdafiə etdiyi hüquqi mövqelərdən də qaynaqlanır.

66. Həmin Məhkəmənin 27 may 2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ mülkiyyət hüququ kimi qiymətləndirilir.

67. Həmin Məhkəmə əmlak gözləntisinin hüquqa əsaslanıb-əsaslanmamasının mülkiyyət hüququnun yaranmasına təsirini “Miray Fransaya qarşı” iş üzrə 23 sentyabr 2003-cü ildə qəbul etdiyi qərarda xüsusilə dəqiq izah elədi və hesab etdi ki, “maddi rifaha çatmağın sadəcə gözlənməsi ilə onun Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından hüquqa uyğun gözlənməsi arasında fərq vardır”.

68. Məhkəmənin xatırlatmasına görə “tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, o, Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi baxımından mülkiyyət kimi qəbul edilir” (“Burdov Rusiya Federasiyasınna qarşı” və “Yunanistan neftayırma zavodu “Strən” və “X3rşı” işlər).

69. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

70. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

71. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

72. Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe isə ondan ibarətdir ki, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012-ci il tarixli Qərarı).

73. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur.

74. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçıya icarəyə verilmiş torpaq sahəsinin cavabdehlər tərəfindən tutulması iddiaçının mülkiyyət hüquqlarına müdaxilədir. Həm də bu müdaxilə əsassızdır. Çünki, məhkəmə kollegiyası tərəfindən keçirilmiş tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/5138 nömrəli rəyi ilə müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********76 saylı mütəxəssis rəyində cavabdehlərin birgə istifadələrində olan torpaq sahəsinin 48,0 ha hissəsinin, Samux rayonu ərazisində yerləşən Mingəçevir su anbarının qoruma zolağındakı Dövlət Mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlardan heyvandarlığın inkişafı məqsədilə “Heyvandarlıq” İstehsal Kooperativinə icarəyə verilməsi nəzərdə tutulan örüş sahəsinə dair tərtib olunmuş yerquruluşu planında göstərilən 100,0 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi göstərilmişdir.

75. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

76. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

77. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəylər əsaslıdır. Çünki mütəxəssis və ekspertin rəyləri dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir.

78. Bundan məhkəmə kollegiyası iddianın maddi ziyanın qismən təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə 100 ha torpaq sahəsinə 23040 manat ziyanın vurulduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə düzgün olaraq cavabdehlər tərəfindən iddiaçının icarəsində olan 48 ha torpaq sahəsinin tutulmasını nəzərə alaraq dəymiş zərəri həmin məbləğin yarısı, yəni 11.520 manat (23.040:2=11.520) məbləğində təyin etmişdir.

79. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

80. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

82. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

83. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

84. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

85. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1ci maddəsinə əsasən 100 manat ekspertiza xərci Cavabdeh1 alınıb Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

86. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Samux Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(058)-547/2022 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci Cavabdeh1 aid edilməklə, 100 (bir yüz) manat pul Cavabdeh1 tululub SAP (XİİS), X7, kod210005, VÖEN**********, m/h Az41NABZ**********0000003944, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar