Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-585/2023 24.10.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: torpaq sahəsindən çıxarılma tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Samux Rayon Məhkəməsinin 2(058)-32/2022 saylı mülki iş üzrə 27 sentyabr 2022ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Samux rayon Alıuşağı kəndində yerləşən 0.06 ha torpaq sahəsi Samux rayon Alıuşağı bələdiyyəsinin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 147 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. İş materiallarında olan AA 615648 saylı, xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Samux rayon Alıuşağı kəndində yerləşən 0.06 ha torpaq sahəsi Samux rayon Alıuşağı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 8 saylı protokolu əsasında 19 iyun 2021-ci il tarixdə hüquq sahibi Samux rayon Alıuşağı Bələdiyyəsinin adına qeyə alınmışdır.
3. İş materiallarında olan 30 iyun 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********71 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayon Əliuşağı bələdiyyəsinin mülkiyyətində olan və Samux rayonu Alıuşağı kəndində yerləşən 0.06 ha torpaq sahəsi Samux rayon Əliuşağı bələdiyyəsinin sədri X1 tərəfindən 180 manata Samux rayonu Alıuşağı kənd sakini İddiaçı satılmış, müqavilə Samux rayon notariat ofisində reyestrdə 4Ə-656 nömrə ilə qeydə alınmışdır.
4. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın və A 634777 saylı, xx.xx.2021-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Samux rayon Alıuşağı kəndində yerləşən 0.06 ha torpaq sahəsi Samux rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-656 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 22 iyul 2021-ci il tarixdə hüquq sahibi İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 147 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır.
5. İş materiallarında olan mütəxəssis rəyi və yerquruluşu planından görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri yerində müəyyən edildikdən sonra kameral şəraitdə Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və ortofoto materialları üzərində dəqiqləşdirilmiş, Samux rayonu Alıuşağı kəndində yerləşən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın A634777 nömrəli planı və ölçüsü sənədindəki koordinatlara istinadən İddiaçı mülkiyyətində olan 0,06 ha (600 kv.m) torpaq sahəsinin 0,0281 ha (281 kv.m) hissəsi Cavabdeh faktiki istifadəsində olan 0,1038 ha (1038 kv.m) torpaq sahəsinin 0,0281 ha (281 kv.m) hissəsi ilə üst-üstə düşür. Yerquruluşu planında üst-üstə düşən hissə cizgilərlə göstərilmişdir.
6. Mülki işin materiallarına əlavə olunan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5435 nömrəli rəyində göstərilmişdir ki, İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 0.0281 ha hissəsinin Cavabdeh istifadəsində olan 0.1038 ha torpaq sahəsinin 0.0281 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Samux rayon Alıuşağı kəndində yerləşən, kənd bələdiyyəsinin qərarı və alqı-satqı müqaviləsi əsasında mülkiyyətində olan 0.06 ha fərdi yaşayış evinin inşası üçün nəzərdə tutulan torpaq sahəsinin 150 kv.m hissəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Samux Rayon Məhkəməsinin 2(058)-32/2022 saylı mülki iş üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Zeynalova) iddia təmin edilmiş, Cavabdeh Samux rayonu Alıuşağı kəndində yerləşən, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********30 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin yerləşmə vəziyyəti işdə olan mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı ilə müəyyən edilmiş 0,0281 ha (281 kv.m) hissəsindən çıxarılması, torpaq sahəsinin iddiaçıya təhvil verilməsi, ödənilmiş 311 manat ekspertiza xərcinin cavabdehdən tutulub iddiaçıya verilməsi, ödənilmiş 20 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 2(058)-32/2022 saylı mülki iş üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, onun iddiaçının nə 281 kv.m torpaq sahəsinə, nə də başqa bir işinə müdaxiləsi olmamış, ümumiyyətlə aidiyyəti yoxdur. Onun həmin torpaq sahəsinə marağı da yoxdur. Onun torpaq sahəsi iddiaçının torpaq sahəsindən təxminən 100 metr aralıdadır. İddiaçının nəyə görə onu cavabdeh qismində qeyd etməsini anlaya bilmir. Çünki o, heç kimin torpaq sahəsini zəbt etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, Samux Rayon Məhkəməsinin 2(058)-32/2022 saylı mülki iş üzrə 27 sentyabr 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
14. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:
18. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
19. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı şəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
24. 28. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
30. Qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur.
31. Yuxarıda qeyd olunan maddi hüquq normalarının işin hallarına tətbiqi üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır.
32. Kollegiya tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi İddiaçı mülkiyyətindədir və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək, istifadə edilir.
33. Məhkəmə kollegiyası bu qənaətə gələrkən mətəbər sübut növü kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5435 nömrəli rəyinə istinad edir. Belə ki, qeyd edilən rəyin nəticə hissəsində İddiaçı mülkiyyətində olan 0.06 ha torpaq sahəsinin 0.0281 ha hissəsinin Cavabdeh istifadəsində olan 0.1038 ha torpaq sahəsinin 0.0281 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
34. Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
35. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvinə və irəli sürülən iddianın rədd olunmasına əsas vermir.
36. Apellyasiya şikayəti təmin edilmədiyindən Azərbaycan Respublikasının MPM-in 119-cu maddəsinə əsaslanan kollegiya hesab edir ki, həmin məhkəmə xərcləri cavabdehə aid edilməli, 100 manat məbləğində pul ondan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 385.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 2(058)-32/2022 saylı mülki iş üzrə 27 sentyabr 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Bu qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.