Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-589/2023 17.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı X2, cavabdeh "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin nümayəndələri direktor X3 və vəkil X4 iştirakı ilə, İddiaçı X2 cavabdeh "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə qarşı "əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa edilmə" tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(045)-1784/2022 saylı qətnaməsindən cavabdeh "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı X9 cavabdeh "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə qarşı "əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa edilmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 899-K nömrəli əmrinin qanunsuz və əsassız olduğundan ləğv edilməsi və onun əvvəlki işinə, yəni “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin İSX (ASM) şöbəsinin Dəliməmmədli ASM bölməsinə mühafizəçi vəzifəsinə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2012-ci il tarixdə "Goranboy Rayon Mərkəzi Xəstəxanası"nın baş həkimi B.Budaqovun 363 №-li əmri ilə Dəliməmmədli şəhər xəstəxanasının stasionar bölməsində xadimə kimi işə təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru İ.Hacıyevin əmrinə əsasən yeni ştat cədvəlinə uyğun olaraq Dəliməmmədli ASM-yə mühafizəçi vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə qanunsuz olaraq onunla bağlanmış əmək müqaviləsinə “Goranboy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Rauf Yahyayevin 899-K №-li əmrinə əsasən xitam verilmişdir. O, işlədiyi müddət ərzində işində heç bir nöqsana yol verməmiş, vəzifə üzrə əmək funksiyalarını vaxtında və lazımınca yerinə yetirmiş və intizam pozuntusuna yol verməmişdir. Lakin, "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Rauf Yahyayev onu qanunsuz olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən işdən azad etmişdir. İşəgötürənin onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsı barədə əmrini qanunsuz və əsassız hesab edir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Psixo-Nevroloji Dispanserinə müraciət etmiş və "panik atak" diaqnozu ilə xx.xx.2022-ci il tarixədək müalicə olunmuşdur. Bu barədə işəgötürənə arayış da təqdim etmiş, lakin buna baxmayaraq "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Rauf Yahyayev hesab etmişdir ki, guya o, heç bir üzrlü səbəb olmadan işə gəlməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Hesab edir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənin əmri qanunsuzdur və həmin əmr məhkəmə qaydasında ləğv edilməli, eyni zamanda da o, öz əvvəlki işinə bərpa edilməlidir. Goranboy Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(045)-1784/2022 saylı qətnaməsi ilə (hakim T.Ələkbərov) iddia təmin edilərək, "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 899-K №-li əmrinin ləğv edilməsi və X2 əvvəlki işinə, yəni "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin İSX (ASM) şöbəsinin Dəliməmmədli ASM bölməsində mühafizəçi vəzifəsinə bərpa olunması qət edilmişdir. İşdə olan sübutlar: "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Rauf Yahyayev tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 899-K nömrəli əmrin surətindən görünür ki, "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin İSX (ASM) şöbəsinin Dəliməmmədli ASM bölməsində mühafizəçi vəzifəsində çalışan X2 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin "a" bəndində sadalanan halda - heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu üçün xitam verilmişdir. X5 məxsus əmək kitabçasının surətindən görünür ki, X9 xx.xx.2021 -ciil tarixdə Goranboy RMX-nin PHŞ-in yeni ştat cədvəlinə uyğun olaraq Dəliməmmədli ASM-də mühafizəçi vəzifəsinə köçürülmüş və sonuncu ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Psixo-Nevroloji dispanseri tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X9 xx.xx.2022-ci il tarixdə Psixonevroloji dispanserə müraciət etmiş, "panik atak" diaqnozu ilə xx.xx.2022-ci il tarixə qədər müalicə olmuşdur. xx.xx.2022-ci il tarixli "Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi"nin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndində əsasən həmin tarixdə X9 ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Səhiyyə X6 Komitəsi Goranboy rayon X6 Şurasının xx.xx.2022-ci il tarixli 11 saylı iclas protokolundan çıxarışdan görünür ki, Dəliməmmədli şəhər ASM-in mühafizəçisi X9 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin "a" bəndində əsasən xitam verilməsi nəzərdə tutulmuşdur. Dəliməmmədli şəhər ASM müdiri T.Əİiyev tərəfindən "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru Rauf Yahyayevə ünvanlanmış 01 iyul 2022-ci il tarixli məlumatdan görünür ki, müəssisədə nəzarətçi vəzifəsində işləyən X9 bu ilin (yəni, 2022-ci ilin) iyun ayının 16-dan ayın 30-dək işdə olmamışdır. Ələsgərova Arzu onun adına yazılmış 17-22 iyun tarixli əmək qabiliyyəti olmama vərəqəsi təqdim etmiş, digər günlərə, yəni xx.xx.2022, 23-30 iyun 2022-ci il tarixə isə digər sənəd gətirəcəyini bildirmişdir. Apellyasiya şikayətinin dəlilləri. Goranboy Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(045)-1784/2022 saylı qətnaməsindən narazı qalan cavabdeh "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(045)-1784/2022 saylı qətnaməsinin tamamilə ləğv olunması və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı X9 xx.xx.2012-ci il tarixindən "Goranboy Rayon Mərkəzi Xəstəxanası"nın baş həkiminin əmrinə əsasən Dəliməmmədli şəhər xəstəxanasının stasionar bölməsində xadimə kimi işə qəbul edilmiş, xx.xx.2021-ci il tarixində "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun əmrinə əsasən yeni ştat cədvəlinə uyğun olaraq Dəliməmmədli ASM-yə mühafizəçi vəzifəsinə keçirilmişdir. X1 heç kimə hər hansı bir məlumat vermədən 2022-ci ilin iyun ayının 16-dan 30-na kimi işdə olmamışdır. Sonradan iddiaçı 17-22 iyun tarixli əmək qabiliyyəti olmama vərəqəsi təqdim etsə də, digər günlərə dair, yəni 16 iyun tarixinə ümumiyyətlə hər hansı bir sənəd təqdim etməmiş, 23-30 iyun tarixlərinə isə guya dispanserdə müalicədə olması barədə qeyri-müəyyən formalı arayış təqdim etmişdir ki, məlum olduğu kimi bu da yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 08 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial sığorta haqqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat» 2 nömrəli əlavənin 1-ci bəndinə görə sığorta haqqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur. 4-cü bəndinə görə xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfındən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır. 7-ci bəndinə görə həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər. 8-ci bəndinə görə əmək qabiliyyətinin itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və daha çox artırılması, müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin tibb müəssisəsində təşkil olunmuş həkim-məsləhət komissiyasının təsdiqindən sonra mümkündür. 12-ci bəndinə görə poliklinikanın və ya ambulatoriyanın həkimi sığorta edilmiş şəxsin əmək qabiliyyətini itirməsini təsdiq edərək, ona arayışda göstərilmiş vaxtdan etibarən xəstəlik vərəqəsi verir. Həkim onun əmək qabiliyyəti olduğunu etiraf edərsə, bu zaman arayışda göstərildiyi vaxtdan başlayaraq yalnız həmin növbə quıtaranadək xəstəlik vərəqəsi verir. 13-cü bəndinə görə stasionarda (xəstəxanada, klinikada və i.a.) müalicə edilərkən xəstənin stasionarda qaldığı bütün vaxt üçün müalicə edən həkim, şöbə müdiri ilə birlikdə xəstəlik vərəqəsi verir. 16-cı bəndinə görə başqa şəhərdə (yerlərdə) xüsusi müalicə olunmaq üçün xəstəlik vərəqəsi həkim-məsləhət komissiyası tərəfindən (bu komissiya olmadıqda isə müalicə həkimi ilə birlikdə baş həkimlə) verilib, həmin vərəqə ərazi üzrə dövlət tibb müəssisəsi tərəfındən təsdiq olunmalıdır. Xəstəlik vərəqəsi olan şəxs müalicə həkiminin icazə qeydiyyatı olmadan başqa şəhərə gedirsə, bu hal rejimin pozulması kimi hesab olunur. 36-cı bəndinə görə əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyrimüəyyən formalı arayışlar aşağıdakı hallarda verilir: müəssisədə, idarədə işləyən zaman axşam və ya gecə vaxtı xəstənin xəstəliyi və zədəsi ağırlaşdıqda, tibb məntəqəsində isə yalnız tibb bacısı və ya feldşer növbə çəkdikdə; zərərli və əlverişsiz iş şəraitində çalışan zəhmətkeşlər mövcud qaydada dövri tibbi müayinələri keçdikdə; ambulatoriya və stasionar şəraitdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin göndərişilə tibbi müayinədən keçən hərbi qulluqçular və hərbi xidmətə çağırılmış şəxslərə, eləcə də müayinə olunduğu yerə getdiyi və qayıtdığı müddətdə; tibbiməhkəmə ekspertizasının (məhkəmə psixiatriyasının) eyni zamanda stasionar şəraitində ekspertizanın keçirildiyi hallarda; xalq məhkəməsinin qərarı ilə məcburi müalicə keçdikdə; sağlam uşaqlara xidmət üçün. məsələn, ana xəstələndiyi halda, məktəbəqədər təhsil müəssisələrinə və ya həmin uşağa karantin qoyulduqda (körpələr evi, uşaq bağçası). Ana xəstə olduğu halda ataya və ya ailənin digər üzvünə sağlam uşağa xidmət üçün arayış, ananın müalicə həkimi tərəfındən, karantinlə əlaqədar xidmət üçün isə həkimepidemioloqun rəyi əsasında verilir. Müalicə həkimi özü arayışı 6 təqvim günü müddətinə verir, bu müddətdən sonra şöbə ilə (o olmadıqda baş həkimlə) birlikdə verir. İşdən azad olmuş şəxslər əgər fasiləsiz iş stajının saxlanılması şərti ilə təzə iş yerinə daxil olduğu müddət üçün xəstə ailə üzvünə qulluqla əlaqədar əmək qabiliyyətini itirdikdə (xəstəlik vərəqəsinin verildiyi müddətdən çox olmayaraq). Göstərilən arayışlar müalicə həkimi və tibbmüəssisəsinin baş həkimi tərəfindən verilərək dəyirmi möhürlə təsdiq olunur. Yaşlılara qulluq üçün mövcud qanunvericilik əsasında xəstəlik vərəqələrinin ambulator müalicəsində verilmə müddətləri qurtardıqdan sonra xəstənin xəstəliyinin ağırlığını, xəstəxanaya yerləşdirmək mümkün olmadığını, ailə vəziyyətini nəzərə alaraq (göstərilən hallarda arayış qeyri-müəyyən formada tibb müəssisəsinin baş həkiminin razılığı ilə verilir). Yaşlara stasionar müalicəsi zamanı onlara qulluq etmək vacib olduqda (xəstənin yanında qalan qohumlarından birinə qulluq lazım olan müddət üçün xəstəlik vərəqəsinin verilməsini stasionarın baş həkimi, tibb hissəsi üzrə baş həkimin müavini ilə həll edir və bu haqda xəstənin tibb kartasında müalicə həkimi və şöbə müdiri tərəfındən qeydiyyat aparılır). 37-ci bəndinə görə xəstəlik vərəqəsinin və arayışının əsassız verilməsi və ya səhv doldurulması üçün həkimlər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi, iddiaçıya guya xəstə olması barədə verilmiş sənədlər qanunvericiliyin tələblərinin kobud surətdə pozulması ilə verilmişdir və ona görə də işçinin işdə olmaması üzürlü hal hesab oluna bilməzdi. Bu səbəbdən də tamamilə qanuni olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə müvafıq əmr verilmişdir. Həmin əmr verilən zaman əmək qanunvericiliyin tələblərinə riayyət olunmuş və hər hansı bir pozuntuya yol verilməmişdir. Belə ki, əmək müqaviləsinə xitam verilməzdən öncə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinin tələblərinə uyğun olaraq Goranboy rayon Səhiyyə X6 Şurasına müraciət edilmiş və Şuranın qərarına əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən həmin Məcəllənin 72-ci maddəsinin "a" bəndində sadalanan hala, yəni heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi səbəbindən xitam verilməli olduğu qərara alınmışdır. Bu səbəbdən də hesab edirlər ki, hazırki iddia ərizəsi əsassız olduğundan rədd olunmalı idi. Lakin çox təəssüflər olsun ki, məhkəmə qeyd edilənlərə hər hansı bir əhəmiyyət vermədən, yalnız iddiaçının heç bir sübuta söykənməyən əsassız mülahizələrinə istinad edərək (guya baş həkimdən şifahi şəkildə icazə almışdır) sözügedən qanunsuz qətnaməni çıxarmış, bununla da əmək qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Bundan başqa, qətnamədə onların nümayəndəsinin ifadələri də tamamilə təhrif edilmişdir. Belə ki, guya nümayəndə məhkəmə iclasında bildirmişdir ki, iddiaçının qeyd etdikləri ilə razılaşır və bu səbəbdən də iddianı etiraf edir. Əslində isə nümayəndələri heç vaxt belə ifadə verməmişdir. Əgər məhkəmə iclasının video, audio yazılarına baxış keçirilərsə buna asanlıqla əmin olmaq olar. Ümumiyyətlə, məhkəmə iclaslarının protokolları vaxtında tərtib edilməmiş, bununla da həmin protokollarla tanış olmaq hüquqları süni şəkildə məhdudlaşdırılmışdır. Yuxarıda göstərilənlərə əsasən hesab edirlər ki, məhkəmə sözügedən qətnaməni çıxaran zaman maddi və prosessual hüquq normalarını kobud surətdə pozmuşdur. Bu səbəbdən də qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidr. Ona görə də qətnamədən apellyasiya şikayəti vermək məcburiyyətindədirlər. Məhkəmə iddiaçı X2 iddiasını təmin edən zaman 16 iyun tarixində guya onun baş həkimdən şifahi şəkildə icazə almasının, ona görə də həmin gün işə gəlməməsinin müəyyən edildiyini göstərsə də, hansı əsasa və hansı sübuta istinad edərək belə bir qənaətə gəldiyini, belə bir sübutun olmadığı təqdirdə nə üçün ondan istifadə etdiyini əsaslandıra bilməmişdir. Məhkəmə sözügedən qətnaməni çıxaran zaman iddiaçı tərəfindən təqdim edilərək məhkəmədə tədqiq olunmuş Gəncə şəhəri Psixonevroloji Dispanserin 29 iyul 2022-ci il tarixli nömrəsi olmayan məktubuna istinad edərək iddiaçının 23 iyun 2022-ci il tarixindən 30 iyun 2022-ci il tarixinə kimi həmin Dispanserdə müalicədə olması qənaətinə gələrək həmin məktubu mötəbər sübut kimi qəbul etmiş və sözügedən qətnaməni çıxarmışdır. Lakin, həmin məktub təxminən 1 ay sonra verilmişdir. Məktubun nömrəsi isə ümumiyyətlə yoxdur. Ən önəmlisi isə əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışlar verilməsi halları sadalanan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 08 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat» 2 nömrəli əlavənin 36-cı bəndində onların hala uyğun hər hansı bir əsas yoxdur. Hesab edir ki, məhkəmə heç bir halda bu məktubu sübut kimi qəbul edə bilməzdi. Lakin məhkəmə tamamilə qanunsuz olaraq məhz həmin məktuba əsaslanıb sözügedən qətnaməni çıxarmışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru X10 apellyasiya şikayətini müdafiə etdiyini bildirib təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçının işdən azad olunması qanunvericiliyin tələbinə əsasən həyata keçirilmişdir. Belə ki, iddiaçının işlədiyi müəssisənin baş həkimi iddiaçının yeddi gün işə gəlməməsi ilə bağlı məlumat verdiyindən, iddiaçıdan bunun səbəbini maraqlanmış, iddiaçı isə müvafiq arayışı təqdim edərək, xəstə olmasını bildirmişdir ki, həmin arayışı işdən azad olmaya hüquq verən sənəd kimi qəbul etməyərək onu işdən azad etmişdir. İddiaçının təqdim etdiyi arayışın qeydiyyat nömrəsi də mövcud olmamışdır. Onda olan məlumata əsasən həmin arayış qeydiyyat kitabında da qeydə alınmamışdır. İddiaçının məzuniyyət əmrini verdikdən sonra baş həkim onun işə gəlməməsi barədə məlumat vermişdir. Məzuniyyət əmri isə 22 iyun 2022-ci il tarixdə verilmişdir. Buna görə də iddiaçı məzuniyyətdən qayıtdıqdan sonra onun işdən azad olunması məsələsinə baxılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin nümayəndəsi vəkil X11 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X9 apelyasiya şikayətinin əsassı olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, atasının xəstəliyi ilə əlaqədar atasına baxmış, həmçinin həmin müddəttdə xəstəliyi ilə əlaqədar müalicə almışdır. İşə gəlməməsi ilə bağlı isə baş həkim Tahir Əliyevdən şifahi qaydada icazə almışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, o, 01 iyul 2022-ci il tarixdən əmək məzuniyyətinə buraxılması barədə əmrdən məlumatlı olmuşdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, iddiaçının qayınanası onunla birlikdə yəni, baş həkim vəzifəsini icra etdiyi "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin İSX (ASM) şöbəsinin Dəliməmmədli ASM bölməsində baş tibb bacısı işləməkdədir. Buna görə də əsasən onun xahişlərini qayınanası ondan etmişdir. Təxminən bir müddət əvvəl iddiaçının qayınanası iddiaçının ailəsində problem olduğunu, buna görə də bir müddət Tərtərdə yaşamalı olduğunu və ailəsinin dağılmaması üçün işə gəlməməsini ondan xahiş etmiş, o da iddiaçının ailəsinin dağılmaması ilə bağlı arqumenti nəzərə alaraq iddiaçıya işə gəlməməyə icazə vermişdir. Sonradan isə öyrənmişdir ki, iddiaçı Tərtərə deyil, başqa ölkəyə çıxıb getmişdir. Bundan sonra iddiaçı işdən çıxarılmamışdan bir neçə ay əvvəl atası avtoqəza keçirmiş, buna görə də o, iddiaçıya təxminən iki ay, iyun ayının 15-nə kimi atasına baxması üçün şərait yaratmış, o da gedib atasına qulluq etmişdir. Ayın sonuna kimi isə işə gəlməmiş, iyulun 1-dən isə ondan xəbərsiz məzuniyyətə çıxmışdır. İşə gəlmədiyindən uzahatını da ala bilməmişdir. O, isə iyunun 15-dən iyulun 1-ə kimi işə gəlməməsinin səbəblərini aydınlaşdırmış və işə gəlmədiyi müddət üzrə işdən azad olunmasına əsas verən xəstəlik vərəqəsinin verilməsini tələb etmişdir. İddiaçı isə yalnız 6 günlük xəstəlik vərəqəsi təqdim etmiş, digər 7 günlük üçün xəstəlik vərəqəsini təqdim edə bilməmişdir. Buna görə də müvafiq tədbirin görülməsi üçün direktora məlumat vermişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, o, iddiaçıya işə gəlməməsi ilə bağlı hər hansı bir icazə verməmiş, əksinə işə gəlməyəcəyi təqdirdə xəstəlik vərəqəsi gətirməli olmasını tələb etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsi: 70-ci maddəsinin ç) bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinin a) bəndinə görə, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halı işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instasniya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işdən azad olunması barədə əmrdə müəssisənin hüquqi ünvanının göstərilməməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbi, işçinin əmək kitabçasında onunla bağlanmış müqaviləyə xitam verilməsinin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi, işəgötürənin müvafiq əmrində həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndi göstərilməklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin tələbləri pozulmuşdur. Həmçinin, iddiaçı xx.xx.2022-ci il tarixdə Psixonevroloji dispanserə müraciət etmiş, “panik atak” diaqnozu ilə xx.xx.2022-ci il tarixə qədər müalicə olunmuş, o cümlədən 16 iyun 2022-ci il tarixdə atasının xəsytəliyi ilə əlaqədar işə gəlməməyə dair işlədiyi müəssisənin rəhbərliyi tərəfindən şifahi icazə verilmişdir ki, bununla da iddiaçının 16.06xx.xx.2022-ci il tarixlərdə üzürlü səbəbdən işdə olmaması təsdiq olunmuşdur. Halbuki, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir ki, bu halda işçi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilə bilər. Bundan başqa əmək müqaviləsinin ləğv edilməsi barədə əmrinin məzmununda əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi də əsaslandırılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq, qeyd edir ki, iddiaçının işdən azad olunması barədə əmrdə müəssisənin hüquqi ünvanının göstərilməməsi texniki məsələ olmaqla, bu hal iddiaçının hər hası bir hüququnu pozmamışdır. Bundan başqa iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndində göstərilən hal mövcud olduğuna görə xitam verilmişdir ki, əmək kitabçasına əmək müqaviləsinə xitam verilməsinin əsası deyil, buna əsas verən halın Əmək Məcəlləsindəki normasının qeyd olunması iddiaçının iki əsasla əmək müqaviləsinə xitam verilməsi hesab olunmamaqla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinin pozutusu kimi qiymətləndirilə bilməz. Bundan başqa iddiaçının xəstəlik vərəqəsi təqim etmədiyi günlər üzrə işə gəlməməsinin əsasları arasında da ziddiyyət olmuşdur. Belə ki, iddiaçı həmin tarixlərdə işə gəlməməsinin əsası kimi atasının xəstəliyi ilə əlaqədar ona qulluq edilməsi ilə bağlı baş həkimdən müvafiq şifahi icazənin verildiyini bildirməklə yanaşı, həmçinin həmin tarixlərdə “panik atak” diaqnozu ilə xx.xx.2022-ci il tarixə qədər müalicə olunduğunu iddia etmişdir. İddiaçının atasının xəstəliyi ilə əlaqədar ona qulluq edilməsi ilə bağlı baş həkimdən müvafiq şifahi icazənin verilməsi faktı məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilimiş X7 ifadəsi ilə istisna olunmuşdur ki, o, məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində iddiaçıya belə bir icazənin verilmədiyini, əksinə işə gəlmədiyi günlər üçün xəstəlik vərəqəsi gətirməli olmasını tələb etdiyini bildirmişdir. İddiaçının xəstəliyi ilə əlaqədar təqdim etdiyi Gəncə Şəhəri Psixo-Nevroloji dispanseri tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli arayış isə qeyri-mötəbər olmaqla, iddiaçının müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi faktını təsdiq etməməkdədir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 08 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş «Sosial sığorta haqqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında təlimat» 2 nömrəli əlavənin 1-ci bəndinə görə sığorta haqqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Əmək qabiliyyətinin müvəqqəti itirilməsilə əlaqədar qeyri-müəyyən formalı arayışların verilməsi qaydaları isə qeyd olunan təlimatın 36-cı bəndində sadalnmışdır ki, həmin bənddə sadalanan hallar hazırkı mübahisə üzrə müəyyən edilməmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə iddiaçının heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi ilə əlaqədar əmək vəzifələrini kobud şəkildə pozduğu qeyd olunmuşdur ki, iddiaçının üzrlü səbəb olmadan 6-7 gün ərzində işə gəlməməsi müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmasına səbəb olmaqla yanaşı, digər işçilərin də əmək intizamına riayət etməsinə mənfi təsir göstərən hal kimi qəbul olunmaqla, bu hallar da işəgötürənin qanunla qorunan mənafelərinə ziyan vurur. İddiaçının yazılı qaydada olmasa da şifahi qaydada izahatı alınmış, həmçinin həmkarlar ittifaqı şurasının iclasına dəvət olunuş, lakin o şuranın iclasında iştirak etməmiş və izahat verməmişdir. İddiaçı işə gəlməməsinin əsası kimi isə yuxarıda sadalanan əsasları gətirmişdir ki, işə götürən də qeyd olunan əsasları qəbul etməməklə, iddiaçının işə gəlməməsini üzrsüz hal kimi qiymətləndirib, həmkarlar ittifaqı şurasının müvafiq razılığını almaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verimişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsaslar mövcud olmaqla, əmək müqaviləsinə xitam verilərkən onun əmək qanunvericiliyində müəyyən edilmiş hər hansı bir hüququ da pozulmamışdır. Lakin, işə baxan birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almadan iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(045)-1784/2022 saylı qətnaməsindən cavabdeh "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Goranboy Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(045)-1784/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Goranboy Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(045)-1784/2022 saylı qətnaməsindən cavabdeh "Goranboy Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2(045)-1784/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.