Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-598/2025 11.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2(061)-129/2024 nömrəli qərardadından ərizəçilər Ərizəçi2 və Ərizəçi1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1 miras qalmış əmlakların faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, hazırda mərhum X1 miras qalmış əmlakların faktiki qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tərtər Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(061)-129/2024 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) ərizə təmin edilmiş, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 01 sentyabr 2023-cü il tarixdə vəfat etmiş qardaşları mərhum X1 miras qalmış əmlakların Ərizəçi2 və Ərizəçi1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən maraqlı şəxslər X4 və Maraqlı şəxs2 tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2024-cü il tarixli 2(104)-1779/2024 nömrəli qərardadı ilə Tərtər Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli, 2(061)-129/2024 qətnaməsindən maraqlarına toxunan şəxslər X4 və Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi; Apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Tərtər Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Tərtər Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2(061)-129/2024 nömrəli qərardadı ilə Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(061)-129/2024-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxslər X4 və Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətin geri qaytarılması qərara alınmışdır. Bundan sonra maraqlı şəxslər X4 və Maraqlı şəxs2 qətnamədən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişlər. Ərizə onunla əsaslandırılmışdır ki, qanunla müəyyən edilmiş prosessual müddət ərzində qətnamədən apellyasiya şikayət verilməsinə baxmayaraq, apellyasiya şikayətinin tərtibində nöqsana yol verildiyindən şikayət geri qaytarılmışdır. Həmin nöqsanı aradan qaldıraraq təkrarən qətnamədən apellyasiya şikayəti vermişdir. Beləliklə, qanunla müəyyən edilmiş prosessual müddət üzrlü səbəbə görə buraxılmışdır. Tərtər Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2(061)-129/2024 nömrəli qərardadı ilə (hakim Kamil Rzayev) maraqlarına toxunan şəxslər X3 və Maraqlı şəxs2 Tərtər Rayon Məhkəməsinin 2(061)-129/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair vəsatətinin əsaslı hesab edilərək təmin edilməsi, mülki işin şikayətlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan ərizəçilər Ərizəçi2 və Ərizəçi1 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, maraqlı şəxslər X4 və Maraqlı şəxs2 qətnamədən apellyasiya şikayəti verilmə müddətini buraxmışlar. Apellyasiya şikayəti prosessual müddət buraxılmaqla verildiyindən geri qaytarılmalıdır. Tərtər Rayon Məhkəməsinin 10 yanvar 2025-ci il tarixli 2(061)-129/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 357.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmçinin həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s). Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi eyni hüquqi mövqedən çıxış edərək, “Miragall Eskolaho və digərləri” İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, maraqlı şəxslər X4 və Maraqlı şəxs2 Tərtər Rayon Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(061)-129/2024 nömrəli qətnaməsindən qanunla müəyyən edilmiş prosessual müddət ərzində apellyasiya şikayəti vermişlər və apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsinin 07 avqust 2024-cü il tarixli 2(104)-1779/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş şikayətin geri qaytarılması məsələsinin həlli üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli 2(061)-129/2024 nömrəli qərardadı ilə maraqlı şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra, maraqlı şəxslər əvvəlki apellyasiya şikayətinin tərtibində yol verilmiş nöqsanı qısa zaman kəsiyində aradan qaldırmaqla birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, eləcə də apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni təmin etməkdə düzgün nəticəyə gəlmişdir. X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi biləvasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İşin hallarını, yəni maraqlı şəxslərin qətnamənin surətini rəsmi qaydada aldıqdan sonra qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verdiklərini, apellyasiya şikayəti geri qaytarıldıqdan sonra isə qısa zaman kəsiyində nöqsanın aradan qaldırılmaqla apellyasiya şikayətinin prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməsini nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməkdə düzgün və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Göstərilənlərə əsasən və MPM-nin 133, 263-264, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli 2(061)-129/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-598/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-598/2025
11.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver