Məhkəmə qərarları › İş №2(104)-6/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-6/2023

15.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-6/2023 15.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Süleymanov Loğman Srac qızından ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı vəkili X10, Cavabdeh və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X6 Cavabdeh qarşı torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən aparılmış tikilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(058)-01/2017 saylı qətnaməsindən İddiaçı etibarnamə üzrə nümayəndəsi X18 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı X11 cavabdehlər X12 və Cavabdeh qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Samux rayon İstixana kənd ərazisində mülkiyyətində olan 5.0 ha torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılması, həmin torpaq sahəsində cavabdeh tərəfindən aparılmış tikilinin cavabdehin öz hesabına sökülməsi və torpaq sahəsi üzərində olan mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı X11 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinin həcmini azaltdığını və cavabdeh X8 qarşı tələbinin olmadığını göstərərək iddianın yalnız Cavabdeh münasibətdə təmin edilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 24 oktyabr 2017-ci il tarixli, 2(058)-01/2017 saylı qətnaməsi ilə (hakim N.Hümbətov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MN № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X6 mülkiyyətində olan, Samux rayon İstixana kəndində yerləşən 5.0 ha torpaq sahəsinin zəbt etdiyi 0.20 ha hissəsindən çıxarılması, ödənilmiş dövlət rüsumuna görə Cavabdeh 10 manat dövlət rüsumunun alınaraq iddiaçı X6 xeyrinə verilməsi, iddianın Cavabdeh tərəfindən aparılmış tikilinin cavabdehin öz hesabına sökülməsi hissəsinin rədd edilməsi, ekspertiza xərci hesabına Cavabdeh 100 manat pulun alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və 60 manat pulun alınaraq Azərbaycan Respublikası Əmlak X14 yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına keçirilməsi qət edilmişdir. İddiaçı X6 etibarnamə üzrə nüməyəndəsi X18 qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, alqı-satqı mwqavilısinə əsasən özünə Samux rayonu İstixana kəndində kənd təsərrüfatı ilə bağlı olan sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün 5,0 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsini cavabdehlərdən olan X12 tərəfindən zəbt olunaraq qanunsuz olaraq digər Cavabdeh satılmışdır. Hazırda həmin torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunur və həmin torpaq sahəsində qanunsuz olaraq tikinti işləri aparmışlar. Dəfələrlə cavabdehlərə məhkəmədən kənar qaydada torpaq sahəsinin mülkiyyətində olduğunu və torpaq sahəsini boşaltmalarını bildirsə də, onlar buna məhəl qoymamış və ona məxsus olan torpaq sahəsi üzərində qanunsuz hərəkətlərini davam etdirmişdir. Buna görə də məcburiyyət qarşısında məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində olmaqla ona ölçülərək verilmiş, bütün koordinat nöqtələri nəzərə alınmışdır. Bu zaman orada yol və mühafizə zolağı olmamışdır. Hazırda mübahisələndirilən torpaq sahəsinə cavabdeh tərəfindən tikililərin inşa edilməsi məhkəmə tərəfindən xx.xx.2017-ci il tarixli qərardadla təyin edilmiş ekspertiza rəyi ilə təsdiq olunmasına baxmayaraq məhkəmə əvvəlki rəyə deyil, sonuncu rəyə üstünlük vermişdir. Təkrar ekspertiza keçirilməsi barədə şifahi vəsatət verilərək ekspert rəyləri arasında olan ziddiyyətlərin aradan qaldırılması bildirilsə də, vəsatət təmin edilməmişdir. Eyni zamanda ekspert tərəfindən baxış keçirilən zaman iddiaçının iştirakı təmin edilməmişdir. Halbuki, təkrar məhkəmə tiklinti-texniki ekspertizasının keçirilməsinə zərurət vardır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X11 məhkəmə iclasına gəlməmiş gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X6 vəkili X18 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, verilmiş rəylə razı deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini, rəylə razı olduğunu, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi - vəkil Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəfləri dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Samux Rayon Məhkəməsinin iş üzrə qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri 2 saylı Notariat kontorunda təsdiq edilmiş xx.xx.2007-ci il tarixli 4Ə-3-347 sayla reyestrdə qeydə alınmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqısına dair müqavilənin surətindən görünür ki, X2 şəhəri Kəpəz rayonu istixana kombinatı qəsəbəsində yerləşən 5,0 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasını (təcrübəvi istixana kombinatının yardımçı təsərrüfatı) və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsini alıcı X1. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MN seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, xx.xx.2007ci il tarixdə, 5.0 ha torpaq sahəsi tam mülkiyyət hüququ ilə iddiaçı X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan A seriyalı 019462 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədinin surətindən görünür ki, Samux rayonu İstixana qəsəbəsində 1.57 ha torpaq sahəsi sahibkarlıq məqsədi ilə Samux rayon İstixana bələdiyyəsinin 04 noyabr 2002-ci il tarixli, 22 saylı qərarına əsasən X7 adına 05 dekabr 2007-ci il tarixdə X22 kitabında 193 nömrə ilə uçota alınmışdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Samux rayonu İstixana kəndində 1.57 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası xx.xx.2014-cü il tarixdə mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə ona mülkiyyət hüququ haqqında çıxarış verilmişdir. İş materiallarında olan 18 mart 2014-cü il tarixli texniki pasportun surətindən görünür ki, DƏDRX-nin 3 saylı Ərazi İdarəsidə 1.57 ha torpaq sahəsində olan 298 kv.m əsas, 15.8 kv.m köməkçi, 24.6 kv.m digər, 298.8 kv.m ümumi sahə olmaqla qeyri-yaşayış binası reyestrdə **********63-06301 nömrə ilə qeydə alınmaqla hüquq subyekti Cavabdehdur və həmin texniki pasportun tərtib edilməsi üçün əsas Samux rayon DNK-nun xx-xx.2014-cü il tarixli 4Ə-01-59 saylı alğı-satqı müqaviləsi olmuşdur. İş materiallarında olan Məhkəmə tikinti-texniki ekspertizasının 08 yanvar 2016-cı il tarixli 25436 saylı rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Kadastr və Yerqurluşu Layihə Tədqiqat Mərkəzinin 3 saylı Gəncə Layihə Tədqiqat idarəsinin mühəndisi tərəfindən tərtib olunmuş mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus MN seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışda göstərilən 5.0 ha torpaq sahəsi cavabdehə məxsus olan və onun istifadəsində olan seriya RX № ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlarda göstərilən 1.57 ha torpaq sahələri həmin çıxarışlarda göstərilən cizgilər daxilində yerləşmədiyi müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir. İddiaçı mülkiyyətində olan 5.0 ha torpaq sahəsi cavabdehə məxsus olan və onun istifadəsində olan torpaq sahəsi ilə qonşu torpaq sahəsi olduğu müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan 5.0 ha torpaq sahəsi ilə cavabdehə məxsus olan 1.57 ha torpaq sahəsinin sərhədləri metrlə koordinatları dəqiq ərazinin çəkilmiş xəritə-planında göstərilmişdir. Hazırki istifadə vəziyyətinə görə İddiaçı mülkiyyətində olan 5.0 ha torpaq sahəsi və ya onun bir hissəsi, yolun mühafizə zonası nəzərə almadan da, çəpərlənib ona satılan faktiki torpaq sahəsi 0.08 ha az göstərilmiş, yəni 0.08 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Yolun oxundan 12 metr sağa 12 metr sola yolun mühafizə zonasını qoyduqda İddiaçı mülkiyyətində olan 5.0 ha torpaq sahəsinin Cavabdeh İman oğlu tərəfindən istifadə olunduğu və həmin ərazidə ona məxsus fermanın olduğu müəyyən edilmişdir. İş materiallarında olan DƏDRX-nin 02 may 2017-ci il tarixli **********62 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh məxsus seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 1.57 ha torpaq sahəsi və iddiaçı X9 məxsus MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 5.0 ha torpaq sahəsi həmin çıxarışların texniki pasportunda göstərilən cizgilər daxilində yerləşmir. Belə ki, iddiaçı X9 və Cavabdeh məxsus mübahisəli torpaq sahələrinə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən ölçülər faktiki istifadəyə uyğun deyil. İddiaçı X6 və cavadeh Cavabdeh mülkiyyətinə verilmiş 5.0 ha və 1.57 ha torpaq sahələrinin dəqiq koordinatları müəyyən edilib ölçülməklə müəyyən edilmişdir. Hazırkı istifadə vəziyyətinə görə Cavabdeh tərəfindən iddiaçı X6 mülkiyyətində olan 5.0 ha torpaq sahəsinin (yolun mühafizə zonası nəzərə alınmadan) şimal istiqamətindən 0.20 ha hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Cavabdeh tərəfindən iddiaçı X6 mülkiyyətində torpaq sahəsinin zəbt edilmiş hissə çıxıldıqdan sonra Cavabdeh mülkiyyətində olan 1.57 ha torpaq sahəsi onun mülkiyyətində qalır. Cavabdeh iddiaçı X6 mülkiyyətində olan zəbt etdiyi hissədə hər hansı bir tikili (ferma, ev və s.) tikilməmişdir. İş materiallarında olan Məhkəmə tikinti-texniki ekspertizasının 14 avqust 2017-ci il tarixli 20111 saylı ekspertiza rəyindən görünür ki, Cavabdeh məxsus seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 1.57 ha torpaq sahəsi və iddiaçı X9 məxsus seriya MH ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən 5.0 ha torpaq sahəsinin həmin çıxarışların texniki pasportunda göstərilən cizgilər daxilində yerləşmədiyi, iddiaçı X9 və Cavabdeh məxsus mübahisəli torpaq sahələrinə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda göstərilən ölçülərin faktiki istifadəyə uyğun olmadığı müəyyən edilmişdir. İddiaçı X6 və Cavabdeh mülkiyyətinə verilmiş 5.0 ha və 1.57 ha torpaq sahələrinin dəqiq koordinatları ölçülməklə müəyyən edilmiş, hazırkı istifadə vəziyyətinə görə Cavabdeh tərəfindən iddiaçı X6 mülkiyyətində olan 5.0 ha torpaq sahəsinin (yolun mühafizə zonası nəzərə alınmadan) şimal istiqamətindən 0.20 ha hissəsinin istifadə edildiyi müəyyən edilmişdir. İddiaçı X6 mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən hissəsi çıxldıqdan sonra Cavabdeh mülkiyyətində olan 1.57 ha torpaq sahəsinin onun mülkiyyətində qaldığı müəyyən edilmişdir. İddiaçı X6 mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən istifadə edilən hissəsində hər hansı bir tikilinin (ferma, ev və s.) tikilmədiyi müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir. İş üzrə keçirilmiş ekspertiza rəyləri arasında zəbt edilmiş torpaq sahəsində tikilinin olub-olmaması ilə bağlı ziddiyyət olduğundan iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyasının qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, araşdırma nəticəsində müəyyən olundu ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya nömrəsi MN № ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus 5,0 ha torpaq sahəsi elektron baza məlumatlarında 0,20 ha az olmaqla 4.80 ha olaraq öz əksini tapmışdır. İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dair MN № ******* nömrəli çıxarışın elektron baza məlumatlarına istinadən koordinatlarının naturada yerləşmə mövqeyinə əsasən Cavabdeh tərəfindən həmin torpaq sahəsi tutulmamışdır. Elektron baza məlumatlarına istinadən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MN № ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus 5,0 ha torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX № ******* nömrəli çıxarış ilə Cavabdeh mülkiyyətində olan 1,57 ha torpaq sahəsi üst-üstə düşmür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya nömrəsi MN № ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus 5,0 ha torpaq sahəsində Cavabdeh tərəfindən hər-hansı tikinti işləri və ya işlər aparılmamışdır (i.v. 207-211). Məhkəmə kollegiyası tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 18 aprel 2019-cu il tarixli 29052 saylı ekspertiza rəyindən görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya nömrəsi MN № ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus 5,0 ha torpaq sahəsinin naturada yeri müəyyən edilərək çıxarış üzrə nəzərdə tutulmuş sahədən 0.20 ha azdır və naturada 4.80 ha təşkil edir. Tədqiq olunan ərazidən keçən yerli əhəmiyyətli avtomobil yolunun mühafizə zonası nəzərə alınmaqla iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,08 ha hissəsi cavabdeh tərəfindən tutularaq istifadə olunur. Ekspertiza xərci 100 manat təşkil edir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MN № ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus 5,0 ha torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX № ******* nömrəli çıxarış ilə Cavabdeh mülkiyyətində olan 1.57 ha torpaq sahəsi üst-üstə düşmür. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MN № ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus 5,0 ha torpaq sahəsinin (naturada 4,8 ha təşkil edir) tutularaq istifadə olunmuş 0,08 ha hissəsində Cavabdeh tərəfindən ferma quraşdırılmışdır. Məhkəmə kollegiyasının qərardadı əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri” publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli mütəxəssisi rəyində göstərilir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya MN № ******* nömrəli çıxarışda göstərilən İddiaçı mülkiyyətində olan 5,0 ha torpaq sahəsi ilə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışda göstərilən Cavabdeh mülkiyyətində olan 1.57 ha torpaq sahəsi üst-üstə düşmür. Ekspertiza baxışı zamanı Cavabdeh torpaq sahəsinin mübahisəli olması səbəbindən sözügedən torpaq sahəsindən faktiki olaraq istifadə edə bilmədiyini bildirmişdir. Belə olan təqdirdə Cavabdeh tərəfindən MH seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 5,0 ha torpaq sahəsinə müdaxilə halının olmadığı müəyyən olundu. Məhkəmə kollegiyası tərəfindən təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının 30 noyabr 2022-ci il tarixli 10/7101 saylı ekspertiza rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssis rəyinə əsasən aidiyyatı təşkilat, idarə və yaxud qurum tərəfindən sözügedən yolun hansı əhəmiyyətli yol olduğu barədə mülki iş materiallarında rəsmi sənədin mövcud olmaması səbəbindən sualın cavablandırılması mümkün olmamışdır. Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssis rəyinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya nömrəsi MN № ******* nömrəli çıxarışda göstərilən İddiaçı mülkiyyətində olan 5,0 ha torpaq sahəsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı № ******* nömrəli çıxarışda göstərilən Cavabdeh mülkiyyətində olan 1,57 ha torpaq sahəsi üst-üstə düşmür. Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin mütəxəssis rəyinə əsasən ekspertiza baxışı zamanı Cavabdeh torpaq sahəsinin mübahisəli olması səbəbindən sözügedən torpaq sahəsindən faktiki olaraq istifadə edə bilmədiyini bildirmişdir. Belə olan təqdirdə Cavabdeh tərəfindən MN seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 5,0 ha torpaq sahəsinə müdaxilə halının olmadığı müəyyən olundu. Ekspertiza xərci 50 manat təşkil edir. İş materiallarında olan Samux rayon Ziyadlı bələdiyyəsinin 31 yanvar 2023-cü il tarixli 14 nömrəli məktubundan görünür ki, Samux rayon Ziyadlı bələdiyyəsinin ərazisində vətəndaş Cavabdeh məxsus seriya RX № ******* nömrəli çıxarışla 1.57 ha torpaq sahəsi vardır. Həmin çıxarışa uyğun reyestr nömrəsi **********73-06301 olan texniki pasportda olan dayaq nöqtələri heç bir çıxarışla üst-üstə düşmür. Bu Bələdiyyəyə verilmiş elektron xəritədə öz əksini tapmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hazırda 02 noyabr 2007-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarış əsasında İddiaçı mülkiyyətində olan Samux rayonu İstixana kəndində yerləşən, müvafiq olaraq 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 5 girişli, 3244.8 kv.m ümumi, 456.6 kv.m əsas, 2788.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası bundan əvvəl X7 mülkiyyətində olmuş, sonuncu həmin əmlak kompleksini xx.xx.2007-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Bundan başqa X3 rayonu İstixana bələdiyyəsindən xx.xx.2002-ci il tarixdə sahibkarlıq məqsədi ilə almış olduğu və mülkiyyətində olmuş 5.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə yanaşı yerləşən 1,57 ha torpaq sahəsini isə xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən iş üzrə Cavabdeh satmışdır. İddiaçıya satılmış torpaq sahəsinin sərhədləri əvvəlcədən müəyyən olunmuşdur. Belə ki, həmin əmlak kompleksi əvvəllər təcrübəvi istixana kombinatının yardımçı təsərrüfatı olduğuna görə qonşu torpaq sahələrindən arakəsmə ilə ayrılmış, cavabdeh 1,57 ha torpaq sahəsini aldıqdan sonra iddiaçının torpaq sahəsi ilə onun torpaq sahəsi arasında olan arakəsmənin yerini dəyişdirməmiş, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hansısa hissəsinin zəbt edildiyi müəyyən olunmamışdır. Həm də müəyyən olunmuşdur ki, iddiaçıya məxsus torpaq sahəsinə dair MH seriyalı ******* saylı çıxarışda onun torpaq sahəsinin 5,0 ha olduğu göstərilsə də, elektron baza məlumatlarında həmin torpaq sahəsi 4,80 ha kimi göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunmasıüçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratınıöz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. İnsan hüquqları haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi mülkiyyət hüququnu təmin edir: Orada deyilir - “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Həmçinin İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edilir ki, “Hər kəs istər təkbaşına, istərsə də başqaları ilə birlikdə mülkiyyətə sahib olmaq hüququna malikdir”. Kollegiya qeyd edir ki, həqiqətən də mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər və bu onun qanunla təsbit olunmuş konstitusion hüquqlarındandır. Lakin bu zaman sübut olunmalı hal digər tərəfin ona məxsus əmlakı, hazırkı halda torpaq sahəsini həqiqətən də zəbt edib etməməsidir. Məhkəmə araşdırması zamanı isə həmin hal müəyyən olunmamışdır. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi onun mülkiyyətində olmaqla ona ölçülərək verilmiş, bütün koordinat nöqtələri nəzərə alınmışdır. Bu zaman orada yol və mühafizə zolağı olmamışdır. Hazırda mübahisələndirilən torpaq sahəsinə cavabdeh tərəfindən tikililərin inşa edilməsi məhkəmə tərəfindən xx.xx.2017-ci il tarixli qərardadla təyin edilmiş ekspertiza rəyi ilə təsdiq olunmasına baxmayaraq məhkəmə əvvəlki rəyə deyil, sonuncu rəyə üstünlük vermişdir. İşin hallarından görünür ki, iddiaçı tərəf mülkiyyətində olan 5.0 ha torpaq sahəsinin zəbt etdiyini göstərir. Halbuki işdəki mütəxəssis və ekspert rəyi ilə həmin hal müəyyən olunmur, yəni iddiaçıya məxsus təsərrüfatın həmin torpaq sahəsində hazırda da fəaliyyət göstərdiyi inkar olunmur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının torpaq sahəsinin koordinatlarının ölçülüb ona verildiyi mübahisələndirilmir. Lakin nəzərə alınmalıdır ki, iddiaçının alğı-satqı müqaviləsinə əsasən almış olduğu 5,0 ha torpaq sahəsi 1969-cu ildə X17 Kombinatının yardımçı təsərrüfatı üçün ayrılmış torpaq sahəsi olmuş və dövlət əmlakının özəlləşdirilməsi qaydasında özəlləşdirilərək sonradan iddiaçıya satılmışdır. Yəni həmin təsərrüfatın sərhədləri digər torpaq sahələrindən müəyyən mərzlə ayrılmışdır. İşdəki ekspert rəyindən də göründüyü kimi iddiaçıya məxsus torpaq sahəsi elektron baza məlumatlarında 5.0 ha yox, 4.8 ha kimi göstərilmişdir. Digər tərəfdən iddiaçını torpaq sahəsi ona ölçülüb verilərkən orada yol və mühafizə zolağının olmaması dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin xüsusata cavabdeh kimi göstərdiyi Cavabdeh cavab verməli şəxs deyildir. İddianın qismən təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması nəticəsində işdəki sənədlər və ekspert rəyindən göründüyü kimi cavabdeh iddiaçıya məxsus 5,0 ha torpaq sahəsini zəbt etməmişdir. Buna baxmayaraq məhkəmə cavabdeh tərəfindən iddiaçıya məxsus 5,0 ha torpaq sahəsinin 0,20 ha hissəsini istifadə etməsi barədə düzgün olmayan nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin istinad etdiyi ekspertiza rəyi sonrakı ekspertiza rəyi ilə inkar edildiyinə görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında Məhkəmə hüquqi mövqe nümayiş etdirərək göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Beləliklə də, kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılmayaraq hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilərək həmin hissədə də iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalı, 350 manat ekspertiza xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı etibarnamə üzrə nüməyəndəsi X18 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(058)-01/2017 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. İddia tələbi Cavabdeh MN seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçı X6 mülkiyyətində olan, Samux rayonu İstixana kəndində yerləşən 5.0 ha torpaq sahəsinin 0.20 ha hissəsindən çıxarılması hissəsində də təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci olan 350 (üç yüz əlli) manat məbləğində pul iddiaçı X4 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ013601 **********3944 SWİFT BİK CTREAZ22 hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar