Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-602/2025 14.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, onun vəkili X2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaq sahəsindən çıxarılma və maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2(042)-975/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 14 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gədəbəy Rayon İcra Hakimyyəti başçısının 29 aprel 2022-ci il tarixli, 67 nömrəli sərəncamın surətindən görünür ki, Gədəbəy rayonu, Əmiraslanlı kənd sakini İddiaçı Gədəbəy rayonu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 46 nömrəli yay otlaq sahəsində hevandarlığın inkişaf etdirilməsi məqsədilə 130 hektar örüş sahəsi 5 (beş) il müddətinə istifadə etmək üçün icarəyə verilmişdir.
2. Gədəbəy Rayon İcra Hakimyyəti ilə X3 arasında 2022-ci il tarixli 10 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabehlər X5, Cavabdeh2 və Cavabdeh3 qarşı Gədəbəy Rayon Məhkəməsində müraciət edərək cavabdehlərin istifadəsində olan 130.00 ha örüş sahəsindən çıxarılması və ona dəymiş 4565 manat ziyanının cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonunun Əmiraslanlı kəndində mal-qara saxlamaqla məşğuldur. Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli 67 saylı sərəncamına əsasən Gədəbəy rayonu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 46 nömrəli yay otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə ona 130 ha örüş sahəsi beş il müddətinə icrəyə verilmişdir. İcarə haqqını vaxtlı-vaxtında ödəməklə torpaq sahəsindən istifadə etmişdir. Cavabdehlər 2023 və 2024-cü illərdə özbaşnalıq edərək onun istifadəsində olan örüş sahəsini ümumilikdə 100 baş iri buynuzlu mal-qaraya otardaraq yararsız hala salmışlar. Bu barədə Bitki Mühafizə və Fumaqasiya şöbəsində xx.xx.2024-cü il tarixdə dəymiş ziyanla bağlı rəy almış, eləcədə 2023 və 2024-cü illərdə otun qiyməti barədə digər arayış əldə etmişdir. Örüş sahəsinin otarılması nəticəsində ona təxminən 4565 manat ziyan dəymişdir. Ona məxsus torpaq sahəsindən mal-qaranın çıxarmasını tələb etsədə, sonuncular onü ölümlə hədləyərək torpaqdan çıxmamışlar.
5. Gədəbəy Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2(042)-975/2024 nömrəli (hakim F.Mirzəquliyev) qətnaməsi ilə iddianın təmin edilməməsi qət olunmuşdur.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 76, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalrının tələblərinin pozulması ilə çıxarılmışdır. İş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır. Belə ki, dəymiş ziyanla bağlı Bitki Mühafizə və Fumaqasiya şöbəsinə müraciət edərək 13 may 2024-cü il tarixli 03 nömrəli rəy almış və həmin rəydə istifadəsində olan 130 ha çöl otlaq sahəsinə baxış keçirilməsi zamanı otlaq sahəsinin iri-buynuzlu və xırda-buynuzlu malqara tərəfindən otarılması qeyd olunmuşdur. Otlaq sahəsindən il ərzində 830-860 ədəd ot kipi və ya 11,5-12 ton ot məhsulu əldə etmək mümkündür. Həmçinin qeyd edilən rəydə göstərilən dağ otunun bir kipinin qiyməti ilə bağlı Gədəbəy rayonu "xxxx" MMC-dən 28 iyun 2024-cü il tarixli 184 nömrəli arayış alaraq ərizəyə əlavə etmişdir. Həmin sənədlərlə müəyyən edilir ki, cavabdehlər ona ümumilikldə 4565 (dörd min beş yüz altmış beş) manat ziyan vurmuşlar. Lakin məhkəmə həmin sənədləri nəzərə almamış və onlara hər hansı hüquqi qiymət verməmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdehlər on ildir ki, mübahisəli ərazidə mal-qara otarırlar. İcarəyə götürdüyü örüş otlaq sahəsinin cavabdelərə məxsus mal-qara tərəfindən otarılması və ona 4565 manat ziyan vurulması iddia ərizəsinə əlavə etdiyi sənədlərlə təsdiq olunur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X2 da apellyasiya şikayətinin dəlillərini müdafiə edərək sonda məhkəmə kollegiyasından qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahatında göstərmişdir ki, 25 baş iri buynuzlu heyvanı var və həmin heyvanları kəndin örüş sahəsində otarır. İddiaçının icarəyə götürdüyü örüş sahəsində mal-qara otarmamışdır. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 da apellyasiya şikayətini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının icarəyə götürdüyü örüş sahəsində mal-qara otarmamış, 30 baş iri buynuzlu heyvanları digər kənd sakinləri kimi kəndin örüş sahəsində otarmışdır. Cavabdeh1 sonda apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.[17]
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasada, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsədə mənsubdur.
19. Maddə 158.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.
20. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
21. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
27. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
29. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Gədəbəy Rayon İcra Hakimyyəti başçısının 29 aprel 2022-ci il tarixli, 67 nömrəli sərəncamı, eləcədə 2022-ci il tarixli 10 nömrəli torpaq icarə müqaviləsi əsasında Gədəbəy rayonu ərazisində yerləşən 130 ha kənd təsərrüfatı təyinatlı örüş sahəsi 5 il müddətinə İddiaçı icarəyə verilmişdir. İddiaçı istifadəsində olan örüş sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən zəbt edilərək iri və xırda buynuzlu heyvanlara otarıldığını və nəticədə ona 4565 manat ziyan dəyməsini əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
35. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Beləki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
36. İddiaçı istifadəsində olan kənd təsərrüfatı təyinatlı örüş sahəsinin cavabdehlərə məxsus iri və xırda buynuzlu heyvanlar tərəfindən otarılması nəticəsində ona 4565 manat ziyan dəyməsinn sübutu kimi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Ağentliyinin Bitki Mühafizə və Fumaqasiya şöbəsi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli rəyi, eləcədə Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli 184 nömrəli arayışı məhkəməyə təqdim etsədə, işə baxan birinci instansiya məhkəməsi qeyd olunan rəyi, eləcədə arayışı iddianın təmin olunması üçün sübut kimi qəbul etməmişdir.
37. Kollegiyada hesab edir ki, bu iddianı cavabdehlərə qarşı qaldırmaqda İddiaçı subyektiv hüququ olmuşdur.
38. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Ağentliyinin Bitki Mühafizə və Fumaqasiya şöbəsi tərəfindən verilmiş 13 may 2024-cü il tarixli rəydə qeyd olunmuşdur ki, İddiaçı müraciəti əsasında istifadəsində olan 130 ha örüş torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, otlaq sahəsi iribuynuzlu və xırda buynuzli malqara tərəfindən otarılmışdır.
39. Örüş otlaq sahəsinin otarılması rəydə qeyd olunsada, lakin kimlərə məxsus, xüsusəndə cavabdehlərə məxsus iribuynuzlu və xırda buynuzli malqara tərəfindən otarılması göstərilməmişdir.
40. Halbuki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372- 376, 378-382, 384, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli 2(042)-975/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.