Məhkəmə qərarları › İş №2(104)-603/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-603/2025

13.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-603/2025 13.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər: Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış 648,24 manat borcun tutulması” tələbinə dair Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, e-2(013)- 3257/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxılaraq qətnamə qəbul edildi. İşin halları İddiaçı ilə cavabdeh arasında cavabdehin icarəsində olan İsmayıllı rayonu Gəraybəyli kəndində yerləşən yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alğısatqısına dair sonuncu dəfə xx.xx.2024-cü il tarixdə XS18-02091/24 nömrəli müqavilə bağlanmış və cavabdehin istifadəsində olan yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********01760 nömrəli abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 648,24 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. Cavabdehin 648,24 manat borcunun olması abonentin saldosu ilə öz təsdiqini tapır. İddiaçı borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu ilə cavabdehə müraciət etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 648,24 manat borcun tutulması məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, cavabdehin istifadə etdiyi təbii qaza görə İsmayıllı Xidmət Sahəsinə 648.24 (altı yüz qırx səkkiz manat iyirmi dörd qəpik) debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini Bank və ya Poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2 bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Borcluya İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Abonent hər ay bildiriş almış, təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Cavabdeh rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda cavabdehə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin Cavabdeh yaranmış borcu tam ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********01760 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında “356 saylı 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər kub metr qazın dəyəri tam ödənməlidir. Ağdam Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2024-cü il tаrixli, e-2(013)-3257/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən “648 (altı yüz qırx səkkiz) manat 24 (iyirmi dörd) qəpik borcun və 30,40 manat ödənilmiş dövlət rüsumunun” tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanmış və hər iki tərəf üzərlərinə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh keyfiyyətli qazla təmin etməklə üzərinə düşən öhdəlikləri tam icra etmiş, qarşı tərəf isə istifadə etdiyi qazın pulundan 648,24 manat borclu qalmaqla öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Birinci instansiyası məhkəməsi qətnaməsini Mülki Məcəllənin 427.3, Mülki Prosessual Məcəllənin 284-1, 284-5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmiş Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, e-2(013)-3257/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri O, ailəsi və valideynləri olə birlikdə məlum hadisələrlə əlaqədar olaraq Ağdam rayonondan məcburi köçkün düşərək İsmayıllı rayonunun Gəraybəyli kəndində məskunlaşmışlar. Gəraybəyli kəndində atası Nəsirov Cabbar ilə birgə təsərrüfat idarə etməklə bir evdə yaşayır. Evdə istilik və yanacaq kimi təbii qazdan istifadə edirlər. Qaz sayğacı atasının adındadır və istehlak etdiyikləri qazın dəyərini vaxtı-vaxtında tam ödəyirlər. Lakin buna baxmayaraq 2016-cı ildən onun xəbərim və razılığım olmadan adına **********01760 nömrəli obonent kodu olan sayğacın qeydə alındığı məlum olmuşdur. Həmin kodda sayğacı görməmiş və harada yerləşməsini də bilmir. Onun yaşadığı evdə bir sayğac olmuş və qeyd etdiyi kimi sayğac atasının adına qeydə alınmışdır. Onların ikinci sayğaca ehtiyacı olmamışdır. Onun istifadə etdiyi kimi göstərilən sayğacdan xəbəri və haradasa başqa yerdə ikinci evim yoxdur. Onun evinə daim qaz idarəsindən nəzarətçi gəlmiş, sayğaca nəzarət edib və istehlak etdikləri qaza görə pulun ödənilməsi barədə atasının adına bildiriş verib, həmin bildirişə əsasən də qazın pulunu ödəmişlər. Onun adıma saxta yolla qeydə alınan sayğac barədə bu günədək ona heç bir bildiriş verilməmiş, hər hansı nəzarətçi tərəfindən ona qaz pulunun ödənilmədiyi barədə irad tutulmamışdır. Buna İsmayıllı qaz istismar idarəsini məsul işçiləri də şahiddirlər. Ona 648 manat 24 qəpik dəyərində qaz sərfiyyatının yazılması tam qanunsuz və əsassızdır. O, bu qanunsuzluğun aradan qaldırılması ilə bağlı İddiaçınə ərizə ilə müraciət etmişdir. Lakin İddiaçı bu haqsızlığı aradan qaldırmaq və qeyd edilən kodda sayğacın harada olmasını araşdırmaq əvəzinə ona cavab məktubunu gecikdirərək özləri təcili şəkildə onun qeydiyyatda olduğu Ağdam rayon məhkəməsinə istehlak olunmuş təbii qaza görə 648 manat pul tələbi ilə iddia qaldırmışlar. Məhkəmə də ona heç bir bildiriş göndərmədən və onun iştirakını təmin etmək üçün heç bir cəhd etmədən işə baxaraq əsassız iddianı təmin etmişdir. İddiaçının onunla qaz istehlakı ilə bağladığı müqavilə saxtadır və onun həmin müqavilədən xəbəri yoxdur. Yaşadığı evdə qaz istehlakı ilə bağlı müqavilə atası ilə bağlanıb və atası da ailə tərəfindən istifadə edilən təbii qazın dəyərini ödəyir. Ona görə də qətnamədə adı çəkilən müqavilədən xəbəri olmadığı və saxta olduğu üçün həmin müqavilə etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur və bu cür əqd bağlandığı andan etibarsızdır. Belə olan halda hakimin istinad etdiyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsi də bu iş üzrə öz əhəmiyyətini itirir. Ağdam Rayon Məhkəməsi mülki mübahisəyə sadələşdirilmiş qaydada baxarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-və 284-5.2-ci maddələrinin tələblərini pozaraq ona mülki mübahisə barədə nə rəsmi, nə də şifahi qaydada məlumat verməmişdir. O, qeyd edilən mübahisə barədə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsini poçt vasitəsi ilə aldıqdan sonra xəbər tutmuşam. Beləliklə məhkəmə onun prosessual hüquqlarını pozmaqla işə baxaraq iddianı əsassız olaraq təmin etmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri İddiaçı Cavabdeh qarşı pul tələbinə tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(013)-3257/2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir. Hazırda Cavabdeh tələb olunan borc məbləği yalnız sayğac göstəricisinə əsasən yaranmış borc məbləğidir. Ona görə də tərəfin verdiyi apellyasiya şikayəti təmin edilə bilməz. Belə ki, Cavabdeh yaşadığı fərdi yaşayış evində istehlak edilən təbii qazın uçotu onun atası X1 ünvanında quraşdırılmış istismarda olan sayğacla aparılmışdır. Başqa sözlə xx.xx.2024-cü il tarixli saldo hesabatına əsasən 2024-cü il ərzində (iddia qaldırılanadək) X1 adına olan sayğac 852 m3 qaz sərfi (852 x 0.12 m = 102.24 manat) qeydə almış, həmin sərfiyyatın 487.28 m3 hissəsi (58.48 man) hazırkı Cavabdeh adına olan **********01760 saylı hesabında, 364.72 m3 hissəsi (43.76 man) isə X1 adına olan **********01750 saylı hesabında qeydə alınmışdır. Müvafiq olaraq əvvəlki illərdə eyni formada cavabdehin atası X1 adına olan sayğacın sərfiyyatı Cavabdeh və X1 adına olan hesablarda qeydə alınmışdır. Qeyd etdiklərimi abonent saldoları ilə də öz təsdiqini tapmış və göründüyü kimi hər iki hesabda qeydə alınan qaz sərfi sayğac göstəricisinə əsasən aparılmışdır. Lakin Cavabdeh sayğac göstəricisinə əsasən qeydə alınmış qaz sərfinin dəyərini ödəmədiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı Cavabdeh qarşı pul tələbinə tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2(013)-3257/2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra - Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və mübahisənin predmeti bölünməz olduğundan məhkəmə aktı tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiyanın həddini nəzərə alan məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, e-2(013)-3257/2024 qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zaanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında cavabdehin icarəsində olan İsmayıllı rayonu Gəraybəyli kəndində yerləşən yaşayış sahəsinə təbii qazın verilməsi ilə bağlı qazın alğı-satqısına dair sonuncu dəfə xx.xx.2024cü il tarixdə XS18-02091/24 nömrəli müqavilə bağlanmış və cavabdehin istifadəsində olan yaşayış sahəsi müvafiq qaydada qazlaşdırılmaqla sonuncuya **********01760 nömrəli abonent kodu verilmişdir. Cavabdeh istehlak edilmiş qazın dəyərini ödəmədiyindən təbii qazdan istifadəyə görə hesabında 648,24 manat debitor borc yaranmış və həmin borc ödənilməmişdir. Cavabdehin 648,24 manat borcunun olması abonentin saldosu ilə öz təsdiqini tapır. Cavabdehin apellyasiya şikayətinin dəlili ondanibarətdir ki, o, iddiaçı ilə müqavilə bağlamamış və atasının təsərrüfatında yaşayır. İddiaçı tərəfindən təqdim edilmiş cavabdehin atası X2 və cavabdehin abonent saldolarından, habelə iddiaçının apellyasiya şikayətinə etirazının dəlillərindən müəyyən edildiyi kimi cavabdehin atası X1 adına olan sayğacın sərfiyyatı Cavabdeh və X1 adına olan hesablarda qeydə alınmışdır. Qeyd edilənlər abonent saldoları ilə də öz təsdiqini tapmışdır. Cavabdeh müqavilə bağlamadığını iddia etsədə **********01760 nömrəli abonentin saldosundan müəyyən edilmişdir ki, xx.xx.2011-ci il tarixdən cavabdehə **********01760 nömrəli abonent hesabı açılmış və sonuncu dəfə tərəflər arasında müqavilə xx.xx.2024-cü il tarixdə bağlanmışdır. İddiaçı və onun atasının abonenet hesabları başqa olmaqla hər birinin istifadə etdiyi təbii qazın həcmi və dəyəri hər birinin hesabına ayrılıqda işlənilmişdir. Apellyasiya şikayətinin digər dəlili ondan ibartdir ki, o, məhkəmə icraatı ilə bağlı məlumatlandırılmamışdır. Cavabdehin apellyasiya şikayətinin bu dəlili ilə də razılaşmayan məhkəmə qeyd edir ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. (MPM maddə - 284-1, 284- 5.1, 284-5.2, 284-5.3). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırki iş birinci instansiyası məhkəməsinə sadələşdirilmiş iş kimi daxil olmuş, işə baxan məhkəmə tərəfindən məhkəmə bildirişi xx.xx.2024-cü il tarixdə cavabdehə təqdim etmək üçün Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Sarıcalı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavininə təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. İşə sadələşdirilmiş icraat qaydasında baxıldığından tərəflərin dinlənilməsi üçün çağırılması nəzərdə tutulmamışdır ki, cavabdehin apellyasiya şikayətinin bu dəlili də əsasızdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğun olmuş, apellyasiya şikayətinin dəlilləri isə əsaslı deyildir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tаrixli, e-2(013)-3257/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar