Məhkəmə qərarları › İş №2(104)-607/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-607/2023

19.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-607/2023 19.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və onun nümayəndəsi və vəkili X14 və üçüncü şəxslər X3, X10 və X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Ağstafa Rayon Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, daşınmaz amlakın bağışlanması müqaviləsinin və çıxarışların ləğv edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, payların vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi”nə dair iş üzrə Ağstafa Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(015)-857/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı xx.xx.2022-ci il tarixində iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, daşınmaz əmlakın bağışlanması müqaviləsinin və çıxarışın ləğv edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, payların vərəsələr arasında mütənasib şəkildə bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(015)-857/2022 saylı qətnaməsi (hakim Z.Rəsulov) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Ağstafa Rayon Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, daşınmaz amlakın bağışlanması müqaviləsinin və çıxarışların ləğv edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, payların vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi” barədə iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi edilmişdir. İş üzrə İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa rayonu Xılxına kəndində onun mərhum atası X11 məxsus yaşayış evi vardır. Bundan başqa mərhum atası X11, mərhum anası X15, X7 və ona Ağstafa rayonu Aqrar İslahat Komissiyasının 17 dekabr 1998-ci il tarixli, 07 saylı qərarı ilə Ağstafa rayonu Xılxına kəndi ərazisindən 1,38 ha torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Bu barədə JN 187 Kod 50206038 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktının surətındən də göründüyü kimi mərhum valideynlərinin də torpaq sahəsində payları vardır. Lakın iş üzrə cavabdehlər nə onun öz mülkiyyətindən, nə də ata-anasından miras qalmış mülkiyyətdən istifadə etməyə imkan vermirlər və ona bildirirlər ki ümumiyyətlə guya o, bütün paylardan məhrum olunmuşdur. Onun tərəfindən araşdırılma aparılmış və məlum olmuşdur ki, iş üzrə cavabdehlər ona heç bir məlumatlar vermədən çıxarış əldə etmişlər. Belə ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etdikdən sonra bağışlama müqaviləsi ilə miras əmlak iş üzrə cavabdeh qardaşı Cavabdeh3 adına qeydə alınmışdır. Bundan sonra onda olan məlumata görə çıxarış əldə edilmişdir. Qanun üzrə vərəsədir və həmin miras əmlak onun tərəfindən qəbul edilmiş və idarə edilərək şəksiz nümayiş etdirilir. Ona görə də Ağstafa Rayon Notariat Ofisi tərəfindən 06 dekabr 2021-ci il tarixdə verilmiş vərəsəlik hüququ haqında şəhadətnamənin, 09 dekabr 2021-ci il tarixdə verilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, DƏDRX-nin 15 saylı Tovuz ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə mərhum X8 adına verilmiş çıxarışın, xx.xx.2021-ci il tarixli Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi, payların vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı, onun nümayəndəsi və vəkili X21 20 oktyabr 2022-ci il tarixdə iddia ərizəsinin həcminin artırılması barədə əlavə ilə məhkəməyə müraciət edib Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq iddia tələbinin həcmini artıraraq Ağstafa Rayon Notariat Ofisi tərəfindən 06 dekabr 2021-ci il tarixdə verilmiş vərəsəlik hüququ haqında şəhadətnamənin, 09 dekabr 2021-ci il tarixdə verilmiş bağışlama müqaviləsinin ləğv edilməsi, DƏDRX-nin 15 saylı Tovuz ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə mərhum X8 adına verilmiş çıxarışın, xx.xx.2021-ci il tarixli Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi, payların vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi və məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən narazıdır və ləğv edilməsini xahiş edir. Belə ki, Ağstafa rayon notariat ofisində mərhum anası Laləzər Hüseynovanın payı 06 dekabr 2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Cavabdeh2 vermiş və o mirasdan tam hissədə pay almışdır. Amma Ağstafa rayonu Xılxına kənd icra nümayəndəliyi tərəfindən verilmiş arayışda isə 7 nəfər vərəsələr içində onun adı da göstərilməklə arayış təqdim edilmişdir. Bundan başqa notariat ofisində atasının payının olmasını başa düşür amma, anası Laləzərin payı 06 dekabr 2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə ilə vərəsələrin razılığı alınmadan, yəni eləbilki, atası ilə anasının birgə nikah dövründə əldə etdiyi əmlak 1/2 hissə ilə müəyyən edildiyi halda, anasının payı tam hissədə Cavabdeh2 adına keçirilir, sonradan isə tələm-tələsik üstündən 1 gün müddət keçməmiş xx.xx.2021-ci il tarixdə DƏDRX-nin 15-saylı Ərazi idarəsi tərəfindən tələm-tələsik **********-saylı mərhum atası X8 adına çıxanş verilir, çıxarışda isə ən maraqlısı odur ki, fərdi yaşayış evi atasının tam, digərinə isə ümumi birgə torpaq sahəsi kimi göstərilməklə pozuntu edilir və daha sonra isə üstündən 2 gün sonra 09 dekabr 2021-ci il tarixdə isə atası Fərman Hüseynov tərəfindən hazırki Cavabdeh3 bağışlanma müqaviləsi ilə verilir, ən dəhşətlisi isə odur ki, 5 gün sonra yəni 14 dekabr 2021-cı il tarixdə hazırki cavabdehə tələm-tələsik DƏDRX tərəfindən **********-saylı çıxarış verilərək, yəni saxtakarlıq edilərək ona və digər vərəsələrə analarından çatan paylar gizlədilmişdir və ya kənd icra nümayəndəliyinin arayışından da göründüyü kimi vərəsələrin siyahısı göstərilməsinə baxmayaraq, anasından qalan paylar, tək bacısı Cavabdeh2 verilərək onların hüquqları pozulmuşdur. Bundan başqa ər-arvad arasında olan əmlak 1/2 hisssə ilə olmuşdursa, onda yaşayış evi necə olur ki, mərhum anasından qalan mülkiyyət bölüşdürülsə onda nə üçün atasının adına keçmişdir. O cümlədən bir də digər bacısının adına, onda elə çıxır ki, umumiyyətlə anasının mülkiyyət hissəsi olmamışdır. Göründüyü kimi notariat ofisində və DƏDRX-də həmin sənədləşmələr, ard-arda olmaqla tələm-tələsik edilməklə ona və digər vərəsələrə çatası paylar ya açıq saxlanılmalı idi, ya da ki, paylara uyğun bölünməli idi. Hansı ki, bu hərəkətləri etməklə notariat ofisi notariat haqqında qanunun tələblərini pozmuşdur. Məhkəmə iclaslarında o, bu məsələnin araşdırılmasını və düzgün qiymətləndirilməsini məhkəmədən xahiş etməsinə baxmayaraq, məhkəmə yenə də işə birtərəfli qaydada baxaraq sözü gedən qətnaməni çıxarmışdır. Ümumiyyətlə sözü gedən çıxarışların və bağışlama müqaviləsinin ard-arda aralarındakı məsafələrin belə gözlənilmədiyi hüquq pozuntularını belə araşdırmamışdır. Hansı ki, həmin pozuntular sənədlər üzərində göz qabağındadır. Məhkəmə araşdırması dürüst aparılmadığı üçün hazırda onun hüquqları kobud şəkildə pozulmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən maraqlı şəxs Ağstafa Notariat Ofisi məhkəməyə məktub göndərərk işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxs X16 məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilərək Cavabdeh2 adına Ağstafa Rayon Notariat Ofisi tərəfindən 06 dekabr 2021-ci il tarixdə verilmiş vərəsəlik hüququ haqında şəhadətnamənin, Cavabdeh2 və mərhum atası Fərman Hüseynovla cavabdeh İddiaçı arasında bağlanmış 09 dekabr 2021-ci il tarixli bağışlama müqaviləsinin, DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə mərhum X8 adına verilmiş çıxarışın, xx.xx.2021-ci il tarixli Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi, payların vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi, vərəsəlik şəhadətnaməsinin verilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin göstərdi ki, o, əvvəllər mübahisəli ünvandakı miras mülkdə yaşamış olsa da, anasının vəfatından sonra həmin evdən çıxarılmış və miras evdən istifadə etməsinə imkan vermirlər. 2022-ci ilin avqust ayında Ağstafa Rayon Notariat Ofisinə müraciət edərək ona anası X1 vəfatından sonra qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, lakin həmin miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsinin verildiyi bildirilərək məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh2 əlavə olaraq izah etdi ki, dörd bacı və üç qardaşdırlar. Qardaşı Sənham istisna olmaqla digər bacı və qardaşları mirası qəbul etməmişlər. İddiaçı hələ anasının sağlığında miras mülkdən çıxıb qaynatasıgilə köçmüş, iddiaçı getdikdən 10 gün sonra anası ölmüşdür. Sonradan atası iddiaçı üçün həyətyanı torpaq sahəsi almış, iddiaçı isə 5 il bundan əvvəl həmin torpaqdan kənarda özünə ev tikmiş, hazırda da həmin evdə yaşayır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 və onun nümayəndəsi, vəkili X22 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Cavabdeh3 izahatında əlavə olaraq göstərdi ki, iş üzrə qardaşları və bacıları olan iddiaçı və üçüncü şəxslər valideynlərinin ölümündən sonra mirası qəbul etməmişlər. Bundan başqa atası hələ sağlığında vəsiyyətnamə qoymaqla bütün əmlakını ona vəsiyyət etmişdi. Sonradan isə evini bağışlama müqaviləsi ilə ona verdi. Atası onkoloji xəstəlikdən əziyyət çəkmiş olsa da, lakin psixi xəstəliyi olmamış, ölən günə qədər ağlı üstündə olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X17 izahatında göstərdi ki, özü ailə qurması ilə bağlı başqa ünvanda yaşayır. Anasının ölümündən sonra qardaşı Elmana ata evində yaşamasına imkan verməyiblər. Hesab edir ki, mirasdan qardaşı Elmana da pay verilməlidir. Üçüncü şəxs X20 göstərdi ki. anasının ölümündən sonra atasının yanına gedib gəlsə də, nə atasının sağlığında, nə də atasının ölümündən sonra mirasın qəbulu üçün müraciət etməmişdir. Amma mirasdan on da pay verilsəydi yaxşı olardı. Üçüncü şəxs X18 göstərdi ki, anasının ölümündən sonra mirasın qaldığını bilirdi, lakin atası sağ olduğuna görə mirasın qəbulu üçün müraciət etməmişdir. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin yenidən təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ümumilikdə razılaşmış olsa da, lakin hesab edir ki, məhkəmə iddianı rədd edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikasının MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağstafa rayonu Xılxına kəndində xüsusi mülkiyyətdə olan 234.40 kv.m ümumi sahəsi olan, 0.43 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X8 (fərdi yaşayış evi tam, torpaq sahəsi ümumi birgə) və Cavabdeh2 (torpaq sahəsi ümumi birgə) adına qeydiyyata alınmışdır. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-122A Kod 50206038 saylı şəhadətnamənin surətindən görünür ki, Ağstafa rayon Aqrar İstehsalat Komissiyasının 29 iyul 1997-ci il tarixli 09 saylı qərarı ilə X11 ve X4 0.43 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə verilməsinə dair JN-0187 Kod 50206038 saylı Dövlət aktının surətindən görünür ki, Ağstafa rayon Aqrar İstehsalat Komissiyasının 17 dekabr 1998-ci il tarixli 07 saylı qərarı ilə X11, X15, X7 və İddiaçı 1.38 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 18 dekabr 2009-cu il tarixdə ölmüşdür. Məhkəmə kollegiyasının iclasında təqdim edilərək işə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 15 dekabr 2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Ağstafa rayonu Xılxına kənd icra nümayəndəliyi tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli 78/g saylı arayışdan görünür ki, Ağstafa rayonu Xılxına kənd sakini X19 xx.xx.2021-ci il tarixdə Xılxına kəndində vəfat etmişdir. Vəfat etdikdən sonra qızı X16, qızı Hüseynova (Məmmədova) Sabirə Fərman qızı, oğlu Cavabdeh3, qızı Hüseynova (Əliyeva) Çimnaz Fərman qızı, oğlu X20, oğlu X18, oğlu İddiaçı adda ailə üzvləri qalmışdır. Həyat yoldaşı X13 xx.xx.2009-cu ildə vəfat etmişdir. İşdə olan və məhkəmə kollegiyasının iclasında təqdim olunaraq işə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Hüseynova (Məmmədova) Sabirə Fərman qızı, Cavabdeh3, Hüseynova (Əliyeva) Çimnaz Fərman qızı, X20, X18 və İddiaçı ataları X19, anaları X5r. İş materiallarında olan 06 dekabr 2021-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-ci ildə vəfat etmiş X2 vərəsəsi Ağstafa rayonu Xılxına kəndində qeydiyyatda olan qızı Cavabdeh2 əmlakdan tam hissədə pay almışdır. İş materiallarında olan 09 dekabr 2021-cl iİ tarlxli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X9 (fərdi yaşayış evi tam torpaq sahəsi ümumi birgə) və Cavabdeh2 (torpaq sahəsi ümumi birge) mülkiyyətində olan Ağstafa rayonu Xılxına kəndində yerləşən 234.40 kv.m ümumi sahəsi olan, 0.43 ha torpaq sahəsi olan fərdi yaşayış evini Cavabdeh3 bağışlamışlar. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışdan görünür ki, Ağstafa rayonu Xılxına kəndində xüsusi mülkiyyətdə olan 117.4 kv.m ümumi sahəsi olan, 0.43 ha torpaq sahəsi olan fərdi yaşayış evi Cavabdeh3 (tam) adına qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının iclasında təqdim olunmuş notariat qaydasında təsdiq olunmuş xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X19 ölən günə ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını oğlu Cavabdeh3 vəsiyyət edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə ümumilikdə razılaşsa da, lakin hesab edir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi isə yuxarıda qeyd edildiyi kimi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya ilk öncə iddia tələbinə diqqət yetirərək qeyd edir ki, iddiaçı istər verdiyi birinci ərizəsində, istərsə də iddia ərizəsinə əlavədə bağlanmış bağışlama müqaviləsinin, vərəsəlik hüququna dair şəhadətnamənin və verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 668.1 və 668.1.1-ci maddələrinə əsasən bağışlama daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Kollegiya qeyd edir ki, iddiaçının iddia ərizəsindəki tələbi vərəsəlik hüququ haqqında şəhadətnamənin, bağışlama müqaviləsinin və verilmiş çıxarışların ləğvi ilə bağlıdır. İstinad olunan qanunvericilik normalarının tələblərindən göründüyü kimi müqavilənin ləğvini tələb etmək hüququ müqavilə tərəfinə aid olan hüquqdur. İddiaçı isə müqavilə tərəfi deyildir. Birinci instansiya məhkəıməsi haqlı olaraq qeyd etmişdir ki, miras əmlaka hüququn əldə edilməsi üçün vərəsə onu qəbul etməlidir. Kollegiya qeyd edir ki, miras qoyan X12 xx.xx.2009-cu il tarixdə, X19 isə xx.xx.2021ci il tarixdə öldüyünə görə vərəsəlik X2 əmlakı ilə bağlı xx.xx.2009-cu il tarixdə, X19 əmlakı ilə bağlı isə xx.xx.2021-ci il tarixdə açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) bərabər pay huquqlu birinci növbəli vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Kollegiya qeyd edir ki, mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin vasitəsi ilə vərəsəliyə çağırılan şəxs öz vərəsəlik hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır. İşdən görünür ki, iddiaçı isə mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə ilə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir (i.v.25). Göründüyü kimi, iddiaçı miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi və payların vərəsələr bölünməsini xahiş etmiş olsa da, mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etdiyini təsdiq edən sübut təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı iddia ərizəsinin dəlillərini apellyasiya şikayətində də göstərməklə birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olmasının nədən ibarət olduğunu əsaslandırmamışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsainin qətnaməsi ləğv edilmiş olsa da, lakin iddia tələbi yenidən təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.2, 385.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 2(015)-857/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Ağstafa Rayon Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin, daşınmaz amlakın bağışlanması müqaviləsinin və çıxarışların ləğv edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, payların vərəsələr arasında paylara mütənasib şəkildə bölünməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar