Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-610/2025 10.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əmrin ləğvi və işə bərpa Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Mustafa Əli oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2(021)- 3107/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3376 nömrəli, 20 avqust 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır.
2. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxs ilə İddiaçı arasında bağlanmış №xxxxxxx********** nömrəli yenilənmiş əmək müqaviləsindən görünür ki, İddiaçı Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsi üzrə qazanxanaçısı vəzifəsinə təyin olunmuşdur. Əmək müqaviləsi 15 yanvar 2021-ci il tarixdən müddətsiz bağlanmışdır. İşçinin 19 fevral 1980-cı ildə işə qəbul edilmə tarixi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsi tərəfindən təsdiqlənmiş 24 aprel 2023-cü il tarixli Aktdan və İddiaçı izahatından görünür ki, 24 aprel 2023-cü il tarixdə Bərdə RMX-nın təhlükəsizlik kameralarını izləyərkən, 23 aprel 2023-cü il tarixdə (bazar günü) gecə növbəsində olan qazanxana operatoru İddiaçı qazanxana binasından dizel yanacağı oğurladığı məlum olmuşdur. Məsələ ilə bağlı İddiaçı izahatı alınmışdır V. Əhmədov izahat yazaraq tutuduğu əməli etiraf etmişdir.
4. İddiaçı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsinə ünvanlanmış 25 aprel 2023-cü il tarixli ərizəsindən görünür ki, 25 aprel 2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.
5. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin Əmək müqaviləsinə xitam verilməsi haqqında 26 aprel 2023-cü il tarixli PHŞ-6-28/3-1- 714/2023 saylı əmrindən görünür ki, İddiaçı ilə baglanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən (öz xahişi ilə) 26 aprel 2023-cü il tarixdən xitam verilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, əmrin ləğv edilməsi və Bərdə rayon Mərkəzi rayon Xəstəxanasının qazanxanasında operator vəzifəsinə işə bərpa olunmasına və məcburi işburaxma günləri üçün əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, qanunsuz olaraq işdən azad edilmişdir. İşdən azad edilməyinin isə hansı səbəblə, nə üçün olduğunu bilmir. 19 fevral 1980-ci il tarixdən Səhiyyə şöbəsində müxtəlif vəzifələrdə işləyib. 05 yanvar 2021-ci il tarixdən isə Bərdə rayon Mərkəzi rayon Xəstəxanasının qazanxanasında operator vəzifəsinə keçirilmişdir. İşlədiyi müddət ərzində isə hər zaman işini düzgün etmiş, müdirlərin və işçilərin sevgisini qazanmışdır. Texniki şöbə müdiri Abbasov Amil Tapdıq oğlu vəzifəyə gələndən bəri onunla yola getməməiş, ona işdə problem yaratmağa başlamışdır. Dəfələrlə direktora onun haqqında yalan məlumatlar ötürməyə çalışaraq işində nöqsanlı olduğu haqqında yalan məlumat və şayiə yaymışdır. Qazanxanada işləyərkən qıraqda artıq qalan 2-3 litr yararsız tullantı yanacağı sırf ağacların qurumamasını nəzərə alaraq xəstəxananın həyətinə tökməmişdir. Səlahiyyətli şəxs də həmin vaxt orda olmadığından icazə almadan gələn növbə deyəcəyini nəzərdə saxlayaraq istəmədən özü ilə götürərərk aparıb təhlükəsiz bir yerdə boşaltmışdır. Əvvəldən onunla yola getməyən Texniki şöbə müdiri Abbasov Amil Tapdıq oğlu və Ümumi şöbənin müdiri Sadıqov Ceyhun Kərim oğlu birləşərək sadəlövhcəsinə, ana təbiəti düşünüb etdiyi bu hərəkəti ona qarşı istifadə etmişlər. Onu polisə verəcəkləri ilə hədələmişdirlər. Polisə yazdıqları ərizəni printerdə çap edərək ona göstərib hipnoz və şantaj edərək bildirmişlər ki, “ya polisə veririk, ya da ərizəni yaz işdən çıx”. Bütün bu hədə-qorxu və təzyiq altında məcburən öz xahişi ilə işdən çıxmaq barədə ərizə yazmışdır. Ərizəsinə əsasən 26 aprel 2023-cü il tarixli PHŞ-6-28/3-1-714/2023 saylı əmrlə işdən azad edilmişdir. Daha sonra isə o və ailə üzvləri dəfələrlə direktor Vüsal Məmmədovun qəbulunda olmuşlar. Sadəlövhcəsinə etdiyi səhv üçün üzr istəmiş, peşmançılığını bildirmiş, işdən çıxmaq haqqında ərizəni hədə-qorxu və şantaj altında yazdığını bildirərək işə bərpa olunmağını xahiş etmişdir. Lakin direktor ona ümid verib işə qaytaracağına dair söz versə də, bunu həyata keçirməmişdir. O, ərizəsini yazarkən ərizənin aşağısında işdən çıxarılmaq üçün hər hansı bir tarix qeyd etməmişdir. Belə olduqda onlar bir ay gözlədikdən sorna onu işdən azad etməli olduqları halda 3 gün ərzində onu işdən azad ediblər. Bununla da onun hüquqları pozulmuşdur.
8. Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2(021)-3107/2024 nömrəli qətnaməsi ilə (hakim F.Abdullayev) iddianın rədd edilməsi; İddiaçı cavabdeh “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə qarşı «işə bərpa» tələbinə dair iddianın təmin edilməməsi qət olunmuşdur.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42, 68 və 69-cu maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1., 213, 216-220, 233, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia ərizəsində qeyd olunanalarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ərizəni Bərdə Rayon Mərkəzi Xəstəxanasının Texniki şəbənin müdiri Amil Abbasov və Ümumi şöbənin müdiri Ceyhun Sadıqovun göstərdiyi təhdid və təzyiq altında yazmışdır. Məhkəmə şahidləri dindirmədən, eləcədə cavabdeh tərəf məhkəməyə dəlil və sübut təqdim etmədiyi halda onların marağına uyğun qətnamə qəbul etmişdir. Ona görə də qanunla qorunan hüquqları pozulmuşdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, uzun müddət səhiyyə şöbəsində müxtəlif vəzifələrdə çalışmış, 2021-ci ildən isə qazanxanada işləyir. Qazanxanada artıq qalan yararsız tullantı yanacağı sırf ağacların qurumamasını nəzərə alaraq xəstəxananın həyətinə tökməmiş və 2-3 litr qızının yaşadığı evə aparmışdır. Bundan xəbər tutan texniki şöbə müdiri Amil Abbosov və ümumi şöbə müdiriCeyhun Sadıqov hədə-qorxu altında işdən çıxması barədə ona ərizə yazmasını demişlər, bu barədə rəhbərliyə, eləcədə hüquq-mühafizə orqanlarına məlumat verməsədə, lakin məcburiyyət qarşısında qalaraq işdən çıxmasına dair ərəzə yazmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» Publik Hüquqi şəxs «Bərdə Rayon Mərkəzi Xəstəxanası» Publik Hüquqi Şəxsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
15. Maddə 68
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 16 Maddə 69
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
17. Maddə 76
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
22. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri
23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı 15 yanvar 2021-ci ildən “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsinin Dəstək xidmətləri şöbəsinin Texniki dəstək bölməsi üzrə qazanxanaçısı vəzifəsinə işə qəbul edilmiş, 26 aprel 2023-cü il tarixdə isə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə yazdığı ərizəni Texniki şöbə müdiri Amil Abbasovun və Ümumi şöbə müdiri Ceyhun Sadıqovun ona qarşı göstərdikləri təhdid və təzyiq altında yazdığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş işə baxan birinci instansiya məhkəməsidə iddianı rədd etmişdir.
28. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin Texniki şəbənin müdiri Amil Abbasov və Ümumi şöbə müdiri Ceyhun Sadıqovun göstərdiyi təhdid və təzyiq altında yazması, şahidlər dindirmədən, eləcədə cavabdeh tərəf dəlil və sübut təqdim etmədiyi halda məhkəmənin onların marağına uyğun qətnamə qəbul etməsi dəlillərini qətnamənin ləğvi üçün əsas saymır.
29. Belə ki, İddiaçı əmək müqaviləsinə 25 aprel 2023-cü il tarixdən xitam verilməsi barədə işəgötürənə ərizə verməsi işin mübahisə olunmayan tərəfidir. Mübahisə həmin ərizənin Texniki şöbə müdiri Amil Abbasovun və Ümumi şöbə müdiri Ceyhun Sadıqovun göstərdiyi təhdid və təzyiq altında yazılmasından ibarətdir. İddiaçı belə bir dəlil irəli sürsədə, kollegiya onun bu dəlilini əsaslı saymır. Əvvəla sonuncu bunun təsdiq barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. Digər tərəfdən əgər həqiqətən adı çəkilən şəxslər tərəfindən iddiaçıya belə bir təhdid və təzyiq olmuşdursa, bu halda o hüquq-mühafizə orqanlarına, əmək müfəttişliyinə müraciət edər və ya “Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik hüquqi şəxsin drektoru Vüsal Məmmədovun adına yazdığı izahatda işdən çıxma barədə ərizənin məhz Amil Abbasov və Ceyhun Sadıqovun təhdid və təzyiqi altında yazdığını göstərərdi. Əksinə İddiaçı həmin izahatında qeyd etmişdir ki, qızının ailə vəziyyəti həddindən artıq ağır olduğuna görə 23 aprel 2023-cü ildə növbədə olarkən qızının evinə dizel yanacağı aparmışdır. İddia ərizəsində və məhkəmə iclasında isə cavabdeh təşkilata verdiyi izahatla ziddiyyət yaradan başqa məzmunda, yəni «qazanxanada işləyərkən 2-3 litr yararsız tullantı yanacağı aparmışam» deyə bildirmişdir. Göründüyü kimi, İddiaçı təzadlı izahatlar vermişdir.
30. Şahidlərin dindirilməməsinə münasibətdə isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı belə bir vəsatət verməmişdir.
31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 18 sentyabr 2024-cü il tarixli 2(021)-3107/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.