Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-613/2023 27.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı İsmayılova (Sadıqova) Balaqız Sadıq qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evdə çıxarılma tələbinə dair iş üzrə Ağstafa Rayon Məhkəməsinin 04 avqust 1998-ci il tarixli 2-22/1998 nömrəli qərardadından iddiaçı İsmayılova (Sadıqova) Balaqız Sadıq qızının etibarnamə üzrə nümayəndəsi (vəkil) X2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İsmayılova (Sadıqova) Balaqız Sadıq qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus evdən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 04 avqust 1998-ci il tarixli 2-22/1998 nömrəli (hakim Ə.Bayramov) qərardadı ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsi 82 nömrəli evdən çıxarılmaları tələbinə dair iddiası üzrə işin icraatına iddiaçı öz iddiasından imtina etdiyinə və bu imtina məhkəmədə qəbul edildiyinə görə xitam verilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı İsmayılova (Sadıqova) Balaqız Sadıq qızının etibarnamə üzrə nümayəndəsi (vəkil) X2 şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli 2(015)-22/1998 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossessual Məcəlləsinin 52-ci maddəsinə görə, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1. maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2. maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4. maddəsinə əsasən hakim iş üzrə icraata iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa xitam verir. Həmin Məcəllənin 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, iş birinci instansiya məhkəməsinin icraatında olan zaman iddiaçı İsmayılova (Sadıqova) Balaqız Sadıq qızı iddia tələbindən imtina barədə ərizə vermiş, eləcədə 04 avqust 1998-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edərək, ərizəsini müdafiə edərəkhəmin protokola da iddiadan imtina ilə bağlı imza etmişdir. Ona görədə işə baxan birinci instansiya məhkəməsi iddiadan imtinanı qəbul etmiş və iş üzrə icraata xitam vermişdir. İddiaçının nümayəndəsi Mahir Əliyev 06 dekabr 2022-ci il tarixdə həmin qərardaddan şikayət vermiş, şikayətə baxan birinci instansiya məhkəməsi də şikayəti təmin etməmişdir. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləki, mülki prosessual qanunvericiliyə görə, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barədə ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Bundan əvvəldə qeyd olunduğu kimi iddiaçı iddiadan imtina barədə ərizə vermiş, eləcədə bu barədə məhkəmə iclas protokoluna imza etmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 04 avqust 1998-ci il tarixli 2-22/1998 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400 və 402 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı İsmayılova (Sadıqova) Balaqız Sadıq qızının etibarnamə üzrə nümayəndəsi (vəkil) X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 04 avqust 1998-ci il tarixli 2-22/1998 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-613/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-613/2023
27.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver