Məhkəmə qərarları › İş №2(104)-622/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-622/2025

18.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-622/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2(076)-4745/2024 nömrəli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 1967-ci ildə Şəmkir şəhərində vəfat etməsi faktının müəyyən olunması, mərhum X2 onun anası olma faktının müəyyən olunması, mərhum Zəhra Muradəli qızının xx.xx.1987-ci ildə Şəmkir şəhərində vəfat etməsi faktının müəyyən olunmasına və mərhum qardaşı Müslüm İbrahim oğlunun akt qeydlərinə düzəliş olunaraq Mamedov soyadının Bayramov kimi qeydə alınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2(076)-4745/2024 nömrəli qərardadı ilə (hakim Həvayət Məhəmmədi) ərizəçi İddiaçı “vəfat etməsi faktının müəyyən olunması, qohumluq faktının müəyyən olunması, akt qeydləri kitabına düzəliş olunmasına dair ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan ərizəçi İddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin məhkəmənin icraatına qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxx 1952-ci ildə Şəmkir rayonunda anadan olmuşdur. Bu barədə Şəmkir rayon qeydiyyat şöbəsində 16 iyun 1952-ci il tarixdə doğum akt qeydləri kitabında 23 nömrə ilə qeydiyyat aparılmışdır. Həmin akt qeydində atanın X8 olması göstərilsə də, ana qrafasında anasının kim olması barədə qeydiyyat aparılmamışdır. X1 1947-ci ildə mərhum anası X4 ilə faktiki ailə qurmuşdur. Onların arasında olan nikah rəsmi qeydə alınmamışdır. Atası ilə anasının faktiki nikahından xx.xx.1949-cu il təvəllüdlü X6 və xx.xx.1952-ci il təvəllüdlü X5 adlı iki uşaqları doğulmuşdur. Mərhum atası X7 1967-ci ildə vəfat etmişdir. Həmçinin anası X4 xx.xx.1987ci il tarixdə vəfat etmişdir. Lakin, onun da ölümü rəsmi qeydə alınmamışdır. Hazırda o mərhum atasından və mərhum anasından miras qalmış əmlaka vərəsəlik əldə etmək üçün Şəmkir rayon 1 saylı notariat ofisinə müraciət etmişdir. Lakin, Şəmkir rayon 1 saylı notariat ofisi onu mərhum valideynlərindən miras qalmış əmlaka qanun üzrə vərəsə tanımaqdan imtina edir. Əsas olaraq göstərir ki, onun doğum şəhadətnaməsində ana qrafası boşdur. Eyni zamanda, atasının soyadı onun şəxsiyyət vəsiqəsində göstərilən kimi qeyd olunmamışdır. Həmçinin hər iki valideyninin ölümü rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır. O, hər iki valideynindən qalan miras əmlaka qanun üzrə vərəsədir. Lakin, onların ölümü haqqında şəhadətnamə təqdim edə bilmədiyi üçün, nə məhrum atasından, nə də mərhum anasından qalan miras əmlaka qanun üzrə vərəsə tanına bilmir. Bundan başqa, mərhum qardaşı Müslüm də valideynlərindən miras qalan əmlaka qanun üzrə vərəsədir və onun da doğum akt qeydləri kitabına düzəliş olunmalıdır. Buna görə də o hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 16 yanvar 2025-ci il tarixli 2(076)-4745/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-nin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin geri qaytarılması barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısı, iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilməsi, iddia ərizəsinin forma və məzmunu ilə bağlı bir sıra tələblər və.s kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi İddiaçı mərhum atası X3 1967-ci ildə Şəmkir şəhərində vəfat etməsi, mərhum X2 onun anası olma faktının müəyyən olunması, mərhum Zəhra Muradəli qızının xx.xx.1987-ci ildə Şəmkir şəhərində vəfat etməsi faktının müəyyən olunması və mərhum qardaşı Müslüm İbrahim oğlunun akt qeydlərinə düzəliş olunaraq Mamedov soyadının Bayramov kimi qeydə alınmasına dair hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarması barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, ərizədə ərizəçinin mərhum atası X3 vəfat etməsi, mərhum X2 anası olması və vəfat etməsi faktlarının müəyyən olunmasını və qardaşı Müslüm İbrahim oğlunun akt qeydlərinə düzəliş edilməsi xahiş edilmişdir. Ərizədə göstərilən tələblərin birbiri ilə əlaqəsi olmadığı üçün onlar bir icraatda birləşdirilərək baxıla bilməz, bu tələblərin hər birinə ayrıca icraatda baxılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir. MPM-nin 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. MPM-nin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; Ərizədə aşağıdakılar göstərilməlidir Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. MPM-nin iddia ərizəsinin qaytarılmasının prosessual hüquqi əsaslarını müəyyən edən 152.1.7-ci maddəsində deyilir ki, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İstinad edilən prosessual hüquq normalarındən aydın olur ki, mülki prosessual qanunvericilik iddiaçının bir və ya bir neçə cavabdehə qarşı iddia tələblərini bir iddia ərizəsində birləşdirmək hüququ nəzərdə tutur (MPM maddə 149.2.3). Lakin, iddiaçının bu hüququnun həyata keçirilməsi üçün zəruri şərt ondan ibarətdir ki, həmin tələblər arasında bağlılıq olsun. İddia tələbində göstərilən tələblər arasında əlaqə olmadığı halda iddia ərizəsinin icraata qəbulu istisna olunur. Hazırkı işdəki iddia ərizəsinə nəzər yetirdikdə müəyyən olunur ki, iddiaçı mülki prosessual qanunvericiliyin bu tələbinə riayət etməmişdir. Belə ki, ərizəçi mərhum atası X3 vəfat etməsi, mərhum X2 anası olması və vəfat etməsi faktlarının müəyyən olunmasını və qardaşı Müslüm İbrahim oğlunun akt qeydlərinə düzəliş edilməsini xahiş edir ki, bir-biri ilə əlaqəsi olmayan bu tələblərə bir icraatda baxılması yolverilməzdir. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə istinadən şikayətin dəlilləri əsassız sayılmışdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 149, 152, 263-264, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2(076)-4745/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar