Məhkəmə qərarları › İş №2(104)-624/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-624/2023

04.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-624/2023 04.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılıb ona düşən payın verilməsi və cavabdehin ona düşən torpaq sahəsindən çıxarılması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-131/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılıb ona düşən payın verilməsi və cavabdehin ona düşən torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1.91 ha əmlak pay torpağının yarısının alınıb ona verilməsi və zəbt etdiyi ona məxsus torpaqdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia həcminin azaldılmasına dair ərizə verərək qeyd etmişdir ki, Bərdə rayon Böyük Göyüşlü kənd sakini sabiq həyat yoldaşına qarşı iddia qaldırmışdır ki, Aqrar İslahat Komissiyasının qərarı ilə 3 nəfərə 1.91 ha torpaq sahəsi verilmişdir, bu barədə JN-127 KOD 61002018 saylı dövlət aktı da var. O, məhkəmədə iddia qaldıraraq əmlak pay torpağının və mərhum övladına düşən torpağın yarısının alınıb ona verilməsinə və zəbt etdiyi ona məxsus torpağdan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Hazırda mərhum övladından qalan torpağın cavabdehin istifadəsində qalmasına etirazı yoxdur. Odur ki, Cavabdeh ilə birgə verilən əmlak pay torpağının ona düşən hissəsinin ayrılaraq alınıb verilməsinə və cavabdehin ona düşən hissədən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Bərdə rayonu, Böyük Göyüşlü kəndi ərazisində yerləşən JN-127 KOD 61002018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında mülkiyyətlərində olan 1,91 ha torpaq sahəsinin ona düşən 1/3 hissəsinin naturada bölünməklə ona verilməsinə və həmin torpaq sahəsinin ona düşən hissəsindən Cavabdeh çıxarılmasına dair qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-131/2022 nömrəli qətnaməsi ilə (hakim: Q.Əbilov) iddia tələbi təmin edilmiş, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli qərarı Cavabdeh adına verilmiş Torpağa Mülkiyyət hüququna dair JN-127 KOD 61002018 saylı Dövlət Aktına əsasən Cavabdeh, İddiaçı və X2 mülkiyyətinə verilmiş Bərdə rayon Böyük Göyüşlü kəndində 1.91 hektar topaq sahəsindən İddiaçı ona düşən hissəsinin yəni 1/3 payının ümumi sahənin cənub hissəsindən naturada ayrılması və ayrılan cənub hissədən Cavabdeh çıxarılması, ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 1991-ci ildə ailə həyatı qurmuş, 1992ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından X5 və X4 anadan olmuşdur. X1 2008-ci ildə vəfat etmişdir. Bərdə rayonunda Aqrar İslahat Komissiyası qərarı ilə onlara 1.91 ha torpaq sahəsi verilib. Cavabdehlə 2015-ci ildə rəsmi olaraq boşanmışlar. Ona və mərhum oğluna məxsus torpağı cavabdeh zəbt edib çıxmır və övladından qalan torpağın yarısını və özünün pay torpağını isə özünə vermir. Hesab edir ki, vərəsə kimi onun hüquqları tanınaraq mərhum övladına məxsus torpağın yarısının alınaraq ona verilməsi zərurəti yaranmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsi əvvəllər yararsız vəziyyətdə olmuşdur. O, xeyli miqdarda xərc çəkərək öz vəsaiti hesabına torpağı münbit hala gətirmişdir. Min bir əziyyətlə torpağı münbit hala gətirdikdən sonra iddiaçı hazırki iddia tələbi ilə ona qarşı iddia qaldırmışdır. O, həmin torpaq sahəsində taxıl əkmişdir. Torpaq sahəsinə çəkdiyi xərcin və əkdiyi toxumun pulunu versə torpağı iddiaçıya qaytarar. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, onun torpaq sahəsində payı naturada ayrılmış, cavabdeh isə həmin torpaq sahəsindən qanunsuz istifadə edir. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verimiş AZ-İ № 222180 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2015-ci il tarixdə ləğv edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verimiş AZ-İİ № 152323 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Torpağa Mülkiyyət hüququna dair JN-127 KOD 61002018 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə Bərdə rayon Böyük Göyüşlü kəndində 1.91 ha torpaq sahəsi Cavabdeh, İddiaçı və X2 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 19 yanvar tarixli 01 saylı qərarı ilə Cavabdeh, İddiaçı, X2 mülkiyyətinə verilmiş JN-127 KOD 61002018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə qeydiyyata alınmış Bərdə rayonu, Böyük Göyüşlü kəndi ərazisində yerləşən 1.91 ha hektar torpaq sahəsinin faktiki vəziyyətinə uyğun konturunun kompleks yerquruluşu layihəsinə uyğun olaraq naturada paylarının ayrılması mümkündür. Tədqiq olunan 1.91 ha torpaq sahəsinin faktiki vəziyyətdə paylı mülkiyyətçilər arasında aparılan bölgünun sxemi tərtib olunmuşdur. Hər bir mülkiyyətçiyə düşən torpaq sahəsi 0.6381 ha təşkil etmişdir. Tədqiq olunan torpaq sahəsinin bölgüsü xüsusi coğrafi informasiya sistemleri proqramları vasitəsilə tərtib olunan bölgü planı və bölgü sxeminde aydın şəkildə göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyində qeyd olunmuşdur: -İddiaçı və cavabdehin iştirakı ilə cavabdehin istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək, Bərdə rayonu Göyüşlü təsərrüfatının Böyük Göyüşlü kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsi və torpaqların elektron kadastrı uçotu informasiya sisteminə (TEKUİS) məlumat bazası ilə müqayisələndirildi. -Bərdə rayon Aqrar İslahat komissiyasının 19 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə Cavabdeh, İddiaçı, X2 Torpaqların elektron kadastrı uçotu informasiya sistemi (TEKUİS) məlumat bazasına əsasən birgə mülkiyyətlərində olan JN-127 KOD 61002018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə qeydiyyata alınmış Bərdə rayonu Böyük Göyüşlü kəndi ərazisində yerləşən 1.91 ha torpaq sahəsinin payçılar arasında normaya, bölgü layihəsinə, suvarma istiqamətinə uyğun olaraq naturada bölünməsi mümkündür. -Cavabdeh İddiaçı payına düşən 0.6366 ha torpaq sahəsi torpaqların elektron kadastrı uçotu informasiya sistemi (TEKUİS) melumat bazasına əsasən birgə mülkiyyətlərində olan JN-127 KOD 61002018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə qeydiyyata alınmış Bərdə rayonu Böyük Göyüslü kəndi ərazisində yerləşən 1.91 ha torpaq sahəsinin şimal və ya cənub hissəsindən ayrılması mümkündür. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası iş materiallarında olan sübutları tədqiq edib Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli qərarı ilə X3, İddiaçı və X2 ümumi birgə mülkiyyətlərinə Bərdə rayonu, Göyüşlü kəndi ərazisində yerləşən 1.91 hektar torpaq sahəsi verilmişdir. Tərəflərin birgə nikahlarından olan övladı Niyaz Orucov xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinin payına düşən 1/3 hissəsinin naturada ayrılmasını tələb edir. Həmin torpaq sahəsinin payçılar arasında normaya, bölgü layihəsinə, suvarma istiqamətinə uyğun olaraq naturada bölünməsi mümkündür. Bu hal mütəxssis rəyi ilə təsdiq edilir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payın ayrılması ilə bağlı yaranmış mübahisədir və aşağıdakı hüquq normalarına əsasən hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Kollegiya göstərir ki, iddia tələbinin ümumi mülkiyyətdə olan payın ayrılması hissəsinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3–cü maddəsidir. Həmin normada qeyd olunmuşdur ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Mülki Məcəllənin 220.1–ci maddəsinə əsaən paylı mülkiyyətdə olan əşya, mülkiyyətçiləri arasında razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. İşin mübahisə olunmayan halıdır ki, mübahisəli torpaq sahəsi Aqrar İslahat Komissiyasının xx.xx.1998–ci il tarixli qərarı ilə Cavabdeh, İddiaçı və X2 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Həmçinin iş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi üzərində tərəflərin payları müyyən edilib mülkiyyət hüquqları tanınmamışdır. Bununla yanaşı kollegiya qeyd edir ki, mübahisəli torpaq sahəsi Cavabdeh, İddiaçı və X2 birgə mülkiyyətlərinə verildiyindən, iddiaçı B. Yusifovanın həmin torpaq sahəsi üzərində nəzəri olaraq 1/3 payı vardır. Belə ki, Mülki Məcəllənin 214.1-ci maddəsinə əsaən Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması, həmin torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan mümkündür. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən iddiaçının payının naturada ayrılması mülkiyyətin digər mülkiyyətçilərinin əsaslı mənafelərinə qanunsuz müdaxiləyə səbəb olmur. Bu halların mövcudluğu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220–ci maddəsinin tətbiqinə imkan verir və iddianın əsaslılığına dəlalət edir. Həmçinin birinci instansiya məhkəməsi torpaq sahəsinin naturada bölünməsinin mümkünlüyü məsələsini həll etmək üçün ekspertiza təyin etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli rəyində mütəxəssis bu nəticəyə gəlmişdir ki, Bərdə rayonu Böyük Göyüşlü kəndi ərazisində yerləşən 1.91 ha torpaq sahəsinin payçılar arasında normaya, bölgü layihəsinə, suvarma istiqamətinə uyğun olaraq naturada bölünməsi mümkündür. İddiaçı payına düşən 0.6366 ha torpaq sahəsi torpaqların elektron kadastrı uçotu informasiya sistemi (TEKUİS) melumat bazasına əsasən birgə mülkiyyətlərində olan JN-127 KOD 61002018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə qeydiyyata alınmış Bərdə rayonu Böyük Göyüslü kəndi ərazisində yerləşən 1.91 ha torpaq sahəsinin şimal və ya cənub hissəsindən ayrılması mümkündür. Birinci instansiya məhkəməsi mütəxəssis rəyinə üstünlük verərək, iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası da həmin rəyin mötəbərliyini və əsaslılığını qəbul edir. Çünki həmin rəydə, torpaq sahəsinin yeləşmə kordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti nəzərə alınmış, mümkün olan ən yaxşı bölgü variantı təklif olunmuşdur. Məhkəmə kollegiyasıhəmçinin birinci instansiya məhkəməsinin iddiaçının payına aid hissədən cvabadehin çıxarılması barədə gəldiyi nəticə ilə də razılaşır. Belə ki, işin mübahisəsiz halıdır ki, mübahisəli torpaq sahəsi bütövlüklə cavabdeh tərəfindən istifadə edilir. Bu hal cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə də təsdiq olunur. Belə olan halda cavabdehin torpaq sahəsinin iddiaçıya aid hissədən istifadə etməsi sonuncunun mülkiyyət hüququnun pozulmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 2-ci bəndinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, torpaq sahəsinin münbitləşməsi üçün xərc çəkməsi və həmin torpaq sahəsində taxıl əkməsi iddia tələbinin rədd edilməsi üçün əsas deyildir. Apellyasiya şikayətində göstərilən dəlillər qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvinə əsas vermir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-131/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 2(021)-131/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar