Məhkəmə qərarları › İş №2(104)-625/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-625/2024

13.02.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-625/2024 13.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin zəbtdən azad olunması və maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 14 avqust 2023cü il tarixli 2(042)-794/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh JN-0016 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı və ******* nömrəli çıxarış əsasında ona məxsus olan Gədəbəy rayonu, Düzyurd kəndində yerləşən torpaq sahəsinin zəbt edilmiş hissəsinin alınıb ona qaytarılması, eləcə də cavabdehdən əldən çıxmış gəlirə görə 3000 manat alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(042)-794/2023 nömrəli qərardadı ilə (hakim Marif Kazımov) İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsinin boşaldılması və əldən çıxmış faydaya görə ziyanın ödənilməsi” tələbinə dair 2(042)- 794/2023 nömrəli mülki işin icraatına xitam verilməsi; İzah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilməməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı şikayət verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 08 sentyabr 2023-cü il tarixli 2(042)-794/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli 2(104)-2341/2023 nömrəli qərardadı iılə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək, Gədəbəy Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(042)-794/2033 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2023-cü il tarixli 2(102)- 4694/2023 nömrəli qərardadı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2341/2023 nömrəli, 6 oktyabr 2023-cü il tarixli qərardadının ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Şikayətə dair iş üzrə tərəflərdən hər-hansı etiraz və ya izahatlar apellyasiya instansiyası məhkəməsinə daxil olmamışdır. Məhkəmə kollegiyası şikayət üzrə işə açlq məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(042)-794/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 08 sentyabr 2023-cü il tarixli 2(042)-794/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Məhkəməyə mürаciət еtmək hüququnun məhdudlаşdırılmаsınа yоl vеrilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci mаddəsində göstərilmişdir ki, insаn və vətəndаş hüquqlаrının və аzаdlıqlаrının həyаtа kеçirilməsini hеç kəs məhdudlаşdırа bilməz. Bu Kоnstitusiyаnın hеç bir müddəаsı insаn və vətəndаş hüquqlаrının və аzаdlıqlаrının ləğvinə yönəldilmiş müddəа kimi təfsir еdilə bilməz. Аzərbаycаn Rеspublikаsının ərаzisində insаn və vətəndаş hüquqlаrı və аzаdlıqlаrı birbаşа qüvvədədir. Аzərbаycаn Rеspublikаsının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Hazırkı iş üzrə kassasiya instansiyası məhkəməsinin göstərişi ondan ibarət olmuşdur ki, baxılan işdə mübahisə eyni tərəflər arasında olsa da, mübahisənin predmeti və əsaslarının eyni olub-olmaması üzrə zəruri araşdırma aparmamışdır. Halbuki, əvvəlki məhkəmə araşdırması zamanı iddiaçının zəbtdən azad olunmasını tələb etdiyi torpaq sahəsinin cavabdehə məxsus olması müəyyən edilmişdir. Lakin hazırda iddiaçı sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərəfindən tədricən onun mülkiyyətində olan torpaq sahəsinin 200 kv.m qədər hissəsinin tutulduğunu iddia edir. Məhkəmə kollegiyası eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə iş üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir. İlk növbədə qeyd olunmalıdır ki, qanunda predmetin və əsasların eyniliyi dedikdə, onların hərfən eyni ifadə olunması deyil, məzmun və mahiyyəti etibarilə eyniliyi başa düşülür. Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar. İşin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi Gədəbəy rayonu Düzyurd kəndində yerləşən 0,2863 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Cavabdeh Gədəbəy rayonu Düzyurd Bələdiyyəsindən 23 oktyabr 2012-ci il və 05 fevral 2013-cü il tarixlərdə aldığı hər biri 200 kv.m olan və cavabdeh tərəfindən faktiki istifadə edilən torpaq sahəsi iddiaçıya məxsus torpaq sahəsi ilə qonşuluqda yerləşir. İddiaçı hazırkı iddiasından əvvəl Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan zəbt edilmiş torpaq sahəsinin boşaldılması və torpaq sahəsinə gedən yolun tor hasardan azad edilməsi barədə tələblə məhkəməyə müraciət etmiş və Gədəbəy Rayon Məhkəməsinin 07 avqust 2017ci il tarixli 2(042)-975/2017 saylı qətnaməsi ilə iddia tələbi təsdiqini tapmadığından təmin edilməmişdir. Diqqət yetirilməli haldır ki, tərəflər arasında olmuş əvvəlki məhkəmə mübahisəsində İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən tor hasara alınmışdır və onun torpaq sahəsindən istifadə etməsinə imkan verilmir. Hazırkı iddiasında isə əvvəlki iddiadan fərqli olaraq İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında əvvəlki məhkəmə mübahisəsi üzrə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdeh tərəfindən tədricən onun mülkiyyətində olan torpaq sahəsinin 200 kv.m qədər hissəsinin tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair ”27 avqust 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (Mülki Prosessual Məcəllənin 53 və 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Göründüyü kimi tərəflər arasında hazırkı mübahisənin əsasları ilə onlar arasında olmuş əvvəlki məhkəmə mübahisəsinin əsasları eynilik təşkil etmir. İşə baxan birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunan və iş üzrə mühüm əhəmiyyət kəsb edən halları hərtərəfli, tam və obyektiv araşdırıb düzgün hüquqi qiymət verməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 399 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli 2(042)-794/2023 nömrəli qərardadı tam, həmin qərardadla bağlı 08 sentyabr 2023-cü il tarixli 2(042)-794/2023 nömrəli qərardadı isə qismən, yəni şikayətin təmin edilməməsi hissədə ləğv edilsin və iş baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar