Məhkəmə qərarları › İş №2(104)-629/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-629/2023

26.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-629/2023 26.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(043)-532/2022 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, onun Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 09 oktyabr 1958-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonu Pantuani kəndində anadan olmuşdur. 1976-cı ilin dekabr ayında Azərbaycan vətəndaşı İman Süleymanovla ailə quraraq, Gəncə şəhərinə köçmüş və burada 5 nəfər uşağı anadan olmuşdur. Uşaqlarının hamısı Azərbaycan vətəndaşı olmaqla Azərbaycanda yaşayırlar. O, 03 dekabr 1993-cü il tarixdə Daşkəsən rayonu Bayan kəndində ev alaraq ora qeydiyyata düşmüş və həyat yoldaşı ilə birlikdə orada işləmişlər. Həmçinin orada özəlləşmə payı almış və onlara bir hektar pay torpağı da verilmişdir. 1994-cü ildə Gəncə şəhərinə köçmüş və onun adına Gəncə şəhəri Kəpəz rayonu Atatürk prospekti 74 saylı binanın 2 saylı mənzili alınmışdır. Halhazıra kimi də həmin evdə ailəsi ilə yaşayır. Sovet pasportları dəyişəndə o da pasportunu dəyişmək üçün müraciət etmiş, lakin ona bildirmişlər ki, sənədi itib, tapılmır. Dövlət Miqrasiya Xidməti və başqa orqanlara dəfəfərlə müraciət etsə də, lakin nəticə olmamışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. O, 1976-cı ildən hal-hazıradək daimi olaraq Azərbaycan Respublikasında yaşayır və heç bir dövlətin vətəndaşlığına mənsub deyil. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(043)-532/2022 nömrəli (hakim: Z.Hüseynov) qətnaməsi ilə ərizə təmin edilərək, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və ərizənin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ərizəçinin heç bir dövlətin vətəndaşı olmaması faktı aydınlaşdırılmamışdır. Halbuki ərizəçi Gürcüstan SSRİ-də doğulmuşdur (həmin ölkənin vətəndaşlığı haqqında qanuna görə doğum faktına əsasən şəxs həmin ölkənin vətəndaşı sayılır). İşə baxan birinci instansiya məhkəməsi isə ərizəçinin Gürcüstan Respublikasının vətəndaşlığına mənsub olub-olmamasını araşdırmamışdır, həmçinin ərizəçi özü də bu faktın müəyyən edilməsi üçün Gürcüstan Respublikasına müraciət etməmişdir. Halbuki həmin faktın aydınlaşdırılması işin hərtərəfli, tam və obyektiv həlli üçün mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində ərizəçinin hansı taixdən ölkə ərazisində yaşama faktına da qiymət verməmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsi, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının məhkəmə qaydasında müəyyən edilməsini nəzərdə tutur. Bundan əlavə, həmin Qanuna görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı ilin yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir və məhkəmə qeyd olunan hallarla bağlı işlərə Mülki Prosessual Məcəllənin 307.2.10-1-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Həmçinin qeyd olunan maddədə göstərilmiş faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), eləcə də Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədlər əlavə edilməli idi. Lakin qeyd olunan sənədlər ərizəçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X17 apellyasiya şikayətini müdafiə edərək, şikayətin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, ərizəçinin Gürcüstan Respublikasının vətəndaşı olmaması ilə bağlı rəsmi sənədi yoxdur. Bu halda onun vətəndaşlıq faktı təsdiq edilə bilməz. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini qəbul etməyərək, vermiş olduğu ərizənin məzmununa uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəsiz araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və ərizə baxılmamış saxlanılmalıdır. Mülki iş materiallarında olan: 13 aprel 1979-cu il tarixdə verilmiş Vİİ-ТИ seriyalı 503586 nömrəli SSRİ vətəndaşlığı barədə pasportdan görünür ki, Ərizəçi 09 oktyabr 1958-ci il tarixdə Gürcüstan CCR-nin Dmanisi rayonu Pantuanı kəndində doğulmuşdur. Onun milliyəti azərbaycanlı kimi qeyd edilmişdir; V- ТИ seriyalı 347592 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, 1951-ci il təvəllüdlü X6 ilə 1958-ci il təvəllüdlü X3 nikahı 20 fevral 1978-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayon Qeydiyyat şöbəsində 05 nömrə ilə qeyd edilmişdir; Nikah bağlandıqdan sonra ərə “Süleymanov”, arvada “Süleymanova” soyadı verilmişdir; Tərcümeyi hal, şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X6 ilə Ərizəçi birgə nikahından 1979-cu ildə X4, 1981-ci ildə X9, 1984-cü ildə X7, 1986-cı ildə X10 və 1998-ci ildə X5 anadan olmuşdur; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, Ərizəçi “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” 30 sentyabr 1998-ci il tarixli Qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir; Odur ki, 1993-cü il tarixdən hazırkı dövrədək Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə bilər; Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş 28 iyun 2011-ci il tarixli məktubdan, 24 iyun 2013-cü il tarixli arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Gürcüstanda anadan olmuş Ərizəçi Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır; Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X1 vermiş olduğu ifadədən görünür ki, o, ərizəçinin qonşuluğunda – ünvan 1 ünvanında yaşayır. O, orada yaşadığı vaxtdan 30 ildir ki, ərizəçi daimi olaraq onun qonşuluğunda yaşayır; Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X2 vermiş olduğu ifadədən görünür ki, o, ünvan 2 ünvanında yaşayır. O, həmin mənzilə 2006-cı ildə köçmüşdür. Həmin vaxtdan hal-hazıra kimi ərizəçi daimi olaraq həmin binanın 2 saylı mənzilində yaşayır. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır (bu maddənin dördüncü hissəsində nəzərdə tutulan hal istisna olmaqla). Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə müvafiq olaraq, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Məhkəmə kollegiyasının iclasında isə müəyən olunur ki, Ərizəçi 09 oktyabr 1958-ci il tarixdə Gürcüstan Respublikası Dmanisi rayonu Pantuani kəndində anadan olduğunu, 1976-cı ilin dekabr ayında Azərbaycan vətəndaşı İman Süleymanovla ailə quraraq, Gəncə şəhərinə köçdüyünü və burada 5 nəfər uşağı anadan olduğunu, uşaqlarının Azərbaycan Respublikası vətəndaşı olmaqla burada yaşadığını, habelə 03 dekabr 1993-cü il tarixdə Daşkəsən rayonu Bayan kəndində ev alaraq ora qeydiyyata düşdüyünü və həyat yoldaşı ilə birlikdə orada işlədiyini, orada ona bir hektar pay torpağı verildiyini, bundan sonra 1994cü ildə Gəncə şəhərinə köçdüyünü və adına Gəncə şəhəri Kəpəz rayonu Atatürk prospekti 74 saylı binanın 2 saylı mənzili olduğunu və hal-hazıra kimi də həmin evdə ailəsi ilə yaşadığını, sovet pasportları dəyişəndə o da pasportunu dəyişmək üçün müvafiq orqana müraciət etdiyini, lakin ona sənədinin itdiyini və tapılmadığının bildirildiyini, Dövlət Miqrasiya Xidməti və başqa orqanlara dəfəfərlə müraciət etsə də, lakin nəticə olmadığını, halbuki 1976-cı ildən hal-hazıradək daimi olaraq Azərbaycan Respublikasında yaşadığını və heç bir dövlətin vətəndaşlığına mənsub olmadığını əss gətirərək hazırkı ərizə ilə məhkəməyə mücaciət etmiş, işə baxan birini instansiya məhkəməsi isə ərizəni təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Həmçinin qeyd olunan Qərarın 1.7-ci bəndində göstərilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Həmin Qərarın 12-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr Azərbaycan Respublikası MPM-nin 307.2.10-1-ci maddəsinə əsasən, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin 4-cü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktını müəyyən edərkən mütləq mövcud qanunvericiliyin tələblərini rəhbər tutmalıdırlar. Sözügedən Qanunun 14-cü maddəsinin 4cü hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda, keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması kimi faktın müəyyən edilməsi yolverilməzdir. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. İşdən göründüyü kimi Ərizəçi 09 oktyabr 1958-ci il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonu Pantuanı kəndində doğulmuşdur. Kollegiya qeyd edir ki, ərizəçinin 1991-ci ildə Azərbaycan Respublikasına gələrək burada daimi yaşaması iş materialları ilə təsdiqini tapsa da, lakin onun (əvvəllər daimi yaşadığı) Gürcüstan Respublikasının vətəndaşlığına mənsub olmamasını təsdiq edən sənədi ərizəsinə əlavə etməmişdir. Bununla belə apellyasiya instansiyası məhkəməsində icraat zamanı işə baxılması dəfələrlə təxirə salınaraq, həmin sənədin məhkəməyə təqdim edilməsi üçün ərizəçiyə müvafiq şərait yaradılmışdır. Lakin həmin sənəd ərizəçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ərizəyə baxılması istisna təşkil edir. İşə baxan birinci instansiya məhkəməsi isə qeyd olunan iş üzrə mühüm əhəmiyyət kəsb edən halı hərtərəfli, tam və obyektiv araşdırmadan ərizəni təmin etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-266, 384, 398, 399-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 2(043)-532/2022 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar