Məhkəmə qərarları › İş №2(104)-633/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-633/2023

31.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-633/2023 31.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: cehiz əşyalarının çıxarılması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi və sədrlik edən), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 2(066)-1042/2022 saylı mülki iş üzrə 11 noyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Göygöl şəhəri, İ.Məmmədov küçəsi, 89 ünvanında yerləşən ümumi sahəsi 96.4 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2 (102)-2947/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X2 qarşı istifadə hüququnun tanınması və evə köçürülmə tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh məxsus olan 13 adda cehiz əşyalarının ona məxsus ünvan 1 ünvanda yerləşən mülkdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, oğlu X3 ilə Cavabdeh 2016-cı ilin aprel ayında ailə qurmuş, 19 yanvar 2017-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Toydan sonra Cavabdeh özünə məxsus olan cehiz əşyalarını ona məxsus ünvan 1 mülkə yerləşdirmişdir. Oğlu ilə cavabdehin birgə nikahlarından iki uşaqları anadan olmuşdur. Göygöl Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə oğlu Amil Məmmədovla Cavabdeh aralarında olan nikah pozulmuşdur. Cavabdeh iki ildir ki, atasına məxsus olan evdə yaşayır. Lakin, cavabdehə aid olan 13 adda, yəni, 1 ədəd yataq dəsti, bir ədəd güzgülü termo, bir ədəd bir nəfərlik çarpayı, bir ədəd tumboçka, bir ədəd künc divanı və jurnalni stolu, bir ədəd qabaq stolu və 6 ədəd oturacaq stul, bir ədəd paltaryuyan, bir ədəd soyuducu, bir ədəd televizor və televizor altı, iki ədəd lüstür, beş ədəd gəvə, bir ədəd duxovka və bir ədəd tozsorandan ibarət olan cehiz əşyaları ona məxsus olan evdə qalmışdır. Cavabdeh həmin əşyaları könüllü olaraq evdən çıxarmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Göygöl Rayon Məhkəməsinin 2(066)-1042/2022 saylı mülki iş üzrə 11 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh məxsus cehiz əşyalarının İddiaçı mülkiyyətində olan Göygöl rayonu, İ.Məmmədov küçəsi, 89 saylı mülkdən çıxarılması qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 2(066)-1042/2022 saylı mülki iş üzrə 11 noyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının oğlu ilə onun arasında rəsmi nikah bağlanarkən, qeyd olunan ev iddiaçının adına olmamışdır. Məhkəmə qətnamə qəbul edərkən, iddiaçı ilə onun arasında olan ailə münasibətlərini nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

11. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

12. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

14. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst sürətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bu şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

17. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

18. Maddə 220.5 Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

19. Maddə 384.0.2 apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

20. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

21. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. [506]

Apellyasiya baxışının hədləri

22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsnin iş üzrə gəldiyi nəticə qismən əsaslıdır.

25. Belə ki, qanunvericiliyin tələblərinə görə mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur.

26. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1–ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

27. Nəzərə alınmalıdır ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: 1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

28. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152–ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ–əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ– əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

29. Göründüyü kimi iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qanuni əsas olmadan cavabdehin əmlaklarının saxlanılması iddiaçının həmin mülkdən sərbəst istifadə hüquqlarını pozur.

30. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərdiyi xüsusatlara qiymət verərək hesab edir ki, cavabdehə məxsus cehiz əşyaları iddiaçıya məxsus olan evdə yerləşir. Cavabdehə məxsus cehiz əşyalarının mübahisəli evdə saxlanılması iddiaçının bir mülkiyyətçi kimi öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır.

31. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının ailə üzvü deyil və cavabdehin iddiaçıya məxsus olan evdən istifadə hüquqları yaranmadığından onun apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin cehiz əşyalarının mülkdən çıxarılması ilə bağlı hissəsində ləğvinə əsas vermir.

32. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir.

33. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən, cavabdehə məxsus olan hansı adda əşyaların iddiaçının mülkiyyətində olan evdən çıxarılmasını öz qətnaməsində göstərməmişdir. Halbuki, MPM-in 220.5-ci maddəsinin tələblərinə əsasən,qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

34. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 2(066)-1042/2022 saylı mülki iş üzrə 11 noyabr 2022-ci il tarixli qətnaməsi qismən-Cavabdeh məxsus cehiz əşyalarının İddiaçı ünvan 1 ünvanda yerləşən mülkündən çıxarılması hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, Cavabdeh məxsus 13 adda, yəni 1 ədəd yataq dəsti, bir ədəd güzgülü termo, bir ədəd bir nəfərlik çarpayı, bir ədəd tumboçka, bir ədəd künc divanı və jurnal stolu, bir ədəd qabaq stolu və 6 ədəd oturacaq stul, bir ədəd paltaryuyan, bir ədəd soyuducu, bir ədəd televizor və televizor altı, iki ədəd lüstür, beş ədəd gəvə, bir ədəd soba (duxovka) və bir ədəd tozsorandan ibarət olan əşyaların İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmasi qət edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 2(066)-1042/2022 saylı mülki iş üzrə 11 noyabr 2022-ci il tarixli qətnaməsi qismən-Cavabdeh məxsus cehiz əşyalarının İddiaçı ünvan 1 ünvanda yerləşən mülkündən çıxarılması hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh məxsus 13 adda, yəni 1 ədəd yataq dəsti, bir ədəd güzgülü termo, bir ədəd bir nəfərlik çarpayı, bir ədəd tumboçka, bir ədəd künc divanı və jurnal stolu, bir ədəd qabaq stolu və 6 ədəd oturacaq stul, bir ədəd paltaryuyan, bir ədəd soyuducu, bir ədəd televizor və televizor altı, iki ədəd lüstür, beş ədəd gəvə, bir ədəd soba (duxovka) və bir ədəd tozsorandan ibarət olan əşyaları İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar