Məhkəmə qərarları › İş №2(104)-633/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-633/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-633/2024 06.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi, əsassız varlanma, sübutların düzgün qiymətləndilməməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı əsassız varlanma tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qətnaməsindən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 06 mart 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 20.02.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəmədə iddia qaldırmaq üçün 34,38 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir.

2. xx.xx.2023-cü il tarixli ödəniş kartı üzrə çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə məxsus 54008******2190 nömrəli kartın hesabı üzrə əməliyyatlar aparılmışdır.

3. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borcluya mübahisənin məhkəmədən kənar qaydada həlli məqsədi ilə pretenziya məktubu göndərilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1561/2023 nömrəli qərardadı üzrə məhkəmə-mühasibat ekspertizasının aparılmasından imtina edilməsi barədə 11 iyul 2023- cü il tarixli məlumatından görünür ki, iş üzrə ekspertiza aparılaraq rəy verilməsi müvafiq sənədlərin təqdim edilməməsi səbəbindən mümkün olmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ASC Cavabdeh qarşı əsassız varlanma tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanması nəticəsində əldə etdiyi 1438,41 manat, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 34,38 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsinə dair qətnаmə qəbul edilməsini məhkəmədən xаhiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (bundan sonra “Cavabdeh”) İddiaçı ASC-yə (bundan sonra “İddiaçı” və ya “Bank”) məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2021-ci il tarixində ATM vasitəsi ilə məxaric əməliyyatı icra etmişdir. Nəticədə cavabdeh X1 banka cəmi 1.438,41 (bir min dörd yüz otuz səkkiz manat, 41 qəpik) manat ziyan vurmuşdur. Bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərilmiş, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilməmişdir. Cavabdeh tərəfindən əsassız varlanma nəticəsində əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

7. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qətnaməsi ilə (hakim Fuad Babaşov), iddianın təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən qaytarılmasını tələb etdiyi pulun iddia etdiyi məbləğdə cavabdehdə qalmasını sübut edilməsidir.

9. Məhkəmə hesab edir ki, İddiaçı ASC tələb edilən 1438,41 manat vəsaitin əsassız varlanma nəticəsində Cavabdeh tərəfindən əldə edilməsini mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, işdə olan hesabdan çıxarışda mənfi -1438,41 manat balans göstərilsə də həmin pulun konkret olaraq cavabdehə verilməsi və həmin pul vəsaitinin kredit limiti yoxsa əsassız varlanma nəticəsində əldə edilməsi aydın olmur və iş materialları ilə öz təsdiqini tapmır. Bununla bağlı digər mötəbər sübutlar da mövcud deyil və vəsaitin əsassız varlanma nəticəsində əldə edilməsi digər yanaşı sübutlarla sübut olunmur. İş üzrə ekspertin məhkəməyə təqdim etdiyi vəsatətdə göstərilən sənədlərin iddiaçı tərəfindən rəy verilməsi üçün məhkəməyə təqdim edilməməsi də iddianın əsaslı olmasını şübhə altına aldığından məhkəmə hesab edir ki, yalnız bir ədəd bank hesabından çıxarışa əsaslanmaqla cavabdehin əsassız varlanma nəticəsində 1438,41 manat vəsait əldə etməsi əsaslı hesab edilmir. Məhkəmə onu da qeyd edir ki, məhz vəsatətdə göstərilən sənədlərin ekspertizaya təqdim edilməməsi nəticəsində ekspert rəy verməkdən imtina etdiyindən məhkəmə tərəfindən iddia üzrə hərtərəfli araşdırmanın da aparılması mümkün olmamışdır.

10. Həmçinin, məhkəmə onu da qeyd edir ki, kart hesabından cavabdehin hansı yolla 1438,41 manat əldə edərək bankın vəsaitini ələ keçirməklə banka ziyan vurması müəyyən edilmir. Çünki, məhkəmə hesab edir ki, bank tərəfindən karta pul vəsaiti yalnız kredit vəsaitinin verilməsi çərçivəsində yerləşdirilə bilər ki, cavabdeh də kredit formasında kartdakı məbləğdən istifadə edə bilər. Burada əsassız varlanmadan bəhs etmək doğru hesab edilmir. Məhz qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia sübut edilmədiyindən rədd edilməlidir.

11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 157.2, 1091.1, 1091.2, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.3, 78.2, 107, 119.1, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, tərəflərindən iddia verilən zaman debet kart müqaviləsi iş materiallarına əlavə edilmişdir. Tələb edilən borc məbləğinin nə üçün əsassız varlanma hesab edirik və hansı əsaslara görə qeyd edilən məbləğ qaytarılmalıdır. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə hesab və ödəniş kartına dair müqavilə bağlanmışdır. Həmin müqavilə ilə cavabdehin üzərinə bir sıra öhdəliklər düşmüşdür. İlki öncə onu bildirmək istəyir ki, cavabdehin borcunu təsdiq edən kart hesabından çıxarışı sübut kimi təqdim edilmişdir. Möhtərəm hakim əsas subutlardan elə biri müqavilənin bağlanması zamanı onun şərtləri ilə yaranmış borcu təsdiq edən kart hesabından çıxarışdır. Belə ki, kart hesabından çıxarışa nəzər yetirilsə, xüsusi bilik tələb etmədən aydın olur ki, məhkəmə tərəfindən işə düzgün qiymət verilməmiş, əsasıs olaraq rədd edilmişdir. Bəli bu debet kartdır, bura vəsait yeləşdirmək, alış-veriş etmək, pullar köçürmək və s. kimi istifadə etmək üçün nəzərdə tutulmuş kart məsuludur. Çıxarışın yuxarı hissəsindən görünür ki, müştərinin kart hesabında 0.49 AZN vəsaiti olmuşdur. Sonradan 21.08-xx.xx.2021-ci il tarixləri aralığında cavadehin kartına bir neçə dəfəyə müəyyən miqdarda pul vəsaiti mədaxil edilmiş və məxaric edilmişdir. Qeyd edilən tarixlərdə müxtəlif məbləğlərdə Bərdə rayonunun Mustafa Ağalı kəndində yerləşən Ticarət Mərkəzində qoyulmuş banka məxsus ATM-dən məxariclər etmişdir. Hesab edirlər ki, məhkəmə qətnamə qəbul edərkən təqdim edilmiş sübutlara deyil öz mülahizələrinə əsaslanmışdır. Belə ki, bankla cavabdeh arasında hesab və ödəniş kartına dair xx.xx.2021-ci il tarixdə bağlanmış müqavilənin 2.3-cü bəndinə əsasən hesaba yalnış daxil olma olduqda, müştəri bu barədə 3 iş günü ərzində banka məlumat verməli və bankın həmin vəsaitin qaytarılması ilə bağlı tələbi daxil olduqda həmin məbləği Banka geri qaytarmalıdır. Müştəri tərəfindən geri qaytarılmayan həmin vəsaitlər Bank tərəfindən aksepsiz qaydada müştərinin bankda (mümkün olduqda habelə digər banklarda) mövcud olan hər hansı hesabından silinə bilər. Bundan başqa həmin müqavilənin 4.2-ci bəndində müştərinin hüquq və vəzifələri qeyd edilib, 4.2.2-ci bəndinə əsasən müştəri kart hesabına artıq və ya səhvən mədaxil olmuş pul vəsaitlərini istifadə etmir, dərhal banka geri qaytarır. Buradan da subut olunur ki, tərəflər arasında hesab və ödəniş kartına dair bağlanmış müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuş, qanunsuz istifadə etdiyi məbləği geri qaytarmamışdır. Bank tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir. Bundan başqa tərəflərindən məhkəməyə təqdim edilmiş kart hesabından çıxarışdan görünür ki, həmin kart Cavabdeh məxsusdur, kartın istifadəsi və s. ilə bağlı bütün məsuliyyət onun üzərinə düşür. Bu əməliyyatlardan sonra müştərinin kartında 1438,41 AZN mənfi yaranmışdır. xx.xx.2022-ci il tarixdə borcla bağlı müştəriyə bildiriş göndərilmişdir. Əgər borcu olmamışdırsa bu günə kimi niyə yazılı və ya şifahi qaydada etirazını bildirməmiş, kartında olan mənfinin aradan qaldırılmasını tələb etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Həmin debet kartdan cavabdeh pul köçürmələri, hesaba qoymaq və s kimi istifadə edilir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Həmin kart hesabından əməliyyatlar aparıldıqdan, yəni pul köçürmələri aparıldıqdan sonra sistemdə yeniləmə olur və əməliyyat sistemdən silinir. Lakin, cavabdeh həmin kart hesabından xx.xx.2021-ci il tarixində ATM vasitəsi ilə məxaric əməliyyatı icra etmiş, bu zaman özünə məxsus pulu çıxardıqdan sonra sistemdə yenilənmə olmadığından sonuncu yenidən banka məxsus olan 1438,41 manat məbləğində pulu çıxararaq əsassız varlanmışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

16. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

18. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

19. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

20. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

21. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

22. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

30. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

32. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

33. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

34. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

35. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

36. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

37. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya baxışının hədləri

38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

43. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

44. İşin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Belə ki, sonuncu kart xx.xx.2021-ci il tarixində ATM vasitəsi ilə məxaric əməliyyatı icra etmiş, bu zaman özünə məxsus pulu çıxardıqdan sonra sistemdə yenilənmə olmadığından (silinmə getmədiyindən) sonuncu yenidən banka məxsus olan 1438,41 manat məbləğində pulu çıxararaq əsassız varlanmışdır. Cavabdeh isə banka məxsus olan məbləği geri qaytarmamışdır.

45. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, əsassız varlanma ilə bağlı yaranan mübahisədir. Ona görə də işin hallarına əsassız varlanma ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

46. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsidir. Həmin normada deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

47. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

48. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (17-18&).

49. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.

50. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

51. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

52. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

53. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

54. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

55. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

56. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

57. Hazırkı mübahissədə sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

58. İddia tələbinin dəlillərindən görünür ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından (borcluya məxsus kart hesabının № ********************) xx.xx.2021-ci il tarixində ATM vasitəsi ilə məxaric əməliyyatı icra etmişdir. Nəticədə cavabdeh X1 banka cəmi 1.438,41 manat ziyan vurmuşdur.

59. Belə ki, Cavabdeh məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2021xx.xx.2023-cü il tarixlərdə aparılmış əməliyyatlarda hesabdan pul çıxarılan zaman sistemdə 1.438,41 manat borc yaranmışdır.

60. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh debet kart hesabından pul çıxardıqdan sonra sistemdə yenilənmə getməmiş, yəni pulun məxaric edilmə prosesi sistemdən silinməmiş və bundan sonra cavabdeh yenidən kart hesabından ona aid olmayan 1.438,41 manat məbləğində pulu çıxartmışdır.

61. Göründüyü kimi, cavabdehin debet kart hesabına köçürülən məbləğ hər hansı hüquqi əsas olmadan müştərinin hesabına keçmişdir. Cavabdeh isə sistemdə yaranan texniki nasazlığa görə əsassız olaraq iddiaçıya məxsus olan pulu götürərək geri qaytarmamışdır. Buna görə də cavabdeh iddiaçıya məxsus pulu qaytarmamaqla əsassız varlanmışdır.

62. Beləliklə, işin qeyd olunan halları iddiaçı tərəfindən sübuta yetirilmiş və tələbinin əsası kimi sübutlar, yəni tutulmaların aparılması barədə bank hesabından çıxarış təqdim edilmişdir. Cavabdeh tərəfindən isə iddianın təmin edilməməsini şərtləndirən sübutlar təqdim edilməmişdir.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

64. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

65. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

66. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

67. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

68. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

69. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

72. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

73. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.

74. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən iddianın verilməsi üçün ödənilmiş 34,38 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

75. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 382, 388, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-1561/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh 1.438,41 (bir min dörd yüz otuz səkkiz manat qırx bir qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 34,38 (otuz dörd manat otuz səkkiz qəpik) manat məbləğində pul alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar