Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-640/2023 07.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı1 və həmçinin İddiaçı2 nümayəndəsi, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (üçüncü şəxs Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi) “evdən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1324/2022 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onların ünvan 3, 25 saylı mənzilinə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1324/2022 saylı (hakim X.Səfərli) qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 21 sentyabr 1990-cı ildə X7 ailə qurmuş və Quliyev Ceyhunun anası X3 order əsasında verilmiş ünvan 1 ünvanda yaşadıqları müddətdə üç övladları olmuşdur. Ərə gedərkən onun bütün ceniz əşyaları həmin evə bəzədilmişdir. Həmin mənzildə onlarla birlikdə cavabdehlər olan iki qaynı da, yaşamışdır. Həyat yoldaşı X7 07 avqust 2019-cu ildə vəfat etmişdir. Həmin ünvanda yas mərasimi keçirilmişdir. Oğlu İddiaçı2 daima həmin ünvanda yaşasa da, lakin hərbi xidmətə çağırılan zaman qaynanası Quliyeva Tamella artıq ölmüş olduğundan onu həmin mənzilə qeydiyyata sala bilməmişlər və buna görə də, qonşu tərəfindən öz evinə qeydiyyata salınmışdır. 2021-ci ilin noyabr ayının sonları, dekabr ayının əvvəllərində heç bir əsas olmadan onların əşyalarının bir hissəsini onların xəbəri olmadan, qablaşdıraraq Samux rayonu, Qarayeri qəsəbəsində yaşayan qızı Quliyeva Ceyhunənin evinə göndərmişlər. Hazırda həmin mənzildə bir sıra əşyaları olsa da, cavabdehlər həmin əşyaları ona qaytarmaqdan imtina edirlər. Bu səbəbdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh tərəf birinci instansiya məhkəməsində iddiaya etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Səbinə Əliyeva cavabdehlərin qardaşı Ceyhun Quliyevin arvadı, İddiaçı2 anasıdı. Ceyhun Quliyev 2019-cu ildə vəfat etdikdən təxminən 1 il sonra onlar həmin evdən daimi olaraq köçüb getmişlər. Həmçinin iddiaçı özünə məxsus bütün əşyalarını evdən çıxartmışdır. Bir sözlə, iddiaçılar evdən daimi olaraq köçüb getmişlər. Etiraza əlavə edilmiş fotoşəkillərdən görünür ki, iddiaçıların mübahisəli mənzildə hər hansı əşyası qalmamılışdır. Habelə, iddiaçılar mübahisəli mənzildə pasport qeydiyyatında olmamışlar. Mülki iş materiallarında olan: Kirovabad şəhər zəhmətkeş deputatları Soveti tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 404 nömrəli Orderin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59.85 kv.m olan yaşayış sahəsi X1 adına verilmişdir. Həmçinin həmin orderin surətindən görünür ki, ailə tərkibi kimi Ələsgərova Tamella, İddiaçı2, Ceyhun Quliyev, Cavabdeh1 Cavabdeh2 və Xalidə Ələsgərovanın adları qeyd olunmuşdur. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü İddiaçı2 atası X7, anası İddiaçı1dır. 1 saylı Gəncə Regional “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-İİ 280552 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Gəncə şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli nikah haqqında şəhadətnamənin arayışının surətindən görünür ki, X7 ilə X9 arasında xx.xx.1990-cu il tarixdə nikah bağlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********53 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 25 saylı mənzil özəlləşməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 adına respublikası ərazisi üzrə daşınmaz əmlak aşkar edilməmişdir. Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin 6 nömrəli xidmət sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 287 nömrəli arayışından görünür ki, Cavabdeh2 həqiqətən ünvan 4 ünvanda yaşayır. Həmin mənzil mərhum X1 adınadır. Mənzildə Cavabdeh2 və qardaşı Cavabdeh1 yaşayırlar. Mənzilin kommunal xərclərini Cavabdeh2 ödəyir. Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, şəxsi hesabdan çıxarışından görünür ki, ünvan 2 ünvanının sahibi X1 ailə tərkibi 3 nəfərdir: X5, X6 və X4r. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 5 ünvanında Cavabdeh1 qeydiyyatdadır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 3, 25 saylı mənzil Cavabdeh2 xüsusi mülkiyyətindədir. Daşınmaz əmlakın dövlət reyestrində 244 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı1 Kəpəz RPİ-nə etdiyi xx.xx.2021-ci il tarixli müraciətindən görünür ki, xx.xx.20221-ci il tarixdə qayınları Elçin və Cavabdeh2 qardaşları ünvan 6 ünvanında yerləşən ona məxsus əşyaları evdən çıxartmışlar.Onu həmin mənzildə yaşamağa imkan vermirlər. Xahiş etmişdir ki, əşyalarını həmin evə yerləşdiriləsinə və orada yaşamaq hüququnun bərpa olunmasına köməklik göstərilsin. Gəncə şəhər Kəpəz RPİ-nin İTB-nin polis sahə rəisi polis baş leytenantı Sübhan Cəfərov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, Gəncə şəhəri, İ.Məmmədov küçəsi 2-ci dalan ev 1-də yaşayan X10 xx.xx.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə və ərizə ilə Kəpəz RPi-nə müraciət edərək, ünvan 6 ünvanında yerləşən ona məxsus əşyaların qayınları tərəfindən onun xəbəri olmadan evdən çıxarılmasını bildirmişdir. Araşdırma zaman İddiaçı1 müraciətdə bildirdiklərini izahatında təsdiq etmişdir. İddiaçı1 müraciətinin mülki xarakterli olması müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı1 1990-cı ildə mübahisəli mənzilə köçməyi, 1997-ci ildə İddiaçı2 mənzildə doğulmasının faktiki əsaslandırıldığı qənaətinə gəlmiş, lakin bununla belə mübahisənin hüquqi əsası kimi həmin münasibətlərin yarandığı zaman qüvvədə olan normalar səhv istinad etmiş, səhvən xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Mənzil Məcəlləsinin normalarına istinad etmişdir. Halbuki, həmin hüquq normalarına istinad edilməməli idi. Məhkəmə öz qərarında İddiaçı1 mənzilə gəlin köçdüyü və İddiaçı2 həmin mənzildə doğulduğu dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin tətbiq edildiyinin zəruriliyi bildirmişdir. Lakin, yenə də nədənsə 2009-cu il tarixli Mənzil Məcəlləsinə istinad etmişdir. Yuxarıda da qeyd etdiyi kimi İddiaçı1 21 sentyabr 1990-cı ildə həmin evə gəlin gəlmiş, orada 3 uşağı anadan olmuşdur. 2021-ci ilin sonlarına qədər fasiləsiz və mübahisəsiz həmin mənzildə yaşamışdır. İşdə iştirak edən şəxslərin apelyasiya məhkəməsində verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında İddiaçı1, həmçinin İddiaçı2 nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, 21 sentyabr 1990-cı ildə X7 ailə qurmuş və Quliyev Ceyhunun anası X3 order əsasında verilmiş ünvan 3, 25 saylı mənzilinə gəlin köçmüşdür. Oğlu İddiaçı2 da həmin mənzildə doğulmuş və hazırki vaxta qədər orada yaşamışdır. 2012-ci ildə əri Ceyhun Quliyev rəhmətə gedib. Kamil anası Tamella 2012-ci ildə rəhmətə gedəndən sonra Bakı şəhərinə köçərək orada yaşamışdır. Kamil 2021-ci ildə Gəncəyə qayıtdıqdan sonra onu və oğlu Əhlimanı davadalaşla zorla evdən çıxartmışdır. Daha sonra Kamil onun xəbəri olmadan həmin evdə olan cehiz əşyalarını evdən çıxardaraq qızının evinə aparıb onların evinə yığmışdır. O, Kamilin bu hərəkətlərindən polisə müraciət etmişdir. Onun müraciəti əsasında Gəncə rayon Polis İdarəsində bu iş üzrə araşdırma aparıldıqdan sonra ona izah edilmişdir ki, aidiyyəti üzrə məhkəməyə müraciət etsin. O da məcbur qalıb hazırkı iddia ilə məhkəmə müraciət etmişdir. Onun və oğlu Əhlimanın mübahisəli evə istifadə hüquqları vardır. Ona görə ki, o, həmin mənzilə 30 il əvvəl qayınanasının razılığı ilə köçmüşdür. Orada övladı dünyaya gəlmiş və fasiləsiz olaraq həmin mənzildə ailəsi ilə yaşamışdır. Cavabdehlər isə həmin evdə daimi yaşamamışlar. Elçin özü Rusiya Federasiyasında yaşamış, az müddətdir ki, qayıdıb Gəncədə yaşayır. Onlar evdən məcburi çıxarıldıqlarından çarəsiz qalıb qızının evində yaşayırlar. Artıq görür ki, onların qızının evində yaşaması ona onun ailəsinə narahatlıq doğurur. Göstərilənlərə əsasən tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Həmçinin verilmiş suala cavab olaraq bildirmişdir ki, oğlu İddiaçı2 əsgərliyə gedən zaman mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı üçün oğlu qeydiyyata düşə bilmədiyindən məcbur qalaraq qonşunun evinə qeydiyyata düşmüşdür. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirdi ki, İddiaçı1 əri Ceyhun Quliyev 2019-cu ildə öldükdən sonra mübahisəli evdən çıxıb getmişdir. İddiaçıya məxsus əşyaların mübahisə predmeti olan mənzildən atılmasına dair polis orqanlarına müraciətləri olsa da, həmin araşdırmanın nəticəsi olmamışdır. Hazırda isə həmin mənzilə dair Cavabdeh2 adına çıxarış vardır, həmin ev onun mülkiyyətindədir. İddiaçıların mübahisəli evə köçürülməsi cavabdehin mülkiyyət hüququna müdaxilədir. İddiaçıların əvvəllər həmin mənzildən istifadə hüquqları yaransa da, sonradan daimi olaraq çıxıb getdiklərindən istifadə hüquqları artıq itirilmişdir. Nümayəndə sonda apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Lakin onları məhkəmə kollegiysasının iclasında nümayəndələri təmsil etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apelyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir». Bu baxımdan apelyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə həmin qətnamənin əsaslılığı tam yoxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı cavabdehlərin qardaşı X7 ilə xx.xx.1990-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından üç uşağı doğulmuşdur. Birgə nikaha daxil olduqdan sonra isə iddiaçı X2 orderlə verilmiş mübahisəli ünvan 3, 25 saylı mənzilə gəlin köçmüşdür. Daha sonra isə iddiaçının əri X7 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İddiaçı iddia etmişdir ki, 2021-ci ilin sonlarında cavabdehlər onu və oğlu Əhlimanı dava-dalaşla mübahisəli mənzildən qovmuşlar, onlara həmin mənzildə yaşamağa icazə vermirlər. Hazırda başqa yaşayış yerləri yoxdur, ona görə də, istifadə hüquqları olan evə köçmək üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Həmçinin müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil Cavabdeh2 adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri yaşayış sahəsindən istifadə hüququ ilə bağlı yaranan mübahisədir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisəyə dair Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinad edərək hesab etmişdir ki, həmin maddənin mənasına görə iddiaçılar hazırkı tələblə mənzilin mülkiyyətçisinə qarşı irəli sürə bilərdilər. Lakin, cavabdehlərin mövcud vəziyyətdə mübahisəli mənzilin mülkiyyətçisi olması təsdiqini tapmadığından, yəni iddiaya cavab verməli şəxs olmadıqlarından iddia tələbi təmin oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğvi üçün əsasdır. İddia tələbinin hüquqi əsaslılığı ilə bağlı kollegiya göstərir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri istifadə hüququnun yaranması və evə köçürülmə ilə bağlı yaranan mübahisədir və aşağıdakı normalar əsasında həllini tapmalıdır. Məhkəmə kollegiyası iddiaçının mübahisəli mənzilə 1990-cı ildə köçdüyü vaxt həmin mənzilin xüsusi mülkiyyətdə olmadığını və dövlət mənzil fonduna aid olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçıların mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmadığı məsələsi xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54-cü maddəsinin qaydalarına uyğun müəyyən edilməlidir. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçürülməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı1 1990-ci ildə cavabdehlərin qardaşı Ceyhun Quliyevlə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, İddiaçı ailə qurduqdan sonra qayınanası X1 razılığı ilə mübahisəli ünvan 3, 25 saylı mənzilə gəlin köçürülmüş və cehiz əşyalarını da həmin evə yığmışdır. İddiaçının cavabdehlərin qardaşı Ceyhun Quliyevlə birgə nikahlarından mübahisəli evdə Əhliman adlı uşaqları (digər iddiaçı) doğulmuşdur. İddiaçının əri Ceyhun 2019-cu ildə vəvat etmişdir. İddiaçılar mübahisəli mənzildə 2021-ci ilin sonunadək yaşamışlar. İddiaçı tərəf mübahisəli mənzildən zorla çıxarıldıqlarını bildirir. Cavabdeh tərəf isə iddiaçıların mübahisəli mənzildən istifadə hüquqlarının yarandığını və sonradan könüllü evi daimi əsaslarla tərk edərək həmin hüquqlarnı itirdiklərini bildirir. Göründüyü kimi iddiaçılar mübahisəli mənzildən icarədarın razılığı ilə fasiləsiz uzun illər istifadə edib, ümumi təsərrüfat aparmışlar. Bununla da, iddiaçıların həmin mənzildən istifadə hüquqları yaranmışdır. İddiaçıların mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarının yarandığı təsdiq olunduğuna görə, sonuncuların istifadə hüquqlarının itirilib-itirilməməsi məsələsi də araşdırılmalıdır. Mülki hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Bu baxımdan işin halları təhlil olunduqda görünür ki, iddiaçıların mübahisəli yaşayış sahəsindən könüllü çıxmaları və daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələri sübut olunmur. Cavabdeh tərəf həmin halı təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materialları ilə müəyyən olunur ki, İddiaçı1 xx.xx.2021-ci il tarixdə polis orqanına müraciət edərək, ünvan 3, 25 saylı mənzilə əşyalarının təkrar yerləşdirilməsi və yaşamaq hüququnun bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Bu hal ağlabatan mühakimə əsasında iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlməyə əsas verir. Göründüyü kimi, iddiaçılar mübahisəli yaşayış yerindən könüllü çıxmamışlar, əksinə cavabdehlərin törətdiyi maneəçiliyə görə mənzildə bir müddət yaşaya bilməmişlər. Buna görə də, iddiaçı hüquq mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışdır. Bu vəziyyət isə onların mübahisəli mənzili daimi tərk etdiyi barədə nəticəyə gəlməyə əsas vermir. Həmçinin, məhkəmə kollegiyası bir xüsusatı qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzilin xx.xx.2023-cü ildə Cavabdeh2 tərəfindən özəlləşdirilməsi, həmin mənzildən iddiaçıların yaranmış istifadə hüquqlarının xitamına səbəb olmur. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddiaçlar İddiaçı1 və İddiaçı2 mübahisəli yaşayış sahəsindən istifadə hüquqları yaranmış və itirilməmişdir. Həmçinin onların mübahisəli mənzildən istifadə hüquqlarının olması yaşayış sahəsinin mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının qanuni əsaslarından biridir. Ona gorə ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır: 1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən edilməmiş, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1.-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Qətetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1324/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 3, 25 saylı mənzilə istifadə hüququ tanınsın və onlar həmin mənzilə köçürülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlndan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumun əvəzi olaraq 100 (bir yüz) manat pul alınaraq, İddiaçı1 qızına verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-640/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-640/2023
07.03.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver