Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-65/2025 12.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(058)-1112/2023 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan Samux rayonu Qovlarsarı kəndində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qardaşı X2 Cavabdeh ilə ailə həyatı quraraq evlənmişlər. Onların nikahı məhkəmə qaydasında pozulmuşdur. Nikahları pozulduqdan sonra Cavabdeh başqa şəxslə evlənmiş və həmin şəxslə birlikdə onun mülkiyyətində olan evdə yaşamaq istəmişdir. Cavabdeh bu istəyinə razı deyil, eləcədə sonuncunun bu niyyəti adət-ənənəyə uyğun gəlmir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh 4000 manat kompensasiya ödəməklə mülkiyyətində olan əmlakdan istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli 2(058)-1112/2023 nömrəli (hakim G.Şirinov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh 4000 (dörd min) manat pul kompensasiya verilməsi və onun İddiaçı məxsus Samux rayonu, Qovlarsarı kəndində yerləşən ümumi sahəsi 129,4 kv.m olan fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi və o, həmin ünvandan çıxarılması; Cavabdeh Samux rayonu, Qovlarsarı kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və İddiaçı tərəfindən Cavabdeh 4000 (dörd min) manat məbləğində kompensasiyanın ödənilməsi eyni anda icra edilməsi; İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil qətnamədən apellyasiya şikayəti verərək ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Mübahisəli ev iddiaçının xüsusi mülkiyyətindədir, cavabdehin isə həmin evdən istifadə hüququ vardır. Kompensasiyanın məbləği ilə bağlı hər hansı razılaşma yoxdur. İstifadə hüququna xitam verilməsi bazar qiymətinə müvafiq kompensasiya verməklə mümkündür. Bazar qiyməti isə iddiaçının diktəsi ilə deyil, ədalətli şəkildə olmalıdır. İndiki vəziyyətdə məhkəmə kompensasiya məbləğinin müəyyən edilməsi üçün ayrıca qiymətləndirmə təyin etməklə ədalət mühakiməsini həyata keçirə bilər. Kompensasiya məbləğinin 8000 manat müəyyən edilməsini istəyir. Çünki, iddiaçı qeyd olunan əmlakı əvəzsiz qaydada əldə edib və o həmin əmlaka hər hansı xərc çəkməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2024-cü il tarixli 2(104)-570/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşunaslıq ekspertizası təyin edilsədə lakin qərardad icra olunmadan mülki iş geri qaytarılır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2025-ci il tarixli 2(104)-65/2025 nömrəli qərardadı ilə iş üzrə icraat təzələnmiş və işə baxılması 12 iyun 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünzülüyü barədə məlumat verməmişlər. Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil Gəncə Apellyasiya Məhkəməsinə 12 iyun 2025-ci il tarixli ərizə ilə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Kollegiya Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətindən imtina barədə ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1. maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2. maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3. maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4. maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Belə ki, apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Mülki Prosessual Məcəllənin 191-ci maddəsi iddiaçının iddiadan imtinasının, cavabdehin iddianı etirafının qəbul olunmasının və barışıq sazişinin təsdiq edilməsinin qaydalarını və nəticələrini nəzərdə tutur. Deməli, apellyasiya şikayətindən imtina qanuna zidd olmadıqda, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadıqda məhkəmə imtinanı qəbul etməli və apellyasiya icraatına xitam verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətindən imtinası qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir (maddə 402.2.). Hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi həmin maddədə nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətindən imtinası qəbul edilsin. Samux Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 2(058)-1112/2023 nömrəli qətnaməsindən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-65/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-65/2025
12.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver