Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-650/2023 02.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Tovuz Rayon Mərkəzi X1rşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbi ) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı, onun vəkili X2 və cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrini İdarəetmə Birliyi Cavabdeh Publik Hüquqi Şəxsinin etibarnamə üzrə nümayəndələri X4 və X3 iştirakları ilə, Tovuz Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(062)-1584/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: 1.İddiaçı (bundan sonra “iddiaçı”) Cavabdeh (bundan sonra “cavabdeh” və ya “Xəstəxana”) 02 mart 1998-ci il tarixli 05 nömrəli əmri ilə Çeşməli həkim ambulatoriyasına sürücü, 01 fevral 2010-cu il tarixli əmrlə isə təsərrüfat heyətinin sürücüsü vəzifəsinə işə qəbul olunmuşdur.
2. İddaçı xx.xx.2021-ci il tarixdə işə gəlməmiş, bu barədə akt tərtib edilmiş, 28.01. 2021-ci il tarixli əmrlə işə gəlmədiyi üçün əmək haqqı dayandırılmış və bu barədə həmin əmr ona rəsmi qaydada göndərilmiş, həmçinin onun işə gəlməməsi barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli aktlar tərtib edilmişdir. 3.Xəstəxananın 08 may 2021-ci il tarixli, 483 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir.
4. Tovuz rayonunun İcbari Tibbi Sığorta Üzrə X13 Ərazi Bölmələrinin direktoru Paşa Muradov xx.xx.2021-ci il tarixli, 159 nömrəli təqdimatla, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozaraq, üzrsüz səbəbdən işdə olmadığı üçün, onun işdə qalıb-qalmaması məsələsinə baxılması xahiş etmiş və Tovuz rayon X8 İttifaqı Şurasının xx.xx.2021-ci il tarixli, 79 saylı protokolundan çıxarışa əsasən əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, heç bir üzrlü səbəb olmadan xx.xx.2021-ci il tarixdən işə gəlməməsi nəzərə alınaraq onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir. 5.İddiaçı həmin əmrin qanuniliyini mübahisələndirir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat 6.İddiaçı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin 08 may 2021-ci il tarixli, 483 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının, həmçinin işdə olan müddət ərzində hesablanıb ödənilməyən əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbi belə əsaslandırılmışdır ki, iddiaçı cavabdehin 02 mart 1998-ci il tarixli 05 nömrəli əmri ilə Çeşməli həkim ambulatoriyasına sürücü, 01 fevral 2010-cu il tarixli əmrlə isə təsərrüfat heyətinin sürücüsü vəzifəsinə işə qəbul olunmuşdur. İşlədiyi müddətdə iddiaçı heç bir nöqsana yol verməmiş və nizam-intizamlı olmuşdur. Buna baxmayaraq, heç bir əsas olmadan cavabdeh iddiaçıya qarşı qərəzli mövqedə olmuş və cavabdehin 23 yanvar 2019-cu il tarixli 69-k nömrəli əmri ilə iddiaçı işdən azad edilmişdir. Lakin Tovuz Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli 2(062)-959/2019 nömrəli qətnaməsi ilə həmin əmr ləğv olunmuş və iddiaçı işə bərpa edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və işə bərpa olunmuşdur. 8.İddiaçı işə bərpa olunsa da, cavabdeh ona işləməyə imkan verməmiş və əsassız olaraq 08 may 2021-ci il tarixli 483 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 maddəsinin “ç” bəndinə əsasən iddiaçını işdən azad etmişdir. 9.İşdən azad olunmasının səbəbi 04 yanvar 2021-ci il tarixdə iddiaçının işə gəlməməsi olmuşdur. Halbuki, iddiaçı işə gələ bilməməsi ilə bağlı ərizə vermişdir. Çünki iddiaçının oğlu 44 günlük İİ Qarabağ müharibəsində iştirak etmiş, 03 yanvar 2021-ci il tarixdə hərbi xidmətdən evə buraxılmışdır. Oğlu travma aldığına görə iddiaçı məcbur olub oğlunu 04 yanvar 2021-ci il tarixdə həkimə aparmışdır. İşə gedə bilməməsinin səbəbi də oğlunun xəstə olması olmuş və bu barədə iddiaı cavabdehə rəsmi qaydada bildirmişdir. 10.Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iddiaya etiraz edərək göstərib ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir. İddiaçının işdən azad edilməsinə səbəb onun 04 yanvar 2021-ci il tarixdən 08 may 2021-ci il tarixədək heç bir üzrlü səbəb göstərmədənişə gəlməməsi olmuşdur. Əmr qanuni əsaslarla tərtib edilmişdir, onun ləğvi üçün əsas yoxdur. 11.Tovuz Rayon Məhkəməsinin 2(062)-1584/2021 nömrəli, 08 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Nofəl Mustafayev) 12.Birinci instansiya məhkəməsi işdəki sənədlərə (əmr və aktlara) əsasən müəyyən etmişdir ki, iddiaçı 04 yanvar 2021-ci il tarixdən 08 may 2021-ci il tarixədək heç bir üzrlü səbəb göstərmədən işə gəlməyib, bu səbəbdən onunla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə həmkarlar təşkilatının etirazı olmayıb. Cavabdehin 08 may 2021-ci il tarixli 483 nömrəli əmri ilə iddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilib. 13.Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən cavabdeh tərəfindən verilmiş əmrin qanuni olması nəticəsinə gəlmiş və əlavə olaraq onu da qeyd etmişdir ki, iddiaçı özünün işdən qanunsuz çıxarılmasını iddia etsə də, məhkəməyə buna dair heç bir sübut növü təqdim etməmişdir. Halbuki qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. 14.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 186.2-ci maddəsi, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Avropa Konvensiya müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarı ilə əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində birinci icraat 15.İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 16.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə onun guya 04 yanvar 2021-cil tarixdən 08 may 2021-ci il tarixinədək işə gəlməməsi barədə işdə olan aktlara və qərarlara istinad etsə də, onun əslində həmin aktlardan məlumatı olmamış və ondan bu barədə heç bir izahat alınmamışdır. Onun işdə olmaması üzrlü səbəbdən, yəni oğlunun 2-ci Qarabağ müharibəsində iştirak etməsi, bundan sonra oğlunun müalicəsi ilə bağlı olmuşdur. O, heç vaxt əmək funksiyalarını pozmamışdır. 17.Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-827/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi təmin olunmuş, iddiaçının işdən azad olunması barədə cavabdehin 08 may 2021-ci il tarixli 483 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi, iddiaçıya məcburi iş buraxma müddəti üçün, eləcə də 08 may 2021-ci il tarixli 483 nömrəli əmr verilən günə ödənilməmiş əmək haqqının ödənilməsi qət edilmişdir. (hakimlər Rəhman Muradov (sədrlik edən və məruzəçi) Fikrət Mehtiyev, Ədil Məmmədov) 18.Apellyasiya instansiya məhkəməsi kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edib ki, işin müəyyən edilən hallarına görə iddiaçının 04 yanvar 2021-ci il tarixdə işə gəlməməsinə səbəb onun oğlunun İİ Qarabağ müharibəsində hərbi əməliyyatlar zamanı almış olduğu travma ilə bağlı səhhətində ciddi problemlər olması olub. Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən işçi özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. 19.Apellyasiya instansiya məhkəməsi göstərib ki, işəgötürən iddiaçının 04 yanvar 2021-ci il tarixdən işə çıxmamasını qeyd etsə də, iş materiallarına əlavə olunmuş 28 yanvar 2021ci il tarixli 83 nömrəli, 18 fevral 2021-ci il tarixli 156 nömrəli, 30 mart 2021-ci il tarixli 280 nömrəli və 30 aprel 2021-ci il tarixli 395 nömrəli əmrlərdə iddiaçının həmin günlər işə gəlməməsi qeyd olunmuş və həmin günlər üzrə əmək haqqı dayandırılmışdır. Məhkəmə kollegiyasının iclasında isə cavabdehin nümayəndələri izahatlarında bildirmişlər ki, iddiaçı 4-5 ay işə gəlməmişdir. 08 may 2021-ci il tarixli 483 nömrəli əmrdə də işçinin 04 yanvar 2021-ci il tarixdən işə gəlməməsi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının ardıcıl olaraq 04 yanvar 2021-ci il tarixdən 08 may 2021-ci il tarixə kimi işə getməməsi iş materialları ilə sübut olunmur. İddiaçı özü də izahatında bildirmişdir ki, 2021-ci ilin yanvar ayından əmr verilən günə kimi işə çıxsa da, lakin ərizə yazıb işdən çıxması təkidlə ona bildirilmiş və həmin aylar üzrə ona əmək haqqı ödənilməmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halına düzgün hüquqi qiymət vermədən iddianı təmin etməmişdir.
20. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 1, 68, 70, 72, 154, 155, 156, 294, 300-cü, və Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddələri ilə əsaslandırmışdır.
Kassasiya instansiya məhkəməsində icraat
21.Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini və işin yeni apellasiya baxışına qaytarılması haqqında qərar qəbul edilməsini xahiş etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Aqil Abbasov, hakimlər Elşanə Vəliyeva və Elşad Şamayevdən ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-827/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
Məhkəmə icraatı iştirakçılarının izahatları
22.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(062)-1584/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq, bildirdi ki, o, yalnız 04 yanvar 2021-ci il tarixdə işə gəlməsə də, həmin tarixdən 08 may 2021-ci il tarixədək hər gün işdə olmuşdur. Bununla belə, 04 yanvar-08 may 2021-ci il tarixlər üçün ona əmək haqqı verilməmiş və bununla bağlı cavabdeh orqana hər hansı bir müraciət etməmişdir. 23.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili X6 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, Tovuz Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(062)-1584/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. 24.Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X13 Ərazi Bölmələrini İdarəetmə Birliyi Cavabdeh Publik Hüquqi Şəxsinin nümayəndələri X4 və X10 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdilər ki, İddiaçı 4-5 ay işə gəlməmiş və bu səbəbdən qanuni əsaslarla, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını və Tovuz Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(062)-1584/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq 25.Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 70.(bənd “ç”). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən ləğv edilə bilər. Maddə 72 (bənd “a”). Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Maddə 80 (bənd 1). bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Maddə 80 (bənd 2). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri. 2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri 1. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri 27.Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 28.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 29.İddiaçının apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 30.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(062)-1584/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 31.Qətnamənin qanuniliyi dedikdə, mülki işlərə mahiyyəti üzrə baxıb, onları həll edərkən qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə dəqiq və dönmədən riayət olunması başa düşülür. 32.Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, ona baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilmiş faktlardan irəli gələn nəticə onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar iş materiallarına uyğun olsun.
33. İş materiallarından görünür ki, cavabdeh iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə 08 may 2021-ci il tarixli, 483 nömrəli əmrində iddiaçının 04 yanvar 2021-ci il tarixdən işə gəlməməsinə istinad etmiş və əsas kimi 04 yanvar 2021-ci il, 28 yanvar 2021ci il, 18 fevral 2021-ci il, 30 mart 2021-ci il və 30 aprel 2021-ci il tarixli təqdimatları, həmin tarixlərdə tərtib olunmuş aktları, iddiaçının ünvanına göndərilmiş məktubları göstərmişdir.
34. İddiaçının işdən çıxarılması barədə 08 may 2021-ci il tarixli, 483 nömrəli əmrdə istinad edilən təqdimatlar, aktlar və iddiaçıya göndərilmiş məktubların təsdiq edilmiş surətləri cavabdehin etirazının əsası kimi iş materiallarına da əlavə edilmişdir.
35. Göründüyü kimi, iddiaçının 04 yanvar 2021-ci il tarixdən 08 may 2021-ci il tarixə kimi işdə olmaması barədə təqdimat və aktlar mövcuddur.
36. İddiaçı yalnız 04 yanvar 2021-ci il tarixdə işə gəlməməsini, həmin tarixdən 08 may 2021-ci il tarixədək isə hər gün işdə olmasını bildirərək, qeyd edilən aktların həqiqiliyini mübahisələndirsə də, onun özü də məhkəmə kollegiyasının iclasında izahatında 04 yanvar-08 may 2021-ci il tarixlər üçün ona əmək haqqı verilməməsini və bununla bağlı cavabdeh orqana hər hansı bir müraciət etmədiyini bildirmişdir.
37. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh Publik Hüquqi Şəxsinin təsərrüfatı heyətinin sürücüsü vəzifəsində çalışan İddiaçı barəsində 04 yanvar 2021-ci il tarixdən işə gəlmədiyinə görə, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 08 may 2021-ci il tarixdən xitam verilməsi barədə həmin tarixli əmri qanuni və əsaslı olmaqla, əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Belə ki, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək üzrsüz səbəbdən işdə olmadığı üçün işdə qalıb-qalmaması məsələsinə baxılması barədə müdriyyətin təqdimatına Tovuz rayon X8 İttifaqı Şurasının xx.xx.2021-ci il tarixli iclasında baxılmış və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə etiraz edilməmişdir. Bundan sonra isə, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 38.İddiaçı öz apellyasiya dəlillərində göstərmişdir ki, onun işdə olmaması üzrlü səbəbdən, yəni oğlunun 2-ci Qarabağ müharibəsində iştirak etməsi, bundan sonra oğlunun müalicəsi ilə bağlı olmuş və o, heç vaxt əmək funksiyalarını pozmamışdır. Lakin həmin dəlillər öz təsdiqini tapmır. Belə ki, əvvəla iddiaçı oğlunun uzun müddətli müalicəsi ilə bağlı məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Digər tərəfdən, həmin halın mövcudluğu belə, işçinin 4 aydan artıq müddətə işə çıxmamasına əsas vermir.
39. Göründüyü kimi, iddiaçı özü də 04 yanvar 2021-ci il tarixdən 08 may 2021-ci il tarixə kimi ona əmək haqqı verilməməsini göstərmiş, 4 ay ərzində onun işdə olduğunu bildirdiyi halda, buna baxmayaraq, cavabdeh tərəfindən ona əmək haqqının nəyə görə verilməməsini, bununla bağlı işəgötürən olaraq cavabdehə və ya hər hansı orqana müraciət etməməsini əsaslandıra bilməmiş və dolayısı ilə cavabdehin etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmişdir. 40.Göründüyü kimi, İddiaçı heç bir üzrlü səbəb olmadan 04 yanvar 2021-ci il tarixdən 08 may 2021-ci il tarixə kimi işə gəlməməklə əmək vəzifələrini kobud şəkildə pozmuşdur ki, bununla bağlı müdriyyətin 08 may 2021-ci il tarixli əmri tam qanuni olmuşdur. 41.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Tovuz Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(062)-1584/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 42.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403-404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 2(062)-1584/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.