Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-652/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(125)-6944/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı ərizə ilə məhkəməyə müraciət edərək, vəfat edən qanatası X2 və qaynanası X1 1997-ci ildən 2017-ci ilə qədər qulluqlarında olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(125)-6944/2024 nömrəli qərardadı ilə (hakim Cavid Tağıyev) Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı qayınatası və qayınanasının 1997-ci ildən 2017-ci ilə qədər qulluqlarında olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi; Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun dövlət büdcəsindən Ərizəçi geri qaytarılması qərara alınmışdır. Qərardadın dəlilləri ilə razılaşmayan Ərizəçi şikayət verərək, qərardadın ləğv olunmasını və ərizənin məhkəmənin icraatına qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-3073/2024 saylı qərardadını ərizəsinə əlavə etməsinə baxmayaraq həmin məhkəmə aktına qiymət verməmişdir, həmçinin qərardadında göstərməmişdir ki, ərizəsinə ümumi məhkəmələrdə yaxud da, inzibati məhkəmlərdə baxılır. Qərardadda işə mahiyyəti üzrə baxılmaması göstərilmişdir. Bu əsasa görə də, məhkəmənin bu cür qərardad çıxarması qaranlıq qaldığından işə birmənalı inzibati məhkəmədə baxılması müəyyənləşə bilinmir. İnzibati məhkəmənin qərardadının nəticə hissəsində qeyd edilir ki, iddiaçı Ərizəçi ərizəsi təmin edilmişdir. Məlum olmuşdur ki, 1997ci ildən 2017-ci ilə qədər olan müddətin əmək kitabçasına əlavə olunması fakt təsdiqi ilə olduğundan ümumi məhkəmələrin icraatına aiddir. Eyni tərəflər arasında eyni predmet barəsində eyni əsaslar üzrə yenidən iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması da izah edilmişdir. Yerli məhkəmənin işə mahiyyəti üzrə baxmamasının nəticəsidir ki, əziyyət çəkir. İşə mahiyyəti üzrə baxılarsa onda qanuni qüvvəyə minmiş qərarı, qətnaməni inzibati məhkəməyə təqdim etdiyi halda ona mane yaradıla bilməz. Gəncə Şəhər Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli 2(125)-6944/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq, işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-nin 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 14-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi Qanunvericilikdə ərizəçinin təsdiq edilməsini xahiş etdiyi faktın hüquqi əhəmiyyətli fakt kimi məhkəmə tərəfindən təsdiq edilməsi nəzərdə tutulmamışdır. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, ərizənin icraata qəbulundan imtina edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. MPM-nin 398.0.1.-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Yuxarıda şərh olunanlara əsasən və MPM-nin 152, 263-264, 267, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli 2(125)-6944/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-652/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-652/2025
18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver