Məhkəmə qərarları › İş №2(104)-653/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-653/2024

28.03.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-653/2024 28.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1484/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixli, 638 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1484/2023 saylı qətnaməsi ilə (sədrlik edən Kamil Rzayev) İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdehnə qarşı xx.xx.2022-ci il tarixli, 638 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə iddiası təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1484/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Tərtər Rayon Təhsil Şöbəsinin 31 oktyabr 2011-ci il tarixli 524 nömrəli Əmri ilə 01 noyabr 2011-ci il tarixdən Tərtər rayonu Qazyan kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmiş və 04 iyul 2022ci il tarixədək həmin vəzifədə işləmişdir. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamışdır. Rəhbərlik etdiyi 11 ildən çox müddət ərzində Qazyan kənd körpələr evi-uşaq bağçasının fəaliyyəti rayon səviyyəli müxtəlif tədbirlərdə həmişə yaxşı mənada təqdir edilmiş, başqa məktəbəqədər müəssisələrə nümunə olaraq göstərilmişdir. 2022-ci ilin may ayında audit yoxlaması adı altında Qazyan kənd körpələr evi-uşaq bağçasına 2 nəfərdən ibarət yoxlama komissiyası gəlmiş, sonradan məlum olmuşdur ki, onlardan biri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyində menecer işləyən Eşqin adlı şəxs, digəri isə Tərtər rayonu Qaradağlı kənd tam orta məktəbində sinif müəllimi işləyən Aysel adlı qadın olmuşdur. Yəni heç biri auditor deyildirlər. Həmin şəxslər audit yoxlaması adlı yoxlamalarını 1 saat ərzində tələm-tələsik başa çatdırıb, yoxlamanın nəticəsinə dair ona heç bir yekun sənəd vermədən çıxıb getmişlər. Yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixədək heç bir aidiyyatı dövlət qurumunda müzakirə edilməmişdir. 04 iyul 2022-ci il tarixdə Cavabdeh Tərtər rayon təhsil sektoruna çağırılmış və həmin şöbənin rəhbərliyi ona bildirmişdir ki, audit yoxlaması ilə Qazyan kənd körpələr evi-uşaq bağçasında ciddi nöqsanlar aşkar edilmişdir, Cavabdeh rəhbərliyi onlara bildirib ki, Azərbaycan Respublikasının Elm və Təhsil Naziri qəti tapşırıq verib ki, Sizin öz xahişinizlə tutduğunuz vəzifədən azad edilməyiniz barədə ərizənizi alaq, ərizəni elə bu gün yazıb verməlisiniz, ərizənin yazılma tarixini isə 29 iyun 2022-ci il olaraq qeyd etməlisiniz, əks təqdirdə Nazir tapırıq verib ki, Siz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad ediləsiniz. Sektorun rəhbərliyinin X2 adından bu qədər əminliklə istifadə etmələri, həmçinin sağlamlığımda olan ciddi problemlər səbəbindən (xx.xx.2022-ci il tarixdə Bərdə şəhər poliklinikasında müayinə olunmuş, xx.xx.2022-ci il tarixli göndərişlə müayinə və müalicə üçün Bakı şəhərindəki Respublika Klinik Xəstəxanasına göndərilmiş, xx.xx.2022-ci il tarixdə Akad.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə olunmuşdum və həmin müayinələrlə səhhətimdə ciddi problemlər olduğu aşkar edildiyi üçün müalicə alırdım) etiraz etməyin mənasız olduğunu, müqavimət göstərməyin sağlamlığımda daha ciddi problemlər yaradacağını nəzərə alıb elə həmin vaxt, yəni 04 iyul 2022-ci il tarixdə Cavabdeh Tərtər rayon təhsil sektorunun inzibati binasında həmin idarənin rəhbərliyinə səhhəti ilə əlaqədar onu Qazyan kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsindən azad etmək xahişi barədə ərizəni yazıb təqdim etmiş, ərizənin yazılma tarixini isə ondan tələb edildiyi kimi “04 iyul 2022-ci il” olaraq yazmışdır. Lakin ərizəsinə xəstəliyi ilə əlaqədar heç bir sənəd əlavə etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh nümayəndəsi kimi X1 məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş və iddiaçı tərəfin yazılı razılığı ilə cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh əsl cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əvəz edilmiş, onun nümayəndəsinin iştirakının təmin edilməsi üçün məhkəmə iclası təxirə alınaraq, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1484/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1484/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1, 385.1.1-cı maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş materiallarından görünür ki, hazırkı iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tutduğu vəzifəyə qəbul və çıxarılma məsələləri Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olduğundan, iddia tələbi hazırki iddiaya cavab verməli olan şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı irəli sürülməli idi. Lakin İddiaçı iddia tələbini iddiaya cavab verməli olmayan şəxsə qarşı qaldırmışdır. Ona görə də, məhkəmə kollegiyasının iclasında cavabdehin əsl cavabdeh ilə əvəz olunması təklif edilmiş, iddiaçının ərizəsi əsasında cavabdeh əsl cavabdehlə əvəz olunmuşdur. İddianı rədd edən birinci instansiya məhkəməsi isə cavabdehin əsl cavabdeh ilə əvəz olunması barədə iddiaçıya təklif etməmiş və bununla da, prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol verilərək, iddia tələbi ona cavab verməli olmayan şəxsə münasibətdə baxılaraq qərar qəbul edilmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 385-cı maddələrinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1484/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2005-ci ildə İddiaçı adına yazılmış ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixli 524 saylı əmrlə pedoqoji ali təhsilli sinif müəllimi xx.xx.2011-ci il tarixdən vakant olan Tərtər rayon Qazyan kənd körpələr evi-uşaq baxçasına müdir təyin edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissənin “a” bəndinə əsasən Tərtər rayonu Qazyan kənd körpələr eviuşaq baxçasının müdiri ilə bağlanmış əmək müqaviləsinə 04 iyul 2022-ci il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh tərəfindən İddiaçı sorğusana cavab məktubunun surətindən görünür ki, iş yerinə bərpa olunma barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə daxil olmuş müraciətinə aidiyyəti üzrə tərəflərindən baxılmışdır. Tərtər rayonu Qazyan kənd körpələr evi-uşaq baxçasında 11 may 2022-ci il tarixində Elm və Təhsil Nazirliyinin Audit Şöbəsi tərəfindən yoxlama həyata keçirilımişdir. Aparılan yoxlama zamanı müəssisənin əmr kitabında zəruri əmrlərin verilmədiyi, orta qrupunun davamiyyət kitabında qeydlərin aparılmadığı, təhsil müəssisəsinə uşaq qəbulu zamanı lazımi sənədlərin toplanmadığı, davamiyyətin çox aşağı səviyyədə olması, gündəlik ərzaq istifadəsinin sənədlərinin doğru tərtib olunmaması, müəssisə invertarlarının yerində olmaması müəyyən edilmiş, həmçinin müəssisədə çalışan tərbiyəçimüəllimlərin illik fəaliyyət planının, valideynlərlə bağlanmalı olan müqavilələrin, pedaqoji şuranın kitabının, müəssisənin illik fəaliyyət planının, gündəlik menyu tərtibatının olmaması və digər bu kimi ciddi nöqsanlar aşkar olunmuşdur. Eyni zamanda İddiaçı nəzərinə çatdırlmışdır ki, o, xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirinə eyni zamanda, Cavabdeh rəhbərliyinə səhhətində olan problemlərlə əlaqədar olaraq tutuduğu vəzifədən azad olunması üçün ərizə ilə müraciət etmişdir. Həmçinin onun nəzərinə çatdırılmışdır ki, onunla bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2ci maddəsinin “a” bəndinə əsasən 04 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin K-638 nömrəli əmri ilə xitam verilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, iddia etdiyi məsələ ilə bağlı verilmiş qərara etirazı vardırsa yaşadığı ərazi üzrə rayon məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı işə bərpa və məcburi iş buraxmağa görə əmək haqqının ödənilməsi tələbi ilə bağlı Mediasiya Şurasına xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət etmişdir. İddiaçı mediasiya sessiyası keçirilməsi ilə bağlı 50 manat xidmət haqqını ödəmişdir. xx.xx.2022-ci il tarixli ginekoloji ultrasəs müayinəsi TV müayinəsini nəticəsi ilə bağlı tibbi arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Bərdə şəhər Poliklinikasında ginekoloji ultrasəs müayinəsi TV müayinəsindən keçmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tibbi xidmətə göndəriş vərəqəsindən görünür ki, İddiaçı Respublika Klinik Xəstəxanasına müayinə üçün göndərilmişdir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tibbi xidmətə göndəriş vərəqəsindən görünür ki, İddiaçı Bakı Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müayinə üçün göndərilmişdir. 16 avqust 2023-cü il tarixli “Elm -Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu” X3 verdiyi ambulator kitabçadan görünür ki, İddiaçı həmin xəstəxanada müayinə olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin adına yazdığı ərizədən görünür ki, İddiaçı 29 iyun 2022-ci ildə ərizə yazaraq səhhəti ilə bağlı onu 04 iyul 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Naziri tərəfindən 04 iyul 2022-ci il tarixdə verilmiş K-638 saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən İddiaçı ərizəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş, insan resusları şöbəsinə və Cavabdehnə bu əmrdən irəli gələn həll etmələri, informasiya və vətəndaşlara xidmət şöbəsinə bu əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasının təmin edilməsi tapşırılmışdır. Tərtər Rayon Məhkəməsinin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Tərtər rayon Qazyan kənd körpələr evi-uşaq baxçasına müdiri vəzifəsində işləmiş İddiaçı 2022-ci ilin yanvar ayından azad olma tarixədək əmək haqqı və son haqqhesabı 592,62 manat təşkil etmişdir. cədvəl siyahıdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə qəbul etdim yazaraq imza etmişdir. Cavabdeh tərəf bunu İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin alınması üçün müraciət etdiyi tarix kimi qeyd etmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixli 524 saylı əmrlə pedoqoji ali təhsilli sinif müəllimi kimi xx.xx.2011-ci il tarixdən vakant olan Tərtər rayon Qazyan kənd körpələr evi-uşaq baxçasına müdir təyin edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin adına yazdığı 29 iyun 2022-ci il tar9ixli ərizəsində səhhəti ilə bağlı onu 04 iyul 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 04 iyul 2022-ci il tarixli K-638 saylı əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, onun ərizəsinə əsasən əmək müqaviləsinə 04 iyul 2022-ci il tarixdən xitam verilmişdir. İddiaçı iddia ərizəsində ona qarşı zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla onun iradəsinin əleyhinə hərəkət edərək onu işdən çıxmaq barədə ərizə yazmağa məcbur edilməsi və ərizə verdiyi gündən təqvim ayı bitməsini gözləmədən dərhal onunla əmək müqaviləsinin ləğv etdiyini göstərmiş, lakin bu barədə hər hansı bir hüquq mühafiqə orqanına və ya təkilatlara, eləcə də əmək müfəttişliyinə müraciət etməmişdir. Eləcə də, cavabdeh tərəfin əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçinin xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilməsini nəzərə alıb, onu gözləməli idi. Cavabdeh nəzərə almamışdır ki, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstəməmişdirsə, xəbərdərlıq müddəti bitənədək, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci madddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; 69-cu maddəsinin:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin adına yazdığı 29 iyun 2022-ci il tarixli ərizəsi ilə, səhhəti ilə bağlı onu 04 iyul 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və onun həmin ərizəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 04 iyul 2022-ci il tarixli K-638 saylı əmri ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, onun ərizəsinə əsasən onunla bağlanılmpış əmək müqaviləsinə 04 iyul 2022-ci il tarixdən xitam verilmişdir. Göründüyü kimi, iddiaçının dəlilləri əsassızdır. Belə ki, əmək qanunvericiliyinin tələblərinə və ümumi prinsiplərinə uyğun olaraq, işçinin əmək müqaviləsinə xitam edilməsi barədə təşəbbüsü və həmin əmək müqaviləsinə xitam verilməsi əsaslarından biridir. Bu halda, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməli və əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Lakin istisna hal kimi, işçinin ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməməsidir. Əgər işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmişdirsə, müdriyyət həmin tarixdən əmək müqaviləsinə xitam verə bilər. İdddiaçı isə, yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin adına yazdığı 29 iyun 2022-ci il tarixli ərizəsində onu 04 iyul 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmiş və müdriyyət isə, onun həmin ərizəsini nəzərə almaqla, işçini həmin tarixdən tutuduğu vəzifəsindən azad etmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin 04 iyul 2022-ci il tarixli K-638 saylı əmri əmək qanunvericiliyin tələblərinə uyğun olmaqla, həmin əmrin ləğv edilməsinə və iddiaçının əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi barədə iddiasının təmin edilməsinə heç bir hüquqi əsas müəyyən edilmir. İddiaçı iddia ərizəsində ona qarşı zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla onun iradəsinin əleyhinə hərəkət edərək onu işdən çıxmaq barədə ərizə yazmağa məcbur edilməsini göstərsə də, həmin hallar öz təsdiqini tapmamışdır. Əksinə, iş materilalları ilə müəyyən edilir ki, iddiaçı 04 iyul 2022-ci il tarixdən tutduğu vəzifədən azad edilməsinə baxmayaraq, hazırkı iddia ilə məhkəməyə xx.xx.2023-cü ildə, yəni təxminən 15 ay sonra müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixli, 638 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi tələbi haqqında iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 387, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-1484/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı xx.xx.2022-ci il tarixli, 638 nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa olunması və məcburi iş buraxma müddəti üçün ona əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar