Məhkəmə qərarları › İş №2(104)-653/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-653/2025

01.04.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-653/2025 01.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X5 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, Cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin nümayəndəsi (rəisi) X6 iştirakı ilə, İddiaçı cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 2(076)-4087/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2023–cü il tarixli əmrindən görünür ki, X13 xx.xx.2023–cü il tarixdən Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

2. xx.xx.2024–cü il tarixli aktdan görünür ki, İddiaçı işçi X7 ilə iş zamanı söz–söhbət yaratmış və işçini təhqir edərək iş normalarını pozmuşdur.

3. xx.xx.2024–cü il tarixli 1 nömrəli əmrdən görünür ki, İddiaçı və X7 iş vaxtı müəssisə daxilində etik davranış qaydalarını pozduqlarına görə onlara xəbərdarlıq verilmişdir.

4. xx.xx.2024–cü il tarixli 5 nömrəli əmrdən görünür ki, İddiaçı iş vaxtı müəssisə daxilində etik davranış qaydalarını kobud şəkildə pozduğuna görə ona töhmət verilmişdir.

5. xx.xx.2024–cü il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdə saat 15:45–də şiddətli töhmətlə razılaşmamış, subordinasiya qaydalarını kobud şəkildə pozaraq müəssisəsinin rəisinin ünvanına nalayiq ifadələr işlətmişdir.

6. xx.xx.2024–cü il tarixli 7 nömrəli əmrdən görünür ki, İddiaçı verilmiş tapşırığı yerinə yetirərəkən yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

7. xx.xx.2024–cü il tarixli aktlardan görünür ki, Kür qəsəbə sakinləri X4 və X8 xx.xx.2024–cü il tarixdə müəssisəyə daxil olaraq hansı səbəbdən vəfat etmiş şəxs kimi adlarının yazılmasını soruşmuş, bu zaman İddiaçı illə vətəndaşlar arasında xoşagəlməz mübahisə yaranmış və vətəndaşları təhqir etmişdir.

8. xx.xx.2024–cü il tarixli aktdan görünür ki, İddiaçı sonuncu dəfə xx.xx.2024–cü il tarixdə saat 11:00–da ona verilmiş intizam tənbehindən nəticə çıxarmaq əvəzinə hər gün işçilərlə aqressiv davranıb, onlara nalayiq sözlər demiş və yersiz yerə işçiləri təhqir etmişdir.

9. X2 xx.xx.2024–cü il tarixli iclasının 4 nömrəli protokolundan görünür ki, Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı İddiaçı işdə buraxdığı nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “Ç” bəndinə əsasən işdən olunmasına razılıq verilmişdir.

10. xx.xx.2024–cü il tarixli 8 nömrəli əmrdən görünür ki, İddiaçı xx.xx.2024–cü il tarixdən Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı vəzifəsindən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024–cü il tarixdən xitam verilmiş, əsas kimi Mənzil Təmir İstismar Sahəsinin rəisinin xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli töhmət əmri göstərilmişdir.

11. xx.xx.2024–cü il tarixli aktdan görünür ki, İddiaçı işdən çıxarılmasına baxmayaraq, müəssisənin rəhbəri tərəfindən imzalanmış əmrlə razılaşmayaraq işə gəlib–getməyə davam etmişdir.

12. xx.xx.2024–cü il tarixdə Kür qəsəbə sakinləri X4 və X8 tərəfindən yazılmış ərizədən görünür ki, İddiaçı onları təhqir etməmişdir.

13. X12 Xidməti Qazax–Tovuz regional şöbəsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilən zaman əmək qanunvericiliyinin tələbləri pozulmuş və bu barədə əmr qanunvericiliyin tələblərinə uyğun tərtib edilməmişdir. Bu səbəbdən Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisi Zakir Bağırovun barəsində Azərbaycan Respublikası İXM–nin 192.6–cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir.

14. Məhkəmə kollegiyasına təqdim edilmiş, Şəmkir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli, 210 saylı əmrindən görünür ki, X13 xx.xx.2023-cü ildən Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

15. İddiaçı cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinə qarşı xx.xx.2024– cü il tarixli 8 nömrəli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və 55 manat mediasiya xərcinin cavabdehdən alınması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 fevral 2020–ci il tarixdən Şəmkir rayonu, Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsində kargüzar vəzifəsinə işə qəbul olunmuşdur. Lakin təşkilatın rəhbəri tutduğu mövqeyindən sui–istifadə edərək onu 8 nömrəli, 19 sentyabr 2024–cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə qanunsuz olaraq xx.xx.2024–cü il tarixdən işdən azad etmiş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmrdə işdən azad etmənin əsası kimi Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisinin xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli tömət barədə əmri qeyd edilmişdir. O, əvvəlcə qanunsuz işdən azad edilməyi barədə Əmək Müfəttişliyinə ərizə ilə müraciət etmişdir. Onların yoxlaması 1 ay müddətində nəticələnmədiyindən, işə bərpa ilə bağlı 1 təqvim ayı müddəti keçməsin deyə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Eləcə də, şiddətli töhmətin və əmrin nə səbəbdən verilməsi barədə təşkilat tərəfindən ona məlumat verilmədiyindən barəsində olan həmin məlumatları Əmək Müfəttişliyindən öyrənmişdir. Ona şiddətli töhmət DSMF–na təqdim edilmiş siyahıda faktiki sağ olan 29 nəfərin adının qarşısında ölü kimi qeyd etməyi və bu səbəbdən də, həmin şəxslərin pensiyalarının müvəqqəti dayandırılmasına görə verildiyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə xx.xx.2024– cü il tarixdən işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi iş yerində işçilərin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı verildiyi kimi bildirilmişdir. Ona işdən çıxma əmrinin surəti iş yerində poçtalyon tərəfindən xx.xx.2024–cü il tarixdə verildiyindən, o, ƏM–nin 296.2–ci maddəsində müəyyən edilmiş 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmə müddətini pozmamışdır. Onun barəsində verilmiş xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli töhmət barədə əmr və xx.xx.2024–cü il tarixli 8 nömrəli işdən çıxarılma və əmək müqaviləsinə xitam verilməsi barədə əmrlər qanunsuz və əsassızdır. Çünki o, kargüzarın səlahiyyətlərinə aid olan heç bir vəzifə pozuntusuna yol verməmişdir. DSMF–na siyahı hazırlanması, sistemə vurulması və s. onun vəzifə səlahiyyətlərinə aid deyildir və bu vəzifə daxili əmrlə ona həvalə edilməmişdir. Baxmayaraq ki, işdən çıxarılmasından xəbəri olmadığı üçün xx.xx.2024–cü il tarixədək işdə olmuş, lakin nə əmrlə tanış edilmiş, nə də əmrin surəti ona verilmişdir. Əmək müfəttişliyinin deməsinə görə “DSMF–na təqdim edilmiş siyahıda faktiki sağ olan 29 nəfərin adının qarşısında öldü kimi qeyd etməyi və bu səbəbdən də, həmin şəxslərin pensiyalarının müvəqqəti dayandırılması”na görə işə götürən tərəfindən ona xx.xx.2024–cü il tarixli 7 nömrəli əmrlə şiddətli töhmət verilmişdir. Etmədiyi həmin pozuntuya görə o, “şiddətli töhmət” intizam məsuliyyətinə cəlb edilmişdir. Kür qəsəbə Mənzil Təmir İstismar sahəsinin 8 nömrəli, 19 sentyabr 2024–cü il tarixli “intizam tənbehi tətbiq etmə haqqında” əmrinin 3–cü bəndinin alt hissəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə kargüzar vəzifəsindən azad etmənin və əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Kür qəsəbə Mənzil Təmir İstismar sahəsinin rəisinin xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli töhmət verilməsi barədə əmr qeyd edilmişdir. Bu isə ona dəlalət edir ki, əslində qeyd edilən pozuntuya görə (DSMF–na təqdim edilmiş siyahıda faktiki sağ olan 29 nəfərin adının qarşısında öldü kimi qeyd etməyi) eyni zamanda ƏM–nin 70–ci maddəsinin “ç” bəndi ilə kargüzar vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Buradan da, belə məlum olur ki, 8 nömrəli, 19 sentyabr 2024–cü il tarixli əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 189–cu maddəsinin tələbləri ciddi şəkildə pozulmaqla çıxarılmışdır. Əmək müfəttişliyinin deməsinə görə işə götürən tərəfindən onun xx.xx.2024–cü il tarixli 8 nömrəli əmrlə ƏM-nin 70–ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi iş yerində işçilərin ünvanına nalayiq ifadələr işlətməsi ilə bağlı verilmişdir. Əslində xx.xx.2024–cü il tarixdə ona şiddətli töhmət verilərkən o, müdriyyətə onun səlahiyyətinə aid olmadığı halda nə üçün töhmət verildiyi, səlahiyyəti olan şəxsin cəzalandırılmadığı və s. barədə öz narazılığını bildirmişdir. Bəlkə də, həmin vaxt əsəbləşib səsinin tonunu qaldırmışdır. Lakin sonra öz səhvini başa düşərək müdiriyyətin adına rəsmi ərizə yazaq üzr istəmişdir. Lakin ona verilən məlumata görə sonradan sahənin rəisi öz qulluq mövqeyindən istifadə edərək bəzi əməkdaşları işdən çıxarma ilə hədələyərək onun barəsində müxtəlif məzmunlu aktlar tərtib etdirmişdir. Həmin şəxslərlə telefon əlaqəsi saxladıqda, onlar işlərini itirməmək xatirinə bunu etdiklərini bildirmişlər. Tərəfindən 17, 18, xx.xx.2024–cü il tarixlərdə işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı–ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə bağlı heç bir hərəkətə yol verilməmişdir. Əksinə işçilər tərəfindən ona bildirilmişdir ki, 17, 18 və 19–cu il tarixlərində akt tərtib edib, onlara imza etdirmişlər ki, guya o, həmin günlərdə onları təhqir etmişdir. Görünən budur ki, işəgötürən tərəf ona xx.xx.2024–cü ildə intizam məsuliyyəti olaraq şiddətli töhmət verdikdən sonra, onu ƏM–nin 70–ci maddəsinin “ç” bəndi ilə işdən çıxarmaq fikirinə düşmüş və bunun üçün barəsində ƏM–nin 72–ci maddəsinin tərkibini yaratmaq məqsədi ilə 17, 18, 19 sentyabr tarixlərdə saxta aktlar tərtib etdirməyə başlamış və X2 qabaqcadan razılığını almaq üçün xx.xx.2024–cü il tarixdə həmkarlar təşkilatına müraciət etmiş, həmkarların razılığını xx.xx.2024–cü il tarixdə almış və xx.xx.2024–cü il tarixdə xx.xx.2024–cü il tarixdən işdən azad olunması və onunla bağlanmış əmək müqviləsinə xitam verilməsi barədə əmr imzalamışdır. Lakin bu zaman şiddətli töhmət verilmə barədə 7 nömrəli, xx.xx.2024–cü il tarixli əmrin onun saxtakarlığını üzə çıxaracağını hesaba almamışdır. Belə ki, həmin maddədə işçinin təkrarən əmək funksiyasını pozması qeyd edilmişdir. O, 17, 18 və 19 sentyabr tarixlərdə əmək funksiyasını pozan heç bir hərəkətə yol verməmiş, 17–26 sentyabr tarixlərdə əmək funksiyasını yerinə yetirməkdə davam etmişdir. Onun xx.xx.2024–cü il tarixli əmrlə xx.xx.2024–cü il tarixdən işdən azad edilməsi və əmək müqaviləsinə xitam verilməsi ona dəlalət edir ki, X10 Komitəsi tərəfindən bu məsələ araşdırılmadan onun ziddinə qərar verilmişdir. Çünki, düzgün araşdırılma aparılmış olsaydı, o zaman 7 nömrəli, xx.xx.2024– cü il tarixli əmrdəki qeyd edilən əsası, yəni– “Kür qəsəbə Mənzil Təmir İstismar sahəsinin rəisinin xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli töhmət əmir”i cümləsini onlarda görmüş olardılar. Hesab edir ki, əmək hüquqları ciddi pozulmaqla işdən azad edilmişdir. Odur ki, xx.xx.2024–cü il tarixli 8 nömrəli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və 55 manat mediasiya xərcinin cavabdehdən alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

17. Şəmkir Rayon Məhkəməsinin 2(076)-4087/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Z.Allahyarov) iddianın təmin edilməsi, cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisinin 19 sentyabr 2024–cü il tarixli 8 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə, yəni Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı vəzifəsinə bərpa edilməsi, İddiaçı Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsi tərəfindən 20 sentyabr 2024–cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqı hesablanaraq ödənilməsi, cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsindən 55 (əlli beş) manat mediasiya xidmət haqqı tutulub, İddiaçı ödənilməsi qət edilmişdir.

18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2024–cü il tarixli əmrinin 3–cü bəndinin alt hissəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə kargüzar vəsifəsindən azad etmənin və əmək müqaviləsinə xitam vermənin əsası kimi Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli töhmət barədə əmri qeyd edilmişdir. Bu isə ona dəlalət etmişdir ki, əslində iddiaçı qeyd edilən pozuntuya görə (“DSMF–na təqdim edilmiş siyahıda faktiki sağ olan 29 nəfərin adının qarşısında ölü kimi qeyd etməsi) eyni zamanda Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə kargüzar vəsifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla da 8 nömrəli xx.xx.2024–cü il tarixli əmr Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 189–cu maddəsinin tələbləri ciddi şəkildə pozulmaqla çıxarılmışdır.

19. Məhkəmə öz hüquqi mövqeyində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-75, 84, 189 və 300-cü maddələrinin müddəalarına istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

20. Şəmkir Rayon Məhkəməsinin 2(076)-4087/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsi apellyasiya şikayəti verərək, qətnаmənin ləğv еdilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X1 rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli sərəncamı ilə Şəmkir rayon Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Şəmkir rayon Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsində kargüzar vəzifəsində işləyən İddiaçı vəzifəsini icra edərkən səhlənkarlıq etmiş, kollektivlə və vətəndaşlarla kobud rəftar etmişdir. Ona görə də, dəfələrlə xəbərdarlıq, töhmət və şiddətli töhmət verilməsinə baxmayaraq o, heç bir nəticə çıxarmamışdır. İddiaçı daim işçi kollektivi ilə normal münasibət yaratmamış, daim işçilərlə mübahisə etmişdir. Həmçinin, onun tərəfindən əmək funksiyasını yerinə yetirən zaman pozuntulara yol verilmişdir. Bundan sonra iddiaçıya 2 dəfə xəbərdarlıq edilmiş, həmçinin əmək haqqını almaq şərtilə 1 ay işə gəlməməsi üçün şərait yaradılmışdır. Əsas məqsədi İddiaçı ilə kollektiv və vətəndaşlar arasında narazılıqları aradan qaldırmaq olmuşdur. Lakin, İddiaçı öz hərəkətlərini davam etdirərək, idarənin qayda-qanunlarına tabe olmamış, daim narazılıqlar yaratmışdır. 16 sentyabr 2024-cü il tarixdə İddiaçı ona verilmiş tapşırığı yerinə yetirərkən yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İddiaçı ona verilmiş şiddətli töhmətlə razılaşmamış, subordinasiya qaydalarını kobud pozaraq müəssisəsinin rəhbərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Həmçinin, 17 sentyabr 2024-cü il tarixdə İddiaçı səhlənkarlığı nəticəsində 29 nəfər təqaüdçünün pensiyası dayandırılmışdır. Həmin sakinlərdən iki nəfər qəsəbə sakini X9, X4 təqaüdlərinin kəsilməsinin səbəbini bilmək üçün idarənin kargüzarının iş otağına yaxınlaşarkən, tərəflər arasında mübahisə yaranmış, mübahisə nəticəsində o, sakinlərə nalayiq ifadələr işlətmişdir. Ona görə də, o, 19 sentyabr 2024-cü il tarixdə Kür qəsəbə Mənzil Təmir İstismar X11 Təşkilatına təqdimatla müraciət etmişdir. Şəmkir rayon Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin X2 19 sentyabr 2024-cü il tarixli iclasının nəticəsi olaraq Kür Qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı İddiaçı idarə rəisinin verdiyi təqdimatı, iclas iştirakçılarının etdiyi çıxışları nəzərə alıb işdə buraxdığı nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olmasına razılıq verilməsi qərara alınmışdır. Bundan sonra Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisinin 19 sentyabr 2024-cü il tarixli, 8 nömrəli əmri ilə Kür Qəsəbə Mənzil Təmir İstismarSahəsinin kargüzarı İddiaçı 20 sentyabr 2024-cü il tarixdən Kür qəsəbə Mənzil Təmir İstismar sahəsinin kargüzarı vəzifəsindən azad edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 20 sentyabr 2024cü ilin tarixindən xitam verilmişdir. Kür qəsəbə Mənzil Təmir İstismar sahəsinin rəisinin xx.xx.2024-cü il tarixli 7 nömrəli şiddətli töhmət əmrindən sonra da, kargüzar İddiaçı ona verilmiş tapşırığı yerinə yetirərkən nöqsanlara yol vermişdir. Ona görə də, onun kobud davranışları ilə bağlı 17 sentyabr 2024-cü il və 18 sentyabr 2024-cü il tarixlərdə barəsində aktlar tərtib edilmişdir. Hesab etmişdir ki, Kür Qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı İddiaçı 20 sentyabr 2024-cü il tarixdən Kür qəsəbə Mənzil Təmirİstismar sahəsinin kargüzarı vəzifəsindən azad edilmsi barədə Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisinin 19 sentyabr 2024-cü il tarixli, 8 nömrəli əmri qanuni və əsaslı olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 2(076)-4087/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisinin 19 sentyabr 2024-cü il tarixli 8 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə, yəni Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin kargüzarı vəzifəsinə bərpa edilməsi, Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsi tərəfindən 20 sentyabr 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Belə ki, məhkəmənin mövqeyinə görə işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə qanunda nəzərdə tutulmayan əsasa istinad edilmişdir. Halbuki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Şəmkir rayon Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisinin 19 sentyabr 2024-cü il tarixli, 8 nömrəli əmrinin verilməsinə əsas olmuş hallar tam və bütöv şəkildə mövcud olmuşdur. Həmçinin, Əmək Məcəlləsinin 84.2-ci maddəsinin məzmunundan da görünür ki, işdən çıxma əmrində Əmək Qanunvericiliyində nəzərdə tutulmuş məlumatlardan hər hansı birinin göstərilməməsi əmrin ləğv edilməsinə deyil, etibarsız hesab edilməsinə səbəb ola bilər. Qanunverici əmrin etibarsız və ləğv edilməsi əsaslarına kifayət qədər fərq qoymuşdur. Belə ki, işdə çıxma əmrinin ləğv edilməsindən fərqli olaraq, əmrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi, əmrin məzmununda göstərilməmiş məlumatların əmrə daxil edilərək, yeni əmrin verilməsini özündə ehtiva edir. Beləliklə, əmrin məzmununda mütləq olan məlumatların göstərilməməsi onun ləğvinə əsas ola bilməz. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən onun təqdim etdiyi sübutları nəzərə alınmadan qətnamə çıxarılmışdır. Azərbaycan Respublikası Mülki Qanunvericiliyinə görə mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur. 1) işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi, 2) məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən qeyd olunan hallar nəzərə alınmamışdır.

22. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.

23. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı işdən azad edilərkən X2 iclasına dəvət olunmadığını və orada iştirak etmədiyini məhkəmə iclasında iştirak edən cavabdeh tərəf də, təsdiq etmişdir. Həmkarlar ittifaqının iclası çağırılmamış və o, dinlənilmək üçün dəvət olunmamışdır. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, əmr Əmək Məcəlləsinin nəzərə tutulmuş əsaslar pozulmaqla verilmişdir. Cavabdeh müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, qanunda nəzərdə tutulmuş digər zəruri hallara əhəmiyyət vermədən, iddiaçının əmək müqaviləsinə xitam vermişdir. Apellyasiya şikayətində istinad olunan hallar tam qanunsuz və əsassızdır. Məhkəmə tərəfindən düzgün olaraq mübahisə predmeti olan əmr ləğv edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin nümayəndəsi (rəisi) X13 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Şəmkir rayon Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisinin 19 sentyabr 2024-cü il tarixli, 8 nömrəli əmrinin verilməsinə əsas olmuş hallar tam və bütöv şəkildə mövcud olmuşdur.

25. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin 2(076)-4087/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, ona verilmiş tapşırığı yerinə yetirərkən heç bir nöqsana yol verməmişdir. Əsassız yerə onun kobud davranışları ilə bağlı 17 sentyabr 2024-cü il və 18 sentyabr 2024-cü il tarixlərdə barəsində aktlar tərtib edilmişdir.

26. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə bildirişi ilə ona hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onun iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. İddiaçı məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və izahatını vermişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

27. Maddə 35. İ. Əmək fərdi və ictimai rifahın əsasıdır.

28. Maddə 35. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrıseçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

29. Maddə 84.1. Əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

30. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

31. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.

32. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır.

33. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

34. 80-ci maddəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X2 qabaqcadan razılığı alınmaqla ləğv edilir.

35. 2-ci bəndinə görə, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

36. Maddə 300-cü maddəsinin 1-ci bəndinə əsasən, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də, nəzərdə tuta bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

43. Maddə 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

44. MPM-in 372.1-cı maddəsinə əsasən, instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

46. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-4087/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı 01 fevral 2020–ci il tarixdən Şəmkir rayonu, Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsində kargüzar vəzifəsinə işə qəbul olunmuşdur. O, 8 nömrəli, 19 sentyabr 2024–cü il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə xx.xx.2024–cü il tarixdən işdən azad etmiş və həmin tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Əmrdə işdən azad etmənin əsası kimi Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisinin xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli töhmət barədə əmri qeyd edilmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, cavabdeh tərəf qeyd etmişdir ki, İddiaçı barəsində müxtəlif tarixli aktlar tərtib edilmişdir. Onlar içərisində işçi X7 ilə iş zamanı söz–söhbət yaratmış və işçini təhqir edərək iş normalarını pozması, X7 iş vaxtı müəssisə daxilində etik davranış qaydalarını pozduqlarına görə onlara xəbərdarlıq verilməsi, iş vaxtı müəssisə daxilində etik davranış qaydalarını kobud şəkildə pozduğuna görə ona töhmət verilməsi, xx.xx.2024–cü il tarixdə saat 15:45–də şiddətli töhmətlə razılaşmamış, subordinasiya qaydalarını kobud şəkildə pozaraq müəssisəsinin rəisinin ünvanına nalayiq ifadələr işlətməsi, verilmiş tapşırığı yerinə yetirərəkən yol verdiyi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi, Kür qəsəbə sakinləri X4 və X8 xx.xx.2024–cü il tarixdə müəssisəyə daxil olaraq hansı səbəbdən vəfat etmiş şəxs kimi adlarının yazılmasını soruşmuş, bu zaman İddiaçı illə vətəndaşlar arasında xoşagəlməz mübahisə yaranmış və vətəndaşları təhqir etməsi və sonuncu dəfə xx.xx.2024–cü il tarixdə saat 11:00–da ona verilmiş intizam tənbehindən nəticə çıxarmaq əvəzinə hər gün işçilərlə aqressiv davranıb, onlara nalayiq sözlər deməsi və yersiz yerə işçiləri təhqir etməsi olmuşdur. Lakin işəgötürən əmək vəzifələrini kobud şəkildə pozan İddiaçı ilə əmək müqaviləsinə xitam verərkən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Məcəlləsində nəzərdə tutulmuş tələbləri pozmuşdur. Belə ki, iddiaçının işdən çıxarılması əsası kimi, Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsinin rəisinin xx.xx.2024–cü il tarixli 7 nömrəli şiddətli töhmət barədə əmri qeyd edilmişdir. Birinci instansiya məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, əslində iddiaçıya qeyd edilən pozuntuya görə, həm şiddətli töhmət verilmiş, həm də, Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə kargüzar vəsifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

51. Digər tərəfdən kollegiya qeyd edir ki, işəgötürən ilk növbədə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmaqla və X2 qabaqcadan razılığını almaqla, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməli, əmək qanunvericiliyinin tələblərinə əməl etməli idi. Lakin iş materiallarından görünür ki, həm şiddətli töhmət verilərkən, həm də, Əmək Məcəlləsinin 70–ci maddəsinin “ç” bəndi ilə kargüzar vəsifəsindən azad edilərkən iddiaçının izahatı alınmamış və iddiaçının həmkarlar ittifaqının iclasında iddiaçının iştirakı təmin edilməmişdir. Belə ki, həmkarlar ittifaqının xx.xx.2024-cü il tarixli iclasının keçirilməsi yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, işəgötürən iddiaçı ilə əmək müqaviləsinə xitam verərkən qanunvericiliyin tələblərinə əməl etməmişdir. Bu baxımdan məhkəmə kollelgiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

52. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

53. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmuşdur. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Şəmkir Rayon Məhkəməsinin 2(076)-4087/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh Kür qəsəbə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-4087/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar